Məhkəmə qərarları › İş №2(060)-4935/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4935/2023

14.09.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4935/2023 14.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehinə qarşı işdən çıxarılma əmrinin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi buraxılmış iş günlərinin əmək haqqının cavabdeh tərəfindən iddiaçıya ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Sumqayıt Tibb Mərkəzi” X14 və Sumqayıt şəhər Səhiyyə şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Sumqayıt Tibb Mərkəzi” X15 direktoru tərəfindən İddiaçı barəsində xx.xx.2023-cü il tarixli, 309-K saylı əmrin qanunsuz hesab edilməsi və ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə verərək, Sumqayıt şəhər Səhiyyə şöbəsinin cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Sumqayıt Tibb Mərkəzi” X15 direktorunun İddiaçı barəsində xx.xx.2023-cü il tarixli, 309-K saylı əmrinin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi buraxılmış iş günlərinin əmək haqqının cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə 309-K saylı əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Barəsində verilmiş əmrdə işdən azad edilməsinin səbəbi kimi işçi özünün əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğu qeyd olunmuşdur. Cavabdeh təşkilat onu qərəzli olaraq müvafiq maddənin bəndi ilə işdən azad etmişdir. Belə ki, onun işə çıxmaması xəstəliyi ilə əlaqədar olmuş (bel fəqərələrinin qismən yana əyriliyi, yan çıxıntıların kənar kütlələri qismən sivridir) və bu barədə iş yerinə onun tərəfindən məlumat verilmişdir. O cümlədən, həmin müddət üçün xəstəlik vərəqəsi bağladılmış, o, məcburi qaydada məzuniyyətə çıxarılmışdır. Buna baxmayaraq, cavabdeh təşkilat ona qarşı qərəzli münasibət göstərərək guya onun cavabdeh təşkilatı xəbərdar etmədiyi üçün belə bir əmr verməsini əsas tutur. Onun xəstəliyi ilə əlaqədar iş qabiliyyətinin zəifləməsi səbəbindən işdən çıxmaq fikri olsa da, hər hansı qanun pozuntusu və əmək intizamını pozacaq bir hərəkət etməmişdir. Ona görə də qərəzli olaraq barəsində belə bir əmrin verilməsini qanunvericiliyin müddəalarının və normalarının pozulması kimi qiymətləndirərək, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. O, işlədiyi müddət ərzində heç bir əmək intizamını pozmamış, həmişə yaxşı işçilər arasında olmuş, öhdəsinə düşən işi vaxtında və layiqincə yerinə yetirmişdir. Kollektiv arasında hörməti olmuşdur. Müdiriyyət ailə vəziyyətinin son dərəcə ağır olduğunu bilərək onu işdən azad etmişdir. Hesab edir ki, işdən çıxarılma əmri qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. O, eyni zamanda qeyd etdi ki, xx.xx.2023-cü il tarixli 2 saylı Xəstəxananın Poliklinika şöbəsinin müdiri Sevinc Nəsibovanın verdiyi 256 saylı arayışdan da görünür ki, xx.xx.2023-cü il tarixində ona bel və digər şöbələrin falanqa arası disklərinin radikulopatiya ilə zədələnməsi diaqnozu qoyulmuşdur. Ancaq TTYS-da baş vermiş bəzi araşdırmalara əsasən xx.xx.2023-cü il tarixində onun müalicə həkimini məcbur edərək baş həkim tərəfindən xəstəlik tarixçəsi bağlanmışdır. 3 gün müddətinə bu xəstəliyin sağalması qeyrimümkün idi. O, ağrıkəsicilərdən istifadə edərək TTYS-na gəlmiş və demişdir ki, ağrıdan yolu gedə bilmir, onun müalicəyə ehtiyacı vardır. Bu vəziyyətdə həkim, tibb bacısının və xəstələrin həyatını təhlükədə qoya bilməz. Baş həkim ona bildirmişdir ki, sənin məzuniyyətini verərik. Müalicəni məzuniyyətdə davam etdirərsən və ona ərizə yazdırmışdır. Bundan sonra bilmişdir ki, onu işdən çıxarıblar. Halbuki o, may ayında maaş almışdır. Səbəb də odur ki, Sumqayıt Tibb Mərkəzi PHŞ-nin direktoru S. Sadıqova Sumqayıt şəhər Pİ-nə məktubla müraciət etmişdir ki, müəssisədə olan əməkdaşlar narkoloji test müayinəsindən keçsinlər. Həmin vaxt müəssisədə 87 nəfər işçinin testdən keçirilməsi baş tutmuşdur. Ancaq onu bu testə dəvət edən olmamışdır. 4 nəfər X3, X7, X8 və X4 analiz cavablarında narkoloji vasitənin aşkar olunduğu bildirməklə həmin şəxslər barəsində cinayət işi başlanması rədd edilmişdir. Bir neçə nəfər də narkotik vasitə aşkarlansa da yenidən işə qaytarılmışdır. xx.xx.2023-cü il tarixdən 4-cü polis bölməsinin tədqiqatçısı polis baş leytenantı X1 icraatında olan HK-1/1050 saylı, xx.xx.2023-cü il tarixli materialı nəzərdən keçirərək cinayət işinin başlanması rədd olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(060)-1333/2023 saylı qərardadla cinayət işinin başlanılması rədd edilmişdir. Buradan da aydın görünür ki, Sumqayıt şəhər Səhiyyə şöbəsinin direktoru onu işdən çıxarmaqda maraqlıdır. Onun bu işlərdən sonradan xəbəri olmuşdur. Bundan sonra o, bilmişdir ki, məzuniyyətə görə yazdığı ərizədə cırılıb atılmışdır. Son vaxtlar mətbuat və sosial şəbəkələrdə yayınanlara əsaslanaraq bildirir ki, işdən qanunsuz çıxarılanların yerləri satılırmış. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. Belə ki, iddia əsassızdır. İddiaçı Sumqayıt Tibb Mərkəzi X15in Təcili və X5 şöbəsində sürücü işləmişdir. İddiaçı, xx.xx.2023-cü ildə poliklinikaya müraciət etmiş və bülleten açdırmışdır. Sonradan ağrıları azaldığı və ağırlaşdırıcı hallar olmadığından bülleten bağlanılmışdır. İddiaçı bu dövrdə 32 gün üzrlü səbəblər olmadan iş buraxmışdır. Dəfələrlə işçinin özü və ailə üzvləri ilə əlaqə saxlanılmağa cəhd edilsə də baş tutmamışdır. 32 gün sonra, yəni xx.xx.2023-cü il tarixində iddiaçı işə gələrək izahat yazmış və izahatında belində ağrılar olduğunu qeyd etmişdir. İddiaçının qeyd etdiyi kimi onun məzuniyyətə çıxmaqla bağlı ərizəsi və bu ərizəyə əsasən məzuniyyət əmri mövcud deyildir. İddiaçının işlədiyi şöbənin müdirinin təqdimatı əsasında özünün iştirakı ilə Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilmiş və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinə razılıq verilməsi qərara alınmışdır. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X11 ifadəsində göstərdi ki, o, cavabdeh müəssisədə şöbə müdiridir. İddiaçı intizamlı, tərbiyəli adamdır. İddiaçı 07-12 aprel tarixlərində işdə olmamış, 3 günlük büllüteni olmuşdur. İddiaçı rəhəbrliyə xəbər vermədən işdən yayınmışdır. Həmin ərəfədə müəssisəinin direktorunun əmri ilə sürücülərin narkoloji testi aparılırdı. İddiaçı da həmin ərəfədə işdə olmamışdır. Testin nəticəsi 3 nəfərdə müsbət çıxmışdır. 2 nəfərdə təkrar aşkar olunmadı deyə işə bərpa olundular. Digər şahid X9 məhkəmə iclasında ifadə verərək, cavabdeh müəssisədə həmkarlar ittifaqı komitəsinin sədri vəzifəsində işlədiyini, iddiaçı olan işçinin işdən çıxarılmasına razılıq verilməsi ilə bağlı komitəyə təqdimatın daxil olduğunu bildirmişdir. Həmçinin həmin təqdimatala bağlı iclas keçirildiyini qeyd etmişdir. İclasın keçirilməsi ilə bağlı iddiaçı olan işçiyə məlumat verilmiş, onun iştirakı ilə iclas keçirilmiş, protokol tərtib olunmuşdur. Həmçinin, iddiaçı olan işçinin işdən çıxarılmasının onun öz günahı olduğunu, onun heç vaxt komitəyə müraciət etmədiyini bildirərək, əlavə etmişdir ki, əgər iddiaçı vaxtında komitəyə müraciət etmiş olsaydı ona kömək edilərdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı ilkin məcburi mediasiya sessiyasında iştirak etmiş və mediasiyaya dair 50 manat xərci ödəmişdir, lakin cavabdehin nümayəndəsi iştirak etməmişdir. - Sumqayıt Tibb Mərkəzi X15in xx.xx.2023-cü il tarixli, 309-K saylı əmrindən görünür ki, Sumqayıt Tibb Mərkəzi X15in Təcili və X5 Stansiyasının sürücüsü İddiaçı ilə bağlanılmış 5EUDU8000102 nömrəli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (72-ci maddənin “a” bəndinə özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi 32 gün) əsasən xitam verilməsi və işçi ilə əmək qanunvericiliyinə uyğun olaraq son haqq-hesabın aparılması əmr edilmişdir. - İddiaçı məxsus 692011 №-li əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə əmrlə Sumqayıt Tibb Mərkəzi X15in Təcili və X5 Kolonuna 1-ci dərəcəli sürücü vəzifəsinə işə qəbul edilmişdir. - Sumqayıt Tibb Mərkəzi 2 nömrəli xəstəxananın poliklinika şöbəsinin ünvan 1 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixində poliklinikanın həkim-nevroloquna müraciət etmişdir. Müayinə olunduqdan sonra xəstəyə “Belə və digər şöbələrin falanqa arası disklərin radikulopatiya ilə zədələnməsi” diaqnozu qoyulmuş, ******* №-li xəstəlik vərəqəsi açılmış və müalicə təyinatı verilmişdir. Xəstəlik vərəqəsi xx.xx.2023-cü il tarixində bağlanmışdır. Xəstə xx.xx.2023-cü ildə sağalma ilə işə yazılmışdır. - İş materiallarında olan xx.xx.2023-cü il tarixli 148 №-li Sumqayıt Tibb Mərkəzi PHŞ-nin X6 X2 İttifaqı Komitəsinin iclas protokolunun məmzunundan aydın olur ki, həmin iclasda sürücü İddiaçı uzun müddət davamiyyəti pozaraq işə gəlməməsi ilə bağlı, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tutduğu vəzifədən azad olunması barədə məsələ müzakirəyə çıxarılmış, iclasda 6 nəfər iştirak etmiş, 4 nəfər lehinə, 2 nəfər əleyhinə qərar qəbul etmiş, sürücü İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə etiraz edilmədiyi qeyd eidlmişdir. İddiaçı həmin iclasda iştirak etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı xx.xx.2016-cı il tarixdə cavabdeh arasında xx.xx.2016-cı il tarixli əmək müqaviləsi bağlanılmış, iddiaçı sürücü vəzifəsinə işə qəbul edilmiş, işəgötürənin xx.xx.2023-cü il tarixli əmri əsasında Əmək Məcəlləsinin 70-ci madəsinin “ç” bəndinə və 72-ci maddəsinin “a” bəndinə əsasən üzrlü səbəb olmadan 32 gün işə gəlmədiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, tərəflər arasında əmək müqaviləsinin ləğv olunması ilə əlaqədar fərdi əmək mübahisəsi yaranmışdır. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı işdən çıxarılmasının qanunsuz və əsassız olduğunu, cavabdeh isə iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin tələblərinə tam əməl olunduğunu bildirmişdir. Məhkəmə əmək müqaviləsinin ləğv olunması ilə bağlı tərəflər arasında yaranan mübahisəli hüquq münasibəti ilə əlaqədar aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Bu Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki iş üzrə sübut etmə yükü məhz cavabdeh tərəfin üzərinə düşür. Belə ki, hazırki mülki iş üzrə mübahisənin predmetini işəgötürən qismində çıxış edən Sumqayıt Tibb Mərkəzi X15in direktoru tərəfindən iddiaçı barəsində verilmiş müvafiq əmrin ləğv edilməsi təşkil edir. Bu halda məhkəmə hesab edir ki, müvafiq əmrin qəbul edilməsinə əsas olan halları sübut etmək öhdəliyi məhz həmin əmri qəbul etmiş cavabdehin üzərinə düşür. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı –işçi ilə əmək münasibətlərinə xitam verilərkən, qanunvericiliyin tələblərinə riayət olunmuş, müvafiq əmr imzalanmış, işçiyə bu barədə məlumat verilməklə, onunla son haqq-hesab aparılmışdır. İddiaçı məhkəməyə əmək münasibətlərinə qanunsuz xitam verilməsi əsaslarına dair dəlillərini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Ona görə də qeyd edilən əmrin ləğv və iddiaçının işə bərpa edilməsi üçün heç bir əsas yoxdur. O cümlədən, əmək münasibətlərinə xitam verilməsində heç bir qanunsuzluq aşkarlanmadığından, iddiaçı işburaxmaya görə əmək haqqı hesablanmasını və ya digər zərərin əvəzini tələb etməkdə haqlı deyildir. Odur ki, iddia əsassızdır. Belə ki, iddiaçı heç bir üzrlü səbəb olmadan otuz iki gün işə gəlməmiş və bununla da əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının işdən azad edilməsi ilə bağlı sənədləşdirmə qanunamüvafiq qaydada aparılmış, bu zaman Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş bütün prosedurlara riayət olunmuşdur. Cavabdeh işəgötürən tərəfindən həmkarlar ittifaqının razılığının alınması üçün təqdimat göndərilmiş və həmin təqdimata dair həmkarlar ittifaqı tərəfindən işçinin bu əsasla əmək müqaviləsinə xitam verilməsinə razılığı ifadə edən protokol-qərardan çıxarış təqdim olunmuşdur. Həmçinin, həmkarlar ittifaqının iclasının yeri və vaxtı barədə də işçiyə dəvət göndərilmiş, onun həmin iclasda iştirakı təmin olunmuşdur. Eyni zamanda həmkarlar ittifaqı tərəfindən gəldiyi nəticəyə dair hər hansı əsaslandırılmış yazılı şəkildə qərar tərtib olunmuşdur. Beləliklə, iddiaçı tərəfindən Sumqayıt şəhər Səhiyyə şöbəsinin direktorunun onu işdən çıxarmaqda maraqlı olması barədə irəli sürülən həmin dəlillər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, yalnız iddiaçının öz şəxsi mülahizələrinə əsaslanmışdır. İddiaçının özünün izahatı isə iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, AR MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdehinə qarşı işdən çıxarılma əmrinin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi buraxılmış iş günlərinin əmək haqqının cavabdeh tərəfindən iddiaçıya ödənilməsinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar