Məhkəmə qərarları › İş №2(060)-5263/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5263/2025

23.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5263/2025 23.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi olmaqla daşınar əşya üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iş üzrə (açar sözlər: iddiadan imtina, inzibati məhkəmə aidiyyəti) Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi olmaqla daşınar əşya üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Tələb

1. Ərizəçi məhkəməyə müraciət edərək, “Ford Transit” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin **********07 244DT nömrəli mühərriklə birlikdə üzərində mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə; Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.4. daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında;

3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir;

4. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli Qərarı: “1. Məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır.

2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. ... 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.

4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.”

5. “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin və Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 39 nömrəli Qərarı: “4.7. Dəyişikliklər edilməsi və rəsmiləşdirilmə qaydası: ... 2) Nəqliyyat vasitəsi modeli, yaxud modifikasiyası dəyişmədən banı, mühərriki və çərçivəsi dəyişdirilərkən, həmçinin yük nəqliyyat vasitəsinin banının növü dəyişdirilərkən həmin hissələrin alınmasının qanuniliyini təsdiq edən sənədlər əsasında onların qeydiyyat əlamətləri yeni qeydiyyat şəhadətnaməsi verilməklə uçot göstəricilərində əks etdirilir, dəyişmənin tarixi, zavod markalanması və yaxud sənədlərlə təsdiq olunarsa, aqreqatın buraxılış ili göstərilir.”

Məhkəmənin mövqeyi

6. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edilməlidir.

7. Mübahisə tərəflərindən ərizəçi fiziki şəxs, maraqlı şəxs isə inzibati orqandır.

8. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 5.1-ci bəndinə görə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqandır.

10. Mübahisənin predmeti ümumi (publik) hüquq sahəsinə aid olan məsələ - inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulması ilə bağlıdır.

11. Belə ki, iş materiallarından görünür ki, BD578650 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Ford Transit” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı yük avtomobili Ərizəçi mülkiyyətindədir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində mühərrik nömrəsi BY69472 göstərilmişdir. Nəqliyyat vasitəsi texniki baxışdan keçirilərkən mühərrik nömrəsinin **********07244DT olduğu aşkar edilmiş, xx.xx.2025-ci il tarixli rəylə mühərrik nömrəsinin **********07244DT kimi qeydə alınması Sumqayıt RQİ və TBŞ-nə həvalə edilmişdir. Bundan sonra Ərizəçi qeydiyyat şəhadətnaməsinin əvəz olunması barədə Baş X3 İdarəsinə müraciət etmiş, müraciətinə baxılmaqdan imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.

12. Göründüyü kimi, ərizəçi avtomobilin mülkiyyətçisi olaraq qalmaqda davam edir və tələb sadəcə texniki göstəricilərin (hazırkı halda mühərrik nömrəsi) dəyişməsi ilə bağlıdır ki, bu halda mülkiyyət hüququnun tanınmasından yox, inzibati aktın qəbulundan imtinadan söhbət gedə bilər.

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli Qərarındakı aidiyyətin qiymətləndirmə meyarlarına uyğun olaraq, mübahisə tərəflərin ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqandır və mübahisənin predmeti hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır.

14. Odur ki, hazırkı işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbulundan imtina edilməli, ərizəçiyə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

15. Göstərilənləri və MPM-nin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi olmaqla daşınar əşya üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair ərizəsinin icraata qəbulundan imtina olunsun. Ərizəçi aidiyyəti üzrə inzibati məhkəməyə müraciət hüququ izah olunsun. xx.xx.2025-ci il tarixli, ********** saylı qəbz əsasında ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi geri qaytarılsın. Dövlət rüsumunun geri qaytarılması hissəsində qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 İdarəsinə həvalə edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar