Məhkəmə qərarları › İş №2(060)-515/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-515/2022

11.03.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-515/2022 11.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «fərdi evdən məcburi çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «fərdi evdən məcburi çıxarılma» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən 79 saylı fərdi evdən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddiasını onunla əsaslandırdı ki, ünvan 1 ünvanında yerləşən 79 saylı fərdi ona məxsusdur. Həmin fərdi evi "xxxx" İKB ASC-dən kredit götürərək tikmişdir. O Cavabdeh ilə 2011-ci ildən qeyri-rəsmi yaşayır. Qeyri-rəsmi nikahlarından 22 iyul 2016-cı il təvəllüdlü X1 anadan olmuşdur. Cavabdeh hal-hazırda X5 ilə rəsmi nikaha girmiş və onunla Sumqayıt şəhəri, 8-ci mikrorayon ünvanında kirayədə yaşayır. Fərdi evi öz vəsaiti hesabına tiksə də, cavabdeh ona məxsus həmin evi zəbt edərək oradan çıxmır. Həmin evin ona məxsus olmasını Sumqayıt şəhər Bələdiyyəsinin 76-cı məhəllə üzrə 5 saylı Məhəllə Komitəsinin 20.10.2021-ci il tarixli, 232 saylı arayışı təsdiq edir. Hesab edir ki, cavabdeh öz vəsaiti hesabına tikdiyi fərdi evdən çıxarılmalıdır. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək göstərdi ki, Sumqayıt şəhəri, Sülh küç, 76-cı məhəllədə yerləşən 79 saylı fərdi ev ona məxsusdur. Mübahisəli evi atasının maddi dəstəyi ilə özü tikdirmişdir. Bu faktı evin tikintisində iştirak etmiş ustalar təsdiq edə bilərlər. Ev sənədsiz olduğundan, özbaşına tikili hesab edilir. Hal-hazırda da övladları-15.05.2005-ci təvəllüdlü X4 və 22.07.2016-cı il təvəllüdlü X1 ilə öz evində yaşayır, ona və qızlarına məxsus bütün əmlakları həmin evdə yerləşir. İş üzrə İddiaçı ilə 2011-ci ildə faktiki nikahla evlənib ailə qurmuşdur. Ailə başçısı kimi işıq, qaz, su sayğacları iddiaçının adına qeydə alınmışdır. İddiaçı Nazimə İsmayılova adlı qadınla rəsmi nikahdadır və onların rəsmi nikahdan övladları, nəvələri vardır. İddiaçının «Okean»şadlıq evi, Sumqayıt Dəmir Yol Vağzalının yaxınlığında şəxsi evi vardır. İddiaçının iddia ərizəsində güya kredit almaqla mübahisəli evi tikdirdiyini bildirməsi yalandır. Belə ki, həqiqətən onlar birgə yaşadıqları dövrdə, o, bankdan 3000 ABŞ dolları kredit götürmüşdür. O vaxt dolların kursu manata nisbətdə aşağı idi. Həmin məbləğlə evi tikdirmək qeyri-mümkündür. O, bankdan ev tikdirmək üçün deyil, 23 baş xırda buynuzlu heyvan almaq üçün kredit almışdır. Valideynləri, bacısının oğlu vəfat etmiş, onların yasında, qəbirüstü daşın qaldırılmasında, eləcə də qəza nəticəsində zərər çəkmiş avtomaşınının təmirində heyvanların pulundan istifadə etmişdir. İddiaçı mütəmadi spirtli içkilər qəbul etdiyi və özünü ləyaqətsiz apardığı üçün ayrılmışlar. 1-ci nikahdan olan qızına qarşı kobud davrandığı üçün məhkəmənin Qərarı ilə inzibati qaydada cərimə olunmuşdur. Onunla dava-dalaş edərək evi satmağı və ona evdən pay verməyi ondan tələb edir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, Sevinc onun qonşusudur. Mübahisəli evi Sevincin atası və qardaşları tikib, İlqarı isə arada-bir görmüşdür. Onları bir ailə kimi görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, o pəncərə ustasıdır, mübahisəli evdə usta kimi işləmişdir. Sevinci oradan tanıyır. Evə qoyulan pəncərələrin pulunu ona Sevinc vermişdir. İlqarı isə heç görməmişdir, tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bayramov Azay Yaqub oğlu ifadəsində bildirdi ki, o, Sevincin qohumudur, həm də qonşudurlar. Mübahisəli evi Sevincin valideynləri tikdirib. Məhkəmə, proses iştirakçılarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, işin məhkəmədə araşdırılan hallarına əsasən, müəyyən edilir ki, Cavabdeh qızı Sumqayıt şəhəri, Sülh küç, 76-cı məhəllədə yerləşən 79 saylı fərdi evdə yaşayır. Bundan başqa iş materialları araşdırılarkən müəyyən edildi ki, mübahisə predmeti olan Sumqayıt şəhəri, Sülh küç, 76-cı məhəllədə yerləşən 79 saylı fərdi ev özbaşına tikintidir. Azərbaycan Republikası Mülki Məcəlləsinin 180.1. madddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmçinin, işin məhkəmə iclasında araşdırılan hallarına əsasən müəyyən olunmuşdur ki, tərəflər bir ailə kimi birlikdə yaşamış, mübahisəli fərdi yaşayış evində birgə təsərrüfat aparmışlar. Sonra isə onların münasibətləri pozulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ və İİİ bəndlərinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İ bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.2. maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 68.1. maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.2. maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. 68.4. maddəsinə əsasən, vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. 69.1. maddəsinə əsasən, kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «fərdi evdən məcburi çıxarılma» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar