Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-50/2022 03.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 İddiaçı qarşı əmlakın çıxarılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun uşaqları 08.04.2011-ci il təvəllüdlü X21 və 30.09.2014-cü il təvəllüdlü X16 ilə birlikdə Sumqayıt şəhəri, Corat bağlar massivi, 21-ci məhəllədə yerləşən fərdi evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X11 ilə 14.07.2010-cu il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan 08.04.2011-ci il təvəllüdlü X25 və 30.09.2014-cü il təvəllüdlü X16 dünyaya gəlmişdir. Nikah dövründə Sumqayıt şəhəri, Corat bağlar massivi, 21-ci məhəllədə yerləşən fərdi yaşayış evini tikmişlər. Evin tikilməsində şəxsən iştirak etmişdir. Habelə, evin tikilməsinə atası Elxan Bəşirov da iştirak etmişdir. Ev tikildikdən sonra orada yaşamışlar və uşaqları dünyaya gəlmişdir. Həyat yoldaşı 13.10.2019-cu il tarixdə vəfat etmişdir. Onun il mərasimində, yəni 13.10.2020-ci il tarixdə qayınanası və baldızı ondana evdən çıxmağını tələb etmişdirlər. O, onlara bildirmişdir ki, onun başqa yaşayış yeri yoxdur və övladlarını çətinliklə saxlayır. Kirayədə qalmaq üçün maddi imkanı yoxdur. Onlar ona bildirmişdir ki, uşaqlar evdə qala bilər, lakin o, evdə qala bilməz. Nəhayət, 02.11.2020-ci il tarixdə cavabdeh qardaşı və qızı ilə evə gəlmiş və onu zorla evdən çıxarmışdırlar. Onlar onun cehiz əşyalarını çıxarmasını tələb etmişdirlər. Lakin, o, cehiz əşyalarını götürməkdən imtina etmişdir. İşin düzgün həll edilməsi üçün Daxili İşlər Nazirliyinin “102 xidməti”nə məlumat vermişdir. Onun şikayəti əsasında Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis bölməsinin əməkdaşları evə gələrək qayınanasına qanunsuz hərəkət etdiyini bildirmişdirlər. Lakin, qayınanası polisin də göstərişlərinə məhəl qoymamaışdır. Polis əməkdaşları ona bu işi məhkəmə qaydasında həll etməyi tövsiyə etmişdirlər. Evdən çıxarkən övladlarının və onun bütün əmlakları, o cümlədən paltarları həmin mənzildə qalmaqdadır. Ona və övladına cavabdeh tərəfindən evdə yaşamağa maneələr yaradıldığı üçün və gələcəkdə hər hansı bir problemlər olmaması üçün o, evdən çıxmağa məcbur olmuşdur. Cavabdeh yaşlı adam olduğu üçün mübahisə etməyin onun səhhətinə zərər vuracağını nəzərə alaraq evdən çıxmışdır. Yaşadığı ev qanunsuz tikilidir. Ev heç kəsin mülkiyyətində olmadığı üçün orada onun və uşaqlarının istifadə və sahiblik hüquqları vardır. O, hal-hazırda atasının evində yaşamaqdadır. Lakin, yaşadıqları ev darısqaldır və o, öz evinə köçmək fikrindədir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X12 cavabdeh İddiaçı qarşı əmlakın çıxarılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağları ərazisi 2491H ünvanında yerləşən fərdi yaşayış evində ona aid əmlakların çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X12 iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum qardaşı X11 ilə İddiaçı 14.07.2010-cu ildə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşlar. Birgə nikahlarından 08.04.2011-ci il təvəllüdlü X22 və 30.09.2014-cü il təvəllüdlü X13 adlı iki övladları olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 31.10.2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Mərhum qardaşı X11 13.10.2019-cu il tarixdə vəfat etmişdir. İddiaçı iddia ərizəsində göstərdiklərinin heç biri həqiqətə uyğun deyildir. Əksinə İddiaçı anasının evinə gəlin gələn gündən onların həyatı cəhənnəm əzabına dönmüşdür. Dəfələrlə istədiyi vaxt çıxıb gedib, istədiyi vaxt qayıtmışdır. Mərhum qardaşı, onun və atasının əlində bir alətə çevrilmişdir. Bu səbəbdən də onların nikahı pozulmuşdur. Nikahları pozulduqdan sonra da mərhum qardaşından əl çəkmirdilər. Onu hədələmiş, normal yaşamağa imkan verməmişdirlər. Mərhum qardaşı ömrünün son aylarını ağır depressiya şəraitində yaşamışdır. Hətta bu günə qədər onlara məlum deyil ki, mərhum qardaşının avtomaşınla vurulduğu ərazidə nə işi var idi. Ev məsələsinə gəldikdə isə mərhum qardaşı ailə quranda anasın 17-ci mikrorayonda şəxsi mülkiyyətində evi var idi, Aysel də həmin evə gəlin köçmüşdür. Sonradan həmin evi anası satmış, evin vəsaiti hesabına hal-hazırki evi anası tikmişdir. 2018-ci ildən hələ mərhum qardaşı ilə boşanmamışdan əvvəl İddiaçı evi tərk edib getmişdir. Ev 03.11.2020-ci il tarixli çıxarış ilə onun mülkiyyətindədir. İddiaçı nə əvvəl, nə də indi onların ailə üzvü deyildir. Cavabdeh evi tərk edərkən aşağıdakı cehiz əşyalarını götürməmişdir: 1 ədəd taxt; 2 ədəd sandıq; kiçik ölçüdə (2 nəfərlik) divan; uşaq üçün çarpayı; şkaf (kiçik ölçüdə); 1 ədəd şifoner; servant; komot (termo); 3 ədəd yastıq; 1 ədəd taxt üçün döşək; 2 ədəd adi döşək; 1 ədəd ədyal; 1 ədəd kiçik ölçüdə xalça (ağ rəng) Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsində göstərilən əsaslara uyğun izahat vermiş və iddia tələbinin təmin, irəli sürülmüş müstəqil tələbin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil1 tələbə uyğun izahat verərək, iddianın rədd edilməsi və irəli sürülmüş müstəqil tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə şahid X23 ifadə verərək bildirdi ki, o, iddiaçının atasıdır, tərəflərlə heç bir düşmənçiliyi, ədavəti yoxdur. Qızı cavabdehlə 14.07.2010-cu ildə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşdur. Birgə nikahlarından 08.04.2011-ci il təvəllüdlü X22 və 30.09.2014-cü il təvəllüdlü X13 adlı iki övladları olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 31.10.2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. 3-4 il iddiaçı ilə əri əvvəllər Sumqayıt şəhərində yerləşən “Şahanə” restoranının arxasında evləri var idi, orada yaşamışdırlar. Sonra o evi 64.900 manata satıb və 2 torpaq sahəsi almışdırlar. Torpaq sahələrinin biri qızı ilə ərinə, digəri isə Güliyə aid olmuşdur. O, özü də o evin tikilməsində həm iştirak etmiş, həm də xərc çəkmişdir. 2013-cü ildə köçmüşdürlər mübahisəli evə. O, mübahisəli evin tikintisi zamanı həm maddi, həm də fiziki köməklik etmişdir. 2 torpağın arasında xeyli məsafə vardır. Aysel özü də evin tikintisində iştirak etmişdir. Cehiz əmlakları həmin evdədir. Yeznəsinin ili veriləndən sonra qızı onların evinə qayıtmışdır. Məhkəmədə şahid X17 ifadə verərək bildirdi ki, o, iddiaçının tanışıdır, tərəflərlə heç bir düşmənçiliyi, ədavəti yoxdur. Mübahisəli ev tikilərkən o, əsasən Ayseli və atasını görmüşdür. Ayselin qayınanasını isə 2-3 dəfə görmüşdür. 2018-2019-cu illərdə Ayselin əri ilə aralarında soyuqluq olduğundan o, uşaqları ilə birlikdə evə gəlib gedirdi. Aysel ərinin ilindən sonra atasıgilə getmişdir. Qayıdanda görmüşdür ki, qapı açılmır, ona müraciət etmişdir. O, Aysellə birgə getmiş və görmüşdür ki, həqiqətən qapı açılmır. Onun evi ilə onların evinin arasındakı məsafə 10 metrdir. O, Nuridənin qızı Gülini tanımır. Məhkəmə, tərəflərin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ilk iddia rədd edilməli, müstəqil tələb irəli sürən üçüncü şəxsin tələbi isə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı və X4 birgə nikahından 08.04.2011-ci il təvəllüdlü X25 və 30.09.2014-cü il təvəllüdlü X16 adlı övladları vardır. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6917/2018 saylı, 31.10.2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı X6 qarşı “nikahın pozulması, uşaqların himayədə qalması və aliment” tələbinə dair müraciəti əsasında iddia qismən təmin edilmiş, İddiaçı ilə cavabdeh X11 arasında 14.07.2010-cu ildə nikah haqqında akt qeydləri kitabında 1068 nömrəsi ilə qeydiyyatı aparılmış nikah pozulması, birgə nikahdan doğulmuş 08.04.2011-ci il təvəllüdlü X25 və 30.09.2014-cü il təvəllüdlü X7 İddiaçı yanında qalması və birgə nikahdan doğulmuş 08.04.2011-ci il təvəllüdlü X14 və 30.09.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanması üçün cavabdeh X2 27 iyun 2018-ci il tarixdən başlayaraq hər ay bir uşaq üçün 100 (yüz) manat olmaqla, ümumilikdə iki uşağa görə 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2491H saylı bağ evinin mülkiyyətçisi X8r və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə 03.11.2020-ci il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2491H saylı bağ evinə dair verdiyi 30.10.2020-ci il tarixli, **********73-11301 reyestr nömrəli texniki pasportdan görünür ki, sözügedən bağ evinin mülkiyyətçisi X8r. -17.09.2021-ci il tarixli yerli baxış protokolundan görünür ki, İddiaçı ərizəsində köçürülməsini tələb etdiyi ev Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2491H saylı bağ evidir. Həmin evdə iddiaçıya məxsus əşyalar vardır. - 14.07.2021-ci il tarixli bölgü sxeminə dair sazişdən görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2491A ünvanında yerləşən ümumi sahəsi 0.1115 ha torpaq sahəsinin 0.02 ha torpaq sahəsi X9 verilmişdir. - ******* saylı, 14.06.2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 67 saylı evin, 54 saylı mənzilini X18 49.183 manata satmışdır. - X19, X17, X5, X10 və X24 tərəfindən imzalanmış və Azərbaycan Respublikası Sumqayıt şəhər Bələdiyyəsinin Saray və Novxanı Bağlar massivi üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən təsdiq olunmuş aktdan görünür ki, İddiaçı, həyat yoldaşı X11, onların övladı 08.04.2011-ci il təvəllüdlü X25 və İddiaçı qayınanası Cavabdeh Sumqayıt şəhəri, Corat bağları ərazisində sənədsiz torpaq sahəsi almış, həmin torpaq sahəsində 2013-cü ildə sənədsiz ev tikmiş, birlikdə həmin evdə yaşamışdırlar. 30.09.2014-cü ildə X16 anadan olmuşdur 2013-cü ildən 2018-ci ilə kimi normal ailə kimi yaşamışdırlar. 2018-2019-cu illər arası Aysellə həyat yoldaşı Ramin arasında bəzi səbəblərdən söz-söhbətlər olmuş, buna baxmayaraq Aysel sözügedən evə uşaqları ilə birlikdə gəlib getmişdir. Həyat yoldaşı 13.10.2019-cu il tarixdə vəfat etmişdir. Aysel yoldaşının cənazəsi evdən çıxarılan zaman özü də evdə olmuşdur. Mərhumun vəfatı ilə Aysel əlaqədar bütün mərasimlərdə iştirak etmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Abşeron rayon Vəkil Bürosuna ünvanlanmış 13.04.2021-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, Corat bağlar ərazisi, ünvanında yerləşən 2336E nömrəli bağ torpaq sahəsi ünvan 5əsdiq etdiyi 10.07.2013-cü il tarixli, 4Ə-02/1258 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X3 adına qeydiyyata alınmış və 13.07.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. X1 idarəyə təqdim etdiyi torpaq sahəsinin çıxarışı, plan və ölçüsü, məlumatlandırma icrasına müvafiq olaraq vətəndaşın İcra Hakimiyyəti orqanına ünvanlanmış 12.08.2020-ci il tarixli məktubu və eskiz layihə əsasında sözügedən torpaq sahəsi üzərində tikilmiş bağ evinə dair X3 mülkiyyət hüququ qeydə alınmış və 06.10.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə müstəqil tələb irəli sürən Güli Hüseynovanın qardaşı Ramin Hüseynov arasında 14.07.2010-cu ildə bağlanmış nikah Sumqayıt Şəhər Məhkəməsinin 31.10.2018-ci il tarixli qətnaməsi ilə pozulmuş, sonuncu 13.10.2019-cu ildə vəfat etmişdir. Mübahisəli evin yerləşdiyi torpaq sahəsi mərhumun anası, iş üzrə Cavabdeh məxsus, iddiaçının gəlin köçüb yaşadığı mənzil satıldıqdan sonra qeyri-rəsmi əldə olunmuş, orada müvafiq sənədləşməsiz fərdi yaşayış evi tikilmiş, bu zaman həmin ərazinin mülkiyyətçisi X15 adlı şəxs olmuşdur. Sözügedən evdə cavabdeh, onun mərhum oğlu və iddiaçı övladları ilə birgə yaşamışlar. 14.07.2020-ci ildə bu torpaq sahəsinin bölgü sxeminə dair notariat qaydasında Sevinc Təhməzova ilə Güli Hüseynova arasında saziş imzalanmış və 03.11.2020-ci ildə sonuncu şəxs mübahisəli ev üzərində mülkiyyət hüququ əldə etmişdir. Həmin evdə iddiaçıya məxsus əşyalar hazıradək qalmışdır. İşin mübahisəli halı olan sözügedən evin iddiaçıya və onun keçmiş ərinə məxsusluğu barədə İddiaçı dəlili ilə məhkəmə razılaşmır. Belə ki, mübahisəli əmlakın tikintisinə və onun yerləşdiyi torpaq sahəsinin əldə olunmasına cavabdehin mülkiyyətində olan mənzilin satışından götürülmüş vəsaitin sərf edilməsi, sözügedən evdə cavabdehin, iddiaçının keçmiş ərinin və iddiaçının övladları ilə birgə yaşamaları işin mübahisəsiz hallarıdır. İddiaçının atası – Elxan Bəşirovun ifadəsini, məhkəmə, maraqlı şəxsin mövqeyi kimi qiymətləndirməklə yanaşı, tikinti zamanı onun göstərdiyi həm maddi, həm də fiziki köməyin nədən ibarət olduğunu bildirməməsi, həmçinin bu halları təsdiqləyən sübutların təqdim olunmaması baxımından həqiqətə uyğun hesab etmir. İddiaçı tərəfindən onun dəlilinin əsaslılığına dəlalət edən hər hansı tutarlı və mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. İddiaçının mübahisəli evdə nə vaxtadək yaşamasına gəldikdə isə cavabdehin, müstəqil tələb irəli sürən üçüncü şəxsin ərizələrindən və onların nümayəndəsinin izahatından savayı, şahid Tərxanım Əliyevanın ifadəsindən, eləcə də iddiaçı tərəfindən təqdim olunmuş aktdan (X19, X17, X5, X10 və X24 tərəfindən imzalanmış və Azərbaycan Respublikası Sumqayıt şəhər Bələdiyyəsinin Saray və Novxanı Bağlar massivi üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən təsdiq olunmuş) görünür ki, 2018-2019-cu illərdə İddiaçı sözügedən yaşayış sahəsində daimi yaşamamış, oraya gəlib-getmişdir. Bundan əlavə, məhkəmə, artıq 2018-ci ildə nikahı pozulmuş keçmiş arvadın, 2019cu ildə sabiq ərinin vəfatından bir il sonra da keçmiş qayınanası və baldızı ilə (Nuridə və Güli Hüseynovalar) münasibətlərin korlanması şəraitində mübahisəli evdə daimi yaşamasını inandırıcı hesab etmir. Onun müəyyən əşyalarının həmin yaşayış sahəsində hələ də qalması heç də iddiaçının orada israr etdiyi dövrədək (13.10.2020-ci ilədək) yaşaması anlamına gəlmir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələbi hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, işi xitam etmədən ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Həmin Qərarda qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin bu qərarlarda ifadə olunmuş hüquqi mövqeyinə görə yaşayış sahəsinin mülkiyyət forması dəyişdirildikdə, yəni xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqda həmin yaşayış sahəsinə dair digər ailə üzvlərinin yaşayış hüququ ilə bağlı məsələlərin həlli zamanı 2009-cu ilin oktyabrın 1-dən sonra yaranmış münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Buradan aydın olur ki, istifadə hüququ ilə bağlı tələb yaşayış sahəsinə mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan sonra onun mülkiyyətçisinə yönələ bilər, belə bir iddiaya cavabdeh ola biləcək şəxs yalnız əmlakın mülkiyyətçisidir. Hazırki mülki işin faktiki hallarından aydın olur ki, mübahisəli evin mülkiyyətçisi Güli Hüseynovadır (müstəqil tələb irəli sürən üçüncü şəxs). Lakin iddiaçı ərizəsində tələbini Cavabdeh yönəltmiş, sonuncunu iddiasına cavabdeh kimi göstərmişdir. Məhkəmə tərəfindən iddiaçıya cavabdehin əsl cavabdehlə əvəz edilməsi izah və təklif olunsa da, o, buna etiraz etmişdir. Məhkəmə verilmiş tələb daxilində işə baxaraq, məhkəmə araşdırması zamanı işin müəyyən edilmiş faktiki hallarına qiymət verərək bu nəticəyə gəlir ki, iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı verilmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan qanunvericilik normalarına əsaslanaraq və həmin maddələrin tələblərini, məhkəmə təcrübəsini və məhkəmələrə tövsiyə olunan hüquqi mövqeyi işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı verildiyindən, həmçinin evin iddiaçı və onun keçmiş ailə üzvünün vəsaiti hesabına tikilməsi və ya həmin şəxslərə məxsus olması sübuta yetirilmədiyindən İddiaçı iddiası əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Bu Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müstəqil tələb irəli sürən Güli Hüseynovanın ona məxsus evdən iddiaçının əşyalarının çıxarılmasına dair iddiası əsaslıdır. Belə ki, həmin əşyaların müstəqil tələb irəli sürən üçüncü şəxsə məxsus evdə yerləşməsi onun, əmlakından sərbəst istifadəsini məhdudlaşdırmaqla, sahibliyini və sərəncam verməsini əngəlləyir, mülkiyyət hüququnu pozur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməməli, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 İddiaçı qarşı əmlakın çıxarılması iddiası təmin olunmalı, İddiaçı məxsus olan 1 ədəd taxt; 2 ədəd sandıq; kiçik ölçüdə (2 nəfərlik) divan; uşaq üçün çarpayı; şkaf (kiçik ölçüdə); 1 ədəd şifoner; servant; komot (termo); 3 ədəd yastıq; 1 ədəd taxt üçün döşək; 2 ədəd adi döşək; 1 ədəd ədyal; 1 ədəd kiçik ölçüdə xalça (ağ rəng) Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2491H saylı bağ evindən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234-244 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı onun uşaqları 08.04.2011-ci il təvəllüdlü X21 və 30.09.2014-cü il təvəllüdlü X16 ilə birlikdə Sumqayıt şəhəri, Corat bağlar massivi, 21-ci məhəllədə yerləşən fərdi evə köçürülmələri barədə iddiası təmin edilməsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdeh İddiaçı qarşı əmlakın çıxarılması tələbinə dair iddiası təmin edilsin. İddiaçı məxsus olan 1 ədəd taxt; 2 ədəd sandıq; kiçik ölçüdə (2 nəfərlik) divan; uşaq üçün çarpayı; şkaf (kiçik ölçüdə); 1 ədəd şifoner; servant; komot (termo); 3 ədəd yastıq; 1 ədəd taxt üçün döşək; 2 ədəd adi döşək; 1 ədəd ədyal; 1 ədəd kiçik ölçüdə xalça (ağ rəng) Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2491H saylı bağ evindən çıxarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-50/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-50/2022
03.03.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver