Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5069/2022 11.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi iddiaçının nümayəndəsi, Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərə 8000 manat məbləğində kompensasiya verməklə, onların Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 38 ünvanda yerləşən 45 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ikinci qrup müharibə əlili (qazi) olduğu üçün, Sumqayıt şəhəri, 18-cı mikrorayon, 18 saylı evdə yerləşən ümumi sahəsi 65, 35 kv.metr, yaşayış sahəsi 39,83 kv.metr, üç otaqdan ibarət olan mübahisəli 45 nömrəli mənzil dövlət tərəfindən iddiaçıya bağışlanmışdır. Cavabdeh1 iddiaçının keçmiş həyat yoldaşıdır. Onunla xx.xx.1393-cü il tarixdə bağlanmış rəsmi nikahları Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Digər cavabdehlər onunla birgə nikahdan olan övladlarıdır. Son bir neçə ildir ki, ailələrində mənzillə bağlı mübahisələr yaranır. Mübahisələr baş verdiyinə görə, iddiaçı mənzilin mülkiyyətçisi olaraq mənzil üzərində olan mülkiyyət hüquqlarımı istədiyi kimi həyata keçirə bilmir. Cavabdehlər düşünülmüş tərzdə, bilərəkdən birgə yaşayış qaydalarını pozur, iddiaçıya bu mənzildə rahat yaşamağa imkan vermirlər. Dəfələrlə cavabdehlərə xəbərdarlıq etməyinə baxmayaraq onlar qanuna zidd əməllərindən əl çəkmək istəmirlər. Mənzillə bağlı mövcud vəziyyəti nəzərə alıb, iddiaçı mənzilin mülkiyyətçisi olaraq sərəncam hüququnu həyata keçirmək məqsədilə cavabdehlərə kompensasiya verməklə onların mənzildən istifadə hüquqlarına xitam vermək qərarındadır. Cavabdehlər kompensasiya ilə bağlı etdiyi təkliflərlə razılaşmırlar. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, iddiaçı mülkiyyətçi olmaqla cavabdehlərin mənzildən çıxmasını tələb etməkdə haqlıdır. İddiaçı cavabdehlərə 8000 manat kompensasiya təklif etsə də, kompensasiyanın məbləğini 10 000 manata qədər artıra bilər. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyil. Belə ki, o evin alınmasında iştirak edib. Onun şəhid bacısı olduğu da nəzərə alınaraq ev onlara verilib. 8000 manat məbləğində kompensasiya olduqca azdır. Ümumiyyətlə o, hər hansıp kompensasiyanın müqabilində mənzildən çıxarılmasına etiraz edir. Qeyd edilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirdi ki, kompensasiya almaqla mənzildən çıxmağa razı deyil. Belə ki, onların başqa yaşayış yerləri yoxdur. Qeyd edilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışına əsasən müəyyən olunur ki, iddiaçı xx.xx.1972-ci ildə, Ağdaş rayonu, Ərəbocaq kəndində anadan olmuşdur. Cavabdeh1 xx.xx.1973-cü ildə, Cavabdeh2 xx.xx.1996-cı ildə, Cavabdeh3 xx.xx.2002-ci ildə və Cavabdeh4 isə xx.xx.2002-coi ildə anadan olmuşlar. Tərəflər ünvan 1 ünvanında qeydiyyatdadırlar. MH seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mübahisəli mənzil tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixində qeydiyyata alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-4709/2018 saylı qətnaməsinə əsasən iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikahın pozulması, xx.xx.2002-ci il təvəllüdlü X1 və xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh3 anaları Cavabdeh1 yanında qalmalarının müəyyən edilməsi, onların yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçıdan hər ay qazancının (gəlirinin) 1/3 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. 390420 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında nikah xx.xx.2021-ci il tarixində pozulub. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 38 ünvanda yerləşən 45 saylı mənzil Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 34 nömrəli order, Sumqayıt Şəhər İcra Hakimiyyəti MTİİB 19 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, 700 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında İddiaçı adına qeydiyyata alınaraq xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 38 ünvanda 5 mərtəbəli daş binanın 3-cü mərtəbəsində yerləşən 45 saylı mənzilin bu gunkü gündə olan bazar qiyməti 65000-70000 manat civarındadır. Mənzilin yerləşdiyi ərazidə eyni şəraiti olan mənzillərin kirayəsi 200-220 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) yaşayışistifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşdən göründüyü kimi mübahisəli mənzil Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış və iddiaçıya xx.xx.2008-cı il tarixdə MH serialı, ******* nömrəli Çıxarış verilmişdir. Cavabdehlər iddiaçının ailə üzvü kimi mənzilə istifadə hüququ əldə ediblər. Bu səbəbdən hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 17-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarındakı əsas hüquqi mövqelərdən biri belə olmuşdur ki, göründüyü kimi, qanunverici mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin (bir neçəsinin) mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir. Özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz. Mübahisəli mənzil xx.xx.2008-ci ildə iddiaçının adına özəlləşdirilmiş və Cavabdeh1 bununla bağlı razılığı alınmışdır. Yəni cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları mövcuddur. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarındakı əsas hüquqi mövqelərdən biri belə olmuşdur ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna—xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. İddiaçı cavabdehlərə 8000 manat məbləğində kompensasiya verməklə onların mənzildən istifadə hüquqlarına xitam verilməsini xahiş edirlər. Göründüyü kimi cavabdehlərin hər biri yetkinlik yaşına çatmış müstəqil şəxslərdir. Bu səbəbdən iddiaçının onlara təklif etdiyi 8000 manat kompensasiya məbləği onlara davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildəki şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməyəcəkdir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehlərə 15000 manat kompensasiya verilməklə, cavabdehlərin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi daha ədalətlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən yaşayış-istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarından da biri onun barəsində yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən yaşayışistifadə hüququna xitam verilməsi barədə qətnamənin olmasıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumilikdə 15 000 (on beş min) manat kompensasiya verilməklə cavabdehlərin Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 38-də yerləşən 45 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-5069/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5069/2022
11.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver