Məhkəmə qərarları › İş №2(060)-5276/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5276/2022

04.11.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5276/2022 04.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi, atası Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun azyaşlı uşaqları ilə birlikdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Karvan küçəsində yerləşən 60 saylı, bir mərtəbəli, dörd otaqlı bağ evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə xx.xx.2007-ci il tarixdə, Sumqayıt şəhər Nikah evində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar və iddiaçı cavabdehin yaşadığı Sumqayıt şəhəri, 34-cü məhəllə, 9/49 saylı evin iki otaqlı 51-ci mənzilinə gəlin köçmüşdür. Birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X5 adlı iki uşaqları anadan olmuşdur. Birgə yaşadıqları dövrdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Karvan küçəsində öz vəsaitləri hesabına torpaq sahəsi alıb üzərində bir mərtəbəli, dörd otaqlı, dəhliz, mətbəx və hamam- tualetdən ibarət mişar daşından bağ evi tikib 2012-ci ilin iyun ayında həmin evə köçmüşlər. Valideynlərinin ona cehiz şəklində verdikləri və birgə nikah dövründə aldıqları əmlakları həmin evə yerləşdirmişlər. Yaşadıqları bağ evi tam kommunal şəraitlidir. Cavabdehlə xx.xx.2021-ci il tarixədək bu ünvanda birgə yaşayıb birgə təsərrüfat aparmışlar. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1686/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında nikah qeydinin ləğv edilməsi, uşaqların iddiaçının himayəsinə verilməsi qət edilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı yaşadığı evi məcburən tərk etmiş, hazırda, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Pərviz Hüseynov küçəsi, 44/163 saylı fərdi yaşayış evində valideynlərinin yanında yaşayır və uşaqlar da onun yanındadırlar. Hazırda o, evsizeşiksiz qalmışdır və yaşamağa yeri yoxdur. O, valideynlərimin yanında müvəqqəti yaşayır. Onun cehiz əmlakı və şəxsi əşyaları bu günə kimi mübahisəli evdə qalmaqdadır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o 2012-ci ildən, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Karvan küçəsi, ev 60 inşa edilib hazır olduqdan sonra daimi olaraq həmin evdə yaşayıb. Cavabdeh hərbçi olduğu üçün müxtəlif ərazilərdə xidmət edirdi. O, müəyyən vaxtlarda müvəqqəti olaraq cavabdehin yaşadığı evlərdə onunla qalıb. Lakin, cehiz gətirdiyi əşyalar daimi olaraq Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Karvan küçəsi, ev 60-da olub və hal-hazırda da həmin evdədir. Nikah pozulana qədər həmin evdə yaşayıb. Onun yaşamağa evi yoxdur. Cavabdehlə nikahda olduqları dövrdə cavabdeh ona pul göndərir və o, həmin pulu yığıb saxlayırdı. Evin yerləşdiyi torpaq sahəsi də nikahda olduqları dövrdə alınıb. Yığdığı 7000 manat pulu ev tikilərkən qayınatasına verib. Evin tikintisi, ustalara nəzarət və digər məsələləri qayınatası həyata keçirib. Cavabdeh tərəfindən ona müəyyən məbləğdə kompensasiya verilərsə iddiadan imtina edə bilər. Lakin, cavabdeh ona hər hansı məbləğ təklif etməyib. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı ilə nikahları 2007-ci ildə bağlanıb. Evləndikdən sonra Sumqayıt şəhəri, 34-cü məhəllə, 9/49 saylı evin iki otaqlı 51-ci mənzilə köçmüşlər. Orada cəmi 3-5 gün yaşamışlar. Ondan sonra Gəncə şəhərində hərbi xidmətdə olarkən 1 il iddiaçı ilə orada kirayə evdə qalmışlar. Təyinatı cəbhə bölgəsinə verildikdən sonra orada şərait pis olduğu üçün iddiaçını 51-ci mənzilə təkrar göndərmişdir. Mübahisəli evin, yəni Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Karvan küçəsində yerləşən 60 saylı, bir mərtəbəli, 4 otaqlı bağ evinin tikintisinə 2010-cu ildə başlanılıb, 6-7 ilə evin tikintisi başa çatıb. Evin tikintisində onun və ya iddiaçının heç bir maddi vəsaiti olmayıb. Həmin evin yerləşdiyi torpaq sahəsini atası alıb, evi də atası tikib. Torpaq sahəsi sənədsizdir. İddiaçı da o evin tikintisində heç bir vəsait xərcləməyib. İddiaçının həmin evdə heç bir cehizi olmayıb. Evdə cehiz yerləşdirməyə heç şərait belə olmayıb. Evin əvvəl iki otağı hazır olub və həmin evə köçüblər. Orada onların iddiaçı ilə birgə nikah dövründə aldıqları əşyalar olub. İddiaçı nikah pozulanadək Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Karvan küçəsində yerləşən 60 saylı, bir mərtəbəli, 4 otaqlı bağ evində yaşamayıb. Belə ki, nikahları pozulmazdan bir müddət əvvəl Sumqayıt şəhərində kirayə mənzil tutmuşlar və iddiaçı həmin mənzildə yaşayıb. Qeyd edilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirdi ki, o cavabdehin atasıdır. 2010-cu ildə zavodların balansında olan sənədsiz 2 sot torpaq sahəsini 1700 ABŞ dollarına almışdır. 2011-ci ildə evin tikintisinə başlamışdır. 2012-ci ildə ev hələ yarımçıq tikilimiş vəziyyətdə olarkən oraya köçmüşlər. Həmin evə köçdükdən sonra cavabdehin təyinatı Naftalan şəhərinə verilib. Oğlu öz ailəsini də özü ilə aparıb. İddiaçı bəzən onların yanında da qalıb. 2017-ci ilin avqust ayından 2020-ci ilin aprel ayınadək iddiaçı uşaqları ilə birlikdə Sumqayıt şəhərində kirayə evdə qalıb və sonra isə atasıgilə gedib. Həmin müddət ərzində iddiaçı uşaqları ilə birlikdə 3 fərqli kirayə evdə yaşayıb. İddiaçının Sumqayıtda kirayə evdə yaşamasının səbəbi onlarla qalmaq istəməməsi olub. İddiaçının əşyaları onların evində olub, lakin iddiaçının elə çox əşyası olmayıb. Sözügedən əşyalar yorğan-döşək, qab-qacaq və sair kimi şeylərdən ibarət olub. Digər əşyalar isə tərəflərin birgə nikahı dövründə əldə edilib. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1990-cı ildə, ünvan 1 ünvanında qeydiyyatdadır.. Cavabdeh xx.xx.1984-cü ildə anadan olmuş, Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 9/49, mənzil 51 ünvanında qeydiyyatdadır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1686/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında bağlanmış nikahın pozulmasaı, uşaqların iddiaçının yanında qalması, onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehdən qazancının (başqa gəlirlərinin) 1/3 hisssi miqdarında alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. İşdə olan Sumqayıt Bələdiyyəsi “Xəzri” Məhəllə Komitəsinin sədri tərəfindən təsdiq edilmiş və həmin ərazidə yaşayan şəxslər X1 və X2 tərəfindən tərtib edilərək imzalanmış aktda göstərilmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı övladları X4 və X5 ilə birlikdə həqiqətən 2012-ci ilin iyun ayından - 04 avqust 2021-ci il tarixədək Sumqayıt şəhər Bələdiyyəsi "Xəzri" Məhəllə Komitəsinin ərazisində Karvan küçəsi, 60 nömrəli bağ evində qeydiyyatsız yaşamışlar. Məhkəmə iclasında ifadə vermiş şahid X1 öz ifadəsində bildirmişdir ki, iddiaçını 2016-cı ildən tanıyır. Belə ki, onların uşaqları bir sinifdə oxuduğundan onu valideyn kimi tanıyır. O, iddiaçının yaşadığı “Xəzri” Məhəllə Komitəsinin ərazisində yaşayır. Onun şəxsi avtomobili var. Bu səbəbdən uşaqları çox vaxt iddiaçı ilə birlikdə məktəbə aparıbgətirmişlər. İddiaçının bir valideyn kimi sözügedən evdə qaldığını bilirdi. Çox vaxt uşaqları məktəbdən götürərkən iddiaçını oğlu ilə birgə şəxsən öz maşın ilə evlərinə qədər aparmışdır. İddiaçının həyat yoldaşını və digər ailə üzvlərini şəxsən tanımır. Məhkəmə iclasında ifadə vermiş şahid X6 öz ifadəsində bildirmişdir ki, cavabdeh onun oğlu, iddiaçı isə həm bacısının qızı, həm də keçmiş gəlini olub. Mübahisəli evin tikintisi 2010-cu ildə başlayıb. Onlar isə ora 2011-ci ilin iyun ayında həmin evə köçmüşlər. İddiaçı 2 övladı ilə yanlarında olub, lakin daimi onlarla yaşamayıb. Oğlu hərbçi olduğu üçün ailəsini öz yanına aparmağa imkanı olmayıb. Toydan sonra oğlunun təyinatını Gəncəyə veriblər. Onlar da iddiaçını oğlunun yanında, Gəncə şəhərinə aparmışlar. İddiaçı cavabdehlə orada 6-7 ay birlikdə yaşamışdır. 2014-dən sonra cavabdehin təyinatını başqa bölgəyə verdilər. İddiaçı onlarla qalmağa başladı. Nəvəsinin ayağında xəstəlik olduğu üçün iddiaçı övladı ilə birlikdə arada onların yanına gəlib uşağı müalicə etdirir, daha sonra təkrar cavabdehin yanında gedirdi. Oğlu Lənkəran şəhərində xidmət də edəndə, iddiaçı çox vaxt onun yanında olub. İddiaçı ara-ara 3 ay, 5 ay, 1 il onlarla birlikdə qalıb. Oğlunun təyinatını 2017-ci ildə Beyləqana veriblər. İddiaçı da onunla Beyləqana gedib. İddiaçı onunla 1 ay qalsa da, sonra yanlarına gələrək kirayə qalmaq istədiyi bildirib. Bundan sonra iddiaçı Sumqayıtda kirayə evdə yaşamağa başlayıb. Həmin müddətdə o, 3 fərqli evdə kirayə qalıb. İddiaçının onlarla az əşyası olub. 2 balaca şifoner, xalça, soyuducu, qabqacaq olub. İndiyədək də həmin əşyalar onların evindədir. 2017-ci ildən nikah pozulanadək iddiaçı övladları ilə onlara ancaq şənbə və bazar günlərində gəlib-gedib. İddiaçı 2021-ci ilin iyul-avqust ayından isə evdən çıxıb gedib. Evin tikintisində iddiaçının və ya cavabdehin hər hansı maddi dəstəyi olmayıb. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında ifadə vermiş şahid X10 öz ifadəsində bildirmişdir ki, tərəflərin hər ikisinin dayısıdır. Evin tikintisində cavabdehin atası iştirak edib. Onun həm maddi, həm mənəvi rolu olub. Cavabdehin həmin evdə heç bir vəsaiti olmayıb. Belə ki, cavabdeh o zamanlar leytenant idi və maaşı az idi. İddiaçı isə mübahisəli evdə ümumi olaraq 1-2 il yaşayıb. İddiaçı da həmin evin tikintisində iştirak etməyib və heç bir pul vəsaiti qoymayıb. Tərəflər əvvəl Naftalanda qalıblar. Onları Naftalana oğlu aparıb. Tarixlər isə dəqiq yadında deyil. Tərəflər orada azı 3 il yaşayıblar. Tağıyev qəsəbəsindəki evdə isə onlar az olublar. Belə ki, iddiaçı Sumqayıtda kirayə evdə yaşayıb. O, çox nadir hallarda mübahisəli evdə görmüşdür. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında ifadə vermiş şahid X3 öz ifadəsində bildirmişdir ki, iddiaçının atası ilə birlikdə bir yerdə işləmişdir. İddiaçını isə şəxsən tanımır. Onlar cavabdehlə qonşudurlar. Cavabdehlə birlikdə işləyən zaman o, bildirmişdi ki, ailə böyükdür və ev bunun üçün də yeni bir ev axtarır. Evi tapmaqda ona kömək etmişdir. Evin tikintisini isə cavabdehin atası şəxsən həyata keçirib. İddiaçı bir müddət orada yaşayıb. Nə qədər yaşadığını isə dəqiq deyə bilmir. İddiaçının uşaqlarını sonuncu dəfə 3 ay əvvəl olar ki, həmin evdə görmüşdür. Mülki Məcəllənin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Göründüyü kimi iddiaçı öz azyaşlı uşaqları ilə birlikdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Karvan küçəsində yerləşən 60 saylı, bir mərtəbəli, dörd otaqlı bağ evinə (bundan sonra – mübahisəli ev) köçürülməsini istəyir. İddiaçının köçmək istədiyi mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur. İddiaçı həmin evin cavabdehlə birgə nikahları dövründə inşa edildiyinə, evin inşasına cavabdehlə birlikdə vəsait sərf etdiklərinə, həmin evin onun yaşayış yeri olmasına əsaslanmışdır. Cavabdeh isə iddiaçının və onun həmin evin tikintisinə hər hansı vəsait sərf etmədiklərinə, evin onun atası tərəfindən inşa edilməsinə, iddiaçının həmin evdə daimi yaşamadığına əsaslanaraq iddianı təmin edilməməsini xahiş edir. Tərəflərin izahatları, şahid ifadələri və iş üzrə tədqiq edilmiş digər sübutlarla mübahisəli evin tərəflərin birgə nikahları dövründə inşa edildiyi və inşa edildikdən sonrta iddiaçının yaşayış sahəsi kimi həmin evə köçməsi müəyyən edilir. Eyni zamanda cavabdeh iddiaçının həmin evdə daimi yaşamadığını bildirsə də, iş üzrə verilmiş şahid ifadələri ilə iddiaçının həmin evdə daimi yaşadığı müəyyən edilir. Belə ki, iddiaçının uşaqlarının həmin ərazidə olan məktəbdə oxuması, iddiaçının ona məxsus cehiz əşyaları həmin evə yerləşdirməsi və bu günə qədər də əşyaların həmin evdə olması mübahisəli evə iddiaçının daimi yaşayış yei kimi qiymət verməyə imkan verir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehlərin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər (27.1.). On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır (27.2.). Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir (27.3.). İşin müəyyən edilmiş hasllarından göründüyü kimi iddiaçı cavabdehlə rəsmi nikaha daxil olduqdan sonra mübahisəli ev onların nikahda olduqları dövrdə inşa edilmişdir. İddiaçı cavabdehlə nikahları pozulana qədər həmin evdə yaşamışdır. Bu səbəbdən həmin fərdi yaşayış evinə onun yaşayış yeri kimi qiymət verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz azyaşlı uşağı ilə birlikdə həmin evi tərk etsə də, bu onun yaşayış yerini itirməsi anlamına gələ bilməz. Belə ki, iddiaçı məcbur qalaraq müvəqqəti həmin evi tərk etmişdir. Bu səbəbdən onun mübahisəli evə köçürülmə tələbi qanuni və əsaslıdır. Cavabdeh iddiaçının həmin evin tikintisinə heç bir vəsait sərf etmədiyini bildirsə də məhkəmə qeyd edir ki, bu hal iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, evin tərəflərin nikahları dövründə tikilməsi işin mübahisəsiz halı olduğundan iddiaçının evin tikintisinə hər hansı vəsait sərf edib-etməməsi iş üzrə əhəmiyyət kəsb etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. İşdən göründüyü kimi iddiaçının yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X5 iddiaçı ilə birlikdə yaşayır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, iddiaçı öz yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçürülməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X5 ilə birlikdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Karvan küçəsində yerləşən 60 saylı, bir mərtəbəli, dörd otaqlı bağ evinə köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar