Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5286/2025 21.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və yaşayış hüququnun tanınması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, uşaqları X9 və Şirinzadə Adilə Xəlil qızı ilə birgə Sumqayıt şəhəri, 10-cu mkr, ev 65, mənzil 138-ə köçürülməyi və yaşayış hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə o, xx.xx.2009-cu ildə rəsmi nikaha daxil olub evlənmişlər. Birgə nikahdan 2 uşaqları - xx.xx.2010-cu il təvəllüdlü Şirinzadə Adilə Xəlil qızı və xx.xx.2012-ci il təvəllüdlü X10 vardır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Qeydiyyat şöbəsinin verdiyi xx.xx.2024-cü il tarixli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən nikah ləğv edilmişdir. Birgə yaşadıqları dövrdə Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 65, 138 saylı mənzili əldə etmişlər. Bu mənzil cavabdeh X3 adına verilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən ******* və ******* saylı yaşayış yeri üzrə qeydiyyat arayışına əsasən Şirinzadə Əsnad və Şirinzadə Adilə ünvan 2 üzrə qeydiyyatdadırlar. Birgə nikah dövründə cavabdeh və qohumları tərəfindən ona nişan və toy hədiyyəsi olaraq qızıl-zinət əşyaları verilmişdir. Qızıl-zinət əşyalarının dəyəri uyğun olaraq sep, qolbaq - 5000 manat, sırğa, üzük - 1500 manat, paxlava üzük – 500 manat, nişan üzüyü – 1000 manat olmaqla cəmi səkkiz min manat təşkil edir. Lakin həmin zinət əşyalarını cavabdeh ona qaytarmır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2060-565/2025 saylı qətnaməsi qüvvədədir. O, uşaqları ilə birgə mənzilə köçürülmək üçün iddia irəli sürmüş, lakin cavabdehin etirazı ilə məhkəmədə bu tələb baxılmamışdır. Məhkəməyə cavabdeh X5 qarşı mənzil köçürülməsi və mülkiyyət tələbi üzrə müraciət etmişdir. Məhkəmə prosesində mənzilin mülkiyyətinin digər cavabdehə aid olduğu məlum olmuş, iddia rəyinin dəqiqləşdirilməsi üçün iddia tələbi mənzil tələbi hissəsində Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Sonradan Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 65 ünvanında yerləşən 138 saylı mənzilin hüquqi rejimi ilə bağlı məlumatların təqdim edilməsi barədə məktuba “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmışdır. Həmin arayışda qeyd olunur ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 65 ünvanında yerləşən 138 saylı mənzil Sumqayıt şəhər X11 İcraiyyə Komitəsi Yaşayış sahəsinin dəyişdirilməsi bürosu tərəfindən xx.xx.1988-ci il tarixli 18 nömrəli order, Sumqayıt şəhər Mənzil-Kommunal Təsərrüfat İstehsalat İstismar Birliyi 16 saylı Mənzil istismar sahəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli 4654 nömrəli mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı və mənzil sahəsinə hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında ilə təsdiq edilmişdir. Mənzil sahibinin X4 adına qeydiyyata alınaraq, xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 3 saylı notariat ofisi tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixli, 40-1499 qeydiyyat nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında mənzil X3 adına qeydiyyata alınaraq, xx.xx.2022-ci il tarixli ********** nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 1 saylı notariat ofisi tərəfindən təsdiq olunmuş xx.xx.2025-ci il tarixli 4-32 qeydiyyat nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında mənzil Cavabdeh adına qeydiyyata alınaraq, xx.xx.2025-ci il tarixli ********** nömrəli dövlət reyestrindən çıxarış verilmişdir.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddiaçı mübahisəli mənzildə yaşamış və iki uşaqları da orada anadan olmuşdur. İki uşaq da mübahisəli mənzildə qeydiyyatdadırlar. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirdi ki, iddiaçı ilə cavabdehin qardaşı 24 fevral 2009-cu il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 05 iyun 2024-cü il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Mübahisəli mənzil 1988-ci il tarixli order əsasında cavabdehin atasına verilmişdir. 2006-ci il tarixdə X4 adına mənzil özəlləşdirilmişdir. Birinci dəfə 2022-ci il tarixdə X5 bağışlanaraq onun adına qeydiyyata alınmış, daha sonra mənzil 12 yanvar 2025-ci il tarixdə Cavabdeh bağışlanmışdır. İddiaçı mənzilə gəlin gələn zaman mənzil Dövlət Mənzil Fondunun özəl mənzili olmuşdur. Hesab edilər ki, iddiaçının hüquqi əsas kimi istinad etdiyi Mənzil Məcəlləsinin normaları tətbiq oluna bilməz. Tərəflər arasında qohumluq münasibətləri də artıq yoxdur. Hesab edirlər ki, iddiaçının iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Tərəflər arasında 24 fevral 2009-cu il tarixdə münasibətlər yaranmışdır. Həmin vaxtda mənzil dövlət yox, özəl mənzil olmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
Tədqiq olunan sübutlar:
5. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1420/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, İddiaçı və X8 arasında 24 fevral 2009-cu il tarixində bağlanmış və Sumqayıt nikah evi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 73 № ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü Şirinzadə Adilə Xəlil qızı və xx.xx.2012-ci il təvəllüdlü X6 anaları İddiaçı yanında qalmaları, cavabdeh X2 xx.xx.2024-cü il tarixdən başlayaraq, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü Şirinzadə Adilə Xəlil qızının və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi, X2 ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci və 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, X10 26 dekabr 2016-cı il tarixindən ünvan 2 ünvanında qeydiyyatdadır.
7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, İddiaçı 22 dekabr 2010-cu il tarixindən ünvan 3 ünvanında qeydiyyatdadır.
8. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, Şirinzadə Adilə Xəlil qızı 18 may 2017-ci il tarixindən ünvan 2 ünvanında qeydiyyatdadır.
9. Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən 05 yanvar 2011-ci il tarixində verilmiş AZ-İİ № 579649 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Şirinzadə Adilə Xəlil qızı 09 avqust 2010-cu il tarixində Sumqayıt şəhərində anadan olmuş, atası X8, anası İddiaçıdır.
10. Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən 04 avqust 2012-ci il tarixində verilmiş AZ-İİ № 915745 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 28 iyun 2012-ci il tarixində Sumqayıt şəhərində anadan olmuş, atası X8, anası İddiaçıdır.
11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 09 iyul 2025-ci il tarixli məlumatdan görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 65 ünvanında yerləşən 138 saylı mənzil Sumqayıt şəhər X11 İcraiyyə Komitəsi Yaşayış sahəsinin dəyişdirilməsi büronu tərəfindən xx.xx.1988-ci il tarixli 18 nömrəli order, Sumqayıt şəhər Mənzil-Kommunal Təsərrüfat İstehsalat İstismar Birliyi 16 saylı Mənzil istismar Şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli 4654 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 nömrəli forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında X4 adına qeydiyyata alınaraq, xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nöməli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 3 saylı notariat ofisi tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixli, 4Ə-1499 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” əsasında sözügedən mənzil X3 adına qeydiyyata alınaraq, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhəri 1 saylı notariat ofisi tərəfindən təsdiq olunmuş xx.xx.2025-ci il tarixli, 4Ə-32 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” əsasında sözügedən mənzil Cavabdeh adına qeydiyyata alınaraq, xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
-228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. -228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. -228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
14. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: -30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. -30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli qərarı 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
16. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməməlidir.
17. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə cavabdeh X8 arasında 24 fevral 2009-cu il tarixdə nikah qeydiyyata alınmışdır. Onlar arasında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin 05 iyun 2024-cü il tarixli qərarı əsasında pozulmuşdur. İddiaçının hazırda cavabdeh qismində qoyduğu şəxs-Cavabdeh onun keçmiş ərinin bacısıdır. İddiaçının istifadə hüququnun tanınmasını və köçürülməsini istədiyi mənzil hal-hazırda Cavabdeh mülkiyyətindədir.
18. Bundan əvvəl həmin mənzil 18 oktyabr 2006-cı il tarixli, ********* saylı çıxarış əsasında cavabdehin atası X7 məxsus olmuş, 18 sentyabr 2022-ci il tarixdə o, öz əmlakını oğlu X5 bağışlamış və sonuncunun həmin əmlak üzərində mülkiyyət hüququ 27 sentyabr 2022-ci il tarixdə qeydiyyata alınmışdır.
19. 12 yanvar 2025-ci il tarixdə X8 ona məxsus olan əmlakı bacısı, hazırki iş üzrə Cavabdeh bağışlamış və onun həmin mənzil üzərində mülkiyyət hüququ 24 yanvar 2025-ci il tarixdə qeydiyyata alınmışdır.
20. Hazırda iddiaçı həmin mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsi ilə bağlı tələbinin əsası kimi köhnə Mənzil Məcəlləsinə istinad etmiş, tərəflər arasındakı müabahisəyə həmin Məcəllənin normalarının tətbiq edilməli olduğunu və icarədar ilə birlikdə yaşayan ailə üzvü olaraq onun da həmin mənzildən istifadə hüququnun olduğunu bildirmişdir.
21. Məhkəmə ilk növbədə qeyd edir ki, mülkiyyətçi mənzili özgəninkiləşdirərkən digər şəxslərin mənzildən istifadə hüququnun saxlanıb-saxlanmadığı göstərilən qaydada müəyyən olunur: Əgər istifadə hüququ əşya hüququdursa saxlanılır, əşya hüququ deyilsə xitam olunur.
22. Mülki Məcəllənin 158.3 və 228.4-cü maddələrinə görə, mülkiyyət hüququnun keçməsi istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. Bu maddələrdə “istifadə hüququ” deyildikdə əşya hüququ olan istifadə hüququ nəzərdə tutulur.
23. Belə ki, mənzildən istifadə hüquqları öz təbiətinə görə 2 yerə bölünür:1) əşya hüququ sayılan istifadə hüququ; 2) qeyri-əşya hüququ sayılan istifadə hüququ.
24. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən istifadə hüququ 1-ci hüquqa (əşya hüququna) aiddir. Çünki həmin hüquq müqaviləyə əsasən yaranır və onun dövlət reyestrində qeydə alınması tələb olunur (maddə 228.1). Bu hüququ Mülki Məcəllənin 158.1.2-ci maddəsi əmlakdan istifadə hüququ, yəni əşya hüququ kimi tanıyır.
25. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən yaranan istifadə hüququ isə 2-ci hüquqa (qeyri-əşya hüququna) aiddir. Həmin hüquq müqaviləyə əsasən deyil, mülkiyyətçi ilə birgəyaşayış faktına əsasən yaranır. 2-ci hüququ nəzərdə tutan maddədə yazılan “istifadə etmək” ifadəsi hüququn adını deyil, onun həyata keçirilmə formasını bildirir. 2-ci hüququn, yəni qeyri-əşya hüququnun əsasında ailə maraqları dayanır. Ailə üzvləri bir yerdə yaşamalı olduğuna görə, bu hüquq ailənin möhkəmləndirilməsinə xidmət edir və ailə üzvlərinin sosial təminatı kimi çıxış edir. Odur ki, mənzil özgəninkiləşdirildikdə həmin hüquq xitam olunur.
26. 1-ci hüququn, yəni əşya hüququ saylan istifadə hüququnun əsasında isə əşyaya (mənzilə) olan maraq dayanır, bu maraq əsasında istənilən şəxsin (ailənin üzvü olan və ya olmayan şəxsin) müqavilə ilə istifadə hüququ müəyyənləşdirilir və reyestrdə qeydə alınır. Odur ki, mənzil özgəninkiləşdiriləndə bu hüquq xitam olunmur.
27. İşin yuxarıda müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh X8 arasında nikah qeydiyyata alınan zaman, yəni 24 fevral 2009-cu il tarixdə mübahisəli mənzil iddiaçının qaynatasının istifadəsində (icarəsində) deyil, mülkiyyətində olmuşdur. Beləliklə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli qərarı ilə formalaşmış mövqeyə uyğun olaraq 2009-cu ilin fevral ayında yaranmış münasibətlərə Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu tənzimləyən normalarının tətbiq edilməli olmasını nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçı həmin Məcəlləyə müvafiq olaraq sözügedən mənzil üzərində istifadə hüququnun yaranması üçün mülkiyyətçinin ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) sırasına daxil olmamış və eyni zamanda onunla mülkiyyətçi arasında istifadə hüququ ilə bağlı notarial qaydada təsdiq edilmiş yazılı razılaşmanın olduğu (228.5-ci maddə) müəyyən edilməmişdir. Beləliklə iddiaçının qaynatasına məxsus əmlakdan istifadə hüququ mövcud olmamışdır.
28. Həmin mənzil üzərində mülkiyyət hüququ bağışlanma əsasında iddiaçının keçmiş ərinə, yəni X1 qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından iddiaçının ərinin ailə üzvü olaraq həmin mənzildən istifadə hüququ olmuş, lakin daha sonra onlar arasında olan nikah pozulmuşdur ki, bu halda da keçmiş ailə üzvü olaraq iddiaçının həmin mənzilə hər hansı bir hüququ qalmamışdır. Belə ki, Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən 30.4-cü maddəsinə görə yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
29. Mənzil Məcəlləsinin 30.4-cü maddəsində qeyd olunan “ailə münasibətlərinə xitam verildikdə keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər” müddəası özgəninkiləşdirmənin olmadığı hala aiddir. Yəni mülkiyyətçi və istifadəçi arasında ailə münasibətlərinə xitam verilib, lakin mənzil həmin şəxsin mülkiyyətində qalmaqda davam edir. Belə halda istifadə hüququ da (məhkəmənin qərarı əsasında) qala bilər. Mənzil özgəninkiləşdirildiyi halda isə həmin hüquq xitam olunur. Hazırki halda iddiaçının keçmiş ərinə məxsus mənzilin özgəninkiləşdirilməsi səbəbindən də onun həmin mənzilə hər hansı bir hüququ qalmamışdır.
30. Mübahisəli mənzilin yeni mülkiyyətçisinə, yəni hazırki iş üzrə cavabdehə gəldikdə isə iddiaçı onun ailə üzvü olmamaqla ona məxsus mənzildən istifadəsi üçün Mənzil Məcəlləsinin 30-cu maddəsindən irəli gələn hər hansı bir hüququ da mövcud deyildir.
31. İddiaçının istifadə hüququnun tanınmasına dair iddiası təmin edilmədiyindən, məhkəmə hesab edir ki, onun mənzilə köçürülmə tələbinə dair iddiası da təmin edilməməlidir. Belə ki, iddiaçı həmin mənzildən istifadə hüququnun olduğunu iddia edərək mənzilə köçürülməsini də xahiş etmişdir ki, məhkəmə araşdırması zamanı onun həmin mənzildən istifadə hüququnun olmadığı müəyyən edilmişdir.
32. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və yaşayış hüququnun tanınması”na dair iddiasıtəmin edilməməlidir. Məhkəmə xərcləri:
33. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Nəticə:
34. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılması və həmin mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva