Məhkəmə qərarları › İş №2(060)-488/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-488/2025

01.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-488/2025 01.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq, cavabdeh "xxxx" MMC-dən 30000 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən müalicə üçün 20000 manat, mənəvi zərər üçün10000 manat məbləğində vəsaitin tutulması və ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

3. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 2022-ci il tarixdən cavabdeh işəgötürən "xxxx" Məhdud məsuliyyətli cəmiyyətdə elektrik köməkçisi vəzifəsində işləyir. 28 Mart 2024-cü il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır dərəcəli xəsarət almışdır. Faktla bağlı Sumqayıt şəhər prokurluğu tərəfindən aparılmış araşdırma ilə müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin vəzifəli şəxsi, Çin Xalq Respublikasının vətəndaşı X6 texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olaraq, “Müəssisədaxili nəqliyyatın istismarında təhlükəsizlik texnikası qaydaları”nın 7.12 və 7.28-ci bəndlərinin tələblərini pozaraq, xx.xx.2024-cü il tarixdə MMC-nin keramik məmulatların istehsalı müəssisəsində avtokar maşının çəngəlinin üzərində hündürlüyü təxminən 4 metr olan konstruksiyanı yerləşdirərək onun üzərinə çıxıb xarab olmuş elektrik lampalarını dəyişdirilməsini avtoyükləyicini idarə etmək üçün sürücülük hüququ olmayan, bu peşə üzrə əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları üzrə təlimat keçməmiş və bilikləri yoxlanılmamış X2 həvalə etmiş, Turan Xıdırzadənin idarə etdiyi avtokar maşınının çəngəlinin üzərində olan konstruksiya tavanın sütunlarını birləşdirən dəmirin altından keçərkən İddiaçı üstündə dayandığı konstruksiyanın dəmiri ilə tavanın sütunlarını birləşdirən dəmirin arasında sıxılıb qalaraq sağ qasıq və oturaq sümüklərinin qapalı yerdəyişən sınıqları ilə müşayiət olunan sağlamlığına az ağır zərər vurulmasına səbəb olan bədən xəsarətləri almışdır, bununla da X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bugünədək müalicə alır, əmək fəaliyyəti bərpa olunmamışdır.

Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, ona dövlət xəstəxanasında müalicə olunmaq təklif olunsa da, özəl xəstəxanada müalicə olunacağını bildirmişdir. Baş vermiş hadisə ilə bağlı cavabdeh tərəf 1500 manat məbləğində cərimə edilmişdir. Xəstəliyin diaqnozu çanaq sümüklərində sınmadır. 6 ay ərzində ona əmək haqqı verilsə də, ondan sonra ödənişlərin verilməsi dayandırılmışdır. 30000 manat pulun tələb olunmasının səbəbi ondan ibartətdir ki, özəl xəstəxanada müalicə olunmaq istəyir. Sığorta şirkətinə dəfələrlə müraciət etsə də, ona heç bir ödəniş edilməyəcəyini bildirmişlər. Heç bir gəlir yeri yoxdur. Çanaq sümükləri sınıb, heç yerdə işləyə bilmir. Müalicəsini edə bilmir. 6 ay ərzində yataq şəraitində olmuşdur. Atası ona baxmışdır. Bunun üçün atası işləyə bilməmişdir. Hal-hazırda özünün də əmək qabiliyyəti olmadığı üçün işləyə bilmir. Həmçinin hadisədən əvvəl ailəsini dolandırmaq üçün ikinci bir işdə də işləmişdir. Lakin indi heç bir yerdə işləyə bilmir. Sağlamlığını itirmişdir. Dövlət xəstəxanasında müalicə olunmuşdur. Dərmanları öz vəsaiti hesabına almışdır. Lakin hələ də sağalmamışdır. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, xx.xx.2024-cü ildə hadisə baş vermişdir. Həmin hadisədən dolayı hüquqi şəxsin rəhbəri inzibati məsuliyyətə cəlb edilmişdir. "xxxx" ilə cavabdeh müəssisə arasında müqavilə bağlanmışdır. Həmin vaxt sığorta şirkəti ilə müqavilə olduğundan sığorta şirkəti zərərin əvəzi ödəməli idi. Odur ki, iddia əsassızdır.

Tədqiq olunan sübutlar:

6. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, vəzifəli şəxs X5 (FİN: 419268 ) - xx.xx.1989 il tarixində Çin Xalq Respublikasıda doğulmuş, Çin Xalq Respublikası vətəndaşı, Sumqayıt şəhəri, İnşaatçılar küçəsi, ev 10-da qeydiyyatda olmaqla, orada yaşayan barəsində Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması qərara alınmışdır.

7. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, vəzifəli şəxs X6 (FİN: 5545329)- xx.xx.1990-cı il tarixdə Çin Xalq Respublikasıda doğulmuş, Çin Xalq Respublikası vətəndaşı, Sumqayıt şəhəri, Kimyaşılar küçəsi, ev 10-da qeydiyyatda olmaqla, orada yaşayan barəsində Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanması qərara alınmışdır.

8. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, toplanmış 24-3-2-2-443-0179 (99-C-24) nömrəli material üzrə cinayət işinin başlanması rədd edilməsi, Çin Xalq Respublikasının vətəndaşı Luo Gengliang, X3 və AZƏRBAYCAN VANHONG CERAMİCS CO.” MMC barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanması məsələsinə baxılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır.

9. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh MMC ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdir.

10. "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış fərdi qəza sığorta şəhadətnaməsindən görünür ki, Cavabdeh MMC sığortalının ərizəsi və burada nəzərdə tutulmuş şərtlər və müddəalar əsasında sığorta şəhadətnaməsi bağlamış, sığortanın müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir.

11. Cavabdeh tərəfindən tərtib edilmiş “İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında” 03 nömrəli aktdan görünür ki, bədbəxt hadisənin baş verməsində Cavabdeh baş direktoru Zhıyı Wangın cavabdehliyi, cəmiyyətin fəhləsi X1 cavabdehliyi, cəmiyyətin elektrotexnika mühəndisi Zhang Zhitongun cavabdehliyi və cəmiyyətin elektriki Luo Gengliangın cavabdehliyi müəyyən edilmişdir.

12. "xxxx" ASC tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, O-A-2025-0257 nömrəli məktubdan görünür ki, "xxxx" SŞ ASC və Cavabdeh MMC arasında bağlanmış PAC-2303958 nömrəli “Fərdi qəza sığortası müqaviləsi”nin sığorta müddəti xx.xx.2023-xx.xx.2024-cü il tarixlərini əhatə edir. İstehsalatda baş vermiş hadisə isə xx.xx.2024-cü il tarixində, yəni sığorta müqaviləsi qüvvədən düşdükdən sonra baş vermişdir. Baş vermiş hadisə sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə baş vermədiyinə görə sığorta hadisəsi hesab edilmir.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3-cü maddəsinə əsasən Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1118.1-ci maddəsinə görə fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.

14. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 191-ci maddəsininin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 191-ci maddəsinin 2-ci hissəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 192-ci maddəsinə görə tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir, habelə müəyyən edilmiş müddət ərzində ona yazılı cavab verilmədikdə dəyən ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. 217-ci maddəsinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və onun təhqiqatının aparılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. 225-ci maddəsinin 1-ci hissəsinə görə işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. 239.1-ci maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. 239.2-ci maddəsinə görə işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. 239.3-cü maddəsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. 290.2-ci maddəsinə əsasən işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir.

15. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarı: -Təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyət yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyət yaranması üçün vacib hesab edir. Əməyin mühafizəsi qaydalarının pozulmasına görə maddi məsuliyyətə gəldikdə isə qanunverici bu prinsipi nəzərə alaraq, Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununu müəyyən etmişdir. Belə ki, həmin maddənin birinci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə qanunvericilikdə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulmuşdur. Həmin prinsipə əsasən işəgötürən öz təqsirsizliyini sübuta yetirə bilmədiyi hallarda təqsirli sayılır. Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati sərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürənin işçiyə münasibətdə tam maddi məsuliyyəti müəyyən edilmişdir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il qərarı. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

17. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun 3 noyabr 2008-ci il tarixli 7 N-li qərarı -Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlər) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları və şərtləri: 2.2. Əmək xəsarəti ilə əlaqədar təqsirkar müəssisə zərərçəkənə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzini ödəyir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlarıaraşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işidüzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərinrəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir.88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tambaxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasındatədqiq olunmuş sübutlarla əsaslandırır.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

19. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

20. İş materialları ilə müəyyən olunur ki, iddiaçı 03 noyabr 2022-ci il tarixdən "xxxx" MMC-də işləmişdir. 28 mart 2024-cü il tarixdə iddiaçı müəssisədə baş vermiş qəza nəticəsində xəsarət almışdır. Məhkəmə tibbi-ekspertizasının 32 saylı, 16 may 2024-cü il tarixli rəyində qeyd olunmuşdur ki, İddiaçı bədəni üzərində xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri TTYX-çanağın və döş qəfəsinin küt travması, sağ qasıq və oturaq sümüklərinin qapalı yerdəyişən sınıqları, qarnın sol yarısının sıyrığı xəsarətləri vardır. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan az əvvəl olmaqla xx.xx.2024-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada əmələ gələ bilərdi və dərəcəsinə görə-qarnın sol yarısının sıyrığı sağlamlığa zərər vurmayan, çanağın və döş qəfəsinin küt travması sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül, digər xəsarətlər –yəni sağ qasıq və oturaq sümüklərinin qapalı yerdəyişən sınıqları isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-1391/2024 saylı qərarı ilə Cavabdeh MMC-də mühəndis, elektrotexnika vəzifəsində çalışan, xx.xx.1990-cı ildə Çin Xalq Respublikasında anadan olmuş, Çin Xalq Respublikasının vətəndaşı, ünvan 2 ünvanında qeydiyyatda olan Zhang Zhitong Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş və 1500 manat məbləğində cərimə olunmuşdur.

21. Hazırda iddiaçı ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı məhkəməyə müracit etmişdir.

22. Cavabdeh isə iddianı qəbul etməyərək, "xxxx" Sığort şirkəti ilə müəssisə arasında bağlanmış müqaviləyə əsasən iddiaçıya dəymiş ziyanın sığorta şirkəti tərəfindən ödənilməli olduğunu, bu səbəbdən müəssisənin bu iş üzrə cavabdeh olmadığını bildirmişdir.

23. İddiaçı məhkəmə iclasında izahatında cavabdeh tərəfindən ona dəymiş ziyan qismində 600 manat məbləğində pul vəsaitinin ödənildiyini bildirmişdir.

24. İddiaçıya maddi ziyan dəyməsi, ona istehsalat qəzası nəticəsində xəsarət yetirilməsi və bunun nəticəsində onun sağlamlığına zərər dəyməsi işin mübahisə edilməyən halıdır. Eyni zamanda qeyd edilən hallara əsasən iddiaçının müalicəyə məruz qalması da istisna edilmir. Lakin hazırki halda iddiaçının təqdim etdiyi sübutlar əsasında iddiaçının hadisə ilə əlaqədar real olaraq çəkdiyi xərclərin müəssisə tərəfindən maddi zərərin əvəzi olaraq ödənilmiş 600 manat məbləğində pul vəsaitindən artıq olduğunu müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda iddiaçı onun sağlamlığının pozulmasına görə tələb olunan qulluğu pulsuz almaq hüququnun olmadığını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir.

25. Beləliklə iddiaçı maddi ziyana görə 20000 manat məbləğində pulun ödənilməsini xahiş etsə də, bu məbləği hansı əsaslardan irəli gələrək istədiyini əsaslandıra bilməmişdir. Məhkəməyə iddiaçı tərəfindən bu istiqamətdə təqdim olunan sübutlar həkim tövsiyə və resept blanklarıdır ki, bu vərəqələrdə qeyd edilən dərmanların cəmi dəyərinin ona müalicə xərcləri üçün ödənilmiş məbləğdən yuxarı olması sübut olunmur. Bundan əlavə iddiaçının təqdim etdiyi qəbzlərdən, həmin qəbzlərdə ödənilmiş vəsaitin məhz iddiaçı tərəfindən ödənildiyini və ya həkim resept blanklarında yazılmış dərmanların alınması üçün ödənildiyini müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia maddi ziyanın ödənilməsi hissəsində təmin edilməməlidir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Cavabdehin maddi ziyanın ödənilməsi ilə bağlı "xxxx" sığorta şirkəti ilə bağladıqları müqaviləyə istinad edərək dəymiş ziyanın məhz həmin şirkət tərəfindən ödənilməli olması ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilmiş fərdi qəza sığortası şəhadətnaməsindən görünür ki, "xxxx" sığort şirkəti ASC ilə Cavabdeh MMC arasında sığortanın müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrləri əhatə etmişdir. İddiaçının sağlamlığının pozulması ilə nəticələnən hadisə isə 28 mart 2024-cü il tarixdə baş vermişdir ki, həmin müddətdə qeyd edilən sığorta müqaviləsi qüvvədə olmamışdır. Cavabdeh tərəfindən də məhkəməyə həmin müqavilənin müddətinin uzadıldığını təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir.

28. Məhkəmə iddiaçının mənəvi zərərlə bağlı tələbinə münasibətdə qeyd edir ki, iddiaçının sağlamlığına dəymiş zərərlə bağlı müayinə və müalicələr alması, əldə edilmiş tibbi rəydən onun ağrılardan əziyyət çəkməsinin aydın görünməsini nəzərə alaraq, məhkəmə mənəvi zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması üçün qanuni əsasların olduğu qənaətinə gəlir və mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsirini, əmlak vəziyyətini nəzərə alaraq mənəvi zərərin məbləğinin 2000 manat məbləğində müəyyən edilməsini qanuni və ədalətli hesab edir. Belə ki, şəxsin sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur.

29. Məhkəmə qeyd edir ki, fiziki şəxsin, əmlak və ya qeyri-əmlak hüquqlarının pozulduğu halda dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Nəzərə alınmalıdır ki, bu halda pozulmuş hüququnun ödənilən təzminatla tam bərpa olunması qeyri-mümkündür. Zərərçəkmiş şəxsin müəyyən miqdarda təzminat ilə təmin edilməsi onun keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət etmiş olur.

30. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən mənəvi zərərin əvəzi olaraq 2000 ( iki min) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 (qırx) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməlidir.

Məhkəmə xərcləri :

31. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən ödənilmiş dövlət rüsumunun 40 manat hissəsi tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə:

32. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdehndən mənəvi zərərin əvəzi olaraq 2000 ( iki min) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40 (qırx) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar