Məhkəmə qərarları › İş №2(060)-5341/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5341/2021

13.08.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5341/2021 13.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Həsənova Həvva Seymur qızının katibliyi, İddiaçı, Cavabdeh iştiraki ilə, İddiaçı Cavabdeh qarşı ”mənzildən məcburi çıxarma tələbinə” dair ilkin iddia ərizəsi və Cavabdeh İddiaçı qarşı ”kirayə haqqına görə ödənilmiş pulun və dəymiş ziyanın ödənilməsi tələbinə” dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ”mənzildən məcburi çıxarma tələbinə” dair ilkin iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh azyaşlı övladı ilə birlikdə mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci mikrorayon ünvanında yerləşən, 8/7 saylı evin, 110cu mənzilindən məcburi çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı ”kirayə haqqına görə ödənilmiş pulun və dəymiş ziyanın ödənilməsi tələbinə” dair qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı vermiş olduğu 2000 manat məbləğində kirayə haqqının və 30 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında ilkin iddia tələbini müdafiə etdi və qarşılıqlı iddia tələbini qəbul etməyərək göstərdi ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon ünvanında yerləşən, 8/7 saylı evin, 110-cu mənzili mülkiyyət hüququ ilə ona məxsusdur. Bunu 14 noyabr 2014-cü il tarixdə AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt ərazi İdarəsi tərəfindən verilmiş RX Seriyalı ******* saylı çıxarış təsdiq edir. Mülkiyyətçisi olduğu mənzildə 12 iyul 2018-cı ildən hal-hazıradək Cavabdeh azyaşlı övladı ilə yaşayır. O dəfələrlə cavabdehin azyaşlı övladı ilə birlikdə mülkiyyətçisi olduğu mənzili tərk etməsini xahiş etsə də, o bu günə kimi mənzili tərk etməmişdir. O hər dəfəsində mənzilə getdikdə cavabdeh ona problemlər yaradır, səs-küy salır, onun ünvanına nalayiq ifadələr səsləndirir, onu təxribata cəlb edir. Bildirir ki, cavabdeh onun mənzil hüququnun həyata keçirilməsinə maneçilik törədir. Cavabdehin günahı səbəbindən mənzildə yaşaya bilmir. Bu da onun maddi vəziyyətini daha da ağırlaşdırmışdır. Qarşılıqlı iddia ərizəsini isə əsassız hesab edir. Belə ki, cavabdeh tərəfindən ona heç bir pul məbləği verilməmişdir. Göstərilənlərə əsasən, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh ilkin iddia tələbini qəbul etmədi və qarşılıqlı iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, qeyd edilən mənzildə o 2018-ci ildən yaşayır və həmişə mənzilin kirayə haqqını vaxtı-vaxtında ödəmişdir. Aralarında olan razılaşmaya görə o hər ay iddiaçıya 150 manat kirayə haqqını və kommunal xidmət haqlarını ödəmişdir. Həmin mənzili ona kirayə vermiş Şahbala adlı şəxs aylıq kirayə haqqını ondan alırdı. Onunla iddiaçı arasında kirayə haqqının ödənilməsi ilə bağlı heç bir danışıq olmamış, ümumiyyətlə o bu şəxsi tanımamışdır. Bu müddət ərzində o bir dəfə də olsun onunla üz-üzə gəlməmiş, ondan evi boşaltmağı tələb etməmişdir. 2021-ci ilin aprel ayında Şahbala ona bildirmişdir ki, mənzil sahibinə təcili 2000 manat pul lazımdır, ona görə də o həmin pulu verməlidir, bu pula görə 2022-ci ilin iyun ayına qədər kirayə haqqına görə onu heç kəs narahat etməyəcək. Əgər həmin pulu verməsə evi boşaltmalıdır, mənzil sahibi evi satmaq məcburiyyətinə qalacaq. O tənha qadındır, himayəsində 2 az yaşlı övladı vardır. Uşaqları ilə evdən çıxmamaq üçün məcburiyyət qarşısında qalaraq borc pul alıb Şahbalaya vermişdir. Lakin hazırda ona məlum olmuşdur ki, 2022-ci ilin iyun ayınadək kirayə haqqını ödəməyinə baxmayaraq iddiaçı ona qarşı belə iddia qaldırmışdır. Qeyd edir ki, ev sahibi kirayə haqqını bircə gün gecikdirən kimi gəlib onun yaşadığı mənzilin qapısını gecə saatlarında kənar, tanımadığı şəxslərlə döymüş, onu narahat etmiş, hətta icazəsiz evə də daxil olmuşdur. Lakin o yenə də evdən çıxarılmamaq üçün onun bu qanunsuz hərəkətlərinə də susmuşdur. Onun həyat yoldaşı 2-ci qrup Qarabağ Müharibəsi əlilidir, ağciyər xəstəliyindən əziyyət çəkir, maddi imkansızlıq üzündən onunla boşanmışdır və uşaqları özü böyüdür. Heç yerdə işləmir, sosial yardım və aliment almır, maddi vəziyyəti ağır və acınacaqlıdır. 2000 manat borcu o inanaraq ev sahibi Şahbalaya vermiş, lakin hazırda pulu almalarına baxmayaraq ona qarşı belə bir iddia qaldırmışlar. İddiaçı evi ona kirayə verməsinə və hər ay kirayə haqqı almasına baxmayaraq aldığı gəlirdən dövlətə vergilərini də ödəməmişdir. Əgər onun mənzildən çıxmağını istəyirsə o zaman verdiyi 2000 manatı qaytarmalıdır. Belə ki, Şahbala həmin pulu ondan alaraq iddiaçıya verəcəyini bildirmişdir. Məhkəmə, tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ilkin iddia tələbi təmin, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon ünvanında yerləşən, 8/7 saylı evin, 110-cu mənzil İddiaçı oğluna məxsusdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, qanunun qeyd olunan tələbinə uyğun qaydada iddiaçı tam şəkildə mənzil hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı cavabdehin həmin mənzildə yaşaması ilə məhdudlaşdırılmış və iddiaçı mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların həyata keçirilməsinə cavabdeh maneçilik törədir. Məhkəmə, hesab edir ki, qeyd edilən halda tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinin qanuni əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsi tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin mahiyyətindən görünür ki, əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni zamanda, İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Beləliklə, işin hallarına əsasən cavabdehin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə mənzil üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etmişdir ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, 28.11.1996, § İİ, B, h63.) Beləliklə, Məhkəmə qeyd etmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Qarşılıqlı iddia tələbinə gəldikdə isə, Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassızdır. Belə ki, qarşılıqlı iddia ərizəsindən və qarşılıqlı iddia üzrə iddiaçını məhkəmə iclasında verdiyi izahatdan görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tələb etdiyi 2000 manat pulu qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Qurban oğluna deyil, Şahbala adlı şəxsə vermişdir. Buna baxmayaraq o, qarşılıqlı iddia ərizəsində həmin pulu İddiaçı Qurban oğlundan tələb edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bununla da, məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallara dair Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq olaraq mötəbər dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilərək Cavabdeh azyaşlı övladı ilə birlikdə Sumqayıt şəhəri, 5-ci mikrorayon, 8/7 saylı evin, 110 saylı mənzilindən çıxarılmalı, mənzil boşaldılaraq İddiaçı təhvil verilməli və qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. Cavabdeh azyaşlı övladı ilə birlikdə Sumqayıt şəhəri, 5-ci mikrorayon, 8/7 saylı evin, 110 saylı mənzilindən çıxarılsın və həmin mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. Cavabdeh İddiaçı qarşı ”kirayə haqqına görə ödənilmiş pulun və dəymiş ziyanın ödənilməsi tələbinə” dair qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar