Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5096/2025 03.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi bildirişinin əmək və məşğulluq altsisteminə daxil edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq, Cavabdeh ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişin elektron informasiya sisteminə daxil edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 22 avqust 1974-cü il tarixdə anadan olmuşdur. Hazırda ünvan 1 ünvanmda pasport qeydiyyatında olmaqla faktiki yaşayır. Hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirir ki, hazırda elektron informasiya sistemində Cavabdehndə dülgər vəzifəsində işlədiyi qeyd edilir və guya 260 manat məbləğində əmək haqqı alır. Halbuki qeyd olunan haldan qəti olaraq xəbəri olmamış, sözügedən MMC ilə heç bir əlaqəsi olmamışdır. Bu hal ona başqa bir şirkətə işə düzəlmək istəyən zaman aydın olmuşdur. Belə ki, iş görüşməsi zamanı ona sistemdə adında aktiv əmək müqaviləsinin olduğu bildirilmişdir. Bu haldan xəbər tutan kimi dərhal qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq mediasiya təşkilatına müraciət etsə də, nəticəsi olmamışdır. Tək çıxış yolu məhkəməyə müraciət etməkdir. Təkrar olaraq qeyd edir ki, qeyd olunan MMC ilə heç bir əlaqəsi olmamış, qəti olaraq həmin şirkətdə işləməmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Belə ki, hazırda adında aktiv əmək müqaviləsinin göstərilməsi bir sıra hüquqlarının realizə edilməsində, eləcə də başqa yerdə iş tapmağına mane olur. Himayəsində azyaşlı övladları vardır. Adında əmək müqaviləsi göstərilməsi səbəbindən heç bir yerdə iş tapa bilmir.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformosiya Sisteminndən iş yerinə dair xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı Cavabdeh MMC-də xx.xx.2020-ci il tarixindən dülgər vəzifəsində işləyir.
5. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh nümayəndəsi ilkin mediasiya sessiyasının tarixi, vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, hüquqi şəxslərin dövlət reyestr məlumatlarında hüquqi ünvanı Sumqayıt şəhəri, məhəllə 29, ev 13/30, mənzil 146 olan Cavabdeh (VÖEN **********) direktoru (qanuni təmsilçisi) X1r və halhazırda fəaliyyəti aktivdir. Cavabdeh yenidən təşkil olunması barədə hüquqi şəxslərin dövlət reyestrində məlumat aşkar edilməmişdir.
Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikasının Əmək Məcəlləsi -2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. -9-cu maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək işçinin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. -42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. -49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. -12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. -68-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlarıaraşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işidüzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərinrəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir.88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tambaxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasındatədqiq olunmuş sübutlarla əsaslandırır.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Məhkəmə iddiaçının izahatını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
10. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə əsasən İddiaçı məşğulluq təsnifatı və əmək müqaviləsi üzrə dülgər vəzifəsində işləyir, aylıq əmək haqqı 260 manat təşkil edir. Həmin əmək müqaviləsi hal-hazırda qüvvədədir. Hazırda iddiaçı həmin müəssisədə işləmədiyini iddia edərək Cavabdeh ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişin elektron informasiya sisteminə daxil edilməsini məhkəmədən xahiş edir.
11. Məhkəmə hesab edir ki, işçilərin işə qəbul olunmaqla bağlı müqavilə bağlamaq sərbəstliyi, yəni əmək müqaviləsinin tərəflərin iradə sərbəstliyi əsasında bağlanması işçilərin Əmək qanunvericiliyi ilə qorunan əsas hüquqlarından olduğu kimi, onların bağladıqları əmək müqaviləsinə xitam verilməsini tələb etmələri də həmin qanunvericiliklə tənzimlənən əsas hüquqlarından biridir.
12. Məhz bu səbəbdəndir ki, əmək qanunvericiliyi əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəsin əmək müqaviləsi bağlamağa məcbur edilə bilməməsini, məcburi əməyə cəlb edən təqsirkar şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsini nəzərdə tutmaqla məcburi əməyi qadağan etmişdir.
13. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında əmək müqaviləsi bağlanmış, lakin iddiaçı tələb irəli sürərək belə bir münasibətin, yəni onlar arasında əmək münasibətlərinin mövcud olmadığını iddia etmişdir.
14. Göründüyü kimi, iddiaçının qüvvədə olan əmək müqaviləsinin olması və həmin müqaviləyə xitam verilməməsi onun sosial hüquqlarının həyata keçirilməsinə, eyni zamanda tam iş vaxtı işləməsi, digər şəxslərlə əmək müqaviləsi bağlaması ilə bağlı hüquqlarını həyata keçirməsinə maneələr yaradır.
15. Məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməklə, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməlidir.
Nəticə:
16. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin. “Əmək və Məşğulluq” altsistemində əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar bildirişin daxil edilməsi hüququ X2 Xidmətinə həvalə edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva