Məhkəmə qərarları › İş №2(060)-4918/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4918/2022

03.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4918/2022 03.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərin xx.xx.2016-cı il təvəllüdlü X7 ilə birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, 74 saylı evin 80 saylı mənzilinə yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi Mənzillərin Qeydiyyatı və Bölüşdürülməsi Şöbəsinin xx.xx.1986-cı il tarixli, 09/659 saylı orderə əsasən Sumqayıt şəhəri, 9-cu mikrorayon, 74 saylı evin 80 saylı mənzili iddiaçının qanuni sahibliyindədir. Cavabdehlər həmin mənzildə qeydiyyatda olmalarına baxmayaraq hal-hazırda həmin mənzildə yaşamırlar. Cavabdehlər özlərinə yaşayış üçün başqa ünvan seçmişlər. Hazırda həmin şəxslərin həmin mənzildə qeydiyyata olmaları iddiaçını əlavə kommunal xərclər ödəməyə məcbur edir . Buna görə də cavabdehlər yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, cavabdehlər ailə həyatı qurublar. Onlar hal-hazırda başqa yerdə yaşayırlar. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlərə sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə göndərilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirmişdir ki, Cavabdeh4 onun bacısıdır və o, hazırda ailəsi ilə birlikdə Moskva şəhərində yaşayır. Digər Cavabdeh2 isə qardaşıdır və hazırda Fransada yaşayır. Cavabdeh1 iddia tələbi ilə razı olduğunu bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışına əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.1957-ci ildə anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdehlərdən Cavabdeh1 xx.xx.1985-ci ildə, Cavabdeh2 xx.xx.1989-cu ildə, Cavabdeh4 isə xx.xx.1986-cı ildə anadan olmuşlar və onlar ünvan 1 ünvanında (bundan sonra – mübahisəli mənzil) qeydiyyatdadırlar. Mənzildə həmçinin xx.xx.2016-cı il təvəllüdlü X7 da qeydiyyatdadır. Sumqayıt şəhər XDS-in İcra Komitəsinin xx.xx.1986-cı il tarixli, 09/659 saylı orderi ilə müəyyən edilir ki, mübahisəli mənzil iddiaçıya verilmişdir. Orderdə iddiaçının ailə üzvləri kimi cavabdehlər Cavabdeh4 və Günel Qarayeva göstərilmişdir. 14 saylı Mənzil-Kommunal Sahəsinin 508 saylı, xx.xx.2022-ci il tarixli arayışına əsasən mübahisəli mənzildə hal-hazırda iddiaçı yaşayır, cavabdehlər isə mənzildə qeydiyyatda olsalar da, orada yaşamırlar. Məhkəmə sorğusu əsasında məhkəməyə ünvanlanmış Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2022-ci il tarixli, 33/3682 nömrəli məktubunda Cavabdeh2 dövlət sərhədindən çıxış tarixi xx.xx.2018, Cavabdeh4 dövlət sərhədindən çıxış tarixi xx.xx.2021-ci il kimi qeyd edilmişdir. İşdə olan 14 saylı Mənzil-Kommunal sahəsi tərəfindən təsdiq edilmiş və ünvan 2 ünvanında yaşayan X2, ünvan 3 ünvanında yaşayan X1, ünvan 4 ünvanında yaşayan X5 tərəfindən tərtib edilərək imzalanmış aktda göstərilmişdir ki, cavabdehlər mübahisəli mənzildə yaşamırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşdən göründüyü kimi mübahisəli mənzil order əsasında xx.xx.1986-cı il tarixində iddiaçıya ailə üzvləri ilə birlikdə verilmişdir. Cavabdehlərin həmin mənzildə iddiaçının ailə üzvləri kimi yaşamış və mənzildən istifadə hüququ əldə etmişlər. Bu səbəbdən hazırkı mübahisəyə həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Həmin Mənzil Məcəlləsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir (51). İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar (53). İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır (60). Müəyyən edilmişdir ki, cavabdehlər artıq mübahisəli mənzildə yaşamırlar və onların başqa yaşayış yerləri vardır. Cavabdehlərin mübahisəli mənzilə yaşayış sahəsi kimi ehtiyacları aradan qalxmışdır. Bu səbəbdən iddia təmin edilməli və cavabdehlərin mübahisəli mənzilə istifadə hüququna xitam verilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarından biri onun barəsində yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamənin olmasıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları itirildiyi üçün yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X3 da mübahisəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 və yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X3 Sumqayıt şəhəri, 9-cu mikrorayon, 74 saylı evin 80 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar