Məhkəmə qərarları › İş №2(060)-4997/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4997/2021

18.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4997/2021 18.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Həsənova Həvva Seymur qızının katibliyi, İddiaçı, Onun vəkili X1, Cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə» tələbinə dair ilkin iddia ərizəsi və Cavabdeh İddiaçı qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, onun azyaşlı uşaqları ilə birlikdə Sumqayıt şəhəri, məhəllə 41a., 4a saylı evin, 8 saylı mənzilinə istifadə hüququnun tanınmaqla köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Sumqayıt şəhəri, məhəllə 41a., 4a saylı evin, 8 saylı mənzilinə olan istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında ilkin iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, o, Cavabdeh ilə 2009-cu ilin dekabr ayında faktiki, 08.07.2014-cü il tarixdə isə rəsmi nikah münasibətlərinə girərək ailə həyatı qurmuşdur. Birgə nikahlarından 25.06.2014-cü il təvəllüdlü X8 və 15.06.2019-cu il təvəllüdlü X9 adlı iki övladları var. O, 2009-cu ildən sözügedən mübahisəli mənzilə yəni, ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə gəlin köçmüşdür. Ailə qurduqları gündən o cavabdehlə birlikdə həmin ünvanda yaşamış və birgə təsərrüfat aparmışlar. Məhkəmənin nəzərinə çatdırır ki, nikahlarının ilk illərində münasibətləri normal olsa da son vaxtlar cavabdehin təqsiri üzündən ailədəki münasibətlər gərginləşmiş və dözülməz həddə çatmışdır. Bir müddət öncə aralarında mübahisə olduğu üçün o, məcbur olub, uşaqları ilə birlikdə mənzili tərk etmişdir. Yaxın günlərdə uşağının paltarlarını götürmək üçün mənzilə qayıtdıqda, mənzilin çöl qapısının açarının dəyişdirildiyinin şahidi olmuş və dərhal cavabdehə mənzilə qayıtmaq istədiyini bildirsə də cavabeh, onu mənzilə buraxmamışdır. Hazırda, uşaqlar onun himayəsindədir və onlar ayrı yaşayırlar. Cavabdeh onu və uşaqları evə buraxmır. Hal-hazırda evsiz qalmışdır, yaşamağa yeri yoxdur və müvəqqəti olaraq valideynlərinin yanında yaşayır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçının vəkili X4 iddia tələbini əsaslı hesab edərək təmin edilməsini məhkəmədən xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili İsayev Elşad Nəsrəddin oğlu məhkəmə iclasında ilkin iddia tələbini qəbul etmədi və qarşılıqlı iddia tələbini müdafiə edərək göstərdi ki, tərəflər 08 iyul 2014-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından X9 və X10 adında uşaqları anadan olmuşdur. İddiaçı cavabdehlə 08 iyul 2014cü ildə ailə qurarkən cavabdehin özünə məxsus mənzili olmamışdır. İddiaçı cavabdehin qardaşına məxsus Sumqayıt şəhəri, məhəllə 41 A, ev 4 A, mənzil 8-ə gəlin köçmüşdür, həmin vaxt mənzilin mülkiyyətçisi cavabdehin qardaşı X12 olmuşdur. Onlar ailə qurduqdan xeyli müddət sonra cavabdehin qardaşı Vaqif Nəsibov qeyd olunan mənzili bağışlama müqaviləsi əsasında cavabdehə bağışlamışdır. Cavabdehin qardaşı həmin mənzili 18 avqust 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X2 almış, mənzil onun şəxsi mülkiyyəti olmuşdur. Cavabdeh evlənən zaman yaşamağa yeri olmadığı üçün qardaşına məxsus mənzildə yaşamaq məcburiyyətində qalmışdır. İddiaçı heç bir əsas olmadan, onunla birlikdə bir ailədə yaşamaq istəmədiyini bildirərək, özü öz təşəbbüsü ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, nikahın pozulmasını xahiş etmiş, cavabdeh dəfələrlə təkid etsə də iddiaçı barışmamış, onunla ailə münasibətlərinə son qoymaqda israrlı olduğunu bildirmiş, bu səbəbdən də Sumqayıt şəhər Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə onların nikahları pozulmuşdur. İddiaçı artıq onun ailə üzvü deyil, onların arasında olan ailə münasibətlərinə xitam verilmiş, məhkəmə qətnaməsindən 4-5 ay öncə isə ümumiyyətlə o, azyaşlı uşaqlarını da götürüb qeyd olunan mənzildən öz istəyi ilə getmiş, hal-hazırda öz valideyinlərinə məxsus mənzildə yaşayır. Hesab edir ki, iddiaçının iddiasının hüquqi əsası yoxdur və o, yuxarıda qeyd olunan ünvandakı mənzilə köçürülə bilməz. Əvvəla, işin mübahisə olunmayan həqiqi hallarına görə, tərəflər 08 iyul 2014-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar, ailə qurduqdan sonra iddiaçı cavabdehin qardaşına məxsus Sumqayıt şəhəri, məhəllə 41 A, ev 4 A, mənzil 8-ə gəlin köçmüşdür, həmin vaxt mənzilin mülkiyyətçisi cavabdehin qardaşı X12 olmuşdur. İddiaçı cavabdehlə birlikdə bir ailədə yaşamaq istəmədiyini bildirərək, özü öz təşəbbüsü ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək nikahlarının pozulmasını xahiş etmiş, o dəfələrlə təkid etsə də, cavabdeh barışmamış, ailə münasibətlərinə son qoymaqda israrlı olduğunu bildirmiş, bu səbəbdən də Sumqayıt şəhər Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə onların nikahları pozulmuşdur. Uşaqların ananın yanında saxlanılması qət edilmişdir. Onların ailə münasibətlərinə xitam verilmişdir. Hesab edir ki, ilkin iddia tələbi əsassızdır. Ona görə də ilkin iddia tələbi rədd olunmalı və qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı Sumqayıt şəhəri, məhəllə 41a., 4a saylı evin, 8 saylı mənzilinə olan istifadə hüququ itirilmiş hesab edilməlidir. Qeyd edilənlərə əsasən, ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, 08.07.2014-cü il tarixdə Sumqayıt nikah evində Cavabdeh ilə İddiaçı arasında akt qeydləri kitabında 186 nömrəli qeyd aparılmaqla rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Nəsibova” soyadı verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 07.06.2021-ci il tarixli, 2(060)- 4326/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 08.07.2014cü il tarixdə Sumqayıt nikah evində bağlanmış 186 nömrəli akt qeydli nikah pozulmuşdur. Birgə nikahdan anadan olmuş 25.06.2014-cü il təvəllüdlü X8 və 15.06.2019-cu il təvəllüdlü X5 - İddiaçı yanında qalması qət edilmişdir. İş materiallarına əlavə edilmiş DƏDRX-nin 2 saylı Sumqayıt ərazi idarəsi tərəfindən verilmiş daşınmaz əmlakın hüquqi rejimi barədə sorğuya cavabdan görünür ki, Sumqayıt şəhəri, məhəllə 41a., 4a saylı evin, 8 saylı mənzili Sumqayıt şəhər 1 saylı dövlət notariat kontorunun təsdiq etdiyi 18.08.2007-ci il tarixli, 4Ə-2-54 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X7 adına qeydiyyata alınmış və 07.09.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 13.12.2014-cü il tarixli, 4Ə-5260 resyestr nömrəli bağışlanma müqaviləsi ilə sözügedən mənzil Cavabdeh adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Göründüyü kimi tərəflər hələ 2009-cu ilin dekabr ayında faktiki nikah münasibətinə daxil olarkən mənzilin mülkiyyətçisi cavabdehin qardaşı X12 olmuş, hazırda isə mənzilin mülkiyyətçisi cavabdehdir. Məhkəmə, iş üzrə toplanılmış sübutlara qiymət verərək hesab edir ki, hazırki mübahisə üzrə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq olunmalı və qətnamə həmin hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında göstərilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bundan əlavə, Konstitusiya Məhkəməsinin həmin qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin dəyişməsinə səbəb olur. Bu halda xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll edilməlidir. Beləliklə, işin məhkəmə iclasında müəyyən edilmiş halları və iş materiallarında olan sənədlərlə, həmçinin proses iştirakçılarının izahatları ilə müəyyən edilmişdir ki, tərəflər arasında olan nikah Sumqayıt şəhər Məhkəməsinin 07.06.2021-ci il tarixli, 2(060)-4326/2021 nömrəli qətnaməsi ilə pozulmuş, iddiaçı hələ bundan 4-5 ay öncə mənzildən köçmüş və onlar da bir yerdə yaşamırlar. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilə istifadə hüququ yoxdur. Bu baxımdan da o, mənzilə köçürülə bilməz. Bundan əlavə məhkəmə hesab edir ki, iddiaçının uşaqları ilə birlikdə mənzilə köçürülməsi tələbinin də hüquqi əsası yoxdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2-ci maddəsinə görə, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Eyni zamanda, Sumqayıt şəhər Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi ilə uşaqların iddiaçının yanında saxlanılması qət edilmişdir. Qarşılıqlı iddia tələbinə gəldikdə isə məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilə istifadə hüququ olmadığına görə, onun həmin mənzilə istifadə hüququ itirilmiş hesab oluna bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə» tələbinə dair ilkin iddia tələbi və Cavabdeh İddiaçı qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə» tələbinə dair ilkin iddia tələbi və Cavabdeh İddiaçı qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar