Məhkəmə qərarları › İş №2(060)-525/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-525/2023

24.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-525/2023 24.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı mənzildən çıxarılma və digər tələblərinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə ünvanında yerləşən, 4 otaqlı, 188.18 m2 ümumi, 45.36 m2 yardımçı sahədən ibarət 60 №-li fərdi yaşayış evindən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş, cavabdehə məxsus Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə ünvanında yerləşən, 4 otaqlı, 188.18 m2 ümumi, 45.36 m2 yardımçı sahədən ibarət 60 №-li fərdi yaşayış evinə Ağdam Rayon Məhkəməsinin 2(013)-1011/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən tutma yönəldilmişdir. Əmlaka dair bankın mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-da qeydə alınmış və çıxarış verilmişdir. Əmlakın bankın mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdeh mənzildən çıxmaqdan imtina edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllədə yerləşən 60 saylı evin mülkiyyətçisi İddiaçı ASC-dir və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2021-ci ildə qeydiyyata alınmışdır. - Ağdam Rayon Məhkəməsinin 2(013)-1011/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanmış xx.xx.2015ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 17666,7 ABŞ dolları əsas, 5561,44 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə - cəmi 23428 ABŞ dollar 14 sent, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının "xxxx" İKB ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh məxsus Sumqayıt şəhəri Kotec qəsəbəsi, 20-ci məhəllə ünvanında yerləşən, 4 otaqlı, 188,18 kv.m ümumi, 45,36 kv.m yaşayış, 142,81 kv.m yardımçı sahədən ibarət 60 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh "xxxx" İKB ASC-yə olan borcunun ödənilməsi, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 75000 manat müəyyən edilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədikdə qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus Sumqayıt şəhəri Kotec qəsəbəsi, 20-ci məhəllə ünvanında yerləşən, 4 otaqlı, 188,18 kv.m ümumi, 45,36 kv.m yaşayış, 142,81 kv.m yardımçı sahədən ibarət 60 nömrəli fərdi yaşayış evinə yönəldilkdə və o satıldıqdan 1 ay sonra Cavabdeh Sumqayıt şəhəri Kotec qəsəbəsi, 20-ci məhəllə ünvanında yerləşən, 4 otaqlı, 188,18 kv.m ümumi, 45,36 kv.m yaşayış, 142,81 kv.m yardımçı sahədən ibarət 60 nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi, iddianın cərimə borcuna görə 5353.06 ABŞ dolları, kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış əldən çıxmış faydaya görə 1728.55 ABŞ dolları tələbinə dair hissəsinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir. - İş üzrə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli müqavilənin surətinə əsasən Cavabdeh məxsus Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllədə yerləşən 60 saylı ev 47813 manata İddiaçı ASC-yə satılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə ünvanında yerləşən, 4 otaqlı, 188.18 m2 ümumi, 45.36 m2 yardımçı sahədən ibarət 60 №-li fərdi yaşayış evi xx.xx.2021-ci il tarixli çıxarışa əsasən İddiaçı ASC-yə məxsusdur. Cavabdeh həmin mənzildə yaşayır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.Həmin maddənin İV hissəsinə görə də heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən “Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir”. Azərbaycan Respublikası Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər.1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Broniovski Polşaya qarşı” işdə (22 iyun 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, mübahisəli əmlak ipoteka ilə yüklü edildiyindən, hazırda həmin mənzil iddiaçının mülkiyyətində olduğundan cavabdehin orada yaşaması birincinin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququnun pozulmasına gətirib çıxarır. Qanunvericilik mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulması zamanı ipoteka qoyanın və onunla birlikdə yaşayan ailə üzvlərinin, digər şəxslərin həmin yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrini müəyyən etmiş, bu müddəaya hər hansı bir qeyd şərt nəzərdə tutulmamışdır. Öhdəlik götürüldüyündə mənzilin (evin) tərk edilməsi də ayrıca əsas kimi, həmçinin ipotekanın kreditin qaytarılması üçün qoyulmadığı hal üçün müəyyən edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə ünvanında yerləşən, 4 otaqlı, 188.18 m2 ümumi, 45.36 m2 yardımçı sahədən ibarət 60 №-li fərdi yaşayış evindən çıxarılsın və bu mənzil boşaldılaraq İddiaçı ASC-yə təhvil verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar