Məhkəmə qərarları › İş №2(060)-5275/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5275/2025

30.12.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5275/2025 30.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı – qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma barədə ilkin, Cavabdeh İddiaçı qarşı ümumi birgə mülkiyyətdə olan əmlakda payların müəyyən edilməsi, ümumi birgə mülkiyyətdə olan əmlak barədə bağlanmış əqdin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv olunması barədə qarşılıqlı iddialarına dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək onun mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayondakı 20/21 saylı evin 71 saylı mənzilindən Cavabdeh çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayondakı 20/21 saylı evin 71 saylı mənzilinin mülkiyyətçisi 23 avqust 2005-ci ildən İddiaçıdur. Həmin mənzilin qeydiyyat vəsiqəsi İddiaçı adına verilmişdir. Bu mənzilin bütün kommunal xərcləri İddiaçı adına rəsmiləşdirilmişdir. Son ilə qədər də bu xərclər onun tərəfindən ödənilmişdir. İddiaçı mülkiyyətində olan mənzildə cavabdeh dəfələrlə əsasız mübahisələr salır, dəfələrlə onun və yaxın doğmalarının, hətta dünyasını dəyişən yaxınlarının valideyinlərinin belə ünvanına çox nalayiq söyüşlər söyərək təhqirlər edir. Cavabdehin iddiaçıya və onun doğmalarına qarşı etdiyi haqsızlıqlar və mübahisələr iddiaçını bütün doğmalarının və qonşuların yanında hörmətdən düşməsinə səbəb olduğundan iddiaçı həmin mənzildən cavabdehin çıxmasını tələb etmişdir. Cavabdehin haqsız rəftarları bütün sərhədləri aşmış və iddiaçını mülkiyyətində olan evə buraxmayaraq onun evə daxil olmasına imkan verməmiş, yəni evə giriş qapısının kilidini dəyişmişdir. İddiaçının istifadə etdiyi bütün əşyalar həmin mənzildə qalmışdır. İddiaçıya məxsus olan mənzildə cavabdehin olması mülkiyyətçi kimi onun hüquqlarını pozur, həmçinin bu mənzil barəsində tam sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Bundan sonra, Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, birgə nikah dövründə İddiaçı adına əldə edilmiş Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 20/21 ünvanında yerləşən 71 nömrəli mənzil üzərində payının ½ hissədə müəyyən olunması barədə xüsusi mülkiyyət hüqqunun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh bir neçə dəfə qarşılıqlı iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizələr vermiş, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə İddiaçı adına əldə edilmiş Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 20/21 ünvanda yerləşən 71 nömrəli mənzilin ümumi birgə əmlak hesab edilməsi, həmin mənzil üzərində payının 2/3 hissədə müəyyən olunması, İddiaçı ilə Maraqlı şəxs Museyib qızı arasında ünvan 1 ünvanda yerləşən 45 saylı mənzilə dair bağlanmış və ünvan 2indən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 4Ə-550 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin mənzilin Maraqlı şəxs Museyib qızının adına tam mülkiyyət hüququ kimi qeydiyyata alınması barədə xx.xx.2024-cü il tarixli ********** nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi, mənzilin əvvəlki vəziyyətə qaytarılması, həmin mənzil üzərində payının 2/3 hissədə müəyyən olunması, Chevrolet Cruze markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilin tərəflərin ümumi mülkiyyəti sayılması, avtomobil üzərində payının ½ hissədə müəyyən olunması və ödədiyi 100 manat dövlət rüsumu və 60 manat mediasiya xərcinin İddiaçı tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi bununla əsaslandırılmışdır ki, İddiaçı ilə xx.xx.1999-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə el adəti-toy ilə ailə qurmuş, 2005-ci ildə Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 20/21 ünvanda yerləşən 3 otaqlı, yaşayış sahəsi 39,60 kv.metr, köməkçi sahəsi 25,29 kv.metrdən ibarət 71 saylı mənzili almışlar. İddiaçı işi ilə əlqədar Moskva vilayətinin Lobnya şəhərində, o isə uşaqları ilə birlikdə Sumqayıt şəhərində hazırda yaşadığı evdə qalmışlar. İddiaçı tez-tez, o cümlədən bayramlarda, uşaqların ad günlərində Sumqayıt şəhərinə gəlirdi. Onlar əvvəllər çox mehriban ailə olmuşlar. 2017-ci ilin axırlarında Vidadi Rusiyada miqrant kimi əmək fəaliyyəti ilə məşğul olmağın çətinləşdiyini, Rusiya vətəndaşlığını asan almaq üçün subaylıq kağızı tələb olunduğunu, bu məqsədlə boşanmalarını istəmişdir. Ailənin yeganə dolandıranı o idi. İşi də, qazancı da Lobnya şəhərində idi. Vidadi ona zəng vurub məhkəməyə boşanma barədə ərizə verməsini xahiş etmişdir. Onun Rusiya vətəndaşlığını ala bilməsi məqəsədilə ərizə yazmışdır və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. Daha sonra Sumqayıt Asan xidmət mərkəzində Qeydiyyat şöbəsindən aldığı nikahın pozulması haqqında şəhadətnaməni Lobnya şəhərinə cavabdehə özü göndərmişdir. Bu hal və nikah pozularkən məhkəmədən iddiaçıdan 3 uşağın saxlanması üçün aliment tutulmasını tələb etməməsi həqiqi niyyətin boşanmaq olmadığını göstərir. Bundan sonra da ər-arvad kimi mehriban yaşamışlar. Onların nikahlarının pozulması formal xarakter daşımış, Vidadinin Rusiya vətəndaşlığı alması məqsədilə edilmişdir. 2022ci ilin may ayında qızı Ləmanın Sumqayıt şəhərində Xəlifə şadlıq sarayında möhtəşəm toyu oldu. Orada hər ikisi qızlarına xeyir-dua vermiş, gənclərin xoşbəxt olmalarını arzulamışlar. Bundan 1 ay sonra 2022-ci ilin iyul ayında oğlu Elman həqiqi hərbi xidmətə getdi. 3 ayını Gəncədə, 9 ayı isə Tovuzda xidmət etdi. Xidmət etdiyi bir il ərzində dəfələrlə Vidadi ilə birlikdə Tovuzdakı hərbi hissəyə gedib Elmanla görüşmüşlər. Oğlu Elman halhazırda Amerikadan qayıtmışdır. Kiçik oğlu Ruslan onunla birlikdə ünvan 3 ünvanda yerləşən 71 saylı mənzildə yaşayır. 2024-cü ilin mart ayının 12-də nəvələri dünyaya gəlmişdir. Mart ayının 14-də uşağın xəstəxanadan çıxışına Vidadi ilə birlikdə getmişdir. Müxtəlif vaxtlarda Sumqayıt Bulvarında uşaqlarla birlikdə axşam gəzintiləri olub, daha sonra isə restoranlara axşam yeməklərinə getmişlər. 2023-ci ldə Elman hərbi xidmətdən qayıtdı və gəlişi münasibəti ilə ona Sumqayıt şəhəri, 6-cı mkr, 33E saylı evin 2 otaqlı ümumi sahəsi 53,3 kv.metr, yaşayış sahəsi 31,8 kv.metrdən ibarət 2 otaqlı 45 saylı mənzilini almışlar. 2025-ci ilin aprel ayında Vidadi Sumqayıt şəhərinə gələrkən, kürəkənə qızı və onun haqqında nalayiq ifadələr işlətmiş, Ləmanı pis sözlərlə təhqir etmiş və ondan yaşadıqları evi sata bilməsi üçün etibarnamə verməsi məqsədilə “ASAN xidmət” Mərkəzində notariat ofisinə gəlməsini tələb etmişdir. Notariat işçisi Vidadiyə Ləmanın mənzildə qeydiyyatda olmadığını bildirmişdir. Qızı mənzildən onun payına düşən hissəni anasına vermək istədiyini bildirdikdə, Vidadi Ləmanı hamının gözü qarşısında təhqir etmişdir. Sonra evə gələrək ona mənzilin onun olduğunu və evdən çıxmasını tələb etmişdir. Ona evə makler (dəllal) gəlib baxa bilməsi üçün mənzilin giriş qapısının açarını qardaşı Məhəmmədə verdiyni bildirmişdir. O isə buna razı olmadığı üçün mənzilin giriş qapısının açarını dəyişmişdir. Bunu eşidib Vidadi Rusiyadan Sumqayıt şəhərinə gəlib evdə dava salmışdır. Vidadinin təxminən bu ilin iyul ayında ağ fata, ağ gəlinlik geyindirməklə təxminən öz yaşında Nataşa adlı rus xanımla toyu olmuş, həmin toydan çəkilmiş fotoşəkilləri bacısına göndərmişdir. Bu xanımla münasibət yarandıqdan sonra ona və uşaqlarına qarşı münasibəti kəskin surətdə dəyişmişdir. Baçısına şəhərdə ev, qardaşı oğluna isə avtomobil almışdır. 23 iyun 2021-ci il tarixdə onların Moskva viayətinin Lobnya şəhər VVAQ orqanında yenidən nikahları qeydə alınmışdır. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Moskva vilayəti Lobnev məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən nikah qeydi 18 mart 2025-ci il tarixdə pozulmuşdur. Məhkəmə tərəfindən məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə ona məlumat verilmədən nikah pozulmuşdur. İddiaçının ona və qızına qarşı kobud rəftarı və təhqirləri nəticəsində ailə münasibətləri ciddi şəkildə pozulmuşdur. O, Azərbaycan Respublikasının, İddiaçı həm Azərbaycan Respublikasının, və həm də Rusiya Federasıyasının vətəndaşıdır. Onunla xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında birgə nikah dövründə onun adına böyük oğlu Elman üçün Sumqayıt şəhəri, 6-cı mkr, 33 E ünvanda yerləşən 45 saylı mənzil almışlar. Vidadi ona bildirmədən, ümumi birgə mülkiyyətdə olan əmlakdan onu məhrum etmək məqsədi ilə xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi əsasında sözü gedən mənzili Maraqlı şəxs Museyib qızına satmış, sonuncuya xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Həmçinin birgə nikah dövründə, xx.xx.2023-cü il tarixdə İddiaçı adına Chevrolet Cruze markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobil əldə etmişlər. Göstərilənlərə əsasən qarşılıqlı iddia təmin olunmalıdır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı – qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, habelə onun nümayəndəsi və vəkili Vəkil ilkin iddianı müdafiə edərək onun təmin olunmasını, qarşılıqlı iddiaya etiraz edərək onun rədd olunmasını xahiş etdilər. Vəkil bildirdi ki, Sumqayıt şəhəri, 6-cı mkr, 33 E ünvanda yerləşən 45 saylı mənzil satıldıqdan sonra Vidadi keçmiş ailəsinə təqribən 43000 manat yaxın vəsait xərcləmişdir və bu hal nəzərə alınmalıdır. Cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 20/21 ünvanda yerləşən 71 saylı mənzilin bölünməsi üzrə 3 illik iddia müddətini ötürmüşdür. O, bu barədə məhkəməyə ərizə təqdim etdi. İlkin iddia üzrə cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, habelə onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında qarşılıqlı iddianı müdafiə edərək onun təmin olunmasını, ilkin iddiaya etiraz edərək onun rədd olunmasını xahiş etdilər. Onlar qarşılıqlı iddia üzrə iddia müddətinin ötürülmədiyini bildirdilər. Mübahisə predmeti barəsində müstəil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhər 4 saylı notariat ofisi məhkəməyə ərizə göndərərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məlumat verilməsini baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən digər üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, işə həmin şəxslərin (nümayəndələrinin) iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Şahid kimi ifadə verən Şahid1 məhkəmə iclasında bildirdi ki, Vidadi onun qardaşıdır. Tərəflərin münasibətləri 2018-ci ildən pozulmuşdur. Lakin qardaşı keçmiş ailəsinə həmişə baxmışdır. Sumqayıt şəhəri, 6-cı mkr, 33 E ünvanda yerləşən 45 saylı mənzil satıldıqdan sonra Vidadi keçmiş arvadına, uşaqlarına, yeni doğulmuş nəvəsinə xeyli pul xərcləyib, uşaqlarının kreditlərini bağlamışdır. Arvadının həkim xərclərini də o ödəmişdir. Şahid2 məhkəmə iclasında ifadə verərək göstərdi ki, tərəflər arasındakı münasibətlər 2018-ci ildən pozulmuşdur. İddiaçı Rusiyadan Azərbaycana gələndə ya onlarda, ya da bacısıgildə, bəzən isə öz evlərində qalırdı. Şahid kimi məhkəmə iclasında ifadə verən Şahid3 bildirdi ki, Şəfa onun bacısıdır. Tərəflər arasında münasibətlər əvvəllər yaxşı olmuş, lakin sonradan korlanmışdır. 2024-cü ilin yayında onlar qızları Ləmanın ali məktəbdə diplom alması münasibəti ilə böyük məclis keçirmiş və orada iştirak etmişlər. Bu vaxta kimi ailə münasibətlərində hər hansı neqativ hal olmamışdır. Məhkəmə proses iştirakçılarını və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilkin iddia tələbi təmin və qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-2191\2018 saylı qətnaməsinin surətindən görünür ki, X2 iddiası təmin edilmiş, onunla İddiaçı arasında xx.xx.1999-cu il tarixdə Sumqayıt şəhər Nikah Evində bağlanmış nikah pozulmuş, birgə nikahdan xx.xx.2001-ci ildə doğulmuş Elman, xx.xx.2002-ci ildə doğulmuş Ləman və xx.xx.2011-ci ildə doğulmuş Ruslan adlı uşaqların onun himayəsində qalmaları qət edilmişdir. - nikahın pozulması haqqında AZ-İ 293362 saylı şəhadətnamənin surətindən görünür ki, X3 ilə İddiaçı arasındakı nikahın polzulması aktı xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. -nikahın bağlanması barədə A-04609 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X3 ilə İddiaçı arasındakı xx.xx.2021-ci il tarixli nikaha xitam verilmişdir. - nikahın pozulması haqqında 747376 saylı şəhadətnamənin surətindən görünür ki, X3 ilə İddiaçı arasındakı xx.xx.2021-ci il tarixli nikaha xx.xx.2025-ci il tarixdə xitam verilmiş, bu barədə akt qeydi xx.xx.2025-ci ildə tərtib olunmuşdur. - AZ-İ 041288 saylı şəhadətnamənin surətindən görünür ki, X1 və adı Cavabdeh dəyişdirilmişdir. - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 20/21 ünvanında yerləşən 71 saylı mənzil Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Aparatının Mənzillərin qeydiyyatı, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli 288 nömrəli order, Sumqayıt şəhər Mənzii-Kommunal Təsərrüfatı İstehsalı İstismarı Birliyi 14 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli 3728 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 saylı forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında X5 adına qeydiyyata alınaraq, qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt şəhər 4 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 23.08 2005-ci il tarixli 4Ə-1/144 nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən mənzil İddiaçı adına qeydiyyata alınaraq, xx.xx.2005-cı il tarixli 23426 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. ünvan 7 ünvanında yerləşən 45 saylı mənzil Lider Mənzil Tikinti Kooperativinin üzvlüyünə qəbulu və mənzillərin payçılar arasında onların şəxsi razılığı ilə bölüşdürülməsi barədə xx.xx.2021-ci il tarixli 02 saylı protokoldan çıxarışı, xx.xx.2023-cü il tarixli 18 nömrəli maliyyə arayışı əsasında X4 adına qeydiyyata alınaraq, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-1132 nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən mənzil İddiaçı adına qeydiyyata alınaraq, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. ünvan 2indən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 4Ə-550 nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən mənzil Maraqlı şəxs adına qeydiyyata alınaraq, xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. - xx.xx.2005-cı il tarixli 23426 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 20/21 ünvanında yerləşən 71 saylı mənzil İddiaçı adına qeydə alınmışdır. - xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən 45 saylı mənzil İddiaçı adına qeydə alınmışdır. - ünvan 2indən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 4Ə-550 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı ünvan 7 ünvanında yerləşən 45 saylı mənzili 88400 manata Maraqlı şəxs satmışdır. - AR DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı adına mərkəzi informasiya sistemində xx.xx.2007-ci il tarixdən Vaz-21033 markalı 50BT246 dövlət qeydiyyat nişanlı avtomaşın qeydiyyata olub, xx.xx.2008-ci il tarixdə qeydiyyatdan çıxarılıb, xx.xx.2011-ci il tarixdən Vaz-210740 markalı 50CF274 dövlət qeydiyyat nişanlı avtomaşın qeydiyyatda olub, xx.xx.2019-cu il tarixdə qeydiyyatdan çıxarılmışdır. xx.xx.2023-cü il tarixdən isə Chevrolet Cruze markalı 77BU965 dövlət qeydiyyat nişanlı avtomaşın qeydiyyatdadır. Məhkəmə işlə bağlı aşağıdakı normaların tətbiqini zəruri hesab edir: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıgı andan əldə edənə keçir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıgı andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində göstərilir ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir İşin faktiki hallarından görünür ki, tərəflər xx.xx.1999-cu il tarixdə Sumqayıt şəhər Nikah Evində nikaha daxil olmuşlar və bu nikahdan onların xx.xx.2001-ci ildə doğulmuş Elman, xx.xx.2002-ci ildə doğulmuş Ləman və xx.xx.2011-ci ildə doğulmuş Ruslan adlı uşaqları olmuşdur. Həmin nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-2191/2018 saylı qətnaməsinə əsasən pozulmuş, birgə nikahdan doğulmuş hər üç uşaq ananın himayəsində qalmışdır. Tərəflər arasındakı nikahın polzulması aktı xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. Sonradan onlar Rusiya Federasiyasında xx.xx.2021-ci il tarixdə təkrarən nikaha girmiş, bu nikaha isə xx.xx.2025-ci il tarixdə xitam verilmiş, bu barədə akt qeydi xx.xx.2025-ci ildə tərtib olunmuşdur. Tərəflər birinci dəfə nikahda olarkən birgə vəsait hesabına Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 20/21 ünvanında yerləşən 71 saylı mənzili (23.08 2005-ci il), ikinci dəfə nikahda olanda isə ünvan 7 ünvanında yerləşən 45 saylı mənzili (xx.xx.2023-cü il) və Chevrolet Cruze markalı 77BU965 dövlət qeydiyyat nişanlı avtomaşını (xx.xx.2023-cü il) əldə etmişlər. ünvan 7 ünvanında yerləşən 45 saylı mənzil İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 88400 manata Maraqlı şəxs satılmışdır. İşdən görünür ki, Cavabdeh birinci nikaha xitam verildiyi tarixdən, yəni xx.xx.2018-ci ildən başlamaqla 3 il ərzində birgə nikahda əldə edilmiş əmlakın bölünməsi barədə iddia qaldırmamış, bu müddət bitdikdən sonra, yəni xx.xx.2021-ci ildə İddiaçıla təkrar nikaha girmişdir. İşdən görünür ki, İddiaçı qeyd edilən mənzillə bağlı iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh birinci nikaha xitam verildikdən sonra 3 il ərzində birgə nikah zamanı əldə edilmiş Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 20/21 ünvanında yerləşən 71 saylı mənzilə dair pay tələb etməməsi onun bu əmlakın yarısına olan mülkiyyət hüququndan (həmçinin onun tərkib elementləri olan sahiblik, sərəncam və istifadə hüquqlarından) faktiki olaraq imtina etməsi mənasına gəlir. Bu baxımdan məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli, bu mənzildən Cavabdeh çıxarılmalı, qarşılıqlı iddia isə həmin mənzilə dair hissədə rədd olunmalıdır. Cavabdeh hazırda Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 20/21 ünvanında yerləşən 71 saylı mənzilə dair iddia qaldırarkən qanunda nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Digər iki əmlaka gəldikdə isə onların tərəflərin birgə nikahı (ikinci) dövründə əldə edilməsi iş materialları ilə tamamilə təsdiq edildiyindən onlarda tərəflərin bərabər payları tanınmalıdır. Mənzilə dair payının daha artıq müəyyən edilməsi barədə Cavabdeh öz dəlillərini əsaslandıra bilməmiş, Ailə Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tutulmuş halların baş verməsi barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. V.M.Mizəməmmədovun övladları və keçmiş arvadı üçün xərclədiyi vəsaitin mənzilin bölgüsü zamanı nəzərə alınması barədə dəlili də əsassızdır, çünki onun təqdim etdiyi sənədlərdə vəsaitin hansı mənbədən ödənilməsi və kim tərəfindən xərclənməsi qeyrimüəyyəndir. Yuxarıda da qeyd olunduğu kimi, ünvan 7 ünvanında yerləşən 45 saylı mənzil İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 88400 manata Maraqlı şəxs satılmışdır. Həmin mənzil özgəninkiləşdirilən zaman bu barədə Cavabdeh razılıq ərizəsinin alınması, oradakı payından imtina etməsi barədə iradə ifadəsini bildirməsi iş materiallarından görünmür. Belə olan halda, məhkəmə hesab edir ki, bu mənzillə bağlı xx.xx.2024-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Belə ki, Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Yaranmış mübahisə üzrə mübahisəli mənzilin alıcısı Maraqlı şəxs mövqeyini müəyyən etmək mümkün olmasa da, hər bir halda qanunvericilik bu tip müqavilələrin etibarsızlığını imperativ şərt kimi qoyduğundan, onun vicdanlı alıcı olması belə məhkəmənin başqa mövqe tutuması üçün əsas hesab edilmir. İddiaçıla Maraqlı şəxs arasındakı alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, həmin əqd əsasında mübahisəli mənzilə dair sonuncunun adına verilmiş reyestrdən çıxarış da ləğv olunmalıdır, çünki məhkəmə araşdırması zamanı bu çıxarışın məzmununun qeyri-dəqiqliyi müəyyən edilmişdir. Beləliklə də, məhkəmə işin faktiki hallarını və maddi hüquq normalarının tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, ilkin iddia təmin edilməli, İddiaçı mülkiyyətçisi olduğu Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 20/21, 71 saylı mənzildən Cavabdeh çıxarılmalı, qarşılıqılı iddia qismən təmin olunmalı, İddiaçı ilə Maraqlı şəxs arasında ünvan 1 ünvanda yerləşən 45 saylı mənzilə dair bağlanmış və ünvan 2indən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 4Ə-550 nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin əmlaka dair Maraqlı şəxs adına tərtib olunmuş reyestrdən çıxarış ləğv olunmalı, həmin mənzil və Chevrolet Cruze markalı, 77BU965 dövlət qeydiyyat nişanlı avtomobil üzərində tərəflərin 1/2 payı müəyyən edilməli, Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun 50 manat hissəsi və 60 manat mediasiya xərci İddiaçı tutularaq Cavabdeh ödənilməli, ilkin iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 20/21, 71 saylı mənzildən çıxarılsın. İlkin iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qarşılıqılı iddia qismən təmin olunsun. İddiaçı ilə Maraqlı şəxs arasında ünvan 1 ünvanda yerləşən 45 saylı mənzilə dair bağlanmış və ünvan 2indən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 4Ə-550 nömrəli alqısatqı müqaviləsi etibarsız hesab edilsin və həmin mənzilə dair Maraqlı şəxs adına verilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli reyestrindən çıxarış ləğv edilsin. ünvan 1 ünvanda yerləşən 45 saylı mənzil və Chevrolet Cruze markalı, 77BU965 dövlət qeydiyyat nişanlı avtomobil üzərində tərəflərin 1/2 payı müəyyən edilsin. Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun 50 manat hissəsi və 60 manat mediasiya xərci İddiaçı tutularaq Cavabdeh ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar