Məhkəmə qərarları › İş №2(060)-5382/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5382/2025

11.09.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5382/2025 11.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X3-Xızı Regional Təhsil İdarəsinə qarşı işə bərpa tələbinə dair iş üzrə (açar sözlər: işə bərpa, işin baxılmamış saxlanılması) Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X3-Xızı Regional Təhsil İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X3-Xızı Regional Təhsil İdarəsinə qarşı işə bərpa tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X3-Xızı Regional Təhsil İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən çıxarılması barədə verilmiş qanunsuz əmrin ləğv edilməsi, onun əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməyi, məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İş məhkəmənin icraata qəbul edilmiş, iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə, saat 10:40-a təyin edilmişdir.

3. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X3-Xızı Regional Təhsil İdarəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə etiraz göndərərək mübahisələndirilən əmri əlavə etmiş, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin Azərbaycan Respublikası elm və təhsil nazirinin xx.xx.2023-cü il tarixli, 3-29/3-1- 228K/2023-cü il tarixli əmri ilə ləğv edildiyini, mübahisələndirilən əmri Abşeron-Xızı Regional Təhsil İdarəsi vermədiyi üçün hazırkı iş üzrə əsl cavabdeh hesab edilə bilmədiklərini, gələcəkdə əmrin məhkəmə tərəfindən ləğv edilməsi halı olarsa həmin əmrin ləğvi ilə bağlı tədbirlər görmək səlahiyyətinin idarədə olmadığını bildirmişdir.

4. Cavabdehin əsl cavabdehlə əvəz edilməsi ilə bağlı məhkəmə iddiaçının münasibətini aydınlaşdırmış, iddiaçı etiraz etdiyindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi cavabdeh kimi işə cəlb edilmiş, iş üzrə növbəti məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə, saat 10:20-ə təyin edilmişdir.

5. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X3-Xızı Regional Təhsil İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4 xx.xx.2025-ci il tarixdə məhkəməyə vəsatət göndərərək iddia ərizəsi üzrə əsl cavabdehin işə cəlb edilməsini xahiş etmişdir.

6. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Abşeron-Xızı Regional Təhsil İdarəsinə qarşı “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və s. tələbinə dair iddia ərizəsi üzrə 2(060)-5382/2025 saylı mülki iş halhazırda məhkəmənin icraatındadır. İddia ərizəsinə etiraza əlavə olunmuş sənədlər və iddia müddətinin tətbiqi barədə ərizə məhkəməyə təqdim edilmişdir. Hesab edirlər ki, həm etirazda göstərilənlər, təqdim etdikləri sübutlar, həm də iddia müddətnin ötürülməsi səbəbindən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Prezidentinin “Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2021-ci il 20 dekabr tarixli, 3058 nömrəli və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsı haqqında” 2014-cü il 24 iyul tarixli, 664 nömrəii sərəncamlarında dəyişiklik edilməsi barədə” 2021-ci il 20 dekabr tarixli 3059 nömrəli sərəncamlarının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Təhsil naziri cənab Emin Əmrullayev tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, F-99 saylı əmrə əsasən Nazirliyin yerli təhsil şöbələrinin balansında regional təhsil idarələri yaradılmış və əsasnaməsi təsdiq edilmişdir. İddiaçı Sumqayıt şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbində direktor vəzifəsində çalışmışdır. Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən əsəsnəmədə göstərilən səlahiyyətlər həddində 16, 17, 24 yanvar 2023cü il tarixlərində Sumqayıt şəhər 7 nömrəli tam orta məktəbdə məktəbdaxili rəhbərlik və nəzarətin təşkili, bununla bağlı sənədləşmənin təlimata uyğun aparılması, yuxarı sinif şagirdlərinin dərsə davamiyyəti, dərnək məşğələlərinin təşkili vəziyyəti və s. məsələlərlə bağlı monitorinq keçirilmiş, nəticələrinə dair arayış Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə təqdim edilmişdir. İşəgotürən nazirlik olduğuna görə Azərbaycan Respublikası elm və təhsil nazirinin xx.xx.2023-cü il tarixli, 3-29/3-1-228K/2023 nömrəli əmri ilə İddiaçı ilə bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən həmin tarixdən ləğv edilmişdir. İddiaçı həmin əmri xx.xx.2023-cü il tarixdə təhvil almışdır. Hesab edirlər ki, mübahisələndirilən əmri Abşeron- Xızı Regional Təhsil İdarəsi vermədiyi üçün hazırkı iş üzrə əsl cavabdeh hesab edilə bilməz. Belə ki, gələcəkdə əmrin məhkəmə tərəfindən ləğv edilməsi halı olarsa, həmin əmrin ləğvi ilə bağlı tədbirlər görmək səlahiyyəti də idarədə olmayacaqdır.

7. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X3-Xızı Regional Təhsil İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4 vəsatətin məzmununa uyğun izahat verərək vəsatəti müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiaçı Azərbaycan Respublikasının təhsil nazirinin xx.xx.2011-ci il tarixli, 11/750 nömrəli əmri ilə direktor vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası elm və təhsil nazirinin xx.xx.2023cü il tarixli, 3-29/3-1-228K/2023 nömrəli əmri ilə onunla bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən həmin tarixdən ləğv edilmişdir. Odur ki, həmin əmrdən irəli gələn məsələlər yalnız birbaşa nazirlik tərəfindən həyata keçirilə bilər. 2023-cü ildə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X3-Xızı Regional Təhsil İdarəsi yaradılmışdır. İdarə direktorlara münasibətdə işəgötürən kimi çıxış etmir. Onların əsas fəaliyyət istiqamətləri əsasnaməyə uyğun olaraq təhsil sahəsində monitorinqlərin aparılmasıdır. Monitorinqin nəticələrinə dair arayış Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə təqdim edilir, sonrakı tədbirlər nazirlik tərəfindən həyata keçirilir. Hesab edir ki, bu iş üzrə onlar cavabdeh olmamalıdır. Məhkəmə qərarı icra edilə bilən olmalıdır. Mübahisəli əmr ləğv edilsə belə, İdarə olaraq həmin əmri icra edə bilməyəcəklər.

8. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi. Qeyd etdi ki, nə agentlik, nə də nazirlik onu tanımır. Cavabdehin əsl cavabdehlə əvəz edilməsi ilə bağlı bildirdi ki, vəkili ilə məsləhətləşdikdən sonra münasibət bildirə bilər.

9. Odur ki, iddiaçı yazılı razılıq bildirmədiyindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi cavabdeh kimi işə cəlb edilmişdir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.6. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur; Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Maddə 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.7. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd; Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.13. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda. Maddə 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; Maddə 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər.

11. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.2. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur; Maddə 21.9.1. Bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Maddə 28.1. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər; Maddə 29.2. Tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir;

12. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 3.

3. İşəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs. Maddə 294.

5. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

13. “Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyun 2024-cü il tarixli, 300 nömrəli Qərarı ilə ləğv edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi: “5.4. Ümumtəhsil məktəbinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təyin olunan direktor rəhbərlik edir.”

14. X5 “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” 2010-cu il 27 dekabr tarixli 1251 nömrəli və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 2014-cü il 24 iyul tarixli 664 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə” sərəncamına əsasən Sumqayıt şəhər, Abşeron, Xızı rayon təhsil şöbələrinin əsasında yaradılmış Abşeron – Xızı Regional Təhsil İdarəsinin Əsasnaməsi: “5.6. İdarənin müdiri: 5.6.2. İdarənin müdir müavini və struktur bölmə rəhbərləri istisna olmaqla, digər işçiləri vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi görür;”

15. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1: “1.1. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (bundan sonra – Nazirlik) yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) məktəbəqədər və ümumi təhsil sahələrində (bundan sonra – müvafiq sahə) dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, məktəbəqədər, ümumi və məktəbdənkənar təhsil müəssisələrinin (bundan sonra – təhsil müəssisləri) fəaliyyətini tənzimləyən, əlaqələndirən və onların fəaliyyətinə dövlət nəzarətini həyata keçirən, Nazirliyin strukturuna daxil olan qurumdur. 5.5. Agentliyin direktoru: 5.5.8. Agentlik direktorunun müavinləri istisna olmaqla, Agentliyin digər işçilərini və Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərinin müavinlərini, eləcə də Nazirliklə razılaşdırmaqla, Agentliyin strukturuna daxil olan yerli bölmə rəhbərlərinin müavinlərini, yerli bölmələrin strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür, əlavə təhsili üçün müvafiq tədbirlər görür;”

16. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli, 3 nömrəli Qərarı: “2. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər.”

Məhkəmənin mövqeyi

17. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır.

18. Qanunun yuxarıda qeyd edilən tələblərindən görünür ki, əmək münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməzdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin mediasiya prosesində iştirakı tələb olunur.

19. Həmçinin, məhkəmə qeyd edir ki, əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.

20. Əmək qanunvericiliyinə əsasən işəgötürən işçilərlə əmək müqaviləsi bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik subyektdir. İşdə olan sənədlərdən görünür ki, İddiaçı Azərbaycan Respublikasının təhsil nazirinin xx.xx.2011-ci il tarixli əmri ilə direktor vəzifəsinə təyin olunmuş, Azərbaycan Respublikası elm və təhsil nazirinin xx.xx.2023-cü il tarixli əmri ilə onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir.

21. Göründüyü kimi hazırkı halda işəgötürən kimi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi çıxış etmiş, mübahisələndirilən əmr Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən verilmişdir. Lakin iddiaçı ərizəsində cavabdeh kimi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X3- Xızı Regional Təhsil İdarəsini qeyd etmişdir.

22. Halbuki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X3-Xızı Regional Təhsil İdarəsinin direktorlara münasibətdə vəzifəyə təyin və vəzifədən azad etmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılanadək bu səlahiyyət Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyində olmuşdur. Yəni iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırılmışdır.

23. Məhkəmə iclasında iddiaçıya cavabdehin əsl cavabdehlə əvəz edilməsi təklif edilmiş, iddiaçı buna yazılı razılıq vermədiyindən məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxmış, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyini və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyini əlavə cavabdeh kimi cəlb etmişdir.

24. Lakin İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışın məzmunundan görünür ki, sözügedən mediasiya prosesi İddiaçı müraciəti əsasında mübahisə predmeti işə bərpa, məcburi işə buraxmaya görə əmək haqqı ilə bağlı olmaqla, Abşeron-Xızı Regional Təhsil İdarəsinə münasibətdə keçirilmişdir.

25. Məhkəmə qeyd edir ki, mediasiyanın məqsədi mübahisə tərəflərini məhkəmə çəkişməsindən əvvəl bir araya gətirərək qarşılıqlı razılıq əsasında həll yolu tapmağa sövq etməkdir. Bu prosesin effektiv olması üçün mediasiya danışıqları mübahisənin həlli üçün real səlahiyyətə malik olan tərəflər arasında aparılmalıdır.

26. İddiaçı tərəfindən təqdim edilmiş arayış formal olaraq mövcud olsa da, məzmunca qanunveriliyin tələblərinə cavab vermir. Həmin mediasiyada sessiyasında iddiaya cavab verməli olan əsl cavabdeh iştirak etməmiş, əmrin ləğvi mübahisə predmeti olmamışdır.

27. Məhkəmənin iddiaya cavab verməli olan şəxsləri cavabdeh kimi işə cəlb etməsi iddia ərizəsinin ilkin prosessual qüsuru – mediasiya sessiyasında iştirak edilməməsi faktını aradan qaldırmır. Odur ki, qeyd edilənlər iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır.

28. Məhkəmə iddiaçıya izah edir ki, əsl cavabdeh(lər)ə münasibətdə mediasiya prosesində iştirak etməli, müsbət nəticə əldə olunmadığı halda mediasiya prosesində iştirak barədə sənədi iddia ərizəsinə etməklə əsl cavabdeh(lər)ə qarşı həmin orqan(lar)ın hüquqi ünvanı üzrə aidiyyəti məhkəməyə müraciət edə bilər.

29. Göstərilənlərə əsasən və MPM-nin 259, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X3-Xızı Regional Təhsil İdarəsinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra onun ümumi qaydada ərizə ilə aidiyyəti məhkəməyə yenidən müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar