Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-521/2022 19.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı Kazımova (Vəliyeva) Günel Fizuli qızının, Cavabdeh iştirakları ilə, İddiaçı Kazımova (Vəliyeva) Günel Fizuli qızının Cavabdeh qarşı «nikahın etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Kazımova (Vəliyeva) Günel Fizuli qızının Cavabdeh qarşı «nikahın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanılmış 16.07.2021-ci il tarixli rəsmi nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə 16.07.2021-ci il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşdur. Qeyd edir ki, cavabdeh uzaq qohumudur. Ailəsinin təkidi və razılığı ilə cavabdehlə ailə qurmağa razılaşmışdır. Sonradan cavabdehlə ünsiyyətdə olarkən xasiyyətlərinin uyğun olmadığını və cavabdehin əslində onunla evlənmək niyyətinin olmadığını bildirmişdir. Hətta dəfələrlə evlənmək istəmədiyini etiraf etmişdir. Bundan əlavə onların heç bir ailə münasibəti olmamışdır. Toyları da olmamışdır. Həmçinin cavabdeh bağlı AR ƏN Sumqayıt “Asan Xidmət" mərkəzi qeydiyyat şöbəsinə nikahın pozulmasına dair ərizə ilə müraciət etmişdir. Lakin o, hesab edir ki, onların nikahı etibarsız hesab edilməlidir. Qanunvericilikdə də qeyd olunmuşdur ki, əgər tərəflərdən birinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah məhkəmə qaydasında etibarsız hesab oluna bilər. O, da bu səbəbdən təkrar AR ƏN Sumqayıt "Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsinin nikahın etibarsız hesab edilməsi ərizəsi ilə müraciət etmişdir. Qeydiyyat şöbəsinin 05-9/1348/15 saylı 20.09.2021-ci il tarixli məktubu ilə imtina cavabı almışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, o, cavabdehlə ailə qurmaq niyyəti ilə tanış olmuş, qısa müddət sonra nişanları olmuş, sonra isə rəsmi nikah bağlamışlar və toya hazırlaşmışlar. Onlara ailə qurmaları üçün heç təsir olmamışdır. Toya hazırlıq müddətində aralarında mübahisə olmuş və xasiyyətlərinin uyğun gəlmədiyini görüb ayrılmışlar. Onların arasında ər-arvad münasibəti olmamış, toy mərasimi keçirilməmişdir. Bu səbəbdən də hesab edir ki, nikahları etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında göstərdi ki, iddia tələbini qəbul edir. Belə ki, o, iddiaçı ilə 16.07.2021-ci il tarixdə rəsmi nikah bağlasa da onlar arasında faktiki nikah münasibətləri olmamışdır. O, validenylərinin məsləhəti ilə iddiaçı ilə tanış olmuş, daha sonra onun və iddiaçının valideynlərinin ümumi razılığı ilə nişan mərasimi həyata keçirilmiş, bir qədər sonra isə rəsmi nikah bağlamışlar. Ona ailə qurması üçün heç bir təsir olmamışdır, o, öz razılığı ilə cavabdehlə nikah bağlamış və niyyəti ailə qurmaq olmuşdur. Lakin aralarında nikah bağlandıqdan sonra xasiyyətlərinin uyğunlaşmadığını müəyyən etmişlər və aralarındakı münasibət pozulmuş, toy mərasimi olmamışdır. Artıq iddiaçı ilə aralarında heç bir münasibət yoxdur, bağlanmış nikah formal xarakter daşıyır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AZ-İİ seriyalı 448085 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 arasında Sumqayıt “ASAN xidmtə” mərkəzi qeydiyyat şöbəsində 16 iyul 2021-ci il tarixdə 1606 saylı akt qeydi ilə rəsmi nikah bağlanmış, qadına Kazımova soyadı verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 16 iyul 2021-ci il tarixdə 1606 saylı akt qeydi ilə rəsmi nikah bağlamışlar. Tərəflər arasında öncə nişan mərasimi olmuş, daha sonra isə rəsmi nikah bağlanmışdır. Tərəflər bu nikahın formal xarakter daşıdığını, nikah bağlandıqdan sonra münsaibətlərinin pozulduğunu, aralarında ər-arvad münasibətlərinin yaranmadığını və bu əsasla nikahın etibarsız hesab edilməli olmasını iddia edirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 3.0.2-ci maddəsinə görə ailə münasibətləri qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulmasıdır. 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 25.2ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Məhkəmə şərh olunan işin hallarına ifadə olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Ailə Məcəlləsinin 25.1-ci maddəsində nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir. Qanunvericilik göründüyü kimi nikahın etibarsızlığını o cümlədən tərəflərin niyyəti ilə əlaqələndirərək, belə bir niyyətin olmamasından asılı etmişdir. İşin hallarından müəyyən edildi ki, tərəflər arasında ailə qurmaq niyyəti ilə öncə nişan mərasimi olmuş, daha sonra isə nikah bağlamışlar. Tərəflərin nikah bağlayarkən niyyəti ailə qurmağa yönəlmişdir. Odur ki, məhkəmə iddia tələbini əsassız hesab edir. Cavabdehin iddianı etrafına gəlincə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddianın etiraf edilməsini qanunazidd hesab edir və qəbul etmir. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf istinad etdiyi halları məhkəmədə sübuta yetirmək vəzifəsi daşıyır. Bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür və təqdim edilən sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan irəli gəlməlidir. Məhkəmə sübutetmə yükü iddia edənin üzərinə düşür prinsipinə əsaslanaraq hesab edir ki, iddiaçı nikahın ailə qurmaq məqsədilə deyil, görünüş üçün bağlanması faktını məhkəmədə sübuta yetirə bilmədi. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı işüzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Məhkəmə ədalət mühakiməsini tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirərək, məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktları hərtərəfli, tam və qərəzsiz məcmu halda tədqiq edərək bu nəticəyə gəlir ki, iddia sübut yetirilmədiyindən rədd edilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Kazımova (Vəliyeva) Günel Fizuli qızının Cavabdeh qarşı «nikahın etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-521/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-521/2022
19.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver