Məhkəmə qərarları › İş №2(060)-4890/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4890/2023

18.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4890/2023 18.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X7 oğlunun katibliyi ilə, Ərizəçi (maraqlı şəxs-Maraqlı şəxs) (üçüncü şəxslər - X5 və X3) doğum haqqında akt qeydində düzəliş edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (bundan sonra - ərizəçi) xüsusi icraat qaydasında ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt ASAN Xidmət mərkəzi tərəfindən 4701 № ilə qeydə alınmış doğum haqqında akt qeydində düzəliş edilərək ata qrafasında X1, ana qrafasında Ərizəçi və soyad qrafasına Əliyeva soyadının yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və əlavə edilmiş sənədləri nəzərdən keçirərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır (25.1.). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 9.1-ci bəndində göstərilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı ərizənin mahiyyəti ilə müəyyən edilir ki, ərizəçi onun X5 ilə rəsmi nikahlarından anadan olmuş uşağın bioloji atasının əslində X3 olduğunu iddia edərək doğum akt qeydində düzəliş edilməsini istəyir. Belə olan halda o, iddia icraatı qaydasında məhkəməyə müraciət edərək X5 və X2 cavabdehlər kimi göstərməklə, atalığın müəyyən edilməsi və doğum akt qeydinin hissəvi ləğv edilməsi barədə tələb irəli sürməli idi. Ərizəçi yalnız müvafiq qeydiyyat orqanının hərəkətlərini mübahisələndirirsə, bu halda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarına uyğun olaraq həmin qeydiyyat orqanını cavabdeh kimi göstərməklə akt qeydinə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət etməli idi. Lakin, ərizəçi Maraqlı şəxs və X4 maraqlı və üçüncü şəxslər kimi göstərməklə xüsusi icraat qaydasında ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək doğum akt qeydində düzəliş edilməsini xahiş etmişdir ki, hazırkı tələbə xüsusi icraat qaydasında baxılması mümkün deyildir. MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, yolverilməzliyinə görə ərizənin qəbulundan imtina olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 153-cü maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : Ərizəçi xüsusi icraat qaydasında ərizəsinin qəbulundan ərizənin yolverilməzliyinə görə imtina olunsun. Ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. Ərizəçi ərizənin verilməsi üçün ********** saylı qəbzə əsasən ödədiyi 50 (əlli) manat dövlət rüsumu dövlət büdcəsindən ərizəçiyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar