Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5208/2024 21.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «cavabdehin mənzildən çıxarılması və əmlakın boşaldılması tələbi barədə» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ünvan 1 fərdi yaşayış evindən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş, Cavabdeh1 məxsus, Sumqayıt şəh.,Corat qəsəbəsi, ev 389-də yerləşən, 81.8 kv.m ümumi sahəsi olan 2 otaqdan ibarət fərdi yaşayış evinə Sumqayıt Şəhər Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli 2(060)-2022/2022 nömrəli qətnaməsinə əsasən tutma yönəldilmişdir. Əmlaka dair İddiaçı ASC-nin mülkiyyət hüquqları 18 may 2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-də qeydə alınmış və bankın adma çıxarış alınmışdır. Sumqayıt şəh., Corat qəsəbəsi, ev 389 fərdi yaşayış evində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qeydiyyatda olmaqla yaşayır. Əmlakın İddiaçı ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər mənzildən çıxmaqdan imtina edirlər. İddiaçının nümayəndəsi X2 məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin əsaslı olduğu üçün təmin edilməsini və məhkəmə iclaslarını nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, 2014-cü ildə səhhəti ilə əlaqədar olaraq 10000 manat kredit götürmüşdür. O, bankdan götürdüyü pulu vaxtında ödəmişdir. Bir müddət sonra xəstəlyi ilə əlaqədar olaraq o, ödəniş edə bilməmişdir. Prezidentin sərəncamı ilə borcu silinməli idi. O, borcunun silindiyini hesab edirdi. Lakin sonradan məlumatı olmuşdur ki, borc silinməyib. Hazırda maddi vəziyyəti yaranmış çətinliklərə görə tələb olunan məbləği ödəyə bilmir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, onlar dəfələrlə evi satıb, banka olan borclarını ödəmək istəmişlər. Lakin bank onlara evin sənədlərini təqdim etməmişdir. Onlar ailəliklə həmin evdə yaşayırlar. Onların yaşamağa başqa yerləri yoxdur. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh3 məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul etməyərək bildirmişdir ki, onlar evin çıxarışını əldə etmək üçün dəfələrlə rəsmi müraciət etmişlər. Lakin bank onlara evi satıb borcu qaytarmağa imkan verməmişdir. Sözügedən fərdi ev onların tək yaşayı yeridir. Bu səbəbdən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh4 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2022/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, Əsas borc üzrə 10425,4 ABŞ dolları, faiz borcu üzrə 1802,79 ABŞ dolları, cərimə üzrə 1000 ABŞ dolları, kredit müqaviləsi üzrə 22 noyabr 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2348,3 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 15576 (on beş min beş yüz yetmiş altı) ABŞ dolları 49 (qırx doqquz) sent məbləğində pul Sumqayıt Apelyasiya Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli, 2(105)- 59/2017 saylı qətnaməsi ilə Cavabdeh1 iddiaçının xeyrinə tutulmalı olan olan 3162,76 ABŞ dolları ilə cəmlənməklə, ümumilikdə 18739 (on səkkiz min yeddi yüz otuz doqquz) ABŞ dolları 25 (iyirmi beş) sent məbləğində borc (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində manatla) Cavabdeh1 tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma Cavabdeh1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 2 otaqdan ibarət olan fərdi yaşayış evinə yönəldilsin. Həmin fərdi yaşayış evi açıq hərracda satılsın. Evin satışından əldə edilmiş vəsait hesabına Cavabdeh1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu ödənilsin. Evin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğ Cavabdeh1 ümumi qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənildikdən sonra evin satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğ Cavabdeh1 qaytarılsın. ünvan 1 ünvanında yerləşən 2 otaqdan ibarət olan fərdi yaşayış evinin ilkin satış qiyməti 75 000 (yetmiş beş min) manat məbləğində müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfinfən verilmiş çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Kotec qəsəbəsi, ev 389 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı ASC-nə məxsusdur. İşdə olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, № ******* saylı “Çıxarış”dan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 0,0412 ha torpaq sahəsində yerləşən 389 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Kotec qəsəbəsi, ev 389 saylı fərdi yaşayış evi İddiaçı ASC-nə məxsusdur. Həmin əmlak açıq hərracda «Yelo Bank” ASC tərəfindən əldə edilmişdir. Cavabdehlərin mübahisəli əmlaka dair hazırda heç bir hüquqları yoxdur, onun həmin mənzilin istismarını dayandırmaması və əmlakın boşaldılaraq mülkiyyətçiyə təhvil verməməsi mülkiyyətçinin maraqlarına ziddir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur.Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununu 59.3-cü maddəsinə əsasən İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: (59.3.1.) yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya (59.3.2.) ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarı ilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, iddiaçının hazırkı tələbindən müəyyən olunur ki, cavabdehlərin xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 0,0412 ha torpaq sahəsində yerləşən 389 nömrəli fərdi yaşayış evinə istismarını dayandırmaması və əmlakın boşaldılmaması mülkiyyətçi kimi onun iradəsinə ziddir. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli əmlakda qalması iddiaçıya öz mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ünvan 1 fərdi yaşayış evindən çıxarılsınlar, həmin mənzil boşaldılsın və İddiaçı ASC-nə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-5208/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5208/2024
21.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver