Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5402/2021 09.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Həsənova Həvva Seymur qızının katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və onun azyaşlı övladı 23 dekabr 2006-cı il təvəllüdlü X1 Sumqayıt şəhəri, 6-cı mikrorayon, 11 saylı evin, 112 saylı mənzilinə yaşayış hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı qızı məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddia tələbini müdafiə edir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, 11 saylı evin, 112 saylı mənzili mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İddiaçı sözügedən mənzili 16.04.2021-ci ildə, AN-İ № ******* saylı “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsi əsasında mənzilin mülkiyyətçisi Cavabdeh2 almışdır. Ona həmin mənzilə görə AR Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin Sumqayıt Ərazi idarəsi tərəfindən 06.05.2021-ci ildə çıxarış verilmişdir. "Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinin 13-cü bəndinə görə satıcı(lar) 1 ay müddətinə yəni- 16.05.2021-ci ilə qədər qeydiyyatdan çıxmalı olduqları halda halhazıradək mənzildən qeydiyyatdan çıxmamışlar. Cavabdehlər mənzilin keçmiş mülkiyyətçisi və onun ailəsidir. Bundan əlavə Cavabdeh1 azyaşlı övladı 23 dekabr 2006-cı il təvəllüdlü Cavabdeh1 da qeydiyyatdadır. Cavabdehlərin mənzilində qeydiyyatda olması onun mənzil hüqunun həyata keçirilməsinə mane olur və əlavə xərclər çəkilməsinə səbəb olur. Cavabdehlərin qeydiyyatı formal xarakter daşıyır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş edilir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul edərək göstərdi ki, o və ailə üzvləri iddia tələbini qəbul edirlər. Ona görə də, iddianın təmin edilməsinə etiraz etmədi. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəməyə ərizə təqdim edərək iddia tələbini qəbul etdiklərini və iddiaçının tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatından və digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəməyə təqdim etdikləri ərizələrdən görünür ki, onlar iddia tələbini qəbul edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsində göstərilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinin göstərişinə əsasən isə cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Eyni zamanda, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etiraf edərək onu qəbul etməsi qanuna və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlir və başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. İş materiallarında olan 16.04.2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Sumqayıt şəhəri, 6-cı mikrorayon, 11 saylı evin, 112 saylı mənzilini İddiaçı qızına satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, 11 saylı evin, 112 saylı mənzil İddiaçı qızının adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan ******* nömrəli, 04.06.2021-ci il tarixli arayışdan görünür ki, cavabdehlər Cavabdeh3, X2, Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 6-cı mikrorayon, 11 saylı evin, 112 saylı mənzilində rəsmi olaraq qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1. maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Eyni zamanda, həmin Məcəllənin 203.1. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən İddiaçı Sumqayıt şəhəri, 6-cı mikrorayon, 11 saylı evin, 112 saylı mənzilini rəsmi alqısatqı müqaviləsi əsasında əldə etmiş, buna baxmayaraq, cavabdehlər Cavabdeh3, X2, Cavabdeh1, Cavabdeh2 həmin mənzildə rəsmi olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneçilik törədərək iddiaçının bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və onun azyaşlı övladı 23 dekabr 2006-cı il təvəllüdlü X1 Sumqayıt şəhəri, 6-cı mikrorayon, 11 saylı evin, 112 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-5402/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5402/2021
09.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver