Məhkəmə qərarları › İş №2(060)-529/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-529/2022

21.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-529/2022 21.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Güliyeva Aytac İsrayıl qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil X2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərin Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 32 saylı evin 52-ci mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 32 saylı evin 52-ci mənzilini şəxsi vəsaiti hesabına 15.10.2021-ci ildə alqı-satqı müqaviləsi əsasında alaraq əldə etmişdir. Lakin hal-hazırda mıəlum olmuşdur ki, əvvəlki ev sahibinin də ailə üzvü olmayan cavabdehlər hələ də sözügedən mənzildə formal olaraq pasport qeydiyyatında qalmışlar. Hal-hazırda cavabdehlərin həmin mənzildə heç bir əmlakı və həmin mənzillə əlaqələri olmasa da, formal şəkildə iddiaçının mənzilində qeydiyyatda qalması nəticəsində iddiaçının cavabdehlərə görə mənzil üzərində sahiblik və istifadə hüquqlarının tam həyata keçirməyinə maneçilik törədir. Belə ki, əgər cavabdeh həmin mənzildə qeydiyyatda qalacaqsa, iddiaçı əsassız olaraq mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcbur olcaqdır. Bundan əlavə gələcəkdə öz mənzilini kiməsə bağışlamaq və satmaq istəsə, bununla bağlı da problemlər yarana bilər. İddiaçının cavabdehlə heçbir əlaqəsi olmadığından və onun yaşadığı yeri bilmədiyindən ondan iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxmasını tələb edə bilmir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin bildirdi ki, iddiaçı sözügdən mənzili 2021-ci ilin oktyabr ayında öz şəxsi vəsaiti hesabına almışdır. O, mənzili “Asan Xidmət” Mərkəzində qeydiyyatdan keçirərkən məlum olmuşdur ki, cavabdehlər xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzildə formal şəkildə qeydiyyatda qalmışlar. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə göndərilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan “Elektron notariat” X1 vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışa əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.1980-ci ildə Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdehlərdən Cavabdeh1 10.04.968-ci ildə, Cavabdeh3 xx.xx.1994-cü ildə, Cavabdeh2 isə xx.xx.1993-cü ildə anadan olmuşlar və onlar ünvan 2 ünvanında (bundan sonra – mübahisəli mənzil) qeydiyyatdadırlar. İşdə olan 09.06.2021-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı mübahisəli mənzili "xxxx" ASC-dən almışdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mübahisəli mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. 10 saylı Mənzil-Kommunal Sahəsinin 1398 saylı, 21.12.2021-ci il tarixli arayışına əsasən ünvan 2 ünvanında hal-hazırda iddiaçı yaşayır, cavabdehlər isə mənzildə qeydiyyatda olsalar da, orada yaşamırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4.). İşdən göründüyü kimi iddiaçı mübahisəli mənzili alqı-satqı müqaviləsinə əsasən almışdır. Mənzil xüsusi mülkiyyət hüququ ilə idiaçıya məxsusdur. Cavabdehlər həmin mənzildə yaşamır və formal olaraq mənzildə qeydiyyatda qalmışlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarından da biri onun barəsində yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamənin olmasıdır. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaları iddiaçının mənafeyinə zidd olmaqla bir mülkiyyətçi kimi onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bu səbəbdən iddia təmin edilməli və cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2-ə istifadə hüquqları itirilmiş hesab olunsun. Hazırkı qətnamə göstərilən şəxslərin həmin mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar