Məhkəmə qərarları › İş №2(060)-5170/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5170/2023

27.09.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5170/2023 27.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı işə bərpa edilmə və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Abşeron Xızı regional şöbəsi) dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Sumqayıt Qaz İstismar Sahəsində yerli telefon rabitəsinin 5-ci dərəcəli telefonçusu vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə, mediasiya təşkilatına ödənilmiş 50 manatın cavabdehdən alınaraq İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2008-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Sumqayıt Qaz İstismar Sahəsində işləyir. Belə ki, Cavabdeh Sumqayıt Qaz İstismar Sahəsində xx.xx.2008-ci ildə Nəqliyyat sahəsinə 3 aylıq sınaq müddəti ilə 10-cu dərəcə üzrə mexanik vəzifəsinə,xx.xx.2009-cu ildə isə 11-ci dərəcəli mexanik vəzifəsinə qəbul edilmişdir. xx.xx.2010-cu ildə isə 8 saylı yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinə qaz avadanlıqlarının istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingər peşəsinə,daha sonra isə yerli telefon rabitəsinin telefonçusu kimi işə qəbul edilmişdir. 1998-ci ildə Azərbaycan Texniki Universitetini bitirmişdir. Sumqayıt Qaz İstismar Sahəsində işləyərkən peşəkarlıq səviyyəsinə və əmək funksiyasını yerinə yetirməyinə dair heç bir irad tutulmamışdır. 1992ci ildən xəstəliyi ilə əlaqədar əlillik dərəcəsi almışdır. xx.xx.2002-ci ildən isə iddiaçıya müddətsiz 2-ci qrup əlillik təyin edilmişdir. Sumqayıt Qaz İstismar Sahəsinin rəhbərliyi iddiaçının TSEK tərəfindən verilmiş onun müddətsiz 2-ci qrup əlil təyin edilməyi barədə arayışda 1 deyil,2-ci dərəcəli əlillik verilməsinə baxmayaraq, “əmək qabiliyyətsizdir” sözünün yazılmasına əsaslanaraq xx.xx.2023-cü il tarixli 14-2-2-6/3-1K-36/2023 N-li əmrlə iddiaçını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1.maddəsinin «c» bəndinə əsasən işdən azad etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1.maddəsinin «c» bəndində göstərilir: Qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə; Halbuki iddiaçı son bir il ərzində 1 gün belə olsa, iş buraxmamış, əmək funksiyasını yerinə yetirməyinə dair iddiaçıya heç bir irad tutulmamışdır. xx.xx.2023-cü ildə işləmiş, xx.xx.2023-cü ildə iddiaçıya bir gün əvvəl işdən azad olunmağı barədə məlumat verilmişdir. Rəhbərlik iddiaçını birtərəfli işdən azad edərkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 12 N-li Tibbi Sosial Ekspert Komissiyasının cavabdehin sorğusuna əsasən verdiyi 410 N-li xx.xx.2012-ci il tarixli onun 2-ci qrup əlil olaraq yerli telefon rabitəsinin telefonçusu peşəsində işləyə bilməyi barədə rəyinə cavabdeh əhəmiyyət verməmişdir. 2011-ci ildə cavabdeh eyni əsasla iddiaçını işdən azad etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2/060/-1751/2011 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş,işə bərpa olunmuşdur. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli 2/105/-930/2011 saylı Qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2011-ci il tarixli 2/060/- 1751/2011 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Maddi vəziyyəti və himayəsində əlil övladının olması ilə əlaqədar işləməyə məcburdur. Hesab edir ki, əsassız və qanunsuz işdən azad olunmuş və öz əvvəlki işinə bərpa olunmalıdır. Cavabdeh İB etirazla məhkəməyə müraciət edərək idia tələbini əsassız hesab edərək, rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Əmək Məcəlləsinin 74.1-ci hissəsində göstərilir ki, əmək qabilliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar tərəflərin iradəsindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilə bilər. Qeyd edir ki, xx.xx.2002-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatına əsasən İddiaçı müddətsiz əmək qabiliyyətsiz hesab edilmişdir. İddiaçı bildirmişdir ki, işi ağır deyil və tutduğu vəzifədə işləyə bilər. Lakin portal məlumatlarında xx.xx.2002-ci ilin müayinə nəticələri qeyd olunmuşdur, hansında ki, onun əmək qabiliyyətsiz olduğu qeyd olunur. Portal məlumatlarının yeniləmək üçün ona yenidən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etməsi tövsiyyə olunmuşdur. Bunun üçün ona bir ay müddətinə vaxt da verilmişdir. Lakin o, işinə məsuliyyətsiz yanaşmış və yenidən həkim komissiyasına müraciət etməmişdir. Onunla bərabər bir çox sayda işçilər var ki, birinci və ya ikinci qrup əlilliyə malikdirlər. Onlar yenidən Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edərək portal məlumatlarını yeniləmiş və nəticədə iş yerlərini qoruyub saxlamışlar. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, işdən azad edilməyi qanunsuzdur. Hazırda Cavabdeh İB-də başqa 2-ci qrup əlillər də işləyir, həmin şəxslərdən biri də 8 saylı Xidmətin rəisidir. 8 saylı Xidmətin rəisi 2-ci qrup əlil ola-ola mühəndis kimi işləyə bilirsə, onun 2-ci qrup əlil olmağının oturaq vəziyyətdə telefonlara cavab verməyinə heç bir maneəsi yoxdur. Gördüyü işin mahiyyəti bundan ibarətdir; belə ki, kompüterin qarşısında otururur, Cavabdehdan göndərilən şikayətləri qeydə alır, sonra çilingərə deyir və çilingər də gedib lazımi işi icra edir. Gələn məlumatı Qəza Xidmətinə ötürür. Məlumat Cavabdehdan kompüter vasitəsilə onlara verilir, iddiaçı da həmin məlumatdan ünvanı qeyd edib növbə mühəndisinə deyir, növbə mühəndisi də çilingərlərlə birlikdə işi icra edir. Əvvəl məlumat telefon vasitəsilə verilmiş, kompüter olmamışdır. Ona görə də vəzifənin adı yerli telefon rabitəsinin telefonçusudur. 2012-ci ildən bəri yerli telefon rabitəsinin telefonçusu vəzifəsində işləyir. 2008-ci ildən Qaz İstismar Sahəsində Avtonəqliyyat qarajının mexaniki vəzifəsində işləmiş, sonra qaynaq aparatları üzrə mexanik işləmişdir, amma sonra ştat ləğv olunduğundan çilingər vəzifəsinə keçirilmişdir. Bir müddət çilingər vəzifəsində işləmiş, lakin sonra 2011-ci ildə işdən azad edilmişdir. Bununla əlaqədar olaraq məhkəməyə müraciət etmiş və çilingər vəzifəsinə bərpa olunmuşdur. İşə bərpa edildikdən sonra çilingər kimi yox, yerli telefon rabitəsinin telefonçusu vəzifəsində işləyə biləcəyi bildirilmiş, Tibbi-Sosial Ekspert Komissiyasından arayış təqdim etməyi tələb olunmuş və Tibbi-Sosial Ekspert Komissiyasından verilən arayışa əsasən, yerli telefon rabitəsinin telefonçusu vəzifəsində işləməyi uyğun hesab olunmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədi. Bildirdi ki, Kadrlar Şöbəsindən iddiaçıya Tibbi-Sosial Ekspert Komissiyasında müayinədən keçməsi bildirilmiş və bunun üçün ona 1 ay vaxt verilmişdir, lakin iddiaçı komissiyada müayinədən keçməmişdir. İdarədə birinci, hətta ikinci qrup əlilliyi olub işləyən başqa şəxslər də var ki, həmin şəxslərin Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatında əmək zəmanəti hissəsində “yüngül işlərdə işləyə bilər” yazılmışdır, amma iddiaçıda həmin hissədə “əmək qabiliyyətsiz” yazılmış, həmçinin əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti müddətsiz hesab edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndinə əsasən, qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə əmək müqaviləsinə xitam verilə bilər. Belə ki, iddiaçı əmək qabiliyyətsiz olduğundan işləyə bilməz, onun yerinə şəhid ailəsi üzvünü işə götürmüşlər və şəhid ailəsi üzvü işləyir. İddiaçı əvvəlki məhkəmə iclasında 8-ci sahənin rəisinin əlilliyi olmasına baxmayaraq, işlədiyini bildirmişdir. Bununla bağlı qeyd edir ki, 8-ci sahənin rəisi üçüncü qrup əlildir və onun Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatında əmək zəmanəti hissəsində “yüngül işlərdə işləyə bilər” yazılmışdır. Belə ki, iddiaçını qanunsuz olaraq işdən çıxarmamışlar. Portala baxmışlar, portal məlumatlarında iddiaçının müddətsiz əmək qabiliyyətsiz olduğu yazıldığından o işdən çıxarılmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə1 İddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir ki, həmin bəndə əsasən, qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə əmək müqaviləsinə xitam verilə bilər. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli, 14-2-2- 6/3-1k-36/2023 saylı əmrin surətindən görünür ki, İddiaçı N49, xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikas Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən əmık qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funkisiyasını yerinə yetirə bilməməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixində xitam verilmişdir. MŞS/MT030/2023/01449 saylı, xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi ilə bağlı arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 12 nömrəli Tibbi-Sosial Ekspert Komiisiyasının verdiyi 410 saylı, xx.xx.2012-ci il tarixli arayışdan görünür ki, 2-ci qrup əlil İddiaçı yerli telefon rabitəsinin telefonçusu peşəsində işləyə bilər. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1751/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-nin Sumqayıt Qaz İstismar sahəsinə əvvəlki vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-930/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1751/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin olunmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 1-ci maddəsinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. 7-ci maddəsinin 2-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 7-ci maddəsinin 2-1-ci maddəsinə əsasən Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən :

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinə əsasən tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir: a) işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda; b) əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda. c) qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə; ç) İşçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə; d) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə işçinin fəaliyyət qabiliyyətsizliyi təsdiq edildikdə; e) işçi vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə. ə) əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə; f) qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilmiş şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlandığı aşkar edildikdə. 1-1. Aşağıdakı hallar fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçün əsasdır: 1-1.1. fiziki şəxs olan işəgötürən vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə; 1-1.2. fiziki şəxs olan işəgötürən barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildikdə, yaxud o, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə azadlıqdan məhrum edildikdə; 1-1.3. fiziki şəxs olan işəgötürən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs hesab edildikdə; 1-1.4. Azərbaycan Respublikasının Mülki Prosessual və Azərbaycan Respublikasının Cinayət Prosessual məcəllələrinə uyğun olaraq fiziki şəxs olan işəgötürənin axtarışı elan olunduqda; 1-1.5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq əcnəbi və vətəndaşlığı olmayan işəgötürən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edildikdə. 1-2. Bu Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsinə uyğun olaraq, əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi əmək münasibətlərinin iştirakçılarını, habelə vəfat etmiş fiziki şəxs olan işəgötürənin vərəsələrini (miras payı həddində) əmək qanunvericiliyi ilə müəyyən edilmiş öhdəliklərin icrasından azad etmir.

2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Qeyd: Əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı xx.xx.2008-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Sumqayıt Qaz İstismar Sahəsində işləyir. Belə ki, Cavabdeh Sumqayıt Qaz İstismar Sahəsində xx.xx.2008-ci ildə Nəqliyyat sahəsinə 3 aylıq sınaq müddəti ilə 10-cu dərəcə üzrə mexanik vəzifəsinə,xx.xx.2009-cu ildə isə 11-ci dərəcəli mexanik vəzifəsinə qəbul edilmişdir. xx.xx.2010-cu ildə isə 8 saylı yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinə qaz avadanlıqlarının istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingər peşəsinə,daha sonra isə yerli telefon rabitəsinin telefonçusu kimi işə qəbul edilmişdir. 1998-ci ildə Azərbaycan Texniki Universitetini bitirmişdir. Sumqayıt Qaz İstismar Sahəsində işləyərkən peşəkarlıq səviyyəsinə və əmək funksiyasını yerinə yetirməyinə dair heç bir irad tutulmamışdır. 1992-ci ildən xəstəliyi ilə əlaqədar əlillik dərəcəsi almışdır. xx.xx.2002-ci ildən isə iddiaçıya müddətsiz 2-ci qrup əlillik təyin edilmişdir. Sumqayıt Qaz İstismar Sahəsinin rəhbərliyi iddiaçının TSEK tərəfindən verilmiş onun müddətsiz 2-ci qrup əlil təyin edilməyi barədə arayışda 1 deyil, 2-ci dərəcəli əlillik verilməsinə baxmayaraq, “əmək qabiliyyətsizdir” sözünün yazılmasına əsaslanaraq xx.xx.2023-cü il tarixli 14-2-2- 6/3-1K-36/2023 N-li əmrlə iddiaçını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1.maddəsinin «c» bəndinə əsasən işdən azad etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1.maddəsinin «c» bəndində göstərilir: Qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə; Halbuki iddiaçı son bir il ərzində 1 gün belə olsa, iş buraxmamış, əmək funksiyasını yerinə yetirməyinə dair iddiaçıya heç bir irad tutulmamışdır. Göründüyü kimi həmin normada əmək funksiyası yerinə yetirilə bilmədikdə vurğulansa da, cavabdeh onun əmək fəaliyyətsizliyinə əsaslanaraq iddiaçını işdən azad etmişdir. İş materiallarından göründüyü kimi iddiaçının fiziki travma nəticəsində aldığı zərbə onun sol diz oynağının vərəmi kəskinləşmə fazasında. Sol aşağı ətrafların funksiya pozğunluğuna səbəb olmuş, iddiaçıya 2-ci qrup əlillik bununla bağlı verilmiş, buna görə əmək fəaliyyətsiz hesab olunmuşdur. Lakin iddiaçının hazırda bərpa olunmasına çalışdığı vəzifə yerli telefon rabitəsinin telefonçusudur. Tibbi-Sosial Ekspert Komiisiyasının verdiyi arayışa əsasən İddiaçı yerli telefon rabitəsinin telefonçusu peşəsində işləyə bilər. Qeyd edilənlərə əsasən iddia tələbi təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddianın mediasiyaya dair xərcin əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, ödənilmiş 50 manat mediasiyaya dair xərcin əvəzi Cavabdeh İB-dən alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddia tələbi təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Sumqayıt Qaz İstismar Sahəsində yerli telefon rabitəsinin 5-ci dərəcəli telefonçusu vəzifəsinə bərpa edilsin, xx.xx.2023-cü il tarixindən işə bərpa olunacağı günə qədər iş günləri yazılsın, əmək haqqı ödənilsin, Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sığorta haqqı ödənilsin. Ödənilmiş 50 manat mediasiyaya dair xərcin əvəzi Cavabdeh İB-dən alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar