Məhkəmə qərarları › İş №2(060)-4983/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4983/2020

29.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4983/2020 29.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərin Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən 27 saylı evin, 79 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, qardaşı X7 Sumqayıt şəhəri, 6-cı mikrorayon, 27 saylı evin 79 saylı mənzilini almış və həmin daşınmaz əmlak üzərində yaranan hüququnu xx.xx.2020-ci il tarixli çıxarışla rəsmiləşdirmişdir. İddiaçının qardaşı X14 xx.xx.2012-ci il tarixdə alqı-satqı və ipoteka müqaviləsi əsasında Sumqayıt şəhəri, 6-cı mikrorayon, 27 saylı evin 79 saylı mənzilini satıcı – X3 almışdır. Bu zaman cavabdehlər sözügedən mənzilin barəsində alqı-satqı müqaviləsinin bağlanmasına dair notarial qaydada təsdiq olunmuş razılıq ərizələri vermişlər. Bundan sonra iddiaçının qardaşı X14 həmin daşınmaz əmlak üzərində yaranan hüququnu xx.xx.2012-ci il tarixli çıxarışla rəsmiləşdirmişdir. Həmin vaxtdan bəri cavabdehlər sözügedən mənzildən köçüblər və İddiaçı ailə üzvləri ilə (X8 və X4) birlikdə qeyd olunan mənzildə yaşayır. Hal-hazırda tam hüququ ilə mənzil onun xüsusi mülkiyyətindədir. Lakin, həmin mənzilin keçmiş sakini heç bir əmlakları, əlaqələri və hüquqi əsas olmadan indiyə kimi onun mənzilində formal şəkildə qeydiyyatda qalmışdır. Buna baxmayaraq, hazırda o, cavabdehə görə mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilməmişdir. Belə ki, o, mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcbur olmuşdur. Ona görə də hesab edir ki, cavabdehlərin həmin evdən istifadə etmək hüququ itirilmiş hesab edilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, onun təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və qeyriləri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir.Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası DİN-nin ******* saylı arayışından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Quliyev X5 şəhəri, 6-cı mikrorayonda yerləşən 27 saylı evin, 79 saylı mənzilində pasport qeydiyyatındadırlar. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 13 saylı Mənzil Kommunal Səhəsinin 534 nömrəli arayışından görünür ki, cavabdehlər Cavabdeh1 xx.xx.1986-cı ildən, Cavabdeh2 xx.xx.1988-ci ildən, Cavabdeh3 xx.xx.2005-ci ildən, Cavabdeh5 xx.xx.2011-ci ildən və Cavabdeh4 xx.xx.2006-cı ildən Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən 27 saylı evin, 79 saylı mənzilində pasport qeydiyyatındadırlar. - xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin məhkəmənin göndərdiyi sorğusuna əsasən cavab məktubundan görünür ki, cavabdehlər xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh1 xx.xx.2006-cı il, xx.xx.1967-ci il təvəllüdlü Cavabdeh2 xx.xx.2002-ci il, xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh5 xx.xx.2013-cü il, xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh3 xx.xx.2006-cı il və xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh4 xx.xx.2007-ci il tarixində ünvan 1 ünvanına qeydiyyata alınaraq ilk dəfə şəxsiyyət vəsiqəsi ilə təmin edilmişlər. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən 27 saylı evin, 79 saylı mənzilinin mülkiyyətçisi İddiaçıdur. - xx.xx.2020-ci il tarixli Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı notariat ofisində təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, iddiaçının qardaşı X2 şəhəri, 6-cı mikrorayonda yerləşən 27 saylı evin, 79 saylı mənzilini İddiaçı bağışlamışdır. - xx.xx.2020-ci il tarixli mənzilin alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, X1 şəhəri, 6-cı mikrorayonda yerləşən 27 saylı evin, 79 saylı mənzilini X11 39300 manata satmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki,X1 şəhəri, 6-cı mikrorayonda yerləşən 27 saylı evin, 79 saylı mənzilini alqı-satqı və ipoteka müqaviləsi əsasında özgəninkiləşdirərək X10 mülkiyyətinə vermişdir. xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X14 həmin mənzili qardaşı İddiaçı bağışlamışdır. Keçmiş mülkiyyətçilər mübahisəli mənzildən köçsələr də, onların ailə üzvləri mənzildə pasport qeydiyyatında formal olaraq qalmışdır ki, bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur və artıq kommunal xərclərin meydana gəlməsinə səbəb olur. Cavabdehlər indiki mülkiyyətçinin ailə üzvü deyil və müqavilə bağlananadək artıq qeydiyyatda olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, cavabdehlər iddiaçının mənzili əldə etməsindən əvvəl mənzilə qeydiyyata alınmışdır, onun mənzilə qeydiyyata alınması iddiaçının – yeni mülkiyyətçinin iradə ifadəsi ilə bağlı deyil, əksinə mülkiyyətçi kimi onun iradəsinə ziddir. Əvvəlki mülkiyyətçi X9iradəsini ifadə edib mənzil üzərində mülkiyyət hüququnu yeni mülkiyyətçiyə verərkən subyektiv hüquq kimi mülkiyyət hüququnun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində nəzərdə tutulan hər üç elementini – sahiblik, istifadə və sərəncam hüquqlarını yeni mülkiyyətçiyə ötürmüş və ailə üzvləri ilə birlikdə mənzili tərk etmişdir. Məhkəmə hesab edir ki, yeni mülkiyyətçiyə heç bir aidiyyəti olmayan şəxslərin fərdi yaşayış evində qeydiyyatda qalması ona öz mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onun mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, cavabdehlərin mənzildən istifadə hüququ alqısatqı müqaviləsində göstərilən tarixdən itirilmiş hesab olunmalıdır. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlərin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilə yaşayış sahəsinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234-244 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən 27 saylı evin, 79 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar