Məhkəmə qərarları › İş №2(060)-505/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-505/2025

06.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-505/2025 06.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi Fədayi oğlunun iştirakı ilə Ərizəçi Fədayi oğlu maraqlı şəxslər qismində Maraqlı şəxs2 və 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsini cəlb etməklə “doğum aktı qeydinin bərpa edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi maraqlı şəxslər qismində Maraqlı şəxs2 və 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsini cəlb etməklə “doğum aktı qeydinin bərpa edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin anası Osmanova (Abdullayevə) Pakizə Ramiz qızı atası X1 ilə 1985-ci ildə nikaha girmədən qeyri-rəsmi ailə qurmuşdur. Qeyrirəsmi nikahdan xx.xx.1988-ci ildə ərizəçi Abdullayev X4 rayonunun Qarasaqqal kəndində ev şəraitində doğulmuşdur. Ərizəçi ev şəraitində doğulduğuna görə ərizəçi doğum haqqında şəhadətnamə ala bilməmişdir. Doğulandan 2 il sonra xx.xx.1990-cı ildə atası X1 ilə anası Osmanova (Abdullayevə) Pakizə Ramiz qızı rəsmi nikah münasibətlərinə daxil olmuşlar. 2 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsinə müraciət edərək doğum haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Onlar xx.xx.2024-cü il tarixli 316-5/8-15-A-715/2024 saylı məktubla ərizəçiyə doğum haqqında şəhadətnamə verilməsindən imtina etdilər və bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Hal-hazırda 36 yaşı var. Ailəlidir 3 övladı var. Onların doğum haqqında şəhadətnamələrində soyad və ata adı ərizəçiyə məxsusdur. Doğum haqqında şəhadətnaməsi olmadığı üçün şəxsiyyəti təsdiq edən sənəd ala bilmir. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən ərizəçinin xx.xx.1988-ci il təvəllüdlü Ərizəçi Fədayi oğlunun doğum qeydi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Daha sonra ərizəçi tərəfindən məhkəməyə ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edilərək, xx.xx.1988-ci il təvəllüdlü Ərizəçi Fədayi oğlunun Kürdəmir rayonunda doğulması faktının müəyyən edilməsi, doğum haqqında akt qeydləri kitabında soyadının “Abdullayev”, adının “Mərhəmət”, ata adının “Fədayi”, ata qrafasında “X1”, milliyyəti “azərbaycanlı”, ana qrafasında “Maraqlı şəxs2”, milliyyəti “azərbaycanlı” olaraq qeyd edilməsi barədə qeydiyyatın aparılması və bunun əsasında doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında Ərizəçi Fədayi oğlu ərizəsini müdafiə edərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs2 bildirmişdir ki, ərizəçi onun oğludur. O, xx.xx.1988-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuşdur. X11muşdur. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxslər Maraqlı şəxs2 və 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

7. Məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək göstərmişdir ki, Ərizəçi Fədayi oğlu onun qardaşıdır. Qardaşı 23 fevral 1988-ci ildə Kürdəmir rayonunda doğulmuşdur. Atasının adı Fədayi olmuşdur. Bir müddət qardaşı ilə bərabər yaşamışlar, daha sonra o, anası ilə qalmışdır.

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadə verərək göstərmişdir ki, Ərizəçi Fədayi oğlu onun bacısı oğludur. O, 23 fevral 1988-ci il tarixdə Kürdəmir rayonunda doğulmuşdur. Onun atasının adı Fədayi olmuşdur.

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadə verərək göstərmişdir ki, Ərizəçi Fədayi oğlu onun bacısı oğludur. O, 23 fevral 1988-ci il tarixdə Kürdəmir rayonunda doğulmuşdur. Onun atasının adı Abdullayev Fədayi olmuşdur. Atası Ağsu rayonundan olmuşdur.

12. İş materiallarında olan xx.xx.1190-cı il tarixli V-JQ № 385619 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ilə Maraqlı şəxs2 xx.xx.1990-cı il tarixində nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 355 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına Abdullayeva soyadı verilmişdir.

13. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016cı il tarixdə verilmiş AZ-İ № 241869 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ilə X5 arasında nikah ləğv edilmiş, nikahın pozulması akt qeydləri kitabında 03 iyul 2007-ci il tarixdə 217 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra arvada Osmanova soyadı verilmişdir.

14. İş materiallarında olan Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 02 noyabr 2018-ci il tarixində verilmiş AZ-İV № 188427 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 06 oktyabr 2018-ci il tarixində Sumqayıt şəhərində anadan olmuş, atası X3, anası X6r.

15. İş materiallarında olan Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 19 avqust 2020-ci il tarixində verilmiş AZ-İV № 484134 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 15 fevral 2020-ci il tarixində Sumqayıt şəhərində anadan olmuş, atası X7, anası X6r.

16. İş materiallarında olan 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 06 avqust 2022-ci il tarixində verilmiş AZ-İV № 764129 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 10 sentyabr 2021-ci il tarixində Sumqayıt şəhərində anadan olmuş, atası X7, anası X6r.

17. İş materiallarında olan 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən Maraqlı şəxs2 ünvanlanan 17 sentyabr 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1988-ci il tarixdə doğulmuş övladı doğumunun qeydiyyata alınması ilə bağlı müraciətinə 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.1-ci maddəsinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi tərəfindən aparılır. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün müəyyən sənədlərin təqdim edilməsi, o cümlədən də doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssəsindən müvafiq sənədin təqdim olunması, uşaq tibb müəssəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd nəzərdə tutulmuşdur. Doğum faktını təsdiq edən həkim sənədi olmadıqda, uşağın doğulması faktı məhkəmə tərəfindən müəyyən edilir. Uşağın doğumunu təsdiq edən tibbi şəhadətnamə təqdim olunmadığından doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunur.

18. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X10” X27 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 598 saylı rəyindən görünür ki, Ərizəçi Fədayi oğlunun məhkəmə-tibbi müayinəsinə və tibbi sənədlərə əsasən Ərizəçi Fədayi oğlunun müəyyən edilmiş sümük yaşı 35-40 ilə uyğundur.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

19. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X1 ilə Maraqlı şəxs2 faktiki nikahlarından Ərizəçi Fədayi adlı övladları olmuşdur. Hazırda ərizəçi doğum haqqında şəhadətnamə almaq üçün Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin şəhadətnamələrin verilməsindən imtina olunmuş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

21. Eyni Məcəllənin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir.

22. Göstərilən Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir.

23. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

24. Göründüyü kimi ərizəçi doğum haqqında şəhadətnaməni başqa qaydada ala bilməmiş və bununla əlaqədar məhkəməyə müraciət etmişdir.

25. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur.

26. Eyni Məcəllənin 45.1-ci maddəsinə görə uşaq, aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər.

27. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır.

28. Eyni Məcəllənin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır.

29. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

30. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

31. Həmin Qərarın 4.2-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir.

32. Eyni Qərarın 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır.

33. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçi valideynlərinin faktiki nikah münasibətlərindən, eyni zamanda ev şəraitində doğulmuşdur, ərizəçi bu faktı müəyyən edən müvafiq sənədləri Qeydiyyat Şöbəsinə təqdim edə bilməmiş, ona görə də həmin faktın müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilməlidir.

34. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi Fədayi oğlunun «doğum faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi təmin edilməli, xx.xx.1988-ci il təvəllüdlü Ərizəçi Fədayi oğlunun Kürdəmir rayonunda doğulması faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında ərizəçinin soyadı “Abdullayev”, adı “Mərhəmət”, ata adı “Fədayi”, ata qrafasında “X1”, milliyyəti “azərbaycanlı”, ana qrafasında “Maraqlı şəxs2”, milliyyəti “azərbaycanlı” olaraq qeyd edilməsi barədə qeydiyyat aparılmalı və bunun əsasında doğum haqqında şəhadətnamə verilməlidir.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

37. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

38. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Həmçinin, Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

41. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi Fədayi oğlunun «doğum faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi təmin edilsin. xx.xx.1988-ci il təvəllüdlü Ərizəçi Fədayi oğlunun Kürdəmir rayonunda doğulması faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında ərizəçinin soyadı “Abdullayev”, adı “Mərhəmət”, ata adı “Fədayi”, ata qrafasında “X1”, milliyyəti “azərbaycanlı”, ana qrafasında “Maraqlı şəxs2”, milliyyəti “azərbaycanlı” olaraq qeyd edilməsi barədə qeydiyyat aparılsın və bunun əsasında doğum haqqında şəhadətnamə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar