Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5225/2021 12.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Xələfova Nailə Xəlfəqulu qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Məhərrəmov Polad Müseyib oğlunun Üçüncü şəxs X3nun iştirakı ilə, İddiaçı Corat Bələdiyyəsinin Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması, qanunsuz tikilmiş hasarın sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Corat Bələdiyyəsi Cavabdeh qarşı (üçüncü şəxs: X3) zəbt olunmuş torpaq sahəsinin boşaldılması, qanunsuz tikilmiş hasarın sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi, Nəriman Nərimanov küçəsi, 108 A ünvanında yerləşən bələdiyyə mülkiyyətinə aid olan zəbt edilmiş əlavə 100 kvadrat metr torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması, həmin torpaq sahəsinə çəkilmiş hasarın cavabdehin hesabına sökülərək torpaq sahəsinin Corat Bələdiyyəsinin ehtiyat torpaq fonduna qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə ərazisində yerləşən sahəsi 100 kvadrat metrədək olan torpaq sahəsi Corat Bələdiyyəsi tərəfindən 2005-ci ildə müvafiq mövqe planı çəkilməklə və yerində təhvil verilməklə X3nun istifadəsinə verilmişdir. Lakin sənədləşmə işləri müəyyən səbəblərdən ləngidiyindən X3 iddia tələbi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2017-ci il tarixli, 2(060)-1688/2017 saylı qiyabi qətnaməsi ilə onun cavabdeh Corat Bələdiyyəsinə və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia tələbi təmin olunmuş, X3 ilə Corat Bələdiyyəsi arasında Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə ərazisində yerləşən 100 kv.metr torpaq sahəsinə dair alqı-satqı müqaviləsi 2005-ci il tarixdən bağlanmış hesab olunmuşdur. Ancaq sonradan özünü qəbul edilmiş qətnamənin hüquq və vəzifələrinə toxunan şəxs qismində təqdim etməklə Cavabdeh 2020-ci ildə məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09.10.2020-ci il tarixli, 2(105)-2262/2020 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin olmuş, Sumqayıt Şəhər Məhkəməsinin 23.02.2017-ci il tarixli, 2(060)-1688/2017 saylı qiyabi qətnaməsi ləğv olunaraq X3nun iddia tələbi rədd edilmişdir. Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsi qanuni qüvvəsini almışdır. Lakin məhkəmə qətnaməsi ilə X3nun iddia tələbi təmin olunmasa da, həmin torpaq sahəsi Corat Bələdiyyəsinin mülkiyyətində olduğundan və cavabdeh tərəfindən qanunsuz olaraq hasarının daxilinə salındığından, Corat Bələdiyyəsi bu iddia tələbi ilə çıxış etməyi zəruri sayır. Belə ki, cavabdeh hələ 2017-ci ilin avqust ayında ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək mülkiyyətində olan torpaq sahəsinin planı və ölçüsü yenidən işlənərək həmin torpaq sahəsi onun sənədindən çıxarılmışdır. Buna baxmayaraq cavabdeh sözügedən torpaq sahəsindən hər hansı hüquq müəyyənedici sənədlər olmadan istifadə etməkdə davam edir. Cavabdeh oğlunun torpaq sahəsini zəbt etməsi torpağın mülkiyyətçisi kimi bələdiyyənin mülkiyyət hüququnu pozduğundan, həmçinin o, torpağın sənədləşdirilməsi ilə bağlı Corat Bələdiyyəsinə müraciət etmədiyindən, Corat Bələdiyyəsi Cavabdeh oğluna qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması, qanunsuz tikilmiş hasarın sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi məqsədə uyğun saymışdır. İddiaçı hesab edir ki, cavabdehin qeyd edilən hərəkətləri torpaq sahəsinin mülkiyyətçisi kimi Corat Bələdiyyəsinin qanuni mənafeyinə, habelə mülki və torpaq qanunvericiliklərinin normalarına zidd olduğundan müvafiq hüquqi nəticələrə səbəb olmalıdır. Belə ki, adı çəkilən ərazidə yerləşən torpaqlar “Torpaq islahatı haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanunlarının tələblərinə uyğun olaraq bələdiyyə mülkiyyətinə aid olunmuş və 26 iyun 2001-ci il tarixli protokol, akt və digər torpaqayırma sənədləri əsasında xəritələşdirilərək Corat Bələdiyyəsinə təhvil verilmişdir. Bələdiyyələrə dair qanunvericilik aktlarına uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqda fiziki və hüquqi şəxslərə ayrılması bələdiyyənin qərarı ilə həyata keçirilir. Lakin Cavabdeh zəbt etdiyi torpaq sahəsindən bugünə qədər qeyri-qanuni istifadə etməkdə davam edir ki, bu da həm müvafiq qanun normalarının müddəalarını, həm də torpağın mülkiyyətçisi kimi Corat Bələdiyyəsinin mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən Corat Bələdiyyəsi məhkəməyə müraciət edərək cavabdeh tərəfindən yol verilmiş qanunsuzluqların aradan qaldırılaraq pozulmuş mülkiyyət hüququnun bərpasını xahiş etməyi zəruri saymışdır. Göründüyü kimi, Cavabdeh Corat qəsəbəsinin 2-ci məhəlləsi ərazisində (yeni qaydalarla Sumqayıt şəhəri, Corat qəsəbəsi, Nəriman Nərimanov küçəsi, 108 A) yerləşən və torpaq islahatı nəticəsində bələdiyyə mülkiyyətinə aid edilmiş əlavə 100 kvadrat metr torpaq sahəsindən hər hansı hüquqmüəyyənedici sənədləri olmadan istifadə etməsi torpaq sahəsini özbaşına tutma (zəbt etmə) kimi qiymətləndirilməlidir. Belə olan halda hesab edirlər ki, Cavabdeh zəbt etdiyi torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsi bələdiyyənin ehtiyat torpaq fonduna qaytarılmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili izahat verərək bildirdi ki, Cavabdeh Corat qəsəbəsinin 2-ci məhəlləsi ərazisində (yeni qaydalarla Sumqayıt şəhəri, Corat qəsəbəsi, Nəriman Nərimanov küçəsi, 108 A) yerləşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evini alqı-satqı vasitəsi ilə əldə etmişdir. Torpaqı və evi alarkən torpaq sahəsi ümumi çəpərin daxilində olmuşdur, hal-hazlrdada həmin vəziyyətdədir və onun istifadəsindədir. Bələdiyyənin iddia etdiyi sahə əslində 100 kv m deyil, təxminən 60-65 kv m-dir, həmin sahə onun mülkiyyət hüquqlarına dair verilmiş texniki pasportda qeyd edilən 0,2 ha sahə ilə əsas yol arasında yerləşən sahədir. Onun həmin sahədən istifadıə etməsi heç kimə maneə olmur və heç kimi huqularını pozmur. Həmin sahəsinin Bələdiyyəyə aid olmasıda sual altındadır, belə ki, bir neçə il əvvəl X3 adlı şəxs gəlib ona bildirmişdir ki, həmin sahəyə dair məhkəməyə müraciət etmiş və məhkəmə onunla Bələdiyyə arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə qəbul etmişdir. İlqar həmin qətnamə əsasında mülkiyyət hüquqlarını qeydə aldırmışdır. O, bu məsələdən xəbər tutan kimi, həmin qətnaməni mübahisələndirmiş və Sumqayət apellyasiya məhkəməsi həmin qətnaməni ləğv edərək iddia tələbini rədd etmişdir, Ali məhkəmə isə apellyasiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Bununla da, X3nun həmin sahəyə mülkiyyət hüququ ləğv edilmiş, eyni zamanda məhkəmə prosesslərində Bələdiyyə mübahisəli torpağın onlara aid olub-olmaması barədə hər hansı dəlil gətirə bilməmişdir və mübahisəyə dair heç bir fikir bildirməmişdir. Halbu ki, Bələdiyyənin həmin sahəyə aidiyyəti olsaydı, Bələdiyyə nümayəndəsi iddia etiraf edərək, X3 ilə müqavilənin bağlanmasını qeyd edərdi. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işin materiallarında olan: - Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 08.06.2016-cı il tarixli RX ******* seriyalı çıxarışından görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 1A ünvanındakı fərdi yaşayış evi Cavabdeh məxsusdur. Daşınmaz əmlakın ümumi sahəsi 70,7 kv. M, torpaq sahəsinin ölçüsü 0,02 ha təşkil edir. - Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2017-ci il tarixli, 2(060)-1688/2017 saylı qiyabi qətnaməsi ilə iddiaçı X3nun cavabdeh Sumqayıt şəhər Corat Bələdiyyəsi və Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Sumqayıt şəhər Ərzai İdarəsinə qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09.10.2020-ci il tarixli, 2(105)-2262/2020 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin olmuş, Sumqayıt Şəhər Məhkəməsinin 23.02.2017-ci il tarixli, 2(060)-1688/2017 saylı qiyabi qətnaməsi ləğv olunaraq X3nun iddia tələbi rədd edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19.05.2021-ci il tarixli, 2(102)-1845/2021 saylı qərarı ilə iddiaçı X3nun kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09.10.2020-ci il tarixli, 2(105)-2262/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Corat Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRXnin tabeliyində Kadastr və Yer quruluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin direktoruna ünvanlanmış sorğudan görünür ki, Corat qəsəbəsu, 2-ci məhəllə ərazisi, N.Nərimanov küçəsində yerləşən 1A fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin hansı hissəsinin Corat Bələdiyyəsinə aid olması barədə eskiz və koordinatları təsdiq olunmuş formada arayış verilməsi xahiş olunmuşdur. Lakin həmin sorğuya cavab iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. - Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsindən Sumqayıt Şəhər Corat Bələdiyyəsinə ünvanlanmış məktubda, sözügedən torpaq sahəsinə texniki baxışa şərait yaradılmadığından müraciətin tərəflərindən yerinə yetirilə bilməməsi qeyd olunmuşdur. - Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin fərdi yaşayış evinin texniki pasportundan görünür ki, cavabdehə mülkiyyətində olan ərazi ilə yol arasında yerləşən mübahisəli torpaq sahəsinin ölçüləri 6,96 m x 9,18 m = 63,9 kv m təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 1A ünvanındakı (yeni qaydalarla ünvan 4 fərdi yaşayış evi Cavabdeh məxsusdur. Daşınmaz əmlakın ümumi sahəsi 70,7 kv. m, torpaq sahəsinin ölçüsü 0,02 ha təşkil edir. Fərdi yaşayış evinin texniki pasportuna əsasən mübahisəli torpaq sahəsinin ölçüləri 6,96 m x 9,18 m = 63,9 kv m təşkil edir. X3nun həmin sahəyə heç bir hüququ yoxdur. Mübahisəli sahənin iddiaçı Corat Bələdiyyəinin mülkiyyətində olmasında dair heç mötəbər sənəd mövcud deyil. ƏMDK yanında Daşınmaz Əmalkın Dövlət Reyestri Xidməti və ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin tabeliyində kadastr və X2 Mərkəzi MMC mabahisəli sahənin Corat Bələdiyyəsinin mülkiyyətində olub-olmaması barədə heç bir məlumat verməmişlər. İddiaçı tərəf təqdim etdiyi sübutlarla mübahisəli sahəsnin onların mülkiyyətində olmasını sübut edə bilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsi torpaq sahəsi üzərində mülkiyyət və onun növlərini müəyyən edir. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur (1). Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir (2). Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (3). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən - Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən - Bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən - Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Mülki prosessual qanunvericilikdə də, çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçı Corat Bələdiyyəsi Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması, qanunsuz tikilmiş hasarın sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Corat Bələdiyyəsinin Cavabdeh qarşı Sumqayıt şəhəri, Corat qəsəbəsi, Nəriman Nərimanov küçəsi, 108 A ünvanında yerləşən zəbt edilmiş əlavə 100 kv.m torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması, həmin torpaq sahəsinə çəkilmiş hasarın cavabdehin hesabına sökülərək torpaq sahəsinin Corat Bələdiyyəsinin ehtiyat torpaq fonduna qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-5225/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5225/2021
12.08.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver