Məhkəmə qərarları › İş №2(060)-5231/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5231/2021

02.06.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5231/2021 02.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, İddiaçı Corat Bələdiyyəsinin Cavabdeh qarşı zəbt olunmuş yolun açılması və özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdi: İddiaçı Corat Bələdiyyəsi ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən zəbt olunmuş ümumi istifadədə olan Corat Bələdiyyə ərazisinin qərbində yerləşən və bələdiyyə mülkiyyətinə məxsus olan yol və qəsəbə sakinlərinin ümumi istifadəsində olan yolun açılması, həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149 və 150-ci maddələrinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Belə ki, MPM-nin 149-cu maddəsinə əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb (149.2.3), ərizəyə əlavə edilən sənədlərin siyahısı (149.2.5) göstərilməlidir. Həmin Məcəllənin 150-ci maddəsinə əsasən iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri; dövlət rüsumunun ödənilməsi haqqında sənəd; iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd; kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri; onun barəsində mübahisə edildiyi halda, normativ aktın mətni; müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Lakin iddiaçı Corat Bələdiyyəsi iddia ərizəsinə öz tələblərini əsaslandırdığı hallara dair hər hansı sənəd əlavə etməmiş, yalnız iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Corat Bələdiyyəsinin Cavabdeh qarşı zəbt olunmuş yolun açılması və özbaşına tikilinin sökülməsi tələbinə dair ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Corat Bələdiyyəsinin Cavabdeh qarşı zəbt olunmuş yolun açılması və özbaşına tikilinin sökülməsi tələbinə dair ərizəsi geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar