Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-53/2023 22.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İlkin İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil, Qarşlıqlı iddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia tələbi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılmaya dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 36, mənzil 51-dən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçı qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onun xeyrinə maddi zərər kimi 15.000 (on beş min) manat, hüquqi xidmətə görə ödənilmiş 200 (iki yüz) manat və 135 (yüz otuz beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun - cəmi 15.335 (on beş min üç yüz otuz beş) manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 36, mənzil 51-də yerləşən mənzil şəxsi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin mənzildə qardaşı X4 yaşamışdır. Cavabdehlə qeyri-rəsmi ailə münasibətlərində olmuş və cavabdeh də köçüb orada yaşamışdır. O, isə həyat yoldaşının evində yaşamışdır. Qardaşına görə cavabdehin orada yaşamasına etiraz etməmişdir. Qardaşı 2020-ci ildə rəhmətə getmişdir. El adətinə görə qardaşının ili çıxana qədər cavabdehi mənzildən çıxarmamışdır. Qardaşının ili çıxandan sonra cavabdehə mənzildən çıxmasını demişdir. Lakin cavabdeh könüllü olaraq mənzildən çıxmayacağını bildirmişdir. Ona görə də məcbur olub məhkəməyə müraciət edir. Cavabdeh onun ailə üzvü deyil və qardaşının da ailə üzvü olmamış, aralarında rəsmi nikah olmamışdır. Hazırda qardaşı rəhmətə getmiş və cavabdehin mənzildə yaşamaq üçün hər hansı hüququ yoxdur və mənzili tərk etməlidir. Amma bunu könüllü olaraq etmək istəmir və bu halda o, mənzildən məhkəmə qaydasında çıxarılmalıdır. Cavabdeh onun ailə üzvü deyil, onunla birlikdə mənzildə yaşamamış və onunla aralarında həmin mənzildən istifadə hüququna dair hər hansı bir notarial qaydada təsdiq edilmiş razılıq mövcud deyildir. Bu halda cavabdeh bu mənzildən istifadə hüququ olmayan şəxsdir və mənzildən mülkiyyətçinin tələbi ilə çıxmalıdır. AR Mənzil Məcəlləsinin 30-cu maddəsindən də görünür ki, yalnız mülkiyyətçi ilə birlikdə yaşayan ailə üzvləri mənzildən mülkiyyətçi ilə bərabər istifadə hüququ qazanırlar. Cavabdeh isə onunla birlikdə həmin mənzildə yaşamayıb, nə də onun ailə üzvü deyildir. Bütün bu hallara əsasən belə nəticəyə gəlmək olar ki, cavabdehin onun mülkiyyətində olan mənzildə istifadə hüququ yaranmamışdır və o, həmin mənzili boşaltmalıdır. Cavabdehin həmin mənzildə yaşayıb mənzili tərk etməməsi onun mülkiyyətçi kimi mənzildən istifadə, sahiblik və sərəncamvermə hüquqlarını pozur. Onu da qeyd etmək lazımdır ki, cavabdehin özünün yaşayış və qeydiyyat yeri var və onun qardaşı ilə qeyrirəsmi ailə qurana qədər öz mənzilində yaşamışdır, həmin mənzil bu gün də mövcuddur, bacıları həmin mənzildə yaşayırlar. Bu halda isə cavabdeh mənzildən məhkəmə qaydasında çıxarılmalıdır. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona qarşı "mənzildən çıxarılma tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Sumqayıt şəhəri, 5-ci mikrorayon, 36/69 saylı evin 51-ci mənzilindən çıxarılmağı barədə qətnamə qət edilməsini xahiş etmişdir. İlkin iddia tələbi ədalətsiz olduğuna görə hesab edir ki, qarşılıqlı iddia tələbi irəli sürülməlidir. Belə ki, o, iddiaçının qardaşı X4 ilə xx.xx.2011-ci il tarixdə el adəti ilə toy edib ailə qurmuşdur və o, mübahisəli mənzilə gəlin gəlmişdir. Nikahları rəsmiləşdirilməmişdir. Mübahisəli mənzil Sumqayıt şəhəri, 5-ci mikrorayonda beş mərtəbəli yaşayış binasının 3cü mərtəbəsində yerləşməklə iki otaqdan ibarətdir. Mənzil yaşamaq üçün yararsız halda olduğuna görə toylarından iki ay əvvəl o, öz şəxsi vəsaiti hesabına mənzili əsaslı təmir elətdirmişdir. Belə ki, mənzilin bütün pəncərələri plastik materialdan hazırlanmış, eyvan kərpiclə hörülmüş, mənzilin həm giriş qapısı, həm də içəri otaqların qapıları və balkonun qapısı dəyişdirilərək təzəsi qoyulmuş, elektrik xəttləri və su boruları dəyişdirilərək təzələnmişdir. Hamam-tualet tamamilə sökülərək yenidən tikilmiş və plastik qapı qoyulmuşdur. Bundan başqa, istilik sistemi həm hamamda, həm də otaqlarda yenidən quraşdırılmışdır. Əl-üz yuyan, unitaz və digər məişət avadanlıqları da təzələnmişdir. Bütün bunların hamısını o təşkil etmiş və xərcini özü çəkmişdir. Ümumiyyətlə, bütün təmir işləri usta pulu ilə bərabər ona təxminən 15.000 manata başa gəlmişdir. Həyat yoldaşı X4 ilə xx.xx.2020-ci il tarixədək bu ünvanda birgə yaşayıb, birgə təsərrüfat aparmışdırlar. xx.xx.2020-ci ildə həyat yoldaşı uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Onun dəfn və yas mərasimlərinin də xərcini o, çəkmişdir. Lakin, onun bu əzab-əziyyətinin, qayğının və çəkdiyi xərclərin müqabilində iddiaçı-cavabdeh İddiaçı hazırda ona qarşı həmin mənzildən çıxarılmağı barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də hazırki qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, ilkin iddia tələbi təmin olunarsa, ona dəymiş maddi ziyan da hesablanıb müəyyən edilməli, mənzilin təmirinə çəkilmiş xərclər İddiaçı onun xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iştirak edən ilkin İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddia tələbini müdafiə etdiyini, qarşılıqlı iddia tələbini isə qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, ünvan 1 ünvanında yerləşən mənzil şəxsi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Həmin mənzildə qardaşı X4 yaşamışdır. Ceyhun Dəmirov cavabdehlə qeyri-rəsmi ailə münasibətlərinə daxil olub və bunun nəticəsində cavabdeh də həmin mənzilə köçərək orada yaşamağa başlayıb. İddiaçı qardaşına görə cavabdehin orada yaşamağına etiraz etməmişdir. Qardaşı 2020-ci ildə dünyasını dəyişib. El adətinə görə qardaşının ili çıxana kimi cavabdehi mənzildən çıxarmamışdır. Daha sonra iddiaçı cavabdehi mənzildən çıxarmaq istəmiş, lakin cavabdeh könüllü olaraq mənzildən çıxmayacağını bildirmişdir. Buna görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdehin mübahisəli evdə yaşamağa hüququ yoxdur. İddiaçı tərəf olaraq iddia tələbinin əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə istinad edirlər. Qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, onlar mənzilin cavabdeh tərəfindən təmir edildiyini danmırlar. Lakin cavabdeh iddiaçının razılığı və ya tapşırığı olmadan özünün yaşayış tərzini yaxşılaşdırmaq üçün evi təmir etmişdir və nəticədə uzun illər yoldaşı, yəni iddiaçının qardaşı ilə birlikdə həmin evdə yaşamışdır. Hətta məhkəmə iclasında dindirilmiş şahid də öz ifadəsində cavabdehin evi özü üçün təmir edərək 11 il ərzində mənzildə yaşadığını bildirmişdir. Onu məhkəmənin nəzərinə çatdırır ki, təmirdən əvvəlki şəraitdə yaşamaq iddiaçı və qardaşına xoş olmuşdur, həm də onların evi təmir etmək üçün maddi imkanları olmamışdır. Cavabdeh öz şəraitini yaxşılaşdırmaq üçün evi təmir etmişdir. Bundan əlavə 10 il müddət keçdikdən sonra hər hansı təmir öz əhəmiyyətini itirərək təmirsiz kimi hesab olunmalıdır. Göründüyü kimi qarşılıqlı iddia tələbinin maddi və hüquqi əsası yoxdur. Bir də məhkəmənin nəzərinə çatdırır ki, qarşlıqlı iddiaçı ona maddi zərər vurulduğunu bildirsə də, ona ilkin iddiaçı tərəfindən heç bir ziyan dəyməyib. Evin təmiri üçün iddiaçının xahişi və ya tələbi olmayıb. Cavabdeh özü üçün mənzili təmir edib. Nümayəndə qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşlıqlı iddiaçı Cavabdeh qeyd etdi ki, ilkin iddia tələbini qəbul etmir, qarşılıqlı iddia tələbini isə müdafiə edir. 2011-ci ildə iddiaçının qardaşı ilə nikah münasibətlərinə daxil olmuş və el adəti ilə mübahisəli mənzilə gəlin köçmüşdür. Bildirir ki, yoldaşı evin sonuncu uşağı olduğundan ev ona qalmışdır, digər qardaş-bacıların isə hər birinin evi olmuşdur. Bildirir ki, mənzil yaşamaq üçün yararsız olduğuna görə mənzili öz şəxsi vəsaiti hesabına təmir etdirmişdir. Evin təmiri üçün 25000 manat pul xərcləmişdir, lakin o, Aidədən həmin məbləği deyil, daha az pul tələb edir. O, yoldaşı ilə sözügedən mənzildə uzun müddət birlikdə yaşamışdılar. Yoldaşı 2020-ci ildə vəfat etmişdir. Onu da məhkəmənin nəzərinə çatırır ki, yoldaşının qaraciyərində problem olmuşdur, hətta onu da öz maddi vəsaiti hesabına müalicə etdirmişdir və bu məsələni də hər kəs bilirdi. Onlar yoldaşı ilə bir-birilərini çox istmişdirlər, münasibətləri hər zaman yaxşı olub. Bildirir ki, indiyə kimi iddiaçı ilə münasibətləri də normal olub. Bu günə kimi mənzildən çıxmaq ilə bağlı ona heç nə deyilməmiş, bir gün Aidə ona telefon vasitəsi ilə səs atıb evi bir ay ərzində tərk eləməli olduğunu bildirmişdir. Onu da bildirir ki, o, həmin evə gəlin gələndə Ceyhun sonuncu uşaq olduğu üçün bu mənzildə onun yaşayacağını bildirmişdilər, övladları olanda mənzil onların adına keçəcəkdi. Lakin onların övladı olmamışdır. Bidirir ki, mübahisəli ev yoldaşının atasının, daha sonra isə anasının mülkiyyətində olmuşdur. Qaynanası öləndən sonra qızı-Aidə xəbərsiz mənzili öz adına keçirib. Bildirir ki, mənzili tamamilə o, təmir etdirmişdir, yalnız təmirin pulunu tam ödədikləri təqdirdə həmin evdən çıxa bilər. Bundan başqa 11 il ərzində evin bütün kommunal xərclərini də o, ödəyib. Əslində Aidə evin Ceyhuna qalacağını bilirdi, buna görə də təmir edilməsində iştirak etməyib. Hesab edir ki, ona bu evlə bağlı güzəştə gedə bilərdilər. Belə ki, yoldaşının son anına kimi qulluğunda durmuş, onun səhhətinin yaxşılaşması üçün əlindən gələni etmiş, bütün müalicə xərclərini ödəmiş və nəticədə 10 il onu yaşatmışdır. Həmin vaxt Aidə bir dəfə də olsun, qardaşı ilə maraqlanmamışdır. Bir daha məhkəmənin nəzərinə çatdırır ki, o, hazırda iddiaçıdan ev istəmir, evin təmiri üçün çəkdiyi xərcin ödənilməsini tələb edir. Hesab edir ki, ekspertin müəyyən etdiyi 9679 manat ədalətli məbləğdir. Belə ki, ekspert 2011-ci il üçün təmir xərcini müəyyən etməsə də, evlərin qiyməti də hazırda dəyişmişdir. Belə ki, onun etdiyi təmir iddiaçının evinin dəyərini dəfələrlə artırmışdır. Hazırda həmin mənzilin təxminən 70000 manat dəyəri var. Qarşılıqlı iddiaçı qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Afaq yaxın rəfiqəsidir, ailəvi dostdurlar. Hazırda evin təmirinin Afaq tərəfindən edilməsini təsdiqləmək üçün məhkəmə iclaısnda iştirak edir. İddia ərizəsində Afaqla ərinin qeyri-qanuni ailə kimi yaşadıqlarını qeyd ediblər. Lakin bildirir ki, Afaqla ərinin atət-ənənəyə uyğun olaraq toy-nişan mərasimləri olmuş və o, şəxsən özü də həmin yığıncaqlarda iştirak etmişdir. Bildirir ki, Afaqın nişanı olmamışdan iki ay əvvəl evin təmirinə başlanılmışdır. Afaq 17 yaşından işləyirdi, yığdığı bütün pulu evin təmirinə xərcləmişdir. Əslində onlar Afaq evi təmir etməməyi tapşırdılar, lakin Afaq elə şəraitdə yaşaya bilməyəcəyi deyib təmiri davam etdirdi. Afaq yoldaşı Ceyhuna yaxşı baxırdı, hətta yoldaşının yas mərasimini də yaxşı keçirmişdi. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Afaq 2011-ci ilin sentyabr ayında onların həyətinə gəlin köçmüşdür. Onu qonşu olaraq tanıyır. Afaq gəlin köçməzdən əvvəl mübahisəli mənzili təmir etmişdir və 11 il həmin mənzildə yaşamışdır. Bundan başqa Afaqın hər zaman yoldaşı Ceyhunun qulluğunda durduğunu da bilir. Məhz bu halları təsdiqləmək üçün məhkəməyə gəlmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin Qeydiyyat Vəsiqəsinin notarial qaydada təsiqlənmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 36/69, mənzil 51 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 3 qeydiyyatdadır. İş materiallarında olan ünvan 2-in 939 nömrəli, 04 iyul 2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2011-ci ildən etibarən əri X4 ilə birlikdə ünvan 3 ünvanında yaşamışdır. X4 xx.xx.2020-ci ildə vəfat etmişdir. Hal-hazırda Cavabdeh həmin ünvanda tək yaşayır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılmaya dair ilkin iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. Məhkəmə ilkin İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair ilkin iddiası ilə bağlı aşağıdakıları qeyd edir. Mənzil Məcəlləsinin 8-ci maddəsində mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları müəyyən edilərək göstərilir ki, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; mənzil-tikinti kooperativində üzvlük; mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Bu cür müdafiə üsulları kimi Mənzil Məcəlləsinin 9.2.1-ci maddəsində mənzil hüququnun tanınması, 9.2.2-ci maddəsində mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması müəyyən edilmişdir. Yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülməsi barədə iddialara baxılarkən, istifadə hüququnun tanınması və ya köçürülməsi tələb olunan yaşayış sahəsinin hüquqi statusu, yəni kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Çünki, mənzil fondu Məcəllədə özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsində fərqli cəhətlər vardır. Mənzilin hüquqi statusunun müəyyən olunması bir tərəfdən mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidirsə, digər tərəfdən mübahisənin həlli üçün maddi hüquq normasının düzgün seçilməsi nöqteyi-nəzərindən zəruridir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı adına Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 36/69, 51 saylı mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında qeydiyyat vəsiqəsi verilməklə, o həmin evə mülkiyyət hüququ əldə etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “İnsan hüquqlarının və ya əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X2rşı” məhkəmə işi üzrə qərarında qeyd etdi ki, mülkiyyət hüququna istənilən müdaxilənin əsaslı olması üçün həmin müdaxilə cəmiyyətin ümumi maraqlarına xidmət etməli, yəni qanuni məqsəd daşımalıdır. Lakin mülkiyyət hüququna müdaxiləyə haqq qazandırmaq üçün həmin müdaxilənin qanuni məqsəd daşıdığı bəyan etməsi kifayət deyildir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə оlan maddi hüquq nоrmalarına və işin baхılması zamanı qüvvədə оlan prоsessual hüquq nоrmalarına uyğun çıхarılmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27 iyul 2001-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qanunun zamana görə qüvvəsini nəzərə alaraq göstərmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM-nin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. MM-nin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 36/69, 51 saylı mənzilin mülkiyyətçisi İddiaçı ailə üzvü deyil. Bu səbəbdən ilkin iddia üzrə Cavabdeh mübahisəli mənzildə yaşamaq üçün hər hansı hüquqi əsası yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılmaya dair ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddiaçı Cavabdeh Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 36/69, 51 saylı mənzildən çıxarılmalıdır. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiasına gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir, qarşılıqlı iddiaçı Cavabdeh ilkin iddiaçının qardaşı ilə faktiki nikah münasibətlərinə daxil olaraq mübahisəli mənzilə köçmüşdür. Mənzilə köçməmişdən əvvəl həmin mənzili öz vəsaiti hesabına əsaslı təmir etdirmişdir. Bu halı ilkin iddiaçı təkzib etməmiş, əksinə təsdiqləmişdir. Beləliklə ilkin İddiaçı qarşılıqlı iddiaçı Cavabdeh özünə məxsus Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 36/69, 51 saylı mənzili əsaslı təmir etməsinə və təmirdən sonra köçüb orada yaşamasına etiraz etməmişdir. İşin qeyd edilən hallarını nəzərə alan məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçı Cavabdeh mübahisəli mənzilə vicdanlı sahiblik etmişdir və bu səbəbdən onun mənzilin yaxşılaşdırılması üçün çəkdiyi məsrəflərin əvəzinin ilkin iddiaçı tərəfindən ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə mənzilin təmirinə çəkilmiş xərcin məbləğinin müəyyən edilməsi məqsədi ilə bir neçə dəfə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6495 saylı rəyi ilə Sumqayıt şəhəri, 5-ci mikrorayon, 36 saylı evin 51 saylı mənzil üzrə aparılmış təmir işlərinə dair layihə-smeta sənədləri, 2011-ci ildə mənzilin təmiri üçün istifadə olunan tikinti materiallarına dair qaimələr mülki iş materiallarında olmadığına görə, 2011-ci ildə aparılmış təmir işlərinin ümumi dəyərini müəyyən etmək mümkün olmamış, mənzil üzrə aparılmış təmir işlərinin mövcud orta bazar qiymətlərinə uyğun dəyərinin 9679 manat olduğu müəyyən olunmuşdur. 2-ci sual üzrə təmir işlərinin aşınmasının (köhnəlməsinin) müəyyən edilməsinə dair metodika olmadığından bu sual üzrə tədqiqat aparılmamışdır. Ekspert qarşısında mübahisəli mənzilin 2011-ci ildə təmir xərcinin nə qədər olması barədə sual qoyulmaqla təkrar ekspertiza təyin edilsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli 10/6495 saylı rəylə eyni məzmunlu xx.xx.2023-cü il tarixli 10/2454 saylı rəy verilmişdir. Bu səbəbdən məhkəmə 2023-cü il üçün müəyyən edilmiş təmir xərcinin Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin istehlak qiymətləri indeksi barədə məlumatı nəzərə alınmaqla 2011-ci il üçün dəyərini müəyyən etmək üçün növbəti dəfə ekspertiza təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8546 saylı rəyi ilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilmiş 2011- 2023-cü illər üzrə bəzi ərzaq məhsullarının orta illik pərakəndə satış qiymətləri haqqında məlumatlar (C.İ.V-132) və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin stat.gov.az rəsmi internet səhifəsindən alınan məlumatlara əsasən hazırki ekspertiza tədqiqatı ilə 2023-cü ilin iyul ayında müəyyən edilmiş 9679,00 manat məbləğində pul vəsaitinin indeksasiyası nəzərə alınmaqla (indeksasiya faizi illər üzrə ayrı-ayrılıqda hesablanmaqla) 2011-ci il tarixə olan dəyərinin (sualda göstərilən tarixinə) 4937,67 manat təşkil etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 206-cı maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1). Məhkəmə qeyd edir ki, ekspert rəyi məhkəmə üçün məcburi və qabaqcadan heç bir qüvvəsi olmamaqla onun mötəbərliyinə inam kifayət qədər yüksəkdir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçı Cavabdeh mübahisəli mənzilin yaxşılaşdırılması üçün çəkdiyi məsrəflərin əvəzi kimi ilkin İddiaçı tərəfindən 4937,67 manat ödənilməsi ədalətli və ağlabatandır. Məhkəmə bu nəticəyə gələrkən qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən mübahisəli mənzilin təmir edildikdən sonra 12 il fasiləsiz olaraq orada yaşadığını və mənzilin təmirinin köhnəldiyini də nəzərə alır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, ilkin İddiaçı 4937,67 (dörd min doqquz yüz otuz yeddi manat altmış yeddi qəpik) manat pul tutularaq qarşılıqlı iddiaçı Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı isə hesab edir ki, ilkin iddia tələbi təmin edildiyindən ilkin İddiaçı tərəfindən ödənilən 100 manat dövlət rusumu qarşılıqlı iddiaçı Cavabdeh aid edilməlidir. Qarşılıqlı iddia tələbi qismən (təxminən 30 faiz həcmində) təmin edildiyindən ödənilmiş 135 manat dövlət rüsumunun 40.50 manat hissəsi ilkin İddiaçı aid edilməlidir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 200 (50+50+100) manat təşkil etmişdir. Qarşılıqlı iddia qismən (təxminən 30% hissədə) təmin edildiyindən məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərcinin 60 manat hissəsi ilkin iddiaçıya, 140 manat hissəsi isə qarşılıqlı iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarına əlavə edilmiş 569762 nömrəli, 04 iyul 2022-ci il tarixli mədaxil orderindən görünür ki, Cavabdeh tərəfindən Şahin Hüquq Xidmətinin hesabına 200 manat pul köçürülmüşdür. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi qismən (təxminən 30 faiz həcmində) təmin edildiyindən vəkilə hüquqi yardıma görə ödənilən 200 manat xərcin 60 manat hissəsi də qarşılıqlı İddiaçı tutularaq ilkin iddiaçı Cavabdeh verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İlkin iddia tələbi təmin edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Qarşılıqlı iddiaçı Cavabdeh Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 36/69, mənzil 51dən çıxarılsın. Qarşılıqlı iddiaçı Cavabdeh ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tutularaq ilkin İddiaçı ödənilsin. İlkin İddiaçı 4937,67 (dörd min doqquz yüz otuz yeddi manat altmış yeddi qəpik) manat pul, hüquqi yardıma görə ödənilən xərcin 60 (altmış) manat hissəsi və qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 40,50 (qırx manat əlli qəpik) manat hissəsi tutularaq qarşlıqlı iddiaçı Cavabdeh ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının xərci olaraq ilkin İddiaçı 60 (altmış) manat, qarşılıqlı iddiaçı Cavabdeh isə 140 (bir yüz qırx) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-53/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-53/2023
22.12.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver