Məhkəmə qərarları › İş №2(060)-5258/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5258/2021

31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5258/2021 31.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh Niyazov Elçin Güloğlan oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh3 v ə Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-in xeyrinə 2020-ci il 30 yanvar tarixli kredit müqaviləsi üzrə 184.874.05 manat əsas, 32.170.53 manat faiz, 1214.47 manat cərimə borcu olmaqla ümumilikdə 218.259.05 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanm Cavabdeh2 mülkiyyətindəki Sumqayıt şəhəri, Şəmşad Pənahov küçəsində yerləşən, 5 otaqlı, 293.2 kv.m ümumi, 83.6 kv.m yaşayış, 209.6 kv.m yardımçı sahədən ibarət 62 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evininin açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, Şəmşad Pənahov küçəsində yerləşən, 5 otaqlı, 293.2 kv.m ümumi, 83.6 kv.m yaşayış, 209.6 kv.m yardımçı sahədən ibarət 62 nömrəli fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçıASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 mülkiyyətindəki Sumqayıt şəhəri, Şəmşad Pənahov küçəsində yerləşən 62 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh4 həmin fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və Cavabdeh4 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi, “Yelo Bank “ ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 yanvar 2020-ci il tarixli Baş kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə yazılı vəsatət verərək mülki işin aidiyyəti üzrə baxılması üçün göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Göstərdi ki, iddia olunan kredit sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə götürülmüşdür, bu səbəbdən həmin mübahisəyə ümumi məhkəmədə baxılması qanunvericiliyin tələblərinə uyğun deyildir. İddiaçının nümayəndəsi vəsatətin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Eləcə də göstərdi ki, mübahisələndirilən kredit biznes fəaliyyəti ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 32.3-cü maddəsinə əsasən hakim özü mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. İddia ərizəsinə əlavə edilmiş Yelo Bank “ ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 yanvar 2020-ci il tarixli Kredit veriləmsinə dair razılaşmanın 2.2-ci bəndindən görünür ki, bu müqaviləyə əsasən kredi borcalana əsas və dövriyyə vəsaitinin artırılması, …. məqsədi ilə verilir. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, «Kredit Sifarişinin Qiymətləndirməsi Forması» Biznes göstərilmişdir. İnternet Vergi İdarəsininin məlumatından görünür ki, Cavabdeh1 vergi ödəyicisi kimi uçota alınmışdır (VÖEN **********) “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18.09.2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Göründüyü kimi mübahisə predmeti olan kredit istehlak krediti deyildir, kredit müqaviləsinin tərəfi olan Cavabdeh1 vergi ödəyicisi olmaqla kreditin sifarişi bizneslə, yəni sahibkarlıq fəaliyyəti ilə bağlı olmuşdur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisə üzrə hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyəti ilə əlaqədar olması nəticəsinə gəlməyə əsas verir, mövcud mübahisə üzrə kreditin ayrılıması sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan, cavabdeh tərəfin vəsatəti təmin edilməli və iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. MPM-nin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3-cü maddənin tələbinə görə işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 32, 45, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Cavabdeh Niyazov Elçin Güloğlan oğlunun nümayəndəsi və vəkili Vəkil vəsatəti təmin edilsin. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə 2(060)-5258/2021 saylı mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar