Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4983/2021 12.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı1, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı2, İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Həsənov Bəhruz Feyruz oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair ilkin iddia ərizəsi, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı cavabdehlərə verilmiş orderin etibarsız hesab edilməsi və mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 2-dən çıxarılması və onların həmin mənzilə köçürülmələri barədə qətnamə qət edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil ünvan 2-də yerləşməklə 2 otaqdan ibarətdir. Mənzilin əsas kirayəçisi İddiaçı1dır. Cavabdeh bu mənzili 29.07.2019-cu ildə qanunsuz olaraq zəbt etmiş və sonra da Sumqayt Şəhər Məhkəməsində həmin evə istifadə hüququnun tanınması barədə iddia qaldırmışdır. Lakin məhkəmə qərarları ilə onun iddia tələbi rədd olunuşdur. Cavabdeh mənzili könüllü olaraq boşaltmır və bu səbəbdən də, iddiaçılar həmin mənzilə daxil olaraq orada yaşamaq hüququndan məhrum edilmişlər. Artıq 2-ci ildir ki, cavabdeh onların mənzilində yaşamaqla həmin mənzildən məhrum olmaqlarına və başqa ünvanlarda müvəqqəti yaşamaq məcburiyyətində qalmağına səbəb olmuşdur. Sumqayıt şəhər məhkəməsinin 28.02.2014cü il tarixli, 2(060)-367/2014 saylı qətnaməsi ilə cavabdehin qohumları- anası Həsənova Şükufə və qardaşları Həsənov Firdovsi və Həsənov Novruzun iddiaçılara məxsus olan ünvan 2-dən çıxarılmaları qət edilmişdir. Həmin məhkəə qətnaməsi qanun qüvvəsini almış və icraya yönəldilmişdir. İllərlə davam edən icra hərəkətlərindən sonra nəhayət ki, qətnamə icra edilmiş və 29.07.2019-cu il tarixdə cavabdehlər həmin mənzildən çıxarılmış və mənzilin açarları iddiaçıya təqdim olunmuşdur. Mənzildə cavabdehlərə məxsus olan bəzi əmlakların qalması və onlar tərəfindən götürüləcəyi barədə akt tərtib olunmuş və tərəflərindən qətnamə ilə qət edilmiş 3500 ABŞ dolları məbləğində pul Şükufə Həsənovaya ödənilmişdir. Lakin hazırki iş üzrə cavabdeh, cavabdehlər mənzildən çıxan kimi mənzilə daxil olmuş və qətnamədə onun adı olmadığı üçün icra məmuru cavabdehi mənzildən çıxara bilməmişdir. Sonuncu dəfə Azərbaycan Respublikası Ali Məhkəməsinin 08.10.2020-ci il tarixli Qərarı ilə hazırki iddia tələbi üzrə cavadehin mənzilə istifadə hüququnun tanınması barədə iddiasının rədd olunmasına dair Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvədə qalmış və kassasiya şikayəti təmin edilməmişdir. Cavabdeh iddiaçının mənzilində qanunsuz yaşadığı üçün mənzildən çıxarılmalıdır. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil dövlət mülkiyyətindədir və Cavabdehlərin razılığı ilə köçürülməklə bu günədək orada qeydiyyatsız yaşayır. Belə ki, 21 aprel 2001-ci il tarixində cavabdeh İddiaçı1 mənzilə onu köçürmüş, iddiaçı orada yaşamaqla mənzildən istifadə hüququ əldə etmişdir. Ona görə də, onun mənzildən çıxarılması barədə ilkin iddia tələbi qəbul edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 yanvar 2015-ci il tarixli qərarı ilə Həsənova Şükufə Həsən qızının kassasiya şikyəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyul 2014-cü il tarixli, 2(105)-927/2014 saylı qətnaməsi qarşılıqlı iddia ilə də ləğv edilmiş, iş həmin hissədə yenidən apellyasiya qaydasında baxılması üçün qaytarılmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamələrdə iddiaçı Cavabdeh adı qeyd olunmamış o, məhkəmə proseslərinə cəlb edilməmişdir. Həmçinin məhkəmə cavabdehlərin mənzildən istifadə hüququnun olmasına heç bir münasibət də, bildirməmişdir. Sözü gedən mənzil Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Xətai küçəsindəki 1 saylı evin 2-ci mənzili yaşayış sahəsi 30,05 kv. metr olan 2 otaqdan ibarət mənzil Sumqayıt XDS İk-nin 19 avqust 1977-ci il tarixli, 20 saylı protokoluna əsasən cavabdehlərə verilmiş, mənzilə dair 2179 saylı 29 avqust 1977-ci il tarixli Order verilmişdir. Mənzil dövlət fonduna aid olmaqla orderi İddiaçı1 adınadır və həmin orderlə 3 nəfər – İddiaçı2, İddiaçı1 və X7 göstərilmişdir. Lakin cavabdehlər həmin mənzildə yaşamamış, mənzildən istifadə etməmiş cavabdehlərin uzun müddət başqa ünvanda yaşamaqla mübahisəli mənzildən olan istifadə hüquqlarını itirmişlər. O, isə həmin mənzildə qeydiyyatsız olsa da, uzun müddət yaşamış və istifadə etməklə mənzilə dair istifadə hüququ əldə etmişlər. Odur ki, mənzilə dair verilmiş 2179 saylı 29 avqust 1977-ci il tarixli də etibarsız hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı1 izahat verərək bildirmişdir ki, iddia tələbini müdafiə edir. Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzili 29.07.2019-cu il tarixdən qanunsuz olaraq zəbt etmiş və Sumqayıt şəhər məhkəməsində həmin evə istifadə hüququnun tanınması barədə iddia qaldırmışdır. Mənzilin əsas kirayəçisi iddiaçı özüdür. Məhkəmə qərarları ilə cavabdehin iddia tələbi rədd edilmişdir. Cavabdeh mənzili könüllü olaraq boşaltmır və bu səbəbdən də, iddiaçılar həmin mənzilə daxil olaraq orada yaşamaq hüququndan məhrum edilmişlər. Sumqayıt şəhər məhkəməsinin 28.02.2014-cü il tarixli qətnaməsi ilə cavabdehin qohumları-anası Həsənova Şüküfə və qardaşları Həsənov Firdovsi və Həsənov Novruzun iddiaçılara məxsus olan ünvan 2-dən çıxarılmaları qət edilmişdir. Həmin məhkəmə qətnaməsi qanun qüvvəsini almış və icraya yönəldilmişdir. 2019-cu ildə cavabdehlər həmin mənzildən çıxarılmış və mənzilin açarları ona təqdim olunmuşdur. Mənzildə onlara məxsus olan bəzi əmlakların qalması və onlar tərəfindən götürüləcəyi barədə akt tərtib olunmuşdur və 3500 ABŞ dolları məbləğində pul Şükufə Həsənovaya ödənilmişdir. Lakin hazırki iş üzrə cavabdeh, cavabdehlər mənzildən çıxan kimi mənzilə daxil olmuş və qətnamədə onun adı olmadığı üçün icra məmuru cavabdehi mənzildən çıxara bilmədiyini demişdir. Cavabdeh iddiaçının mənzilində qanunsuz yaşadığı üçün mənzildən çıxarılmalıdır. Göstərilənlərə əsasən ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında digər İddiaçı2 iddia tələbini müdafiə etdiyini, yoldaşı Gülnazın izahatını təsdiq etdiyini bildirdi. Qeyd olunanlara əsasən iddia tələbinin təmin , qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşlıqlı iddia üzrə iddiaçı izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Mübahisəli ünvan 2 ünvanında olan mənzil dövlət mülkiyyətindədir və o, mənzilə cavabdehlərin razılığı ilə köçürülməklə bu günədək həmin mənzildə qeydiyyatsız 20 ildir ki, yaşıyır. Odur ki, onun mənzildən çıxarılmağı barədə verilən ilkin iddia təmin edilə bilməz. Ən azı ona görə ki, onun həmin mənzildən istifadə hüququ var və iddiaçılar isə mübahisəli mənzilə olan hüquqlarını itirmişlər, qanunla isə istifadə hüququna yalnız kompensasiya verilməklə xitam verilə bilər. Sumqayıt şəhər İH MKTİB-nin 21 saylı MKS-nin verdiyi 170 saylı 22.01.2019-cu il tarixli arayışına əsasən onun həmin mənzildə 2001-ci ildən etibarən qeydiyyatsız yaşaması təsdiq olunmuşdur. Mənzilin bütün kommunal xərcləri onun tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12.01.2015-ci il tarixli qərarı ilə Həsənova Şüküfə Həsən qızının kassasiya şikayəti qismən təmin edilmiş, Apellyasiya Məhkəməsinin 2014cü il tarixli qətnaməsi ilə qarşılıqlı iddia ilə də ləğv edilmiş, iş həmin hissədə yenidən apellyasiya qaydasında baxılması üçün qaytarılmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfindən qeyd edilmiş qətnamədə onun adı qeyd olunmamış və məhkəmə proseslərinə cəlb edilməmişdir. Həmçinin məhkəmə onun mənzildən istifadə hüququnun olmasına heç bir münasibət də, bildirilməmişdir. Göstərilənlərə əsasən ilkin iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - 2(102)-4709/2020 saylı, 08.10.2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarından görünür ki, Sumqayıt şəhər məhkəməsinin 2(060)-7314/2019 saylı 27 sentyab 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı2 və qeyrilərinə qarşı X1 və qeyrilərini maraqlı şəxs qismində işə cəlb etməklə mənzildən istifadə hüquqnun tanınması tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 21 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt şəhər məhkəməsinin 2(060)-7314/2019 saylı 27 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd olunmuşdur. Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2020-ci il tarixli 2(105)-473/2020 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmişdir. -2(102)-4709/2020 saylı, 08.10.2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarından görünür ki, Sumqayıt XDS İcrayyə Komitəsinin 387 saylı, 19.08.1977-ci il tarixli qərarı ilə İddiaçı1 3 nəfər ailə tərkibi ilə yaşaış sahəsi ayrılması qərara alınmış, 2173 saylı order əsasında Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsi ev 1, 2 saylı mənzilə İddiaçı1, İddiaçı2 və Natiq Rəsulovlar köçürülmüşlər. Sumqayıt şəhər məhkəməsinin 28 fevral 2014-cü ilə tarixli, 2(060)-367/2014 saylı qətnaməsi ilə cavabdehlər Həsənova Şükufə Həsən qızı, X4 və X2 Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsi ev 1, 2 saylı mənzildən çıxarılması və 3500 ABŞ dollarının İddiaçı1 alınaraq Həsənova Şükufə Həsən qızına verilməsi qət edilmiş, həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanışlımışdır. - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2740/2019 saylı, 03 iyun 2019-cu il tarixli qərardadından görünür ki, Sumqayıt şəhər məhkəməsinin 28 fevral 2014-cü ilə tarixli, 2(060)-367/2014 saylı qətnaməsinin hüquqlarına toxunulduğunu göstərən X5, həmin qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasını xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-367/2014 saylı, 23 aprel 2019-cu il tarixli qərardadı ilə X3 ərizəsi və apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan narazı qalan X5 apellyasiya şikayət vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2740/2019 saylı, 03 iyun 2019-cu il tarixli qərardadı ilə onun apellyasiya şikayəti təmin edilməmişdir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2740/2019 saylı, 03 iyun 2019-cu il tarixli qərardadında qeyd edilir ki, X5 məhkəmə aktından şikayət versə də, o, iş üzrə tərəf olmamış, qəbul edilmiş qətnamə onun maraqlarına toxunmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, ünvan 2 ünvanında İddiaçı1, X6 qeydiyyatdadırlar. - yaşayış yeri haqqında arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatsız yaşayır. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin iddia üzrə müəyyən olundu ki, Sumqayıt XDS İcrayyə Komitəsinin 387 saylı, 19.08.1977-ci il tarixli qərarı ilə İddiaçı1 3 nəfər ailə tərkibi ilə yaşaış sahəsi ayrılması qərara alınmış, 2173 saylı order əsasında Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsi ev 1, 2 saylı mənzilə İddiaçı1, İddiaçı2 və Natiq Rəsulovlar köçürülmüşlər. İlkin iddia üzrə iddiaçıların gözlənilən mülkiyyət hüquqları mövcuddur. Qüvvədə olan məhkəmə qətnaməsinə əsasən Həsənova Şükufə Həsən qızı, X4 və X2 Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsi ev 1, 2 saylı mənzildən çıxarılmaları qərara alınmışdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinə əsasən - Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər.1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. “Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edilir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir.” “1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasına Konvensiyada “qanun” və “qanuni” anlayışı anlayışları mahiyyətcə geri daxili qanunvericiliyə istinad edir və həm də qanunun keyfiyyətinə aiddir ki, onun qanunun aliliyi prinsipinə uyğun olmasını tələb edir.” Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa “İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında” 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Konvensiyasına dair (20 mart 1952-ci il tarixli) 1 saylı Protokolun 1-ci maddəsində hər bir fiziki və hüquqi şəxsin mülkiyyət hüququna təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin maddənin İV hissəsinə görə də heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən “Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Hazırki, mübahisəyə münasibətdə isə məhkəmə qeyd edir ki, məcburi köçkün statusuna malik olan şəxslərin iddiaçıya məxsus mənzili 25 ildən artıq müddət ərzində zəbt etməsi və zəbt etmə faktının qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığın pozulmasına dəlalət edir. Cavabdehlərin qanunsuz müdaxiləsi nəticəsində iddiaçı onun mülkiyyətində olan mənzilin üzərində olan sərəncam, sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Qarşılıqlı iddia üzrə müəyyən olundu ki, qüvvədə olan məhkəmə qərardadına əsasən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsi ev 1, 2 saylı mənzilinə dair məhkəmə mübahisələri Cavabdeh maraqlarına toxunmur. Qüvvədə olan məhkəmə qətnaməsinə əsasən Cavabdeh mübahisəli mənzilə istifadə hüququnun tanınması rədd edilmişdir. Göründüyü kimi Cavabdeh mübahisəli mənzilə dair heç bir hüquqları mövcud deyil. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, Cavabdeh mübahisəli əmlakla bağlı hərəkət etməyə subyektiv hüququ yoxdur. Bununla yanaşı qeyd edilməlidir ki, 08.07.1982-ci il tarixdən 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 49-cu maddəsinə əsasən - Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Göstərilənlərə əsasən Cavabdeh ünvan 2-dən çıxarılmalı, iddiaçılar İddiaçı1 və İddiaçı2 həmin mənzilə köçürülməli, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı cavabdehlərə verilmiş orderin etibarsız hesab edilməsi və mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İlkin iddia təmin edilsin. İlkin iddia üzrə Cavabdeh ünvan 2-dən çıxarılsın, iddiaçılar İddiaçı1 və İddiaçı2 həmin mənzilə köçürülsünlər. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı cavabdehlərə verilmiş orderin etibarsız hesab edilməsi və mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-4983/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4983/2021
12.08.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver