Məhkəmə qərarları › İş №2(060)-4917/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4917/2023

08.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4917/2023 08.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində 2 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsini cəlb etməklə «doğum aktı qeydinin bərpa edilməsi»nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi maraqlı şəxs qismində 2 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsini cəlb etməklə «doğum aktı qeydinin bərpa edilməsi»nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxxx 1977-ci il tarixdə Ermənistan SSR, Qafan rayonunda anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla faktiki yaşayır. Ərizəçi ona məxsus olmuş AZE № 00693700 seriyalı köhnə şəxsiyyət vəsiqəsində doğulduğu yer və tarix olaraq xx.xx.1977-ci il, Ermənistan, Qafan şəhəri olaraq qeyd edilmişdir. Həmin məlumatlar yeni nəsil şəxsiyyət vəsiqəsində də qeyd edilmişdir. Həmçinin ərizəçiyə məxsus ZE № ******* nömrəli hərbi biletdə doğulduğu gün, ay, il və yer qrafasında xx.xx.1977-ci il, Ermənistan Respublikası, Qafan şəhəri qeyd edilmişdir. Eləcə də sürücülük vəsiqəsində və iddia ərizəsinə qoşma qismində əlavə edilmiş digər sənədlərdə də eyni məlumatlar qeyd edilmişdir. Ərizəçi doğum haqqında şəhadətnaməni naməlum şəraitdə itirmişdir. Bunun üçün doğum haqqında şəhadətnamənin təkrarının əldə edilməsi üçün cavabdeh 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmiş, lakin cavabdehin 21 iyun 2023-cü il tarixli məktubu ilə ərizənin icrasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, doğum haqqında akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilməlidir. Həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydlərin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Ərizəçiyə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx xxxx 1977-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda doğumunun qeydə alınma faktı müəyyən edilməli və akt qeydi bərpa olunmalıdır. Göstərilənlərə əsasən Ərizəçi xx xxxx 1977-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda doğumunun qeydə edilmə faktının müəyyən edilməsi və akt qeydinin bərpa olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Sonradan Ərizəçi məhkəməyə ərizəsinin dəqiqləşməsi ilə bağlı müraciət edərək, ərizəsində xahiş olunan hissəyə əlavə olaraq doğum haqda qeyd aparılarkən “ata” qrafasında “X3”, milliyyəti “azərbaycanlı”, “ana” sahəsində “X4”, milliyyəti “azərbaycanlı” olaraq qeyd edilməsi barədə qeydiyyatın aparılması və bunun əsasında doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs qismində cəlb olunan 2 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək göstərmişdir ki, Ərizəçi onun bacısı oğludur. xx.xx.1977-ci il tarixdə Ermənistan Respublikası, Qafan rayonunda anadan olmuşdur. Onun atası X3, anası isə X1r.

8. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək göstərmişdir ki, Ərizəçi onun həyat yoldaşıdır. xx.xx.1977-ci il tarixdə Ermənistan Respublikası, Qafan rayonunda anadan olmuşdur, naməlum səbəbdən doğum haqqında şəhadətnaməsini itirmişdir. Bundan əlavə qeyd edir ki, ərizəçinin atası X3, anası isə X1r.

9. İş materiallarında olan AZE № 00693700 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci ildə Ermənistan Respublikası, Qafan şəhərində anadan olmuşdur.

10. İş materiallarında olan ZE № ******* saylı hərbi biletdən görünür ki, Ərizəçi xx.xx.1977ci ildə Ermənistan Respublikası, Qafan şəhərində anadan olmuşdur. O, xx.xx.1999-cu ildən xx.xx.2002-ci ilə qədər hərbi xidmətdə olmuşdur.

11. İş materiallarında olan Sumqayıt şəhər Nikah evi tərəfindən 16 oktyabr 1999-cu il tarixində verilmiş Vİİ-ЖГ seriyalı 375155 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X2 16 fevral oktyabr 1999-cu il tarixində nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 548 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Nuriyeva soyadı verilmişdir.

12. İşin materiallarında olan 2 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 21 iyun 2023-cü il tarixli, 3-16-5/8-15- 259/2023 saylı məktundan görünür ki, doğum haqqında akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001 -ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Nikah haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd olunanlara görə ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Beləliklə məhkəmədə müəyyən olundu ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə Ermənistan Respublikası, Qafan şəhərində anadan olmuş, atasının adı X3, anasının adı isə X1r. Ərizəçi 2 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək, doğum haqqında akt qeydinin bərpa edilməsini xahiş etmiş, lakin 2 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi bundan imtina edərək, məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir.

15. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

17. Eyni Məcəllənin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir.

18. Göstərilən Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir.

19. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

20. Göründüyü kimi ərizəçi doğum haqqında şəhadətnaməni başqa qaydada ala bilməmiş və bununla əlaqədar məhkəməyə müraciət etmişdir.

21. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

22. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

23. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi xx.xx.1977-ci il tarixdə Ermənistan Respublikası Qafan şəhərində doğulması barədə doğumun qeyd edilmə faktı müəyyən olunmalı, doğum haqqında akt qeydləri kitabında adının “İsmayıl”, soyadının “Nuriyev”, ata adının “Əhməd”, doğum tarixinin “xx xxxx 1977-ci il”, doğum yerinin “Ermənistan Respublikası Qafan şəhəri”, atasının adının “X3”, milliyyəti “azərbaycanlı”, anasının adı “X4”, milliyyəti “azərbaycanlı” olması ilə bağlı doğum akt qeydi bərpa olunmalıdır.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

26. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

27. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Həmçinin, Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi «doğum aktı qeydinin bərpa edilməsi»nə dair ərizəsi təmin edilsin. Ərizəçi xx.xx.1977-ci il tarixdə Ermənistan Rspublikası, Qafan şəhərində doğulması barədə doğumun qeyd edilmə faktı müəyyən olunsun. Doğum haqqında akt qeydləri kitabında adının “İsmayıl”, soyadının “Nuriyev”, ata adının “Əhməd”, doğum tarixinin “xx xxxx 1977-ci il”, doğum yerinin “Ermənistan Respublikası Qafan şəhəri”, atasının adının “X3”, milliyyəti “azərbaycanlı”, anasının adı “X4”, milliyyəti “azərbaycanlı” olması ilə bağlı doğum akt qeydi bərpa olunsun. Hazırkı qətnamə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar