Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-517/2025 03.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1, Cavabdeh Abdullayeva (Sahibova) Gülşən Şahin qızının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Abdullayeva (Sahibova) Gülşən Şahin qızına qarşı yaşayış hüququna xitam vermə və mənzildən çıxarılma tələbinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: 1.İddiaçı cavabdeh Abdullayeva (Sahibova) Gülşən Şahin qızına qarşı yaşayış hüququna xitam vermə və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 10/8-də yerləşən 41 saylı mənzilə yaşayış hüququna xitam verilməsi və onun uşaqları xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü Sahibova Leyla Rəhman qızı ilə birlikdə həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 8/10, mənzil 41-də yerləşməklə mənzilin keçmiş sahibi olmuş atası X2 ilə onun arasında xx.xx.2022-ci ildə Sumqayıt şəhər 1 saylı Asan Xidmət Mərkəzində bağlanmış bağışlama müqaviləsinə əsasən mülkiyyət hüququ əsasında onun adına qeydə alımışdır. Cavabdeh onun keçmiş həyat yoldaşıdır, belə ki, onlar 2014-cü ildə ailə həyatı qurmuş və birgə nikahdan onların xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2019cu il təvəllüdlü Sahibova Leyla Rəhman qızı adında 2 övladları anadan olmuşdur. Aralarında münasibətlər pozulmuş və Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-926/2024 saylı qətnaməsinə əsasən nikahları ləğv edilmiş, birgə nikahdan olan uşaqlar iddiaçının himayəsinə verilmiş və ondan uşaqların saxlanılmaları üçün aliment tutulmuşdur. Cavabdehin bu mənzilə istifadə hüququ olmamış və o bu mənzilə gəlin gələn ərəfədə mənzil onun atasının mülkiyyətində olmuşdur,yalnız 2022-ci ildə atası mənzili ona hədiyyə etmişdir,yəni mənzil onun adına olsa da onun bu mənzili pay hüququ da yoxdur. Hətta əgər cavabdeh mənzil adına rəsmiləşdirilən zaman onun ailə üzvü olsa da, belə onlar artıq boşanmış və onun mənzilə olan hüququna da ailə münasibətlərinə xitam verildiyi vaxtdan xitam verilmiş hesab olunur. AR Mənzil Məcəlləsinin 30.4-cii maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Lakin cavabdehin bu mənzildə yaşamaqda davam etməsi onun mülkiyyət hüquqlarını kobud surətdə pozur,mənzili könüllü olaraq tərk etmək istəmir. Cavabdehin mənzildə yaşaması onun AR Konstitusiyasının 13,29-cu maddələrində nəzərdə tutulan mülkiyyət hüquqlarını pozulur. AR Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən hər bir mülkiyyətçinin öz əmlakından istifadə etmək, onun üzərində sahiblik və sərəncam hüququ vardır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 3.Cavabdeh Abdullayeva (Sahibova) Gülşən Şahin qızı məhkəməyə iddia tələbinə dair etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdeh Abdullayeva (Sahibova) Gülşən Şahin qızına qarşı “yaşayış hüququna xitam vermə və mənzildən çıxarma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Abdullayeva (Sahibova) Gülşən Şahin qızının Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 10/8-də yerləşən 41 saylı mənzilə yaşayış hüququna xitam verilməsi və onun uşaqları xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü Sahibova Leyla Rəhman qızı ilə birlikdə həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, iddiaçı ilə 2014-cü ildə ailə həyatı qurmuş və birgə nikahlarından 2 övladları var: xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü Sahbova Leyla Rəhman qızı. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-926/2024 saylı qətnaməsinə əsasən nikahları pozulmuş, birgə nikahlarından olan övladları Abdullayeva(Sahibova) Gülşən Şahin qızının himayəsinə verilmiş və İddiaçı uşaqların saxlanması üçün aliment tutulması qət edilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, AR Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.Lakin İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi , AR Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin həmin yuxarıda qeyd edilən cümlələrdən sonra redaksiyası aşağıdakı məzmundadır: “Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin kcçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istiladə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.Onun hal hazırda himayəsində iki azyaşlı uşağı var: xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü Sahibova Leyla Rəhman qızı. Hal-hazırda iki yetkinlik yaşına çatmayan uşağı olduğu üçün heç bir yerdə işləyə bilmir. Başqa heç bir yerdə yaşayış sahəsinə malik deyil. O, özü və iddiaçıdan birgə nikahdan olan uşaqları ilə xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü Sahibova Leyla Rəhman qızı ilə harada yaşasınlar? Belə ki, X3 Rəhman qızı qüsurlu uşaqdır, ona tibbi xidmətinə görə müəyyən maliyyə məsrəfləri tələb edir. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini və xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü Sahibova Leyla Rəhman qızı ilə birlikdə Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 8/10, 41 saylı mənzilə 10 il müddətinə yaşayış sahəsinə istifadə hüququnun saxlanılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, ünvan 1 ünvanında yerləşən mənzil tərəfin atasının mülkiyyətində olub. Sail 2022-ci ildə mənzili oğluna bağışlayıb. Tərəfi Gülşənlə 2014-cü ildə evlənib. Tərəflərin birgə nikahlarından 2 uşaqları olmuşdur və məhkəmə qətnaməsi ilə uşaqlar analarına verilmişdir. Boşanmaya dair qətnamə qanuni qüvvəsini almışdır. Mənzil birgə nikah dövründə əldə edilməmişdir. Qarşı tərəfin iddia ərizəsinə etirazı da əsassızdır. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən cavabdeh Abdullayeva (Sahibova) Gülşən Şahin qızının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək bildirdi ki, cavabdehin 2 uşağı olsa da, iddiaçı ona qarşı mənzildən çıxarılma iddiası vermişdir. Halbuki, uşaqlardan biri xəstədir. Tərəflər arasında boşanma olmuşdur. Ali Məhkəmənin Plenum qərarına əsasən boşanma olduqdan sonra mənzildən istifadə hüququna xitam verilə bilər, lakin, cavabdehin yaşayış yerinin olmaması və digər yaşayış yerinə keçə bilmək imkanının olmaması nəzərə alınmalıdır. Cavabdehin valideynləri məcburi köçkünlərdir. İddiaçı həm uşaqlarına baxmalı, həm də işləməlidir. Onun bunları təkbaşına etməsi qeyri-mümkündür. İddiaçının belə bir iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi onu təsdiq dir ki, həqiqətən də cavabdehin mübahisəli mənzilə istifadə hüququ var. İddiaçının hazırda yaşamaq üçün başqa yeri yoxdur. Göstərilənlərə əsasən nümayəndə iddia tələbinin rədd edilməsini və cavabdehə mübahisəli mənzilə yaşamaq üçün bir müddət möhlət verilməsini xahiş etdi.
6. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş cavabdeh Abdullayeva (Sahibova) Gülşən Şahin qızı iddia tələbinə dair izahat verərək bildirmişdir ki iddia tələbini qəbul etmir. İddiaçı ona xəyanət edib, evin pulunu digər qadına xərcləmişdir. Həm atası, həm də anası Fizulidə yaşayır. Bu səbəbdən onun Sumqayıtda yaşamağa başqa yeri yoxdur. Uşaqları balacadır. Eyni zamanda uşaqlarından biri xəstədir, ona beynin mərkəzi sinir sistemində pozuntunun olması diaqnozu qoyulub. İddiaçı onsuzda qeyd edilən mənzildə yaşamır. Lakin onun və uşaqlarının həmin mənzildə yaşamağa ehtiyacı vardır.
7. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 8.İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh, onun uşaqları xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü Sahibova Leyla Rəhman qızı Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 10/8, 41 saylı mənzildə qeydiyyatdadırlar. 9.İşdə olan xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanmsı müqaviləsindən görünür ki, Sahibov Sayil Rəhman oğlu Sumqayıt şəhəri,3-cü mikrorayon,ev 10/8, 41 saylı mənzili İddiaçı bağışlamışdır. 10.İşdə olan Sumqayıt şəhər məhkəməsinin 2(060)-926 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında olan Sumqayıt Nikah evində 11 aprel 2015-ci il tarixdə bağlanmış və 85 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması, nikahın pozulmasından sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü Sahibova Leyla Rəhman qızının anaları- Cavabdeh himayəsində saxlanılmaları, İddiaçı xx.xx.2015ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü Sahibova Leyla Rəhman qızının yetkinlik yaşlarına çatanadək hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin xx.xx.2024-cü il tarixdən başlayaraq tutulub Cavabdeh verilməsi qət edilmişdir. 11.İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(015)-1216/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinədn görünür ki, həmin qətnamə ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(060)-926/2024 nömrəli qətnaməsi mübahisələndirilən - aliment məbləği hissəsində dəyişdirilmiş, İddiaçı xx.xx.2015-ci il təvəliüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü Sahibova Leyla Rəhman qızının yetkinlik yaşlarına çatanadək hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin xx.xx.2024-cü il tarixdən başlayaraq tutularaq Cavabdeh verilməsi qət edilmişdir. 12.İşdə olan AZ-İ 482766 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Abdullayeva (Sahibova) Gülşən Şahin qızı arasında olan nikah Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur və bu barədə nikahın pozulması haqqında akt qeydlərində xx.xx.2024-cü il tarixdə 339 nömrə ilə qeyd edilmişdir. 13.İşdə olan çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri,3-cü mikrorayon,ev 10/8-də yerləşən 41 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır.
14. İşdə olan “Sumqayıt Tibb Mərkəzi” X6 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2019-cu il təvəllüdlü Sahibova Leyla Rəhman qızı “Sinir sisteminin digər rubriklarda təsnif olunmayan başqa pozğunluqları (G98)”, “Qavrama və dərketmə qabiliyyətinə aid olan digər pozğunluqları (R41.8)”, “Nitqin digər və dəqiqləşdirilməməmiş pozğunluqları (R41.8)” diaqnozları ilə xəstəxananın poliklinika şöbəsinin nevroloji kabinetində dispanser qeydiyyatındadır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
15. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh Abdullayeva (Sahibova) Gülşən Şahin qızı 2014-cü ildə nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdur. Tərəflərin birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü Sahibova Leyla Rəhman qızı adlı uşaqları anadan olmuşdur. Hazırda cavabdeh həmin uşaqlarla birlikdə Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 10/8-də yerləşən 41 saylı mənzildə yaşayır. Həmin mənzil 2022-ci il tarixdə iddiaçıya atası tərəfindən bağışlanılmışdır. Tərəflər arasında nikah xx.xx.2024-cü il tarixdə məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Hal-hazırda İddiaçı cavabdeh Abdullayeva (Sahibova) Gülşən Şahin qızının həmin mənzilindən istifadə hüququna xitam verilməsini və uşaqları ilə birlikdə mənzildən çıxarılmasını xahiş edir. Cavabdeh isə iddia tələbini qəbul etmir və mübahisəli mənzildən 10 il müddətinə istifadə hüququnun saxlanılmasını xahiş edir.
c)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 16.Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 17.Məhkəmə, tərəflər arasında yaranmış bu mübahisənin həllinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarının tələbləri baxımından yanaşır və hesab edir ki, İddiaçı cavabdeh Abdullayeva (Sahibova) Gülşən Şahin qızına qarşı yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi tələbinə dair iddiası qismən təmin olunmalıdır. 18.Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. 19.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 20.Həmin Məcəllənin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. 21.Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir.
22. Eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. 23.Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 24.Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. 25.Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir. 26.Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür.
27. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehin ailə münasibətlərinə xitam verildiyindən cavabdehin iddiaçıya məxsus mənzildən istifadə hüququ saxlanmamalı, o uşaqları ilə birlikdə həmin mənzildən çıxarılmalıdır. 28.Lakin məhkəmə cavabdehin himayəsində iki azyaşlı uşağı olan tək qadın olmaqla Sumqayıt şəhərində başqa yaşayış yeri olmadığını, hər iki valideyninin Füzuli rayonunda yaşadığını, uşaqlarından birinin “Sinir sisteminin digər rubriklarda təsnif olunmayan başqa pozğunluqları” və digər xəstəliklərdən əziyyət çəkdiyini, hazırda işləmədiyini, maddi imkanının özünü və uşaqlarını başqa yaşayış yeri ilə təmin etməyə imkan vermədiyini nəzərə alaraq hesab edir ki, cavabdeh Abdullayeva (Sahibova) Gülşən Şahin qızının iddiaçı cavabdeh İddiaçı məxsus Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 10/8-də yerləşən 41 saylı mənzildən istifadə hüququ 3 il müddətinə saxlanılmalıdır.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” 22 yanvar 2015-ci il tarixli qərardadında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə müvafiq olaraq keçmiş ailə üzvünün mülkiyyətçinin yaşayış sahəsindən istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanılmasının (xitamı) tələb etmək hüququndan nə zaman həyata keçirmək məsələsinə gəldikdə isə, Konstitusiya Məhkəməsinin Palatası qeyd edir ki, yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər.
30. Məhkəmə qətnamənin icra mərhələsində anlaşılmazlıqların yaranmasının qarşısını almaq məqsədilə onu da qeyd edir ki, cavabdehin mənzildən istifadə hüququnun saxlanıldığı müddətin axımı qətnamə qəbul edildiyi gündən hesablanmalıdır. 31.Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 32.Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır (217.4).
Nəticə hissəsi: 33.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh Abdullayeva (Sahibova) Gülşən Şahin qızının uşaqları xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü Sahibova Leyla Rəhman qızı ilə birlikdə Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 10/8-də yerləşən 41 saylı mənzildən 3 (üç) il müddətinə istifadə hüququ saxlanılmaqla həmin mənzildən istifadə hüququna xitam verilsin və mənzildən çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Tanrıverdiyeva