Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-524/2022 19.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 1 ünvanına istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 60 saylı evin 22 saylı mənzilinin əsas kirayəçisi 14.04.1975-ci il tarixli 10/112 saylı orderə əsasən anası X4 olmuşdur. Anası 10.06.2012-ci il tarixdə vəfat etmişdir. Həmin mənzildə hazırda o, ailə üzvlərilə birlikdə yaşayır. Mənzilin bütün kommunal xərcləri onun tərəfindən ödənir. Qardaşı Cavabdeh uşaq vaxtı Bərdə rayonunda xalasının yanında yaşamış, sonradan məktəbə onların mənzilindən getmiş, 1988-ci ildə əsgərlikdən gələndən sonra isə yenə də daimi olaraq yaşamaq üçün rayona xalasının yanına getmiş, orda evlənmişdir. Bütün bunlara baxmayaraq, o, mənzildə pasport qeydiyyatında qalmaqla bərabər həm də həyat yoldaşını, uşaqlarını, nəvələrini də mənzilə qeydiyyata saldırmışdır. Amma o, 1988-ci ildən daimi yaşamaq üçün rayona köçməklə və bütün bu illər ərzində daimi olaraq orda yaşamaqla mübahisəli mənzilə istifadə hüququnu itirmişdir. Sonradan isə övladsız xalasının rayondakı evini sataraq gəlib Sumqayıt şəhərində özlərinə fərdi yaşayış evi tikmişlər və orada yaşayırlar. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddiaya etiraz təqdim edərək etirazında göstərmişdir ki, iddianı qəbul etmir. Belə ki, mübahisəli mənzil ünvan 1-də yerləşməklə 2 otaqlıdır. İddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyildir. Həmin mənzil Sumqayıt şəhər XDS-nin İK-nin 11.04.1975-ci il tarixli, 10 saylı protokolundan çıxarışına əsasən, 1962-ci ildən kommunal təsərrüfatları trestində xadiməçi işləmiş anası X2 üç nəfər ailə üzvlərinə verilmişdir. O, həmin mənzildə yaşamış, həmin mikrorayonda yerləşən 23 saylı tam orta məktəbdə təhsil almışdır. Sonradan ordu sıralarında xidmət edib qayıtdıqdan sonra da həmin mənzildə yaşamışdır. Sumqayıtda zavodlarda işləmişdir. Ailə qurduqdan sonra da bir müddət həmin mənzildə yaşadıqdan sonra artıq münaqişə yarandığı üçün o, müvəqqəti kirayəyə çıxmışdır. Çünki anası xəstə olmuş, onun əsəbləşməsini istəməmişdir. Anası rəhmətə getdikdən sonra o, qardaşına təklif etmişdir ki, onun da ailəsi böyükdür, özünün də ailəsi var, mənzili özəlləşdirib sataraq pulu bölünsun və ya qardaşı ona 15000 manat versin, o da torpaq sahəsi alıb özü üçün yaşayış sahəsi düzəltsin. Lakin iddiaçı buna razılıq verməyib bildirmişdi ki, ev təkcə ona düşür. İndi isə bu cür əsassız və qanunsuz iddia ilə məhkəməyə müraciət edib. Hal-hazırda həmin mənzilə ondan başqa, daha 6 nəfər ailə üzvlərinin rəsmi qeydiyyatı olmaqla hüquqları vardır. İddiaçının ailə üzvləri həmin mənzilə qeydə alınmamışdan əvvəl onlar orada yaşayış və istifadə hüququ ilə yaşamışlar. İddiaçının təqsiri üzündən ailədə baş vermiş münaqişələr nəticəsində həmin mənzili tərk etməyə məcbur olmuşlar. Və o, hal-hazırda faktiki küçədə yəni müvəqqəti gecəqonduda qalmış və həmin mənzilə hüquqlarını bərpa edə bilməmişdir. Bu mənzil onların yeganə yaşayış sahəsidir. Sumqayıt Bələdiyyəsi tərəfindən də ona ev tikintisi üçün nə torpaq sahəsi, nə bağ torpaq sahəsi, nədəki digər məqsədlər üçün torpaq sahəsi ayrlmamışdır. Onu hal-hazırda öz evinə buraxmırlar. Onun isə mübahisəli mənzildə yaşamaq hüququ var. Ona görə də, o, məhkəmə qaydasında həmin mənzilə hüququnun bərpası, köçürülməyini tələb edir. Göstərilənləri Sumqayıt Bələdiyyəsinin arayışları, hərbi bileti, əmək kitabçasının surəti, fotoşəkillər və sairə bir daha sübüt edir. Həmçinin əlavə olaraq qeyd edir ki, o, əvvəl xalası ilə birlikdə Bərdədə yaşamışdır, xalasının yoldaşı vəfat etdikdən sonra Sumqayıt şəhərinə gəlimş və bir daha Bərdəyə geri dönməmişdir. Bərdə şəhərindən geri döndükdən sonra 1989-cu il tarixədək qeyd olunan mənzildə yaşamışdır. Ailə qurduqdan sonra həmin evdən köçərək, 2-ci mikrorayonda bir otaqdan ibarət mənzildə kirayəçi olaraq təxminən 2000-ci il tarixədək yaşamışdır. 2000-ci ildən hazırki tarixədək Ağbaba adlanan (Xəzri) ərazidə gecəqonduda yaşayır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında əlavə olaraq bildirdi ki, təxminən 1997-ci il tarixədək daimi olaraq bu mənzildə ailəsi ilə birlikdə yaşamışdır. Sonra iddiaçı olan qardaşı İlqar evlənmiş və iki ailənin birlikdə yaşaması mümkün olmamış, evdə söz-söhbət olmuş, bu səbəbdən də o, ailəsi ilə birlikdə mənzildən çıxmışdır. O, həmin dövrdə müxtəlif ünvanlarda kirayədə yaşamışdır. O, bu müddət ərzində mübahisəli mənzilə daima gedib-gəlmişdir. 2000-ci ildə Xəzri yaşayış massivində torpaq tutaraq orada ev tikmiş və həmin vaxtdanda ailəsi ilə orada yaşayırlar. Lakin həmin torpaq sahəsinin və evin sənədi yoxdur, özbaşına tikilidir, istənilən vaxt sökülə bilər. Odur ki, mübahisəli mənzilə yaşayış hüququnun bərpa edilməsini və iddianın rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: Sumqayıt şəhər X3 İcraiyyə Komitəsinin mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 10/112 saylı, 14.04.1975-ci il tarixli orderinin təsdiq olunmuş surətindən görünür ki, X2 2 nəfər ailə üzvü daxil olmaqla yaşayış sahəsinə ehtiyaclarının ödənilməsi məqsədilə ünvan 2 ünvanında yerləşən 22 saylı mənzil ayrılmışdır. AZ-İ seriyalı, 543074 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 10.06.2012-ci il tarixdə vəfat etmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 14 saylı MKS tərəfindən verilmiş 30 saylı 12 aprel 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı, Cavabdeh ünvan 2 ünvanında yerləşən 22 saylı mənzildə qeydiyyatdadırlar. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, mübahisə predmeti olan mənzil order əsasında 14.04.1975-ci il tarixdə tərəflərin mərhum anası X1 istifadəsinə ayrılmış, tərəflər ailə üzvü kimi birlikdə həmin tarixdən etibarən mənzildən istifadə edib yaşamağa başlamışlar, təxminən 1997-ci il il tarixdən etibarən cavabdeh mübahisəli mənzildə yaşamır. X4 10.06.2012-ci il tarixdə öldükdən sonra mənzildən iddiaçı daimi istifadə etməklə yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə yuxarıda şərh olunan işin hallarına və ifadə olunmuş hüquq normalarına əsaslanaraq hesab edir ki, araşdırılan hüquq münasibətləri 2000-ci il tarixədək əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Məhkəmə işin hallarını qiymətləndirərək qeyd edir ki, məsələnin qanuni həlli üçün ilk öncə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırmalıdır. Hüquqi nəzəriyyə görə subyektiv mənada hüquq normativ – hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüqüqun ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalınz qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mənzil Məcəlləsinin 60-cı maddəsinin 6-cı hissəsinə əsasən şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, araşdırılan mübahisə üzrə iddiaçı mübahisə predmeti olan mənzildə daimi yaşamaqla daimi istifadəçi kimi məhkəmədə iddia hüququna malikdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallarından göründüyü kimi mənzil order əsasında tərəflərin mərhum anasının istifadəsinə ayrıldığı vaxtdan iddia üzrə Cavabdeh mübahisəli mənzildə bir müddət yaşamış, lakin 1997-ci ildən daimi olaraq evdən köçüb getmişlər, artıq iyirmi ildən artıqdır ki, cavabdeh özünə başqa yaşayış yeri seçmişdir. Cavabdeh izahatında göstərdiklərindən də göründüyü kimi özünə məxsus daimi yaşayış yeri vardır. Göstərilən müddət ərzində, yəni ötən iyirmi ildən artıq bir vaxtda cavabdeh mənzilə köçməklə bağlı mübahisə açmamış, mənzillə bağlı hər hansı iddia ilə çıxış etməmiş, yaşayış sahəsinə ehtiyacının olmasını və bu ehtiyacı həmin evdən istifadə etməklə qarşılamaq niyyətini göstərməmişdir. Bu isə cavabdehin mənzilə ehtiyacının aradan qalxdığını və başqa yaşayış yerinin olması qənaətinə gəlməyə əsas verən hal kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildən uzun müddət (iyirmi ildən artıq müddətə) və davamlı olaraq könüllü istifadə etməməsi yaşayış sahəsinə olan ehtiyacın aradan qalxması nəticəsinə gəlməyə əsas verir. Odur ki, iddia əsaslı hesab edilməli və təmin edilməli, Cavabdeh ünvan 2 ünvanında yerləşən 22 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh ünvan 2 ünvanında yerləşən 22 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-524/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-524/2022
19.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver