Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5081/2020 24.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı3, nümayəndəsi və vəkili X6, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X1 qanuni nümayəndəsi Cavabdeh, vəkili Məhərrəmov Polad Müseyib oğlunun iştirakları ilə, İlkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh X1 qanuni nümayəndəsi Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı X1 qanuni nümayəndəsi Cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiaları üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların ünvan 1, mənzil 18 ünvanına köçürülmələri, mənzildən yaşayış və istifadə hüquqlarının həyata keçirilməsinə maneçiliyin törədilməsinin Cavabdeh qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, ilkin iddia üzrə İddiaçı3 nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh qismində göstərilmiş Cavabdeh X1 qanuni nümayəndəsi kimi qəbul olunmasını xahiş etmişdir. İlkin iddia üzrə iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1, mənzil 18 ünvanında yerləşən 3 otaqlı mənzil 1990-cı ildə işlədiyi müəssisədən İddiaçı1 verilmişdir. 2012-ci ildə həmin mənzil İddiaçı1 adına özəlləşdirilmişdir. 2019-cu ilin oktyabr ayında mənzil İddiaçı3 bağışlanmışdır. xx.xx.2020-ci il tarixdə İddiaçı1 etibarnamə əsasında İddiaçı3 adından mənzili xx.xx.2008-ci il təvəllüdlü nəvəsi X2 bağışlamışdır. Ailədə yaranmış problemlərə görə cavabdeh onları mənzilə buraxmır. Dəfələrlə ona təklif edilmişdir ki, uşaqların xətrinə düşmənçiliyi və ziddiyyətli davranışını yığışdırsın. Lakin bu baş vermir, hazırda onların öz qeydiyyatda olduqları və istifadə, yaşayış hüququ olan mənzilə daxil olmaq imkanlarını qanunsuz olaraq cavabdeh əllərindən almışdır. Hazırda isə cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənzilə gedə bilmirlər, evdə yaşamaqlarına maneçilik törədilir, bununla da, onların və uşaqlarının hüquqları pozulur. Cavabdehlə ailə münasibətlərinə xitam verilsə də, övladları-nəvələri ilə birlikdə həmin evdə yaşamaq, təsərrüfat aparmaq, yaşayış sahəsindən istifadə etmək hüquqları vardır. Bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bundan sonra ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ünvan 1 ünvanında yerləşən 18 saylı mənzilə yaşayış hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıq iddia üzrə iddiaçı ərizənin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək, qarşılıqlı iddia ərizəsində texniki olaraq səhvən özünü iddiaçı qismində qeyd etdiyini, ünvan 1 ünvanında yerləşən 18 saylı mənzil oğlunun adına olduğu üçün onun xx.xx.2008-ci il təvəllüdlü X1 qanuni nümayəndəsi sayıldığını, buna görə də qarşılıqlı iddia ərizəsində iddiaçı kimi oğlu Hacızadə Murad oğlunun qanuni nümayəndəsi kimi qəbul edilməsini göstərilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tələbi onunla əsaslandırmışdır ki, iş üzrə cavabdehlər onun keçmiş həyat yoldaşı, sonuncunun atası və anasıdır. O, cavabdehlərdən İddiaçı3 ilə xx.xx.2005-ci ildə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X7 adlı iki övladları olmuşdur. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Ailə qurduğu gündən hal-hazırkı mübahisə predmeti olan mənzildə fasiləsiz olaraq yaşamışdır və hal-hazırda da yaşayır. Məhkəmənin nəzərinə çatdırır ki, birgə nikah dövründə keçmiş həyat yoldaşı ilə ünvan 2 A ünvanında yerləşən 17 saylı mənzili, ünvan 3 ünvanında yerləşən 42 saylı mənzili, ünvan 4 A ünvanında yerləşən 11 saylı mənzili, ünvan 5 ünvanında yerləşən 38 saylı mənzili və ünvan 6 B ünvanında yerləşən 26 saylı mənzilləri almışlar. Həmin mənzilləri keçmiş həyat yoldaşı onun adından saxta etibarnamə düzəltdirərək atasının adına özgəninkiləşdirmişdir. Boşandıqları ərəfədə isə hal-hazırkı mübahisə predmeti olan mənzili ünvan 1, 18 saylı mənzili oğlunun adına bağışlanması, aralarındakı razılaşma ilə baş vermiş, hər kəsin könüllü razılığı ifadə edilmişdir. Halhazırda mənzil oğlunun mülkiyyətindədir. Məhkəmə qətnaməsi ilə oğlu onun himayəsindədir. O, oğlunun qanuni nümayəndəsidir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı3 ilkin iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, valideynləri 2011-ci ildən, yəni 9 il müddətdir ki, mübahisəli mənzildə yaşamırlar, Rusiyada yaşayan qohumlarına məxsus Saray qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayırlar. Digər iddiaçılar olan valideynlərinin bu mənzildən çıxmaları onunla bağlı olmuşdur ki, keçmiş yoldaşı ilə onun münasibətləri normal olsun, rahat yaşasınlar. Hazırda nə onun, nə də valideynləri ilə olan digər iddiaçıların yaşayış yerləri yoxdur. Qohumları Rusiyadan qayıdıb və valideynlərinin yaşadıqları evin boşaldılmasını tələb edirlərr. Qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını ilkin idlianın təmin edilməsini xahiş edir. Eləcə də bildirir ki, qarşılıqlı iddia əsassızdır. Belə ki, həmin mənzil atası tərəfindən əldə edilmişdir, uşaq yaşlarından valideynləri ilə birlikdə həmin mənzildə yaşamışlar, onların həmin mənzilə yaşayış hüquqları vardır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı3 nümayəndəsi və vəkili iddiaçının göstərdiklərini müdafiə edərək ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin qanuni nümayəndəsi qarşılıqlı iddia ərizəsində göstərilənləri müdafiə edərək eyni məzmunlu izahat verdi. Eləcə də göstərdi ki, ilkin iddia tələbini qəbul etmir, ilkin iddia əsassızdır. İlkin iddia üzrə iddiaçıların özlərinə məxsus Saray qəsəbəsində fərdi yaşayış evləri vardır. Artıq on ilə yaxındır ki, iddiaçılar həmin mənzildə yaşayırlar. İddiaçı3 valideynlərinin guya qohumlarına məxsus evdə yaşamaları barədə göstərdikləri doğru deyildir, onlar Saray qəsəbəsində özlərinə məxsus yaşayış evində yaşayırlar, lakin həmin evə dair hüquqlar qeydə alınmadığından bununla bağlı müvafiq mötəbər sübut təqdim edə bilmir. Eləcə də İddiaçı3 ilə ailə münasibətləri pozulmuşdur, onların eyni mənzildə yaşamaqları mümkün deyildir. Bu halların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili cavabdehin qanuni nümayəndəsinin göstərdiklərini müdafiə edərək göstərdi ki, mənzil bağışlanmamışdan 10 il öncədən qaynata və qaynana həmin evdə yaşamayıb, İddiaçı3 həmin evdə keçmiş yoldaşı və uşaqları ilə birlikdə yaşayıb. İlkin iddia üzrə iddiaçıların başqa yaşayış yerləri mövcuddur. Cavabdehin qanuni nümayəndəsinin ilkin iddia üzrə idiaçıları mənzilə buraxmamasının səbəbi ailə münasibətlərinin pozulmaları ilə bağlıdır. Artıq onlar birgə yşamaqları mümkün deyildir. İlkin iddia üzrə iddiaçıların başqa yaşayış yerləri var, hazırda orada yaşayırlar. Göstərilənlərin nəzərə alınaraq ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş edir . Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılan ilkin iddia üzrə digər iddiaçılar məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddialar qismən təmin edilməlidir. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 17-ci mikr, ev 14, 18 saylı mənzil tam mülkiyyət hüququ ilə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 177 nömrəli reyestr kitabının 11 nömrəli vərəqəində xx.xx.2012-ci il tarixdə qeydə alınmışdır. xx xxxxxx 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin fotoşəklindən görünür ki, İddiaçı3 ona məxsus Sumqayıt şəhəri, 17-ci mikr, ev 14, 18 saylı mənzili X1 mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Mirzəyev və Partnyorları Vəkil Bürosunun xx xxxxxx 2020-ci il tarixli sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X5 **********85 saylı, xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, ünvan 7 ünvanda yerləşən 18 saylı mənzil Sumqayıt şəhər DTİ və MHT idarəsinin xx.xx.1998-cı il tarixli, 08 saylı protokolu və Sumqayıt şəhər XDS İK-nin mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 24/24 saylı, xx.xx.1990-cı il tarixli order əsasında İddiaçı1 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı1 İdarəyə müraciəti əsasında qeydiyyat vəsiqəsi ********** nömrəli xx.xx.2012-ci il tarixli dövlət reyestrindən çıxarışla əvəz edilmişdir. Sumqayıt şəhər 3 saylı notariat kontorunun xüsusi notariusunun təsdiq etdiyi 4Ə-810 reyestr nömrəli, xx.xx.2019-cu il tarixil bağışlanma müqaviləsi əsasında mənzil İddiaçı3 adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixdə dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 3 saylı notariat kontorunun xüsusi notariusunun təsdiq etdiyi 4Ə-92 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli bağışlanma müqavilə əsasında mənzil X1 adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 17-ci mikr, ev 14, 18 saylı mənzil tam mülkiyyət hüququ ilə X1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır. Sumqayıt şəhəri İcra Hakimiyyəti MKTİB-nin 11 saylı MKS-nin xx.xx.2020-ci il tarixli 1374 saylı arayışından görünür ki, İddiaçı1, İddiaçı2 və Hacızadə X4 şəhəri, 17-ci mikr, ev 14, 18 saylı mənzildə 1990-cı ildən qeydiyyatdadırlar. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-307/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnamədən çıxarışından görünür ki, İddiaçı3 ilə Cavabdeh arasında Sumqayıt şəhər Nikah evində xx.xx.2005-ci il tarixdə bağlanmış, 408 nömrəsi ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, mübahisə predmeti olan mənzil order əsasında xx.xx.1990-cı il tarixdə İddiaçı1 istifadəsinə ayrılmış, 1998-ci ildə mənzil üzərində İddiaçı1 mülkiyyət hüququ qeydə alınmış, bundan sonra, xx.xx.2019-cu il tarixdə müqavilə əsasında İddiaçı3 bağışlanmış və sonuncunun mənzil üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış, xx.xx.2020ci il tarixdə isə İddiaçı3 mənzili oğlu azyaşlı Murad Hacızadəyə bağışlamaqla hazırda əmlak sonuncunun mülkiyyətindədir. İddiaçı3 ilə cavabdehin qanuni nümayəndəsi Cavabdeh arasında xx.xx.2005-ci il tarixdə nikah bağlanmış və məhkəmə qətnaməsinə əsasən xx xxxx 2020-ci il tarixdə nikah pozulmuşdur. İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 2011-ci ildən, İddiaçı3 ailə münasibətləri pozulduğu vaxtdan, təxminən 2019-cu ilin sonlarından həmin mənzildə yaşamırlar. İlkin iddia üzrə iddiaçılar mübahisə predmeti olan mənzilin hazırda azyaşlının mülkiyyətində olduğunu və əmlak üzərində faktiki olaraq sonuncunun qanuni nümayəndəsi Cavabdeh sərəncam verdiyini, ailə münasibətlərinə xitam verildiyindən qanuni nümayəndə tərəfindən mənzilə buraxılmadıqlarını, həmin mənzilə istifadə hüquqlarının olduğunu və bu mənzildən başqa yaşayış yerlərinin olmadığını əsas göstərərk mənzilə köçürülmələrini tələb edirlər. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Konstitusiya məhkəməsinin Plenum qərarlarında formalaşan hüquqi mövqeyə görə mənzilə köçürülmə ilə bağlı iddialar mahiyyət etibarı ilə mülkiyyət hüququnun əhəmiyyəti və yaşayış sahəsindən istifadə etmək hüququnun mövcudluğunun müəyyənləşdirilməsi ilə bağlıdır (Bax A.M.Cavidanın şikayəti üzrə xx xxxxxx 2008-ci il tarixli qərar). Müəyyən edildiyi kimi ilkin iddia üzrə iddiaçılar mübahisəli mənzildə 1990-cı ildən yaşamağa başlamışlar və mənzil həmin tarixdən onların istifadəsində olmuşdur. 2005-ci ildə ilkin iddia üzrə iddiaçı Vüsal Cavabdeh Hacızadə ilə nikah münasibətləri bağlamış və sonuncu həmin mənzilə gəlin köçmüş həmin vaxtdan bu ünvanda yaşamışdır. xx.xx.2020ci il tarixdə İddiaçı3 mülkiyyətində olan mənzili ailə üzvünə, yəni oğlu azyaşlı Murad Hacızadəyə bağışlamaqla sonuncunun mülkiyyətinə vermişdir. Göründüyü kimi ilkin iddia üzrə iddiaçıların mənzilə bağlı münasibətləri 2000-ci il tarixədək əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Belə ki, məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçıların mübahisəli yaşayış sahəsindən istifadə etmək hüququnun mövcudluğuna ilk növbədə qiymət verilməlidir. Mənzil Məcəlləsinin: 51-ci maddəsinə əsasən Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. 52-ci maddəyə əsasən Dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. 53-cü maddəyə əsasən İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 123-cü maddəyə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Məhkəmə işin müəyyən edilmiş hallarına şərh olunan hüquq nomalarına istinadən qiymət verərək hesab edir ki, ilkin iddia üzrə iddiaçıların mübahisə predmeti olan yaşayış sahəsinə istifadə hüququ yaranmışdır. Lakin bununla yanaşı məhkəmə ilkin iddianı qismən, İddiaçı3 həmin mənzilə köçürülməsi hissəsində əsaslı hesab edir. Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Göründüyü kimi xx.xx.2020-ci il tarixdə mübahisəli mənzil cavabdehin mülkiyyətinə keçməklə yaşayış evinin tərkib hissəsindən istifadənin yeni hüquqi əsası yaranmışdır. Bununla belə məhkəmə hesab edir ki, həmin hüquqi əsas yaşayış evinin tərkib hissəsindən istifadə hüququ olan iddiaçıdan yeni mülkiyyətçi ilə müqavilə bağlamağı tələb etmir. Belə ki, mülkiyyətçinin dəyişməsi həmin mənzildə istifadə hüququ olan ailə üzvünün (araşdırılan mübahisə üzrə İddiaçı3) həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur (Mülki Məcəllə 158.3m). Beləliklə, məhkəmə şərh olunan hüquq nomalarının göstərişlərinə əsasən hesab edir ki, ilkin iddia üzrə İddiaçı3 mənzil üzərində mülkiyyət hüquqlarını ailə üzvü olan – oğluna ötürməsi onun mənzil üzərinə istifadə hüquqlarının itirilməsi kimi qiymətləndirilə bilməz. Odur ki, İddiaçı3 həmin mənzilə köçürülməsi barədə iddiası qanuni və əsaslı olduğundan təmin edilməli, mənzildən yaşayış və istifadə hüquqlarının həyata keçirilməsinə maneənin törədilməsi cavabdeh X1 qanuni nümayəndəsi Cavabdeh qadağan edilməlidir. Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu və yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Məhkəmənin həmin Qərarında həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məhkəmə qeyd olunan Qərarda göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Məhkəmədə işin faktiki halları ilə təsdiq olundu ki, ilkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 9 ildir ki, təxminən 2011-ci ildən mübahisəli mənzildən könüllü olaraq başqa yaşayış sahəsinə köçərək həmin vaxtdan davamlı olaraq başqa yaşayış sahəsində yaşayırlar. Bu halı hər iki mübahisə tərəfi təsdiq etdi. Məhkəmə işin hallarına şərh olunan qanunvericiyinə tələbinə əsasən qiymət verərək bu nəticəyə gəlir ki, hüququn əldə edilməsini zəruri edən əsaslar aradan qalxdığından qarşılıqlı iddia üzrə iddiaçının cavabdehlər İddiaçı1 və İddiaçı2 istiafdə hüquqlarının itirilmiş hesab edilməsi ilə bağlı hissədə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, tərəflərin iddia tələbində göstərdikləri yaşayış hüququ anlyaşı istifadə hüqüqu kimi qəbul olunmalıdır. Belə ki, qanunvericilikdə «yaşayış hüququ» kimi sübyektiv hüquq müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu tərəflərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh X1 qanuni nümayəndəsi Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair ilkin iddiası qismən təmin edilsin. Hacızadə X4 şəhəri, 17-ci mikrorayon, ev 14, mənzil 18 ünvanına köçürülsün, mənzildən yaşayış və istifadə hüquqlarının həyata keçirilməsinə maneənin törədilməsi cavabdeh X1 qanuni nümayəndəsi Cavabdeh qadağan edilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı X1 qanuni nümayəndəsi Cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. İddiaçı1 və İddiaçı2 ünvan 1, mənzil 18 ünvanına istifadə hüquqları itirilmiş hesab edilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-5081/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5081/2020
24.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver