Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5042/2024 21.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı Sumqayıt şəhər Bələdiyyəsinin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı Sumqayıt şəhər Bələdiyyəsinin Cavabdeh qarşı «özbaşına tikililərin sökülməsi, zəbt edilmiş torpağın boşaldılması tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Sumqayıt Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Sumqayıt şəhəri, 8-ci mikrorayon, Bakı küçəsi ünvanında yerləşən ərazidə bələdiyyə mülkiyyətinə aid zəbt edilmiş torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsində qanunsuz inşa edilmiş qeyri-yaşayış obyektinin (“Cənub-065” kafesi adlanan) cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin Cavabdeh hesabına əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Bələdiyyəsinin qulluqçuları tərəfindən ərazidə aparılan mütəmadi monitorinq tədbirləri zamanı müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən hər hansı hüquqmüəyyənedici sənədlər olmadan Sumqayıt şəhəri, 8-ci mikrorayon, Bakı küçəsi ünvanında yerləşən ərazidə torpaq sahəsini zəbt edərək orada qeyri-qanuni şəkildə inşa edilmiş qeyri-yaşayış obyektində (“Cənub-065” kafesi adlanan) yenidənqurma işləri aparmışdır. Cavabdeh bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən müvafiq hüquqmüəyyənedici sənədləri olmadan zəbt edərək istifadə etməsi, həmçinin göstərilən ərazidə müvafiq icra hakimiyyəti orqanlarının razılığı olmadan, şəhərsalma və memarlıq norma və qaydalarını pozmaqla, ərazinin təyinatına uyğun olmadan tikinti işlərim aparması, torpaq sahəsinin mülkiyyətçisi kimi Sumqayıt Bələdiyyəsinin hüquqlarını aşkar şəkildə pozmuşdur. Qeyd edilən özbaşına tikili torpaq sahəsinin mülkiyyətçisi olan Sumqayıt Bələdiyyəsinin və bu cür tikililərin aparılmasına icazə vermək səlahiyyətinə malik olan aidiyyəti icra hakimiyyəti orqanlarının razılığı alınmadan, həmçinin mülki və torpaq qanunvericiliklərinin, şəhərsalma və tikinti normalarının tələblərinə zidd olaraq inşa edildiyində, bu tikili özbaşına tikili kimi qiymətləndirilərək müvafiq hüquqi nəticələr yaratmalıdır. Adı çəkilən ərazidə yerləşən torpaqlar “Torpaq islahatı haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə uyğun olraq bələdiyyə mülkiyyətinə aid olunmuş və 26 iyun 2001-ci il tarixli protokol, eksplikasiya aktı və digər torpaqayırma sənədləri əsasında xəritələşdirilərək Sumqayıt Bələdiyyəsinə təhvil verilmişdir. Bələdiyyələrə dair qanunvericilik aktlarına uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqda ayrılması bələdiyyənin qərarı ilə həyata keçirilir. Lakin Cavabdeh torpaq sahəsini bu günə qədər qeyri-qanuni tutmaqda davam edir ki, bu da torpağın mülkiyyətçisi kimi Sumqayıt Bələdiyyəsinin hüquqlarını kobud şəkildə pozur. Tərəflərindən cavabdehə yol verdiyi qanunsuz əməllərə son qoyulması, zəbt edilmiş torpağın boşaldılaraq qanunsuz inşa edilmiş tikilinin sökülməsi təklif edilsə də, cavabdeh edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq öz qanunsuz əməllərinə davam etdirməkdədir ki, bununla bağlı bələdiyyə qulluqçuları tərəfindən müvafiq akt tərtib edilərək sənədləşmə işləri həyata keçirilmişdir. Sadalanan hallara əsaslanaraq Sumqayıt Bələdiyyəsi məhkəməyə müraciət edərək qeyd edilən qanunsuzluqların aradan qaldırılmasını və pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etməyi zəruri sayır. Məhkəmədə iddiaçının nümayəndəsi Nümayəndə eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, qeyd olunan torpaq sahəsi bələdiyyəyə məxsus deyildir. O, həmin torpaq sahəsinə dair rəsmi sənədləri almışdır. Torpağın çıxarışı var və onun şəxsi mülkiyyətindədir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün və təmin edilməməlidir. İş materiallarında olan təqdimatın surətindən görünür ki, Sumqayıt Bələdiyyəsinin sahə nəzarətçiləri tərəfindən redy keçirilərkən 8-ci mikrorayon ərazisi, Bakı küçəsində vətəndaş Cavabdeh tərəfindən torpaq sahəsinin qanunsuz zəbt edilməsi və ona məxsus “Cənub-065” kafesinin divarlarının icazə olmadan rekonstruskiya edilməsi faktı aşkar edilmişdir. Bələdiyyə qulluqçuları tərəfindən vətəndaş Cavabdeh torpaq sahəsinin boşaldılması, əvvəlki vəziyyətə qaytarılması və aparılan işlərin dayandırılması barədə xəbərdarlıq edilsə də, o buna məhəl qoymamış və yekunda akt tərtib edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0065 ha torpaq sahəsi icarə əsasında Cavabdeh adına xx.xx.2024cü il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 6-cı bəndinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə müvafiq olaraq müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Torpaq Məcəlləsinin 67-ci maddəsinin tələblərinə görə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinin tələblərinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, müvafiq müqavilələrin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Həmin Məcəllənin 110-cu maddəsinə əsasən bu Məcəllənn 109-cu maddəsində göstərilən əqdlərin bağlanılması, torpaq sahələrinin özbaşına tutulması, torpaq sahələrində qanunsuz tikinti aparılması və digər hərəkətlərin törədilməsində təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 5.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, əşyaya mülkiyyət hüququnun başqa şəxsə keçdiyi hallarda, mülkiyyətçinin dəyişməsinə baxmayaraq əşya öz yüklülüyünü saxlayır və özgəsinin daşınmaz əşyasından məhdud istifadə hüququ olan şəxs həmin hüquqdan istifadə etməkdə davam edir. Bunun hüquqi əsasını isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.3-cü maddəsi təşkil edir. Həmin maddəyə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Özgəsinin daşınmaz əşyasından məhdud istifadə hüququnun mülkiyyət hüququ ilə eyni üsulla müdafiə olunmasını da həmin hüquqa aid səciyyəvi xüsusiyyət kimi qeyd etmək olar. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157-ci maddəsinə görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 170-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Beləliklə, məhkəmə qeyd olunan hüquqi normalardan çıxış edərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materallarına əlavə edilmiş çıxarışdan görünür ki, hazırda mübahisəli torpaq sahəsi icarə hüququ əsasında Cavabdeh adına qeydə alınmışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.14-cü maddəsinə görə bələdiyyələr məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə dövlət rüsumunu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddiaçı Sumqayıt şəhər Bələdiyyəsinin Cavabdeh qarşı «özbaşına tikililərin sökülməsi, zəbt edilmiş torpağın boşaldılması tələbinə dair» iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-5042/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5042/2024
21.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver