Məhkəmə qərarları › İş №2(060)-5239/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5239/2021

08.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5239/2021 08.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, Ərizəçi DSMF-nin Sumqayıt şəhər şöbəsini maraqlı şəxs qismində cəlb etməklə “hüquqi faktın müəyyən edilməsinə dair” ərizəsini məhkəmə iclasından kənar qaydada nəzərdən keçirib müəyyən etdi: Ərizəçi DSMF-nin Sumqayıt şəhər şöbəsini maraqlı şəxs qismində cəlb etməklə “hüquqi faktın müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək onun 01 aprel 1972-ci ildən 01.05.1992-ci il tarixədək Laçın rayonunun Alxaslı kəndində yerləşən Qızıl Ordu kolxozunda kolxozçu işləməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmə qaydasında baxılmalı olmadığından ərizəni qəbul etməkdən imtina olunmalıdır. Ərizəyə əlavə edilmiş Laçın rayon İcra hakimiyyəti Laçın rayon Dövlət Arxivindən verilmiş 06 saylı 19.03.2021-ci il tarixli arayışdan görünür ki, Laçın rayon Alxaslı kənd Qızıl ordu kolxozunun arxiv sənədlərinə əsasən Ərizəçi həmin koxozda mexanizator işləmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «X1» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydalarının 2.5-cü bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Eləcə də qeyd edirəm ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixi 186 nömrəli qərarı ilə təsdiq edilmiş «İşçilərin əmək kitabçasının forması və onun tərtibi» Qaydalarının 3.5-ci bəndinə görə əmək kitabşasında işə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. Əsasnamənin 3.7-ci bəndinə görə əgər əmək kitabçasında səhvə yol vermiş, yaxud qeyri dəqiq yazılış aparmış hüquqi şəxs ləğv edilmişdirsə, düzəlişlər hüquqi varis tərəfindən, hüquqi varis olmadığı hallarda isə onun tabe olduğu yuxarı orqan tərəfindən aparılır. 3.10-cu bəndinə əsasən əmək kitabçası oğurlandıqda, yandıqda, itdikdə, yararsız hala salındıqda, işçi işə yenidən bərpa edildikdə qanunvericiliklə müəyyən edilən qaydada işçinin xahişi ilə ona əmək kitabçasının dublikatı verilməlidir. Hesab edirəm ki, ərizəçi əmək fəaliyyətinin müəyyən edilməsi ilə bağlı müvafiq səlahiyyətli orqana müraciət etməli, tələb olunan qeyd həmin qurum ləğv edildiyi halda hüquqi varis tərəfindən, hüquqi varis olmadığı hallarda isə onun tabe olduğu yuxarı orqan tərəfindən aparılır. Əmək fəaliyyəti barədə qeydin aparılmasından imtina edildikdə və ya bu qeydin aparılması mümkün olmadıqda ərizəçi məhkəməyə müraciət edə bilər. Araşdırılan ərizə və əlavə edilmiş sənədlərdən mübahisələndirilən əmək fəaliyyəti barədə qeydin aparılmasının mümkün olmaması barədə müvafiq səlahiyyətli qurumun imtinasının olduğu görünmür. Həmçinin izah olunur ki, ərizəçinin əmək pensiyasının təyin edilməsindən imtina ilə bağlı müvafiq səlahiyyətli subyektə qarşı qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəmədə mübahisə qaldıra bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim ərizənin yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263-264, 268-cı maddələrinə rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi DSMF-nin Sumqayıt şəhər şöbəsini maraqlı şəxs qismində cəlb etməklə “hüquqi faktın müəyyən edilməsinə dair” ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina olunsun. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar