Məhkəmə qərarları › İş №2(060)-5262/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5262/2025

06.11.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5262/2025 06.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinin “Etilen-Polietilen” zavoduna qarşı müavinətin ödənilməsi tələbinə dair iddia ərizəsinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinin “Etilen-Polietilen” zavoduna qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 65 yaşda pensiya yaşına çatdığına görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı orta aylıq əmək haqqısının 5 misli məbləğində birdəfəlik müavinətin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh müəssisədə böyük energetik vəzifəsində işləmişdir. Pensiya yaşına çatdığına görə iddiaçının müraciəti əsasında xx.xx.2025-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. SOCAR və ANQSİHİRK arasında bağlanmış “2024-2026-cı illər üçün X2”nin 5.15-ci və "xxxx" İB və Həmkarlar İttifaqı Komitəsi arasında bağlanmış “2024-2026-cı illər üçün X1”nin 5.13-cü bəndlərinə əsasən pensiya yaşına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş işçilərə orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsi nəzərdə tutulub. Lakin iddiaçıya müavinət verilməmişdir. Bunun səbəbi kimi iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxması göstərilmişdir. İddiaçı hesab edir ki, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi orta aylıq əmək haqqının müvafiq misli məbləğində birdəfəlik müavinətin verilməməsi üçün əsas deyildir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Cavabdehin iddiaya etirazı isə belə əsaslandırılmışdır ki, iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən yaş həddinə çatmış, lakin həmin vaxt bir ay müddətində əmək münasibətlərinə xitam verilməsini xahiş etməmişdir. Bundan sonra ümumi əsaslarla pensiya yaşı hesab edilən 65 yaşına çatdıqdan sonra əmək müqaviləsinə xitam verilməsini xahiş etməsi iddiaçıya orta aylıq əmək haqqısının 5 misli məbləğində müavinət verilməsi üçün əsas təşkil etmir. Buna görə də iddia təmin oluna bilməz. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddiaya etiraz edərək onun rədd olunmasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt ŞPİ QŞVŞ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə Ağsu rayonunda doğulmuşdur. - xx.xx.1978-ci ildə açılmış iddiaçıya məxsus AT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdə "xxxx" İstehsalat Birliyinin “Etilen- Polietilen” zavodunda 12-ci dərəcəli energetik vəzifəsinə təyin edilmiş, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi rəhbər tutularaq və yaşa görə əmək pensiyasına çıxması nəzərə alınaraq əmək müqaviləsinə xitam verilmişdir. - "xxxx" İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun 14-2-3-1/1-A-xx-xx/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı ilə eyni statusda olan işçilərə də 5 misli birdəfəlik işdənçıxma müavinətinin ödənilməsi üçün "xxxx" İstehsalat Birliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) məktubla müraciət olunmuşdur. Müraciətə cavab olaraq bildirilmişdir ki, güzəştli şərtlərlə əmək pensiyası alan işçilər 65 yaşının tamam olması ilə bağlı əmək müqaviləsinə xitam verilərkən SOCAR-ın və ANQSİHİRK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli əmrqərarı, eləcə də SOCAR-ın və ANQSİHİRK-nin Sahə (tarif) Kollektiv Sazişinin 5.16. bəndi yuxarıda qeyd edilən işçilərə şamil edilmir. Əvvəllər güzəştli şərtlərlə pensiya təyin olunduğundan 65 yaşın tamam olması ilə bağlı əmək müqaviləsinə xitam verilərkən 5 misli birdəfəlik işdənçıxma müavinəti ödənilməmişdir. - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmık pensiyası təyin edilmişdir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı xx.xx.2011-ci il tarixdə "xxxx" İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunda 12-ci dərəcəli energetik vəzifəsinə təyin edilmiş, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi rəhbər tutularaq və yaşa görə əmək pensiyasına çıxması nəzərə alınaraq əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı bildirir ki, "xxxx" İB və Həmkarlar İttifaqı Komitəsi arasında bağlanmış “2024- 2026-cı illər üçün X1”nə əsasən pensiya yaşına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş işçilərə orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsi nəzərdə tutulub, lakin ona müavinət verilməmişdir. Bunun səbəbi kimi iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxması göstərilmişdir. İddiaçı hesab edir ki, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin verilməməsi üçün əsas deyildir. Cavabdeh isə iddiaya etiraz edərək, iddiaçının 2010-cu ildə güzəştli şərtlərlə pensiya hüququ verən yaş həddinə çatdığını, lakin həmin vaxt bir ay müddətində əmək münasibətlərinə xitam verilməsini xahiş etmədiyini, bundan sonra ümumi əsaslarla pensiya yaşı hesab edilən 65 yaşına çatdıqdan sonra əmək müqaviləsinə xitam verilməsini xahiş etməsinin iddiaçıya orta aylıq əmək haqqısının 5 misli məbləğində müavinət verilməsi üçün əsas təşkil etmədiyini bildirir. Hazırda iddiaçının tələbi orta aylıq əmək haqqısının 5 misli məbləğində müavinətin cavabdehdən tutularaq ona ödənilməsindən ibarətdir. İddianın hüquqi əsasını Əmək Məcəlləsinin 292-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən, işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər (maddə 292.1.). Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər (maddə 292.2.). Əmək Məcəlləsinin 288-ci maddəsinin “d” bəndində həmin Məcəllə ilə tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həllinin nizama salındığı məsələlərdən biri kimi əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, iddiaçı, əmək müqaviləsinə xitam vermiş cavabdeh müəssisədən orta aylıq əmək haqqının 5 misli məbləğində müavinətin ödənilməsini tələb etmək üçün subyektiv hüquqa malikdir. "xxxx" İstehsalat Birliyi “Etilen- Polietilen” zavodu işəgötürən kimi hazırki tələbə cavab verməli olan şəxsdir. İddiaçı tələbinin əsası kimi "xxxx" İstehsalat Birliyi və Həmkarlar İttifaqı Komitəsi arasında “2024- 2026-cı illər üçün X1” bağlanmasına və həmin kollektiv müqavilədə işçilərə qanunvericiliklə nəzərdə tutulmuş pensiya yaşına çatdıqdan sonra 1 ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam vermək imkanı təklif edilməsi, şəxsin bu imkandan istifadə etdiyi halda isə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinət verilməsinin nəzərdə tutulmasına dair 5.13-cü bəndinə istinad etmişdir. “Azərkimya” İB və Həmkarlar İttifaqı Komitəsi arasında bağlanmış “2024-2026-cı illər üçün X1”nin 5.13-cü bəndinə əsasən, ştat vahidlərinin mütərəqqi normativlər hesabına təkmilləşdirilməsi və işçilərin say tərkibinin optimallaşdırılması ilə əlaqədar tədbirlərin həyata keçirilməsi nəticəsində AR ƏM-nin 70-ci maddəsinin “a” (müəssisə ləğv edildikdə) və “b” (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) bəndlərinə, o cümlədən əmək fəaliyyətini dəniz obyektlərində həyata keçirən şəxslərin struktur dəyişiklikləri ilə əlaqədar quru obyektlərində yerləşdirilməsi ilə bağlı AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “c” (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş (SOCAR üzrə sosial dayanıqlığının təmin olunmasına dair proqrama qoşulan şəxslər istisna olmaqla), habelə qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinət verilməsi nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin 3-cü maddəsinin 16-cı bəndinə əsasən, fərdi əmək mübahisəsi – əmək müqaviləsinin, kollektiv müqavilənin və sazişin şərtlərinin, tərəflərin öhdəliklərinin yerinə yetirilməsi, habelə bu Məcəllənin və digər normativ hüquqi aktların tətbiqi zamanı fərdi qaydada işəgötürənlə işçi arasında yaranan fikir ayrılığıdır. Həmin Məcəllənin 7-ci maddəsinin 3-cü bəndinə əsasən, kollektiv müqavilələrdə, sazişlərdə, habelə əmək müqavilələrində əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial, iqtisadi, maddi-məişət və digər münasibətləri əhatə edən əmək şəraiti nəzərdə tutula bilər. Əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin daxil edilməsi yolverilməzdir. Belə şərtlərin tətbiqi nəticəsində işçilərə dəyən maddi və digər ziyan işəgötürən tərəfindən tam ödənilir. Həmin Məcəllənin 12-ci maddəsinin “ç” bəndinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biri kollektiv müqavilələrin, sazişlərin şərtlərinə, onlarda nəzərdə tutulmuş öhdəliklərə əməl etməkdir. Həmin Məcəllənin 24-cü maddəsinin 1-ci bəndinə əsasən, bu Məcəllədə nəzərdə tutulan qaydada bağlanmış kollektiv müqavilənin və sazişin şərtləri tərəflər və bu şərtlərin aid edildiyi iş yerləri üçün məcburidir. Həmin Məcəllənin 10-1.1-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Cavabdehin mübahisə üzrə etirazı ondan ibarətdir ki, iddiaçının yaşla əlaqədar güzəştli şərtlərlə əmək pensiyası hüququ uzun müddətdir (2010-cu il tarixindən etibarən) əmələ gəldiyindən iddiaçıya əmək haqqının 5 mislini ödəmək üçün kollektiv müqavilədə nəzərdə tutulan şərt mövcud deyil. İşin müəyyən edilmiş hallarına görə iddiaçı ilə əmək müqaviləsinə sonuncunun öz xahişinə əsasən Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verilmişdir. Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. İddiaçı belə hesab edir ki, qeyd olunan kollektiv müqaviləyə əsasən yaranmış hüququndan istifadə etməmiş, 2010-cu ildən güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranmasına baxmayaraq, əmək münasibətlərini davam etdirmişdir. Müavinətin verilməsi kollektiv müqavilə ilə nəzərdə tutulduğundan işçinin güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması onun bugünkü gün müqavilədə istinad olunan müavinəti almaqdan imtina üçün əsas ola bilməz. Çünki nə qanunvericilik müstəvisində, nə də kollektiv müqavilədə belə halda bu müavinəti almaqdan məhrum edilmələri ilə bağlı hər hansı bir qeyd-şərt yoxdur. Həmçinin iddiaçıya müavinətin verilməməsi ona qarşı ayrıseçkilikdir. Məhkəmə iddiaçının bu dəlilləri ilə razılaşmayaraq bildirir ki, “Əmək pensiyaları haqqında” Qanunun 4.1-ci maddəsinə görə əmək pensiyalarının 3 növü vardır: yaşa görə əmək pensiyası; əlilliyə görə əmək pensiyası; ailə başçısını itirməyə görə əmək pensiyası. Hazırki iş yaşa görə əmək pensiyası ilə bağlı olduğu üçün mübahisəyə də həmin pensiya üzrə qanunvericiliyin müəyyən etdiyi qaydalara diqqət yetirilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1 dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, Qanunun 7-ci maddəsi kişi və qadınların hansı yaşda və hansı şərtlər daxilində yaşa görə əmək pensiyası hüququnu müəyyən edib. Eyni zamanda, Qanunun 8 və 9-cu maddələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslərin də dairəsini müəyyən edib. Qanunun 8-ci maddəsi uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslərlə bağlıdır ki, bu normanın hazırki işə aidiyyəti yoxdur. Həmin Qanunun hazırkı işə aid olan 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 8 və 9-cu maddələrinin adından və məzmunundan da görünür ki, həmin normada müəyyən edilən əmək pensiyası yaşa görədir, lakin sosial həssaslıq və iş şəraiti baxımından işçinin yaşa görə daha tez pensiya çıxmasına imkan verir. Başqa sözlə, işçinin sosial həssaslıq və iş şəraiti baxımından güzəştli şərtlərlə daha tez yaşda pensiya hüququ, elə yaşa görə pensiyadır. Çünki həmin maddələrdə qeyd edilən şərtlər (sosial həssaslıq və iş şəraiti) mövcud olsa belə, bu, özlüyündə işçinin əmək pensiyası hüququnu yaratmır, bunun üçün işçinin müəyyən yaş həddinə çatması da zəruri şərtdir. İşin müəyyən edilmiş halına görə iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ güzəştli şərtlərlə daha əvvəl yaranmış, iddiaçı əmək münasibətlərini davam etdirmiş və ümumi pensiya yaşına çatdıqda əmək müqaviləsinə öz xahişi ilə müavinət ödənilməklə xitam verilməsini xahiş etmişdir. Bundan başqa məhkəmə nəzərə alır ki, hər hansı əlamətə görə, o cümlədən əmək münasibətlərində ayrı-seçkiliyə yol verilməsi Konstitusiyanın 25-ci maddəsinin İİİ hissəsi və Əmək Məcəlləsinin 16-cı maddəsi ilə qadağan edilir. Belə bir faktın müəyyən edilməsi işin digər halları nəzərə alınmaqla əmək münasibətlərindən doğan tələblərin təmin edilməsini istisna etmir. Bununla belə, hər bir halın ayrı-seçkilik kimi qiymətləndirilməsi üçün ilk növbədə həmin hala əsas verən xüsusatlar müəyyən edilməlidir. Hazırki işin halları baxımından, cavabdehin iddiaçı ilə eyni vəziyyətdə olan digər işçiyə fərqli münasibət göstərərək öz təşəbbüsü ilə müavinət verməsi müəyyən edilmir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehin iddiaya qarşı etirazının dəlilləri əsaslıdır. İddiaçı pensiya yaşına onun güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yarandığı zaman çatmışdır. Sonradan 65 yaşına çatması ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsini xahiş etməsi onun cavabdehdən orta aylıq əmək haqqının 5 misli məbləğində müavinət tələbi üçün əsas yaratmır. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı 65 yaşda pensiya yaşına çatdığına görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı orta aylıq əmək haqqısının 5 misli məbləğində birdəfəlik müavinətin cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360- cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinin “Etilen-Polietilen” zavoduna qarşı 65 yaşda pensiya yaşına çatdığına görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı orta aylıq əmək haqqısının 5 misli məbləğində birdəfəlik müavinətin cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar