Məhkəmə qərarları › İş №2(060)-5029/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5029/2025

10.12.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5029/2025 10.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladları 20 avqust 2014-cü il təvəllüdlü X1 və 28 yanvar 2018-ci il təvəllüdlü X2 ilə birlikdə ünvan 1 ünvanına köçürülərək oradan istifadə hüququnun tanınması və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 17 oktyabr 2013-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahdan 20 avqust 2014-cü il tarixdə X1 və 28 yanvar 2018-ci il tarixdə X2 adlı uşaqlar anadan olmuşdur. Nikaha daxil olarkən onların münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. O, üç aydan çoxdur ki, ata evinə çıxıb getmişdir. Hal-hazırda cehiz əmlakları cavabdehin yaşadığı evdədir. Cavabdehlə ailə münasibətləri baş tutmadığından nikahın pozulması və aliment tələbi üçün Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Dəfələrlə ailənin dağılmaması üçün dözsə də, son vaxtlar cavabdeh dözülməz olduğundan məcburiyyət qarşısında qalaraq valideynlərinin yanına qayıtmalı olmuşdur. Ailə qurduqdan sonra bir müddət cavabdehin ata evində yaşamış, sonra isə həmin evi sataraq ünvan 1 ünvanda, birgə nikaha dövründə 140 kv.metrdən ibarət ev almışlar. Həmin evə köçüb orada yaşamağa başlamışlar. Bu evin təmirində, evə əşyaların alınmasında onun atası da iştirak edib. Cavabdeh ona və iki övladına orada yaşamağa imkan vermir, onun isə başqa yaşayış yeri yoxdur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Cavabdeh etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, tərəflər ailə həyatı qurduqdan sonra bir müddət cavabdehin ata evində yaşamışlar, sonra isə həmin evi sataraq ünvan 1 ünvanda birgə nikaha dövründə 140 kv.metrdən ibarət ev alınıb. Bu ev sənədsizdir və birgə nikah dövründə alınsa da, tərəflərin ümumi birgə gəlirləri hesabına alınmamışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-861/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 17 oktyabr 2013-cü il tarixdə 802 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Tərəflər arasında nikah 2013-cü ildə bağlandığından onların mənzillə bağlı münasibətləri 2009-cu ilin 1 oktyabr tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin normaları (30-cu maddəsi) tətbiq edilməklə həll olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin və ya onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - AZ-İ 901463 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 və Cavabdeh xx.xx.2013-cü il tarixdə nikaha girmişlər. Nikahdan sonra arvada Hüseynova soyadı verilmişdir. - AZ-İİİ 403659 və AZ-İV 076396 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından 20 avqust 2014-cü il tarixdə X1 və 28 yanvar 2018-ci il tarixdə X2 adlı uşaqlar anadan olmuşdur. - Kimyaçılar qəsəbəsi üzrə 1 saylı Məhəllə Komitəsinin təsdiq etdiyi xx.xx.2025-ci il tarixli aktdan görünür ki, İddiaçı övladları və əri ilə birlikdə xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ünvan 1 ünvanda yaşamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2013-cü il tarixdə nikaha girmişlər və onların bu nikahdan 20 avqust 2014-cü il tarixdə X1 və 28 yanvar 2018-ci il tarixdə X2 adlı uşaqları anadan olmuşdur. Hər iki tərəfin izahatından (cavabdehin etirazından) görünür ki, onlar bir müddət mübahisəli evdə birlikdə yaşamışlar və nikah artıq məhkəmə qaydasında pozulmuşdur. Eyni zamanda mübahisəli yaşayış sahəsinin sənədsiz, yəni qanunsuz tikili olması işin mübahisəsiz halıdır. Məhkəmə qeyd edilən işin faktiki halları ilə bağlı Mülki Məcəllənin torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüqunu təsdiq edən müvafiq sənədlər olmadan özbaşına tikintinin aparılması, özbaşına tikilmiş yaşayış sahəsinə mülkiyyət, sahiblik və istifadə hüquqlarının yaranması əsasları ilə bağlı normaların tələblərini qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. İşin hallarından görünür ki, sözü gedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə hər hansı şəxsə məxsus olmamış, lazimi icazələr almadan həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi tikilmişdir. Buna baxmayaraq, Cavabdeh qeyd edilən əmlaka sərəncam vermək hüququ olmasa da, o, həmin əmlaka faktiki olaraq sahiblik edərək ailə üzvləri ilə birlikdə birgə təsərrüfat aparmışdır. Başqa sözlə, həmin dövrdə İddiaçı qeyd edilən fərdi yaşayış evinə ərinin mülkiyyətçi hüquqları ilə yanaşaraq onunla birlikdə birgə idarəetməni həyata keçirmişdir. Cavabdeh özünün sahibliyində və faktiki istifadəsində olan fərdi yaşayış evində iddiaçının və uşaqlarının yaşamasına maneçilik yaradaraq onun mənzildə əvvəlki kimi yaşamasına icazə vermir. Məhkəmə qeyd edir ki, mübahisəli tikilinin hüquq müəyyənedici sənədləri olmasa da, yaşayış üçün yararlı hesab edildiyindən hər iki tərəfin bu tikilidə yaşaması onların nikahda olarkən qəbul etdikləri mövcud faktiki vəziyyətə uyğundur. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı uşaqları ilə bilrikdə həmin tikiliyə köçürülməlidir. Məhkəmə aşağıda qeyd edilən normaların tələblərinə əsasən hesab edir ki, cavabdehin qeyd edilən əməlləri qanunsuz olmuşdur. Belə ki, Mülki məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahilliyindən öz əmlakını geri tələb edə bilər. Həmin məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məcəllənin 52.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin məcəllənin 159-cu maddəsinə əsasən əşyaya sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün məhkəməyə iddia verə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, İddiaçı 20 avqust 2014cü il təvəllüdlü X1 və 28 yanvar 2018-ci il təvəllüdlü X2 ilə birlikdə ünvan 1 ünvanına köçürülmələri barədə iddia tələbi təmin edilməlidir. Bununla belə, iddianın daşınmaz əmlakdan istifadə hüququnun tanınması hissəsində iddiaya məhkəmə tənqidi yanaşır, çünki mövcud qanunvericiliyə əsasən hüquq müəyyənedici sənədləri olmayan yaşayış sahəsindən istifadə hüququnun tanınmasından söhbət gedə bilməz. Eyni zamanda, məhkəmə mübahisəyə Mənzil Məcəlləsinin 30-cu maddəsinin tətbiq edilməsi barədə cavabdeh tərəfin dəlilini də eyni əsaslarla əsassız hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı övladları 20 avqust 2014-cü il təvəllüdlü X1 və 28 yanvar 2018-ci il təvəllüdlü X2 ilə birlikdə ünvan 1 ünvanına köçürülməli, qalan hissədə iddia rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. İddiaçı övladları 20 avqust 2014-cü il təvəllüdlü X1 və 28 yanvar 2018-ci il təvəllüdlü X2 ilə birlikdə ünvan 1 ünvanına köçürülsünlər. Qalan hissədə iddia təmin edilməsin. Ödənilmiş 100 (50+50) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar