Məhkəmə qərarları › İş №2(060)-5071/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5071/2025

28.08.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5071/2025 28.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehə qarşı əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən çıxarılmağı barədə verilmiş qanunsuz əmrin ləğv edilməsi, iddiaçının əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 15.*9.2*1*-cu il tarixdən Cavabdeh gözətçi vəzifəsində çalışmışdır. 11,*6.2*25-ci il tarixədək bu məktəbdə işləmişdir. Orada işlədiyi dövrdə öz iş öhdəliklərini yerinə yetirməməyinə və ya vəzifədən sui-istifadə etməsinə dair heç bir şikayət və ya narazılıq olmamışdır. 11,*6.2*25-ci il tarixdə işlədiyi məktəbin 46 saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin „ç“ və 72-ci maddəsinin „f‘ bəndini rəhbər tutaraq onun əmək müqaviləsinə xitam verilmişdir. Orta məktəbin müdiriyyəti bilərəkdən onun barəsində əsassız olaraq şikayət etmiş və cinayət işi başladılmışdır. Lakin bu şikayət tamamilə əsassız və yalandır. O, cinayət tərkibi yaradacaq heç bir hərəkət elməmiş, onun təqsirli olması sübuta yetirilməmişdir. İşlədiyi dövrdə hər zaman işinə və kollektivə hörmətlə yanaşmış, vəzifəsini layiqincə yerinə yetirmişdir. Bu səbəblə də işdən çıxarılması barədə əmr əsassız və qanunsudur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı, habelə onun nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Nümayəndə1 qeyd etdi ki, iddiaçı cinayət işi üzrə istintaqda təqsirləndirilən şəxs qismində cəlb edildikdən 1 gün sonra işdən azad olunmuşdur. Bu isə təqsirsizlik prezumpsiyasının pozulması mənasına gəlir. Onlar qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı ilə iş yoldaşı arasında insident baş vermiş və işin ahəngi pozulmuşdur. Bu səbəbdən də işəgötürən tərəfindən işdən azad olunmuşdur. Bu barədə əmr qanunidir və ləğv edilməsinə zərurət yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakşılarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - 11.*7.2*25-ci il tarixli, MŞS/MT*3*/2*25-*1246 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı cəmi 6* manat xərci İddiaçı ödəmişdir. - 23.*9.2*22-ci il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Əmək Məcəlləsinə müvafiq olaraq müddətsiz əmək müqaviləsi bağlanmışdır. İşçinin vəzifəsi: gözətçi. - 23.*6.2*25-ci il tarixli ittiham aktının surətindən görünür ki, İddiaçı ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə xuliqanlıq, yəni ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tədbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş, ona qarşı Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi barədə ittiham irəli sürülmüşdür. - Əmək ktabçasının surətindən görünür ki, İddiaçı 15.*9.2*1*-cu ildən 11.*6.2*25-ci ilədək Cavabdehdə gözətçi işləmişdir. - Cavabdehin 11.*6.2*25-ci il tarixli 46 saylı əmrindən görünür ki, məktəblə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin „ç“ və 72-ci maddəsinin „f‘ bəndinə əsasən xitam verilmişdir. - Cavabdehin HK.-nin 11.*6.2*25-ci il tarixli, 33 saylı iclas protokolundan görünür ki, məktəbin həmkarlar komitəsi məktəblə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin „ç“ və 72-ci maddəsinin „f‘ bəndinə əsasən xitam verilməsi məqsədə müvafiq hesab edilmişdir. - 14.*5.2*25-ci il tarixli aktdan görünür ki, məktəbin gözətçisi İddiaçı məktəbin xadiməsi X1 vurması və təhqir etməsi barədə məktəb rəhbərliyinə izahat verməkdən imtina etmişdir. - 11.*6.2*25-ci il tarixli aktdan görünür ki, məktəbin gözətçisi İddiaçı 11.*6.2*25-ci il tarixdə saat 12:**-da məktəb üzrə həmkarlar təşkilatının iclasına dəvət edilmiş, lakin iclasa gəlməkdən imtina etmişdir. - 11.*6.2*25-ci il tarixli aktdan görünür ki, məktəbin gözətçisi İddiaçı 11.*6.2*25-ci il tarixdə saat 12:**-13:** radələrində xitam əmri ilə tanış olmağa və əmək kitabçasını götürməsinə görə dəvət edilmiş, lakin gəlməkdən imtina etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə görə əmək fərdi və ictimai rifahın əsasıdır. Əmək Məcəlləsinin 7-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə iş yoldaşı K.F.Kərimova arasında işlədikləri Cavabdeh inzibati binasında insident baş vermişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, X2 15.*5.2*25-ci il tarixdə ərizə ilə Sumqayıt ŞPİnin 3-cü PB-nə müraciət edərək 14.*5.2*25-ci il tarixdə xadimə işlədiyi Sumqayıt şəhəri, 9cu mikrorayon ərazisində yerləşən 22 saylı tam orta məktəbdə olan zaman məktəbdə gözətçi işləyən İddiaçı onun qolundan sıxdığını və sağ qolunun dirsəkdən yuxarı hissəsinə yumruqla zərbə vuraraq ona xəsarət yetirməsi ilə bağlı 3-cü PB-də toplanmış material olmuşdur. Faktla bağlı cinayət işi başlanmışdır. Bundan sonra isə məktəbin rəhbərliyi tərəfindən 11.*6.2*25-ci il tarixli 46 saylı əmr verilmişdir. Bu əmrə görə məktəblə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin „ç“ və 72-ci maddəsinin „f‘ bəndinə əsasən xitam verilmişdir. Hazırda İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən çıxarılmağı barədə verilmiş qanunsuz əmrin ləğv edilməsi, iddiaçının əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 14.*5.2*25-ci il tarixdə İddiaçı iş vaxtı ərzində bilavasitə iş yerində iş yoldaşının qolundan sıxmaqla ona xəsarət yetirmiş, faktla bağlı cinayət işi başlanmışdır. Doğrudur, idiaçının təqsirli olması barədə hazırda hər hansı məhkəmə hökmü mövcud deyildir. Bununla belə, təhsil müəssisəsində bu tip hərəkətlər oradakı tədris prosesinə, işin ahənginə, təhsil alan şagirdlərin əxlaq və psixologiyasına mənfi təsir göstərdiyindən məhkəmə hesab edir ki, İddiaçı Əmək Məcəlləsinin 72-ci maddəsinin „f‘ bəndində nəzərdə tutulmuş pozuntunu törətmişdir. Beləliklə də, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 7*-ci maddəsinin „ç“ bəndinə istinad edilməklə onun işdən azad olunması barədə əmri qanuni və əsaslı hesab olunmalıdır. İşdən azad olunma barədə əmr ləğv olunmadığından, işə bərpa edilmə və məcburi işburaxmağa görə əmək haqqının tələb edilməsindən söhbət gedə bilməz. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı oğlunun 11.*6.2*25-ci il tarixli 46 saylı işdən azad olunma barədə əmrin ləğv olunması, işə bərpa olunması və itirilmiş günlərə görə ödənilməyən əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*, 36*cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehə qarşı əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar