Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5242/2021 27.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə 27 iyul 2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sumqayıt şəhəri, 13-cü mikrorayon ünvanında yerləşən 28 saylı evin 36 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon ünvanında yerləşən, 28 saylı evin, 36-cı mənzili mülkiyyət hüququ ilə ona məxsusdur. Sözügedən mənzil ona Order əsasında 26 iyun 1986-cı ildə verilmişdir. Hal-hazırda həmin mənzildə oğlu Cavabdeh2 və onun həyat yoldaşı Cavabdeh1 qeydiyyatdadırlar. Oğlu Cavabdeh2 və gəlini Cavabdeh1 mənzildə qeydiyyatda olsalar da 2017-ci ildən İsrail Respublikasına yaşamaq üçün çıxıb getmişlər. Həmin vaxtdan onlar mənzildə yaşamırlar və onların qeydiyyatları formal xarakter daşıyır. Cavabdeh2 və Cavabdeh1 mənzilində qeydiyyatda olmaları mənzil hüququnun həyata keçirilməsinə mane olur, əlavə xərclər çəkilməsinə səbəb olur. Hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Sumqayıt şəhəri, 13-cü mikrorayon ünvanında yerləşən, 28 saylı evin, 36-cı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməlidir. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məlum olan axırıncı yaşayış yeri üzrə ünvanına məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilsə də, bildirişlərin üzərinə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 15 saylı Mənzil Kommunal Sahəsi tərəfindən onların həmin ünvanda yaşamaması barədə qeyd yazılaraq, bildirişlər məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 09.03.2021-ci il tarixli, ******* nömrəli arayışından görünür ki, İddiaçı, Cavabdeh1, Cavabdeh2 və digər şəxslər ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan 26 iyul 1986-cı il tarixli 13/279 nömrəli orderin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 İddiaçı və onun ailə üzvlərinin istifadəsinə verilmişdir. Məhkəmə sorğusu əsasında məhkəməyə ünvanlanmış Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 13.07.2021-ci il tarixli, 33/2406 nömrəli məktubundan görünür ki, dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında Cavabdeh1 sonuncu dəfə 03.01.2017-ci il tarixdə İsrail istiqamətinə, Cavabdeh2 isə sonuncu dəfə 17.11.2019-cu il tarixdə İsrail istiqamətinə çıxışı qeydə alınmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 1 order əsasında İddiaçı istifadəsinə ayrılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının mübahisəli yaşayış sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, iddiaçının həmin mənzilə gözlənilən mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “X2rşı” məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. Həmin məhkəmə “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və X1 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Avropa Məhkəməsinin qeyd olunan hüquqi mövqeyini nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5ci maddəsinə müvafiq olaraq ərizəçi mənzilin özəlləşdirilməsindən ümumi mülkiyyət payı almaq barədə əsaslı və “qanuni gözləntiyə” malik olduğu üçün onun bu marağı “İnsan Hüquqlarının və X1 Haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə “mülkiyyət” anlayışına daxildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 27.05.2003-cü ildə “Qarrax Çexiyaya qarşı” iş üzrə qəbul etdiyi Qərarında isə nümayiş etdirdiyi mövqeyə görə “real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ” mülkiyyət hüququ kimi qiymətləndirilir. Eyni zamanda məhkəmə hesab edir ki, hazırki iş üzrə mübahisəli hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixədək yarandığından hazırki mübahisə həmin tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları əsasında həll edilməlidir. 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 6-cı hissəsinə görə şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ-ci hissəsini məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və onun ailə üzvlərinin müvəqqəti o, cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Mübahisənin həlli, yəni cavabdehlərin mübahisəli mənzildən olan istifadə hüququnun itirilib-itirilməməsinin müəyyən edilməsi üçün onun bu yaşayış sahəsini tərk etməsinin səbəbləri araşdırılmalı və bu tərk etmənin daimi və yaxud müvəqqəti əsaslarla olmasına qiymət verilməlidir. Belə ki, bu münasibətləri tənzimləyən yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri baxımından bu kateqoriya işlər üzrə əsas şərt icarəçi və ya qeydiyyatda olan şəxslərin mənzildə 6 ay və daha artıq müddətdə üzrsüz səbəbdən yaşamamasını və hüquqları mübahisələndirilən şəxslərin başqa yerdə daimi yaşayış yerlərinin olmasını sübut etməkdir. Bu baxımdan məhkəmə iş materiallarında olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, cavabdehlər mübahisəli mənzili məhz daimi əsaslarla tərk etmişdir. Belə ki, onlardan birinin 2017-ci ildən, digərinin isə 2019-cu ildən sözügedən mənzildə yaşamaması ilk növbədə iş materiallarında olan cavabdehlərin dövlət sərhədindən hərəkəti barədə məlumatla təsdiq olunur. Digər tərəfdən cavabdehlər mübahisəli mənzili məcburi olaraq deyil, könüllü olaraq tərk etmişdir. Belə ki, onlar bu müddət ərzində mənzilə köçürülmə barədə iddia qaldırmamış və ya mənzildən istifadəyə maneə törədilməsi ilə bağlı hər hansı orqana şikayət etməmişdir. Bu isə, cavabdehlərin müvəqqəti deyil, məhz daimi əsaslarla mübahisəli mənzildən köçməsi faktını təsdiq edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanına istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 13-cü mikrorayon, 28 saylı evin 36 saylı mənzilindən istifadə hüququna xitam verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıveriyeva
Məhkəmə qərarları › İş №2(060)-5242/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5242/2021
27.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver