Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5131/2022 03.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçı1, vəkili və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əliabbas oğlunun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı “özbaşına tikilinin sökülməsi və mənəvi ziyanın ödənilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1- Əliabbas oğlunun sahibliyində olan Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən "Çinar" ərzaq mağazasında aparılmış əlavə tikintilərin özbaşına tikinti hesab edilərək sökülməsi, onlara dəymiş mənəvi ziyana görə 20.000 manat pulun cavabdehdən alınaraq onların xeyrlərinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardadla Cavabdeh2 cavabdeh qismində işə cəlb olunmuşdur. İddiaçılar İddiaçı1 vəkili və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən “Çinar” ərzaq mağazasında aparılmış əlavə tikililərin özbaşına tikinti hesab edilərək sökülməsi, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 04 sentyabr 2020-ci il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, dəymiş mənəvi ziyana görə 20 000 manat pulun cavabdehlərdən alınaraq iddiaçıların xeyrilərinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı1 iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh1 ona məxsus mənzilin qarşısında yerləşən cavabdehə məxsus 'Çinar" adlanan ərzaq mağazasının tikinti normalarına zidd olaraq və müvafiq icra hakimiyyəti orqanından razılıq almadan sahəsini və mərtəbəsini artırdığından mənzilə hava daxil olmadığına və gün düşmədiyinə, anti-sanitariya vəziyyəti yarandığından tərəfindən və qonşular ona narazılıqlarını bildirmişlər. Buna görə də cavabdeh ona məxsus mənzili alqı-satqı yolu ilə almağa razılaşmışdır. Mənzilin qiymətinə dair ona qabaqcadan bildirmişdir ki, həmin daşınmaz əmlak ona 150000 (yüz əlli min) manat qiymətinə başa gəldiyindən ödəniləcək məbləğ bundan artıq olmalıdır. Bundan sonra Cavabdeh1 ona 20000 (iyirmi min) manat məbləğində pul ödəyərək evin sənədlərini tezliklə başa çatdırmağı xahiş etmiş, sənədləşdirmə başa çatdıqdan sonra mənzili alqı-satqı yolu ilə alacağını və mənzilin dəyərinin qalan hissəsini ödəyəcəyini bildirmişdir. Bundan sonra cavabdeh aralarındakı razılaşmadan sui-istifadə edərək mənzilinin altında yerləşən zirzəmini qanunsuz zəbt edərək müvafiq icazə olmadan təmir-tikinti işləri aparmışdır. Qeyd olunan işləri yekunlaşdırdıqdan sonra, müxtəlif bəhanələrlə mənzili almaqdan imtina etmişdir. O, cavabdehi aldatmaqda günahlandıraraq, barəsində həqiqətə uyğun olmayan uydurma məlumatlar, ərizə və izahat, ifadə verərək əsassız olaraq şübhəli şəxs kimi saxlanılmağıma və qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməyinə nail olmuş, bununla da ona mənəvi ziyan vurmuşdur. Qeyd olunan hallar ilkin iddia üzrə onun iddia ərizəsinə əlavə olunmuş Sumqayıt şəhər Pİ-nin İŞ-nin müstəntiqi X5 tərəfindən qəbul edilmiş və ləğv edilməmiş cinayət işinin icrasına xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli eərarla təsdiq olunur. "Çinar" ərzaq mağazasında təmir-tikinti adı ilə ikinci mərtəbə inşa edilmiş, sahəsi artırılmışdır. Nəinki obyektin konstruksiyasına, mühəndiskomminikasiya dəyişiklik edilibdir, hətta 2-ci mərtəbə inşa edilibdir. 2-ci mərtəbənin tikilməsi əvvəlki layihədə nəzərdə tutulmamışdır. Yeni layihə isə təqdim edilməmişdir. Həmin təmir-tikinti işləri mağaza inşa edildikdən uzun müddət sonra aparılmışdır, halbuki 3 ildən artıq müddət keçdikdən sonra tikintiyə icazənin müddəti bitir. Buna görə də mənzilinin yaxınlığında yerləşən cavabdehin sahibliyində olan "Çinar" ərzaq mağazasında ikinci mərtəbənin tikintisi və sahəsinin artırılması şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozduğundan həmin tikintilər öz başma tikinti hesab edilərək sökülməlidir. Cavabdeh "Çinar" adlanan ərzaq mağazasında apardığı özbaşına tikintilərlə bağlı Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 6-da yerləşən 16 saylı mənzildən yaşayış sahəsi kimi istifadə olunmasını mümkünsüz etmişdir. Buna görə də həmin mənzili tərəfindən təklif olunmuş qiymətə almağa razılaşmışdı. Bundan sonra mənzilinin altında yerləşən zirzəmidə təmir-tikinti işləri aparmışdır. İşlərini heç bir maneçilik olmadan tamamladıqdan sonra vəd verdiyi kimi mənzili almaqdan imtina edir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən “Çinar” ərzaq mağazasında aparılmış əlavə tikililərin özbaşına tikinti hesab edilərək sökülməsi, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 04 sentyabr 2020-ci il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, dəymiş mənəvi ziyana görə 20 000 manat pulun cavabdehlərdən alınaraq iddiaçıların xeyrilərinə tutulması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 İddiaçı1 izahatına uyğun izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əliabbas oğlunun nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırdı ki, iddiaçılar iddia ərizəsində özləri də bu tələblərinin heç də sözügedən tikilinin onlara maneçilik yaratmaları ilə deyil, Cavabdeh1 onların yaşadıqları mənzili almamağı ilə əlaqəli olduğunu etiraf etmişlər. Yəni iddiaçılar bu yolla cavabdehin öz pozulmuş hüququnun və maraqlarının müdafiəsi üçün məhkəməyə etdiyi müraciətdən imtina etməyinə və tələblərindən geri çəkilməyinə nail olmağa çalışırlar. Cavabdeh 20 ildən artıqdır ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq Sumqayıt şəhərinin 12-ci mikrorayonu ərazisində, Koroğlu prospekti, 656 ünvanında yerləşən mülkiyyətində olmuş “Çinar” mağazası adlandırılan qeyri-yaşayış obyektindən istifadə edir. Həmin qeyri-yaşayış obyektinin 289,32 kvadrat metr hissəsi notariat qaydasında bağlanılmış 30 mart 2015-ci il tarixli, 66,2 kvadrat metr hissəsi isə 28 avqust 2020-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi” əsasında onun tərəfindən cavabdehin oğlu Cavabdeh2 bağışlanılmışdır. Həmin bağışlama müqavilələri əsasında adı çəkilən tikililər üzərində Cavabdeh2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilmiş və oğlunun adına bu barədə müvafiq olaraq qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 09 aprel 2015-ci il olan və qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 04 sentyabr 2020-ci olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışlar verilmişdir. 2020-ci ildə Cavabdeh1 istifadə etdiyi qeyri-yaşayış obyektinin sahəsini genişlətmək məqsədi ilə qonşuluqda yerləşən X4 məxsus tikilini həmin şəxsdən satın alaraq müvafiq təmir-tikinti işlərinə başlamışdır. Bu zaman qonşuluqda cavabehə məxsus qeyri-yaşayış obyektinin arxasındakı binanın birinci mərtəbəsində yerləşən mənzildə yaşayan cavabdeh İddiaçı2 ona yaxınlaşaraq apardığı tikinti işlərinin onun və ailəsinin rahatlığını pozduğunu bildirmiş, bunun ardınca müxtəlif dövlət qurumlarına Cavabdeh1 şikayət ərizələri ünvanlamağa başlamışdır. Aralarında yaranmış narazılıqları aradan qaldırmaq məqsədi ilə cavabdeh növbəti dəfə onunla görüşdükdə, İddiaçı2 Hacıdan müxtəlif qurumlara ünvanladığı şikayətlərə son qoymaq üçün onun yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilini 100000 (yüz min) manata almağı ona təklif etmişdir. Cavabdeh barəsində əsassız şəkildə edilən şikayətlərə son qoyulması üçün İddiaçı2 təklifini qəbul etmək məcburiyyətində qalmışdır. Aralarında əldə edilmiş razılaşmaya əsasən Hacı iddiaçı Vüqara məxsus mənzili ilkin olaraq 10000 (on min) manat beh verməklə müqabilində almağı öhdəsinə götürmüşdür. Bunun üçün İddiaçı2 mənzilin sənədlərini 2-3 ay müddətinə qaydaya salacağını üzərinə götürmüş, mənzilin sənədləri hazır olduqdan sonra da aralarında alqı-satqı əməliyyatı həyata keçiriləcəkdi. Lakin ilkin razılaşmalarının ziddinə olaraq İddiaçı2 behin miqdarını artıraraq cavabdehdən 20000 (iyirmi min) manat verməyini tələb etmişdir. Cavabdehin danışıqları bir nəticə vermədiyindən o, əlacsız qalaraq iddiaçının tələbini qəbul etməli olmuş və 2020-ci ilin iyul ayında “Çinar” mağazasında İddiaçı2 ilə görüşərək cavabdeh qardaşı Sərvərin və mağazanın işçisi Məkan adlı şəxsin iştirakı ilə 20000 (iyirmi min) manat məbləğində behi İddiaçı2 vermişdir. Belə razılığa gəlmişlər ki, sonuncu 2-3 ay ərzində mənzilin sənədlərini qaydaya saldıqdan sonra o, qalan 80000 (səksən min) manat pulu ona ödəyərək alqısatqını başa çatdıracaqlar. Ancaq behi verdikdən aylar keçməsinə baxmayaraq İddiaçı2 mənzilin alqı-satqısını həyata keçirməkdə maraqlı olmadığını görmüşdür. Hər dəfə mənzilin sənədlərinin hazır olub-olmadığı ilə maraqlandıqda o, müxtəlif bəhanələr gətirərək işi uzadırdı. Nəhayət, o, İddiaçı2 hərəkətlərindən şübhələnərək iddiaçıdan ya mənzili razılaşdıqları qiymətə ona satmağı, ya da ödədiyi behin geri qaytarılmasını tələb etdikdə, iddiaçı mənzili artıq 170000 (yüz yetmiş min) manata satmağı qərara aldığını bildirərək cavabehin ona əlavə 150000 (yüz əlli min) manat ödəməli olduğunu bildirmişdir. Nəticədə İddiaçı2 ilə aralarında ona məxsus mənzilin alqı-satqısı ilə bağlı daha öncə əldə edilmiş razılaşma İddiaçı2 təqsiri ucbatından pozulmuş, aralarında olan qonşuluq münasibəti tamamilə korlanmış, İddiaçı2 qanunsuz olaraq ona məxsus qeyri-yaşayış obyektinə müdaxilə etdiyi üçün o, da aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət etməli olmuş, daha sonra isə mülki iddia qaydasında məhkəməyə iddia ərizəsi təqdim edərək İddiaçı2 tərəfindən cavabdehə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini tələb etmişdir ki, məhkəmə qətnaməsi ilə cavabdehin iddia tələbləri qismən təmin olunmuşdur. Məhz cavabdehin məhkəməyə sözügedən müraciəti ilə bağlı iddiaçılar belə tələblə çıxış etmək qərarına gəlmiş, əvvəlcə İddiaçı2 bu tələbi həmin məhkəmə işində qarşılıqlı iddia ərizəsi qismində məhkəməyə təqdim etsə də, məhkəmənin qərardadı ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilməmiş, bundan sonra ayrıca iddia tələbi şəklində məhkəməyə təqdim etmişdir. Göründüyü kimi, iddia ərizəsində bildirilənlərin əksinə olaraq cavabdeh iddiaçılar tərəfindən faktiki olaraq dolandırılıb aldadılaraq maddi zərərə uğradılmışdır. Aralarında sözügedən mənzilin alqı-satqısına dair bağlanılmalı olan müqavilə İddiaçı2 maddi tələblərini artırması səbəbindən onun təqsiri ucbatından pozulmuşdur. Belə ki, iddiaçı cavabdehdən aldığı 20 000 manat behi ələ keçirdikdən sonra müxtəlif bəhanələrlə mənzilin alqı-satqısını sənədləşdirməkdən yayınmış, sonradan da tamamilə imtina etmişdir. İşin bu halı polis orqanında cavabdehin cinayət təqibi ilə bağlı aparılmış araşdırma zamanı İddiaçı2 verdiyi izahatla təsdiq olunmuşdur. Həmin izahatında İddiaçı2 cavabdehdən 20000 manat pulu beh kimi aldığını, sonradan da mənzilin alqısatqı məbləğini artırdığını etiraf etmişdir. Ona görə də hesab edir ki, iddiaçıların guya cavabdehin onların yaşadıqları mənzili almağına dair söz verib sonradan onları aldatdığına dair bildirdikləri məhkəməni aldatmağa yönəlmiş yalandan başqa bir şey deyildir. Məhkəmənin nəzərinə onu da çatdırmaq istəyir ki, iddiaçıların qanunsuz tikinti kimi təqdim etdikləri tikilinin eskiz layihəsi (memarlıq-planlaşdrıma blməsi) hələ 2018-ci ildə hazırlatdırılaraq Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən təsdiq olunmuşdur. Həmin tikilinin yerləşdiyi dövlət mülkiyyətində olan sahəsi 670,7 kvadrat metr olan torpaq sahəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh2 icarəsinə verilmiş və bununla bağlı tərəflər arasında sonuncu dəfə 22 fevral 2022-ci il tarixli 1396 saylı “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxlər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanılmışdır. Qeyd etdiyi kimi, sözügedən tikilinin ümumilikdə 355,52 kvadrat metr hissəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsusdur. Bütün bu hallar iddiaçıların mübahisələndirilən tikilinin qanunsuz və özbaşına olması barədə bildirdiklərinin həqiqəti əks etdirmədiyini sübuta yetirir. Həmçinin, məhkəmənin nəzərinə onu da çatdırmaq istəyir ki, iddiaçıların, ümumiyyətlə Cavabdeh2 məxsus tikilinin sökülməsini tələb etmələri üçün subyektiv hüquqları mövcud deyildir. Belə ki, qüvvədə olan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1-ci maddəsində müəyyən edilmişdir ki, tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.1.2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda; 95.1.3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 2 il ərzində aradan qaldırılmadıqda;95.1.3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə.Həmin Məcəllənin 95.2-ci maddəsinə əsasən bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir... 95.3.Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. 95.3- 1. Bu Məcəllənin 95.1.3-1-ci maddəsində nəzərdə tutulmuş halda tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən qəbul edilir.“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli,695 nömrəli Frəmanının 4.10-cu bəndində qeyd edilmişdir ki,həmin Məcəllənin ... 95.2-ci maddəsinin birinci cümləsində, 95.3-cü, 95.5-ci (birinci halda) maddələrində ... nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Sadalananlardan aydın olunur ki, tikilinin sökülməsinə səbəb olacaq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulan əsasların heç biri mübahisələndirilən qeyri-yaşayış obyektinə şamil edilə bilməz. Bununla yanaşı, sadalanan maddi hüquq normalarından da aydın olur ki, iddiaçıların tikilinin sökülməsini tələb etmək ixtiyarları və belə tələblər irəli sürmələri üçün subyektiv hüquqları da yoxdur. iddiaçıların guya onlara vurulmuş mənəvi ziyana görə 20 000 manat pulun məndən tutularaq onlara ödənilməsi barədə tələbini də tamamilə əsassız hesab edirəm.Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında Plenum izah etmişdir ki,“...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Hesab edir ki, iddiaçıların guya cavabdehin hərəkətləri nəticəsində mənəvi zərərə uğramaları barədə bildirdiklərinin əsasları Ali Məhkəmənin Plenumunun adı çəkilən Qərarının tələblərinə uyğun deyildir. Belə ki, iddiaçılar cavabdehin hərəkətlərinin onlara hansı qaydada mənəvi sarsıntı verdiyini, bu sarsıntının nədə ifadə edilməsini hər hansı şəkildə göstərə və sübuta yetirilə bilinməmişlər. İddiaçılar iddia etdikləri sarsıntıların sağlamlıqlarına hər hansı şəkildə zərər vurduğunu sübuta yetirən tibbi arayış təqdim edə bilməmiş, onlara vurulmuş mənəvi zərərin nədən ibarət olduğunu məhkəməyə bildirə bilməmişlər. Sadaladığı hallar hesab edir ki, cavabdehin haqlı olduğunu və iddia tələblərinin tamamilə əsassız olduğunu aşkar şəkildə göstərməkdədir. Bu səbəbdən iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlərə qarşı “tikilinin sökülməsi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini tamamilə əsassız və qeyri-obyektiv hesab edərək həmin tələblərin rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh1 məhkəmədə iştirak edən zaman eyni məzmunlu izahat verərək iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı1, vəkili və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 və cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əliabbas oğlunun nümayəndəsi və vəkili Vəkil2 izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, №1110912 saylı “Çıxarış”ın surətindən görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 adına xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının İddiaçı1 ünvanladıqları xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Hacı adlı şəxslə aralarında yaranmış mülki mübahisənin hüquqi müstəvidə həlli üçün aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyə olunur. Əlavə olaraq, mövcud tikililərin sökülməsi şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmadığından Hacı adlı şəxs tərəfindən aparılmış mövcud tikinti obyektlərinin sökülməsi ilə bağlı aidiyyatı üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə və məhkəməyə müraciət etmək tövsiyə olunur. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının İddiaçı1 ünvanladıqları xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, “Çinar” marketlər şəbəkəsinin rəhbəri ilə aralarında yaşadıqları binanın qarşısındakı obyektin genişləndiriməsi qarşılığında mənzilinin alınması məsələsində hər hansı razılaşdırma əldə edilmədiyi təqdirdə və yaranmış mübahisənin həlli mümkün olmadığı halda məsələyə hüquqi müstəvidə baxılması üçün aidiyyatı instansiyaya müraciət edə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin İddiaçı1 ünvanladığı məktubdan görünür ki, ünvan 4 86.2 kv.m qeyriyaşayış sahəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir. “Çinar” ticarət obyektinin daxilində 2020-ci ilin mart ayında təmir işləri aparılmışdır. Hal-hazırda zirzəmidə və ticarət obyektində heç bir təmir-tikinti işləri aparılmır. Cavabdeh1lə aralarında olan mülkiyyətlə bağlı mübahisəli məsələlərin həlli üçün hüquq-mühafizə və ya məhkəmə orqanlarına müraciət etmək məqsədəuyğundur. İş materiallarında olan “cinayət işinin icraatına xitam verilməsi” barədə xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı2 Cavabdeh1 qarşı xeyli miqdarda dələduzluq etməsi və özbaşınalıq etməsi kifayət qədər mötəbər sübutlarla təsdiq edilmədiyindən və əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CM-nin 178.2.4 və 322.1ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatına xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3553/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, 20000 (iyirmi min) manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 240 (iki yüz qırx) manat dövlətinin rüsumunun 100 (yüz) manatı cavabdeh İddiaçı2 tutularaq iddiaçı Cavabdeh1 verilməsi qət edilmişdir. İş materiallarında olan Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2022-ci il tarixli 1296 saylı “Müqavilə”nin surətindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyya Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, 37 nömrəli sərəncamına əsasən Sumqayıt şəhəri, 12-ci mikrorayon, Koroğlu prospekti, 656 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 670.7 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında Cavabdeh2 müvəqqəti istifadəsinə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, №0604632 saylı “Çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, Koroğlu prospekti, 656 ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına xx.xx.2016-cı il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli “Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinin surətindən görünür ki, "xxxx" istehsalat X1 Cavabdeh1 Sumqayıt şəhəri, 12ci mikrorayon icarəsində olan 0.0331 ha torpaq sahəsi ünvanında yerləşən ümumi sahəsi 289.32 kv.m olan digər daşınmaz əmlakın (qeyri-yaşayış binası) ona məxsus hissədən oğlu-Cavabdeh2 bağışlamışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Daşınmaz Əmlakın Bağışlanması müqaviləsi”nin surətindən görünür ki, hədiyyə verən- Cavabdeh1 istifadəsində olan 0.0007190 ha torpaq sahəsində yerləşən tam mülkiyyət üzrə ona məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən ümumi sahəsi 66.2 kv.m olan qeyri-yaşayış binasını oğlu olan hədiyyə alan Cavabdeh2 mülkiyyətinə verir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139.1ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının məcburiliyinin qanunvericilikdə təsbit edilməsi daşınmaz əmlakın konkret şəxsə məxsus olmasının müəyyən edilməsində dövlətin publik hüquqi marağının mövcudluğundan irəli gəlir. Bu maraq şəxslərin hüquqlarının səmərəli müdafiəsi və mülki dövriyyənin sabitliyinin təmin edilməsində ifadə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Lakin nəzərə alınmalıdır ki, bu akt özlüyündə əmlak hüququnun yaranması, dəyişdirilməsi və ona xitam verilməsinin əsasını təşkil etmir. Belə ki, Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin ümumi əsaslarını müəyyən edən 14-cü maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları Məcəllənin 14.2-ci maddəsində sadalanmışdır. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən, əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar isə Məcəllənin 139-1-ci maddəsində əks olunmuşdur. Mülki Məcəllənin 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Eyni zamanda, Mülki Məcəllənin Mülkiyyət hüququnun əldə edilməsi və itirilməsi adlanan 9- cu fəslinin 1-ci paraqrafı ilə daşınmaz əşyalara mülkiyyət hüququnun əldə edilməsi qaydaları tənzimlənmişdir. Həmin paraqrafda yer alan 180-cı maddəyə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə, qanunverici özbaşına tikililərə dair hüquqi tənzimləmə qaydalarını təsbit edərək onun üzərində mülkiyyət hüququnun yaranması şərtlərini müəyyən etmişdir. Bunlara tikinti aparılan torpaq sahəsinin tikən şəxsin mülkiyyətində olması, tikilinin saxlanılmasının digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmaması və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaratmamasıdır. Bu şərtlərdən birinin mövcud olmaması məhkəmələr tərəfindən özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmasını istisna edir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 180.3-cü maddəsində qeyd edilən “torpaq sahəsinin tikintini aparan şəxsin mülkiyyətində olması” ifadəsi nəinki daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrini, həm də qanuni əsaslarla şəxslərin sahibliyində olan sahələri ehtiva edir. Belə yanaşma Mülki Məcəllənin 157.8-ci maddəsinin mənasından irəli gəlir. Belə ki, göstərilən maddəyə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə, Mülki Məcəllənin 157.8-ci maddəsinin mətnindən göründüyü kimi, bu normanın tətbiq edilməsi üçün şəxsin əmlaka bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş əsaslarla sahiblik etməsi, 158.4-cü maddəsinin mətninə görə isə mülkiyyətçi olmayan şəxsin müdafiə olunması üçün onun əmlak hüquqlarının olması tələb olunur. Məhkəmə hesab edir ki, cavabdehin istifadəsinə verilmiş torpaq sahəsi müvafiq qurumlarla razılaşdırılmış və həmin ərazidən cavabdehə qeyri-yaşayış sahəsinin tikintisi üçün 289.3 və 66.2 kv.m torpaq sahələri ayrılmışdır. İşdən göründüyü kimi cavabdeh ona məxsus tikilinin yerləşdiyi torpaq sahəsini özbaşına zəbt etməmiş və orada özbaşına tikinti işləri aparılmamışdır. Eyni zamanda həmin qeyri-yaşayış sahələrini dövlət qeydiyyatından keçirməklə adına özəlləşdirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Şərh nəzərə alaraq, məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən “Çinar” ərzaq mağazasında aparılmış əlavə tikililərin özbaşına tikinti hesab edilərək sökülməsi, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 04 sentyabr 2020-ci il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, dəymiş mənəvi ziyana görə 20 000 manat pulun cavabdehlərdən alınaraq iddiaçıların xeyrilərinə tutulması barədə” iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbayçan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İddiaçı2 tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-5131/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5131/2022
03.10.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver