Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-542/2025 24.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "xxxx" MMC-nin direktoru E.X.Xudaverdiyevin xx.xx.2024-cü il tarixli, 46-KŞ saylı əmrinin ləğv edilməsi, xx.xx.2024-cü il tarixindən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia qaldıraraq, "xxxx" MMC-nin direktoru E.X.Xudaverdiyevin xx.xx.2024-cü il tarixli, 46-KŞ saylı əmrinin ləğv edilməsi, xx.xx.2024-cü il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi, mediasiya üçün ödənilmiş 60 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin direktoru E.X.Xudaverdiyevin (bundan sonra cavabdeh) xx.xx.2024-cü il tarixli, 46-KŞ saylı əmrinə əsasən onun, İddiaçı Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilməsi qərara alınmışdır. Cavabdeh müəssisəyə 2009-cu ildən aparıcı hüquq məsləhətçisi vəzifəsinə işə qəbul olunmuşdur. İşdən azad olunan günə kimi də həmin vəzifədə çalışmışdır. 23 may 2024-cü il tarixində səhər işə başlayarkən ona müəssisənin direktorunun adından yazılı xəbərdarlıq təqdim olundu. Xəbərdarlıqda qeyd olunurdu ki, "xxxx" ASC-nin istehsal müəssisələrində hüquqi sənədlərlə bağlı fəaliyyət mərkəzləşdirilmiş qaydada "xxxx" ASC-nin Hüquq şöbəsi tərəfindən aparıldığı üçün "xxxx" MMC-də aparıcı hüquqşünas vəzifəsi ləğv olunmuşdur və 9 həftədən sonra əmək müqaviləsinə xitam veriləcək. Ona təqdim edilən xəbərdarlıqda hüquq məsləhətçisi vəzifəsinin ləğvi üçün ciddi bir dəlil göstərilməmişdir. Cavabdeh müəssisədə 15 il iş təcrübəsi olan mütəxəssis kimi şəhərin ən böyük sənaye müəssisəsinin fəaliyyətində qanuni prosedurların təmin olunmasında, aidiyyəti dövlət idarə və təşkilatları ilə işgüzar əlaqələrin saxlanması və əməkdaşlıq münasibətlərinin tənzimlənməsi, müəssisədən asılı olmayan səbəblərdən hələ də həllini tapmayan kifayət qədər hüquqi məsələlələrin həllinə nail olmaq üçün hüquq məsləhətçisi xidmətinə ehtiyac olduğu halda cavabdehin hansı niyyətlə müəssisədə ştatın və işçinin ixtisarı qərarına gəlməsi anlaşılmazdır. Xəbərdarlıqda o da qeyd olunmuşdur ki, ştatın ləğv edilməsi ilə əlaqədar bütün hüquqi məsələləri "xxxx" ASC-nin hüquq şöbəsi aparacaqdır. Göründüyü kimi hüquq məsləhətçisi ştatının ləğvi müəssisədə iş həcminin azalması ilə bağlı deyil, bu işlərin "xxxx" ASC-nin Hüquq şöbəsinə ötürülməsi ilə bağlıdır. Bu halda isə işçinin (onun) ixtisar olunmağı deyil, "xxxx" ASC-nin hüquq şöbəsinə keçirilməyi daha qanuni, ədalətli və məntiqi olardı. İndiki halda müəssisə hüquqşünasının vəzifələrinin yuxarı quruma ötürülməsi onların işində də çətinliklər yaradacaq və yenidən müəssisədə bu ştatın açılması zərurəti yaranacaqdir. Bütün bunlara baxmayaraq cavabdeh müəssisə onun İ tip ağır şəkərli diabet və hipertoniya xəstəsi olmağını, himayəsində anadangəlmə sağlamlıq problemi olan əlil övladının olmasını, son aylarda şəkərli diabetin fəsadlarından çox əziyyət çəkdiyini, daimi iynə-dərman müalicəsindən asılı olmağını və bütün bu çətinliklərə rəğmən müəssisədəki vəzifəsində çalışmaqla yalnız ən zəruri müalicə xərclərini qazandığını nəzərə almadan, heç bir istehsalat zərurəti olmadan əmək müqaviləsinə xitam vermiş, onu tam köməksiz vəziyyətdə qoymuşdur. Son aylarda şəkərli diabet sağlamlığında ciddi fəsadlar yaratmış, görmə qabiliyyəti xeyli zəifləmişdir. Buna görə bir neçə dəfə müalicə olunsa da, effekti olmamış, 2024-cü ilin mart ayında sol gözündə ağır cərrahiyyə əməliyyatı aparılmışdı. Sağ gözündə də cərrahi müdaxilə tövsiyyə olunsa da, maddi imkansızlıqdan bu günə qədər əməliyyat etdirə bilməmişdir. Belə bir vəziyyətdə 15 il vicdanla, məsuliyyətlə çalışdığı müəssisə ona maddi və mənəvi dəstək olmaq əvəzinə ən pis, ədalətsiz, qanunsuz yolu seçərək onu işdən azad etməklə müəssisədən qazandığı əmək haqqı müalicə xərclərindən də məhrum etmişdir. Hesab edir ki, işdən çıxarılmağının elə əsas səbəbi də sağlamlığında şəkərli diabetin fəsadlarının kəskinləşməsidir. İşçinin şəkərli diabet xəstəliyi səbəbinə görə işdən azad etmə isə özündə əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və halları ehtiva edən Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbinə zidd olduğuna görə cavabdeh dolayı yolu seçmiş, onu müəssisədən kənarlaşdırmaq üçün zərurət olmadığı halda ştatın ixtisarına üstünlük vermişdir. "xxxx" MMC-nin direktoru E.X.Xudaverdiyevin (bundan sonra cavabdeh) xx.xx.2024-cu il tarixli 46-KŞ saylı əmrində onun işdən azad edilməyinə əsas olan hal yalnız ştatın ləğvi göstərilməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə istinad edilərək verilmişdir. Cavabdehin 46-KŞ saylı, xx.xx.2024-cü il tarixli əmrini əsassız və qanunsuz hesab edir. Hesab edir ki, onunla bağlanmış əmək müqaviləsi ləğv edilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Ştat ixtisarının zəruriliyini, qaçılmazlığını əsaslandırmayan, bu ixtisarın müəssisənin gələcək fəaliyyəti üçün hansı müsbət dəyişikliklər yaradacağını göstərə bilməyən cavabdeh heç bir zərurət olmadığı halda əmək müqaviləsinə xitam əmri hazırlayarkən Əmək Məcəlləsinin muvafiq tələblərini nəzərə almamışdır. Belə ki, cavabdeh barəsində verilmiş 46-KŞ saylı, xx.xx.2024-cü il tarixli əmrində onun tutduğu ştat vahidinin ləğvinin hansı əsaslarla və hansı zərurətdən irəli gələrək həyata keçirildiyini, tutduğu vəzifənin qeyri rentablliyinin nədən ibarət olması, hüquqşünas vəzifəsinin ixtisarının müəssisənin gələcək fəaliyyətində hər hansı şəkildə maneə yaratmayacağını və ən əsası isə ştatın ləğvi və onun ixtisar olunmaq məsələsinin müəssisənin Həmkarlar İttifaqı Komitəsi ilə razılaşdırılıbrazılsşdırılmamasına dair oz əmrində bir kəlmə də qeyd etməmişdir. Əmri oxuyarkən belə qənaətə gəlmək olur ki, heç nəyi heç kəslə razılaşdırmadan Əmək Məcəlləsinin tələbinə məhəl qoymadan imzalamışdır. Halbuki, əmək qanunvericiliyi işçinin işdən azad edildiyi halda işəgötürənin qarşısında işdən azad etmə əmrində əmr üçün əsas olan halları, işin detalları ilə bağlı bütün xüsusatları nəzərə almaq, əmri geniş və izahlı şəkildə əsaslandırmaq tələblərini qoyur. Sadalanan hallardan hər hansı bir məqamın əmrdə nəzərə alınmaması əmrin ləğv edilməsinə zəmin yaradır. Göründüyü kimi qanunvercilik bu maddə ilə işəgötürənə konkret diktə edir ki, ştatın ləğvi ilə əlaqədar işdən azad olunma məsələsinə dair müəssisənin HİK-dən əsaslandırılmış razılıq almalı və bu razılıq əmrin verilməsi üçün bir əsas kimi əmrdə qeyd olunmalı idi. Əmrdə isə bununla bağlı müvafiq qeyd yoxdur, çünki cavabdeh Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbinə məhəl qoymadan məsələni HİK-lə razılaşdırmağı da vacib hesab etməmişdir. Odur ki, onun yuxarıda qeyd etdiyi və əmək qanunvericiliyinin də bu xüsusda onun xeyrinə olan halları məhkəmənin diqqətinə çatdırmaqla hesab edir ki, cavabdehin xx.xx.2024-cü il tarixli, 46- KŞ saylı əmri etibarsız hesab edilməklə ləğv edilməli, öz işinə bərpa olunmalıdır. Mediasiya Şurasının Sumqayıt 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Cavabdeh xx.xx.2024- cü il tarixdə təyin edilmiş ilkin mediasiya sessiyasında iştirak etmədiyinə, yəni bu hissədə barışıq əldə edilmədiyinə görə mediator tərəfindən xx.xx.2024-cu il tarixdə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış” verilmişdir. Mediasiya xərcləri tərəfindən ödənilmişdir.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, 2009-cu ildən Sumqayıt Elektrik Stansiyası MMC-də hüquqşünas vəzifəsində işləyir. Ona vəzifəsinin ixtisar olunması bildirilmişdir. Xəbərdarlıq müddəti və ya kompensasiya təklif edilmişdir. Xəbərdarlıq müddəti ilə işə davam edəcəyini bildirmişdir. İxtisarla bağlı heç bir əsaslandırma olmamışdır. Əmrlə bağlı həmkarlar təşkilatına da müraciət edilməmişdir. Elan olunan xəbərdarlıq məktubu də işə əlavə edilməmişdir. İxtisarla bağlı məsələyə baxılarkən işəgötürən işçini müvafiq işə keçirməsini nəzərə almalıdır. Ona boş vakansiyaları təklif etmədilər. Formal olaraq 4-cü dərəcə laborant təklif olunmuşdur. Lakin uzun müddət 11-ci dərəcə hüquqşünas olmuşdur. Uzun illər həmraklar təşkilatının sədri də işləmişdir. Lakin müəssisə Əmək Məcəlləsinin tələblərinə əmək etməyərək həmkarlar təşkilatına müraciət etməmişdir. 28 avqustda ona əmr təqdim olunmuş, sənədləri də həmin gün götürmüşdür. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddiaçı işdən çıxarılan zaman əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” ilə əmək müqaviləsinə xitam verilərkən əvvəlcədən HİK-nin razılığının alınması tələbi 80-ci maddədə ifadə olunmuşdur. Cavabdeh iddia ərizəsi ilə tanış olandan sonra HİK-nin razılığının əvvəlcədən alınmamasının məhkəmədə işdənçıxarma əmrinin ləğvi üçün əsas ola biləcəyini başa düşmüş və tələm-tələsik köhnə tarixlə HİK-ə müraciət və HİK-ninn razılıq protokolunu hazırlamışdır. Əgər cavabdeh ƏM-nin 80-ci maddəsinin tələbini nəzərə alaraq HİK-nin razılığının alınması barədə düşünsəydi, ona ixtisar xəbərdarlığı etməmişdən əvvəl ixtisarın zəruriliyini ciddi əsaslandırılmış təqdimatla HİK-ə mrücaiət etməli idi. HİK 10 gün ərzində onun iştirakı ilə işəgötürənin təqdimatını HİK-nin yığıncağında müzakirə etməli, müvafiq qərar qəbul etməli idi. Yalnız HİK-nin razılığını aldıqdan sonra ona rəsmi ixtisar xəbərdarlığı etməli idi. Cavabdehin E-məhkəmə sisteminə yerləşdirdiyi HİK-ə müraciət məktubu və HİK-nin razılıq protokolunun sonradan tələm-tələsik hazırlandığını sübut edən hallar odur ki, bu sənədlərdə uyğunsuzluq var. Belə ki, 23 may 2024-cü ildə o saat 8-də işə başlayarkən kadr üzrə mütəxəssis guya "xxxx" ASC-dən məktub gəldiyini və onun ixtisar olunmağı barədə xəbərdarlığı ona təqdim etmişdir. Elektron məhkəmə sisteminə yüklənən sənədlərdən isə görünür ki, guya həmin günü, yəni 23 may 2004-cü ildə o saat 8-də işə başlayarkən kadr üzrə mütəxəssis guya "xxxx" ASC-dən məktub gəldiyini və onun ixtisar olunması barədə xəbərdarlığı ona təqdim etmişdir. Elektron məhkəmə sisteminə yüklənən sənədlərdən isə görünür ki, guya həmin günü, yəni 23 may 2024-cü il tarixdə 28-KŞ saylı ştat ixtisarı ilə bağlı müəssisə daxili əmr verilmiş, bundan sonra 13-9/106/01-01-4 saylı məktubla HİK-ə məktub göndərmişlər. Əgər doğrudan da, cavabdeh ƏM-nin 80-ci maddəsinin tələbini əsas tutub HİK-dən razılıq almaq istəyirdisə, HİK-ə 23 mayda deyil, azı 10 gün əvvəl, həm də sadəcə məktub deyil, ixtisarın zəzuriliyi ciddi əsaslnadırılmış təqdimat verməli idi. HİK təqdimata baxılması gününü, HİK-nin yığıncağının vaxtı və yeri haqqında əvvəlcədən onu məlumatlandırmalı, məsələnin müakirəsində onun iştirakına şərait yaratmalı idi. Həmin vaxtlarda HİK-nin iclası barədə ona heç bir məlumat verilməmişdir. Hətta müəssisədə onunla bağlı məsələ müzakirə olunsaydı belə, bu barədə ona xəbər çatacaqdı. Ona görə də qeyd edir ki, cavabde ümumiyyətlə HİK-ə müraciət etməmiş, HİK-nin yığıncağı olmamış və onun ixtisar olunma məsələsinə razılıq verilməsinə ümumiyyətlə baxılmamışdır. Elektron məhkəmə portalına cavabdeh tərəfindən yerləşdirilən sənədlər onun iddia ərizəsində göstərdiyi xüsusatlarla tanış olduqdan sonra cavabdeh tərəfindən hazırlanmış və köhnə tarixə nömrələnmişdir. Sənədlərə qoyulan nömrələr də şübhə doğurur. Eyni tarixdə, yəni 23 may 2024-cü ildə ona təqdim olunan xəbərdarlıq məktubuna 106/01-01-6 nömrəsi qoyulsa da, həmin gün HİK sədrinə ünvanlanmış məktuba 13-9/106/01-01-4 nömrəsi qoyulmuşdur. Müəssisədən elektron sənəd dövriyyəsindən çıxarış kimi elektron məhkəmə sisteminə yüklənən sənəd etibarlı sənəd deyil. Bu sənədin proqrama sonradan müdaxilə olunaraq hazırlandığı görünür. Elektron məhkəmə sisteminə yüklənən ixtisara razılıqla bağlı HİK-ə müraciət və HİK-nin cavabı, HİK-nin protokolu mətnlərini nəzərdən keçirəndə asanlıqla müəyyən etmək olur ki, hər üç mətnin müəllifi eyni şəxsdir. Yəni, cavabdeh təşkilatın rəhbəri mətnləri özü hazırlayıb və HİK sədrinə də imzaladıb. Elektron məhkəmə portalına qoyulan sənədlərdən biri də, 23 may 2024-cü il tarixli 28-KŞ saylı ştat ixtisarı ilə bağlı müəssisədaxili əmrdir. Bu əmrin də sonradan, yəni onun məhkəməyə müraciətindən sonra hazırlandığını güman etmək olar. Əgər dorudan da, 23 may 2024-cü ildə belə bir əmr hazırlanmışdrısa, onda həmin tarixdə ona təqdim edilən rəsmi ixtisar xəbərdarlığında "xxxx" ASC-nin vitse prezidentinin məktubuna deyil, məhz 28-KŞ saylı 23 may 2024-cü il tarixli əmrə istinad olunmalı idi. Bundan başqa adı çəkilən əmr doğrudan da o vaxt hazırlanmışdırsa, onda həmin əmr o və baş mühəndisin müavini H.Rüstəmovla bağlı olduğuna görə bu əmr tanış olmaq üçün onlara da təqdim olunmalı idi. O, bu əmri yalnız cavabdeh elektron sistemə yüklədikdən sonra görmüşdür. Cavabdehin elektron məhkəmə portalına yerləşdirdiyi sənədlərdən biri də guya 23 may 2024-cü il tarixdə HİK-ə ünvanladığı 13-/106/01-01-4 saylı məktubdur. Hətta həqiqətən də HİK-ə belə bir müraciət edilmiş olsa belə, bu məzmunda müraciət AR ƏM-nin 80-ci maddəsinin tələbinə uyğun deyil. Çünki bu məktubda işçinin ixtisar olunmasının zəruriliyi, vacibliyi, ixtisarın müəssisəyə hansı faydanı verəcəyinə dair heç bir dəlil ortaya qoyulmamışdır. Məktub müssisədaxili 28-KŞ 23 may 2024-cü il tarixli əmrə istinadla başlanır və istinad kimi qeydə olunmuş fikirlər həmin əmrin mətnində ümumiyyətlə yoxdurş Məktub "xxxx" MMC-də səmərəliliyin artırılması, fəaliyyət istiqamətlərinin yenidən müəyyən olunması, işçi sayının optimallaşdırılması, iş həcminə uyğun ştat vahidlərinə baxılması və təşkilati strukturun təkmilləşdirilməsi haqqında 23 may 2004-cü il tarixli 28-KŞ saylı əmr verilmiş, baş mühəndisin müavini və aprıcı hüquqşünas ştatları ləğv edilmişdir.” abzası ilə başlanır. Qeyd olunduğu kimi bu abzasda istinad olunan fikirlə 28-KŞ saylı əmrdə yoxdur, olmayan məzmuna istinad etmək də bi saxtakarlıqdır. Hətta əmrdə olsaydı belə, bu fikirlər ixtisar üçün əsas dəlil ola bilməz. Ötən il ərzində iki ştatın ixtisarı ilə yanaşı 10 nəfərdən çox yeni işçi qəbul edilmişdir. Bununla müəssisədə səmərəliliyə, işçilərin sayını optimallaşdırmağ necə olmaq olar ki? Məktubda cavabdeh müəssisənin fəaliyyət istiqamətlərinin yenidən müəyyən olunması niyyətini qyed ediblər. Cavabdeh müəssisənin yalnız bir fəaliyyət istiqaməti var-elektrik enerjisi istehsalı. Hüquqşünas və baş mühəndisin müavini ştatını ixtisar etməklə hansı yeni istiqamətlərdə fəaliyyət göstərmək istəyirlər ki? Bundan başqa elə müraciətin ilk abzasında qeyd edildiyi kimi 28-KŞ saylı əmrlə baş mühəndisin müavini və hüquqşünas ştatları artıq ləğv olunubsa, onda HİK-ə razılıq üçün müraciət etməyin mənası, məqsədi nədir? Cavabdeh 3-cü abzasda yenə də 28-KŞ saylı əmri əsas götürərək işçilərlə müqavilənin ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edilməsinə dair rəy verilməsini xahiş edir. Cavabdeh tələm-tələsik hazırladığı sənəddə nə istədiyini özü də bilmir. Nəzərə almır ki, Həmkarlar təşkilatı ekspertiza qurumu deyil, məhz işçilərin mənafeyini qorumalı olan, ödədiyi üzvlük haqları ilə fəaliyyət göstərən qurumdur. Əmək Məcəlləsi də ixtisar qərarı verməzdən əvvəl HİK-nin rəyini öyrənmək deyil, HİK-nin razılığını almaq tələbini nəzərdə tutur. Elektron məhkəmə sistemində cavabdehin HİK-dən rəy almaq xahişinə HİK adından 3 sənəd (2 protokolvə 1 müşayiət məktubu) yüklənmişdir. HİK-nin müəssisə rəhbərinə cavab məktubunda məktubun tarixi, nömrəsi ilə bağlı heç bir qeyd yoxdur, hansı tarix və nömrə ilə HİK-nin və müəssisənin sənədlərinijn qeydiyyatı kitabında nə vaxt qeydə alındığı məlum deyil. Yəni bu sənədlər nə HİK-də, nə müəssisənin dəftərxanasında qeydə alınmamışdır. Bu fakt da sənədlərin sonradan hazırlanıb portala yükləndiyini sübut edir. Elektron məhkəmə sisteminə HİK adından təxminən eyni məzmunlu 2 protokol yüklənmişdir. Başlıqsız hansı qurumun keçirdiyi, kimlərin iştirak etdiyi bilinməyən tədbirin 15 saylı 25 may 2024-cü il tarixli protokoli arial şrifti ilə çap olunub və “Əmək müqaviləsinin ləğvi haqqında” məsələnin gündəliyə çıxarılması görünür . Sənəddə "xxxx" MMC-nin müraciət məktubunun və 28-KŞ saylı xx.xx.2025 saylı əmrin iclasda səsləndirildiyi qeyd olunur. Hansı texniki vasitələrlə müraciət və əmri “səsləndirməsinin” bir əhəmiyyəti olmasa da, HİK sədri bilməli idiki bu məsələ komitənin iclasında müzakirə olunmalı, iclasda onun və ixtisar olunan işçi baş mühəndisin müavini H.Rüstəmovun iştirakına şərait yaradılmalı idi. Elektron məhkəmə sisteminə yüklənən digər sənəddən onun guya 25 may 2024-cü il tarixində "xxxx" MMCnin Həmkarlar İttifaqı Komitəsinin iclasının 15 saylı protokolu olduğu görünür. Bu sənəd X3 şrifti ilə çap olunub. İclasda iştirak edənlərin ad-soyadı qeyd olunub. Protokolun əvvəlinə bir cümlə artırılıb və əvvəlki sənəddəki “28-KŞ” saylı xx.xx.2024-cü il tarixli” ifadəsində tarix xx.xx.2024-cü ilə dəyişdirilmişdir. Qalan məzmun eynidir. Yəni, bu sənədə görə də iclasda direktorun müraciəti və əmri səsləndirilir. HiİK-nin sədri müəssisədə işçilərin sayının və ştat tərkibinin müəyənləşdirmək hüququnun məhz işəgötürənə məxsus oduğunu vurğulayır. HİK sədri heç düşünmək istəmir ki, işçilərin sayı və ştat tərkibi məhz işəgötürənə məxsusdursa, onda ƏM-nin 80-ci maddəsi nəyə lazımdır və ümumiyyətlə direktor HİK-yə niyə müraciət edib və HİK nəyi müzakirə etməlidir. HİK sədri iclasda “müəssisədə istehsalın və idarəçiliyin təşkili, işin səmərəliliyi, təsərrüfat fəaliyyətinin” qayğısına qalır, amma həmkarlar təşkilatının fəlsəfəsinə, məramına, beynəlxalq təcrübəyə, təşkilatın nizamnaməsinə uyğun olaraq ixtisar olunan işçilərin mənafeyini müdafiə etmək üçün bir kəlmə istifadə etmir. HİK sədri sonda onu da qeyd edir ki, əsas məsələ odur ki, ixtisar zamanı işəgötürən tərəfindən Əmək Məcəlləsini 77-79-cu maddələrinə riyaət edilsin. Əhsən, HİK-sədrinin məntiqinə! Əsas bu 3 maddədirsə, bəs Əmək Məcəlləsinin qalan 314 madddəsi nəyə lazımdır? Bəs, Əmək Məcəlləsinin 80-ci maddəsi əsas deyilsə, onda işəgötürən niyə həmin maddəni əsas götürüb HİK-ə müraciət edir? Lap deyək ki, 77-79-cu maddələr əsasdır, işəgötürən bu maddələri pozmamalıdır. Axı, pozur! Əmək Məcəlləsinin 79-cu maddəsi Əmək müqaviləsinin ləğv olunması qadağan edilən İşçilər və halları müəyyən edir. Bu maddəyə görə işəgötürən tərəfindən işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə işdən azad edilməsi qadağandır. HİK-nin sədri çox yaxşı bilir ki, işəgötürənin məni işdən çıxarmasının əsas səbəbi İ tip şəkərli diabet xəstəliyimin kəskinləşməsi və onun fəsadlarının artmasıdır. Onda, HİK-nin sədri, eləcə də digər komitə üzvləri 79-cu maddənin tələbinin nəzərə alınması vacibliyini niyə vurğulamayıblar? 11. Protokolda müraciətin geniş müzakirə olunduğunu qeyd edirlər. Bəs, bu geniş müzakirə zamanı iclas iştirakçılardan kim çıxış etdi, nə danışdı? Doğrudanmı, HİK- nin iclası oldu, doğrudanmı, iclasda çıxış edənlər oldu, doğrudanmı, çıxış edənlərin heç biri uzun illər bu təşkilata rəhbərlik etmiş H.Rüstəmovun və onun hüquqlarının qorunması naminə bir kəlmə demədilər? İl ərzində uzun müddət müalicə olunduğunu, ağır cərrahiyə əməliyyatına məruz qaldığımı və yeni əməliyyata ehtiyacım olduğu bir zamanda mənim işdən kənarlaşdırılmağımın insanlığa sığmayan hərəkət olduğunu, belə halda heç olmasa başqa iş təklif olunması vacibliyini komitə üzvlərindən heç kim qeyd etmədi? HİK-nin protokolu kimi Elektron məhkəmə portalına yüklənən hər iki sənəddə gündəlik məsələ kimi “Əmək müqaviləsinin ləğvi haqqında qeyd olunub. Əslində isə HİK gündəliyə İşəgötürənin ixtisarla bağlı təqdimatına baxılması haqqında məsələsini çıxarmalı idi. HİK-nin əmək müqaviləsini ləğv etmək səlahiyyəti yoxdur və bu adda məsələni iclasın gündəliyinə çıxara bilməz. HİK-nin hər iki protokoluna “Əsli ilə düzdür" ştampı vurulub. Amma qeyd olunduğu kimi protokollarda fərqlər var. Bunların hansının orijinal protokol ilə eyni olduğunu, yəni əsli ilə düz olduğunu ayırd etmək mümkün deyil. Protokolun bir nüsxəsində HİK-nin iclasında iştirak edənlərin arasında HİK üzvü olmayan işçilərin adları qeyd olunub. Beləki, əgər doğrudan da, 25 may 2024-cü ildə HİK-nin iclası olmuşdusa, onda həmin iclasda E, Cəfərovun və C.Rzayevin iştirak etmək və qərar qəbulunda səs vermək hüququ, səlahiyyəti yox idi. Həmin vaxtda fəaliyyətdə olan HİK üzvləri 26 iyul 2017-ci il Sumqayıt ES MMC Həmkarlar təşkilatının hesabat-seçki konfransında seçilmiş işçilər idi. Həmin hesabat-seçki yığıncağının elektron məhkəmə sisteminə yüklənmiş protokolundan da görünür ki, seçilmiş HİK (Həmkarlar İttifaqı Komitəsi) üzvləri arasında E.Cəfərovun və C.Rzayevin ad-soyadı yoxdur. HİK üzvü olmayan işçilərin adından istifadə etməklə protokol tərtib etmək ciddi saxtakarlıqdır. Hər iki protokolun sonradan tələm-tələsik hazırlandığını sübut edən daha bir dəlil protokolların 25 may 2025-ci il tarixinə hazırlanmasıdır. 25 may 2024-cü il şənbə günüdür və şənbə, bazar günləri müəssisədə iş günü deyil, protokolda adları qeyd olunanlardan heç kim müəssisədə olmur. Yəni, adları çəkilən şəxslərin guya şənbə günü iş yerlərinə gəlib iclas etmələri absurddur. Həmkarlar təşkilatına ixtisarla bağlı müraciətin sonradan, yəni yalnız onun idddia ərizəsi ilə tanış olduqdan sona tələsik hazırlanıb elektron məhkəmə sisteminə yükləndiyini sübut edən başqa ciddi dəlillər də var. Guya, 23 may 2024-cü ildə HİK-ə müraciət ediblər. Əvvəla, qeyd etdiyim kimi əgər həqiqətən razılıq almaq istəyirdiləsə, ixtisar üçün ciddi əsaslar qeyd etməklə azı 10 gün əvvəl, təqdimat verib cavabını almalı idilər. Cavabdeh isə ştatların ləğvi əmrini verir, işçilərə xəbərdarlıq verir, daha sonra rəy almaq (əslində razılıq alınmalıdır) üçün müraciət edir. Cavabdehin elektron sənəd dövriyyəsindən çıxarış kimi təqdim etdiyi sənəddə bir vərəqin HİK-ə göndərildiyi görünür. Amma, HİK 2 sənədin (məktub və əmr) HİK-ǝ daxil olduğunu deyir. Daha ciddi saxtakarlıq isə HİK-nin sənəd dövriyyəsi kitabından görünür. Belə ki, HİK guya 23 may 2024-cü ildə müəssisədən daxill olan müraciəti 62-ci sıra ilə qeydə alır. Səhifənin son sırasını 68-dən sonra 69 ilə qeyd etməli olduğu halda son sıranı 69 (a) ilə qeyd edir. Aydın məsələdir ki, belə sıralama, nömrələmə qaydası yoxdur, 68-dən sonra 69-cu sıra gəlməlidir. Çox asanlıqla bilmək olur ki, sonradan HİK-ə olan müraciəti köhnə tarixlə qeydə almaq üçün qeydiyyat kitabının bir vərəqi ləğv edilmiş, yeni vərəq əlavə edilmiş və yeni vərəqdə mayın 23-ü tarixinə 62-cı sıra (cavabdehin müraciəti) əlavə edilmiş, səhifənin sonuna isə 69 (a) sırasını əlavə etmişlər. Yəni, əziyyət çəkib sonakı, 69-cu sıra ilə başlayan vərəqi dəyişməmək üçün yeni sıralama üsulu (69 a) kəşf ediblər. HİK-nin protokolların qeydiyyatı kitabının surəti də elekton məhkəmə sisteminə yerləşdirilmişdir. Bu kitabın da tələsik hazırlandığı hiss olunur. Protokolların nömrələnməsi və tarixlərində uyğunsuzluq çoxdur. Ümumiyyətlə, hazırlıq iclasları dövründə cavabdeh tərəfindən sistemə yüklənən sənədlərdə ciddi saxtakarlıqlar görünür. Buna görə da cavabdeh müəssisənin məsul əməkdaşlarının və müəssisənin Həmkarlar İttifaqı Komitəsinin qulluq mövqelərindən, vəzifə səlahiyyətlərindən sui istifadə edərək vəzifə saxtakarlığına yol verdiklərinə görə onlar barəsində hüquqi məsuliyyət tədbirləri görülməsi zərurəti nəzərdən keçirilməlidir. İşçilərin ixtisarı qaçılmaz və istehsalat zərurəti olduğu hallarda işəgötürənin əsas vəzifələrindən biri ixtisarı nəzərdə tutulan işçilərin başqa uyğun işlə təmin olunmasına çalışmaqdır. İşəgötürən mənimlə bağlı məsələdə buna heç cəhd etməmişdir. Bir işçi kimi mənim maraqlarımı, əmək hüquqlarımı qorumalı olan həmkarlar təşkilatı da mənim kəskin maddi ehtiyac içində olmağımı, başqa uyğun işlə təmin olunmaq imkanlarının nəzərdən keçirilməsini cavabdehə xatırlatmamışdır. Halbuki, ötən il ərzində müəssisəyə kənardan 10-dan çox yeni işçi işə qəbul olunmuşdur. İxtisar qərarı isə cəmi iki nəfər (mən və baş mühəndisin müavini H.Rüstəmov) barəsində qəbul edilmişdir. Onun ixtisarı birbaşa şəkərli diabet xəstəliyimin fəsadlaşması ilə əlaqədar ötən il ərzində bir neçə dəfə əmək qabiliyyətli olmamaq vərəqəsi (bülleten) ilə əlaqədar ötən il ərzində bir neçə dəfə əmək qabiliyyətli olmamaq vərəqəsi (bülleten) ilə işə çıxa bilməməyimlə əlaqəlidir. Baş mühəndisin müavini H. Rüstəmovun ixtisarından əvvəl isə maraqlı oyun qurulmuşdu. Ştat cədvəlində 1 ştat vahidi - baş mühəndisin müavini ştatı olsa da (H.Rüstəmov 2009-cu ildən həmin vəzifədə çalışırdı), 2024-cü ilin fevral ayında əlavə olaraq 2 nəfəri baş mühəndisin müavini vəzifəsinə işə qəbul etdilər. 50 il müəssisədə çalışmış, elektrik montyorundan baş mühəndisin müavini vəzifəsinədək yüksəlmiş, praktiki olaraq tam sağlam olan və son 15 ildə baş mühəndisin müavini vəzifəsində çalışan H.Rüstəmovdan öz xahişi ilə işdən getməsini tələb etdilər. H.Rüstəmov işdən çıxmaq təklifindən imtina etdikdən sonra onu da ixtisar adı ilə işdən çıxardılar və nə onun peşəkarlığı, nə də müəssisədəki 50 illik zəhməti cavabdehin, eləcə də həmkarlar təşkilatının yadına düşmədi. Ona görə də il ərzində 2 nəfərin ixtisar olunması, əvəzində isə 10-dan çox yeni işçinin işə qəbul olunmasını optimallaşdırma deyil, cavabdehin xüsusi qərəzi kimi qəbul edirlər.
5. Məhkəmə iclaslarında iştirak edən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil1 izahatında bildirdi ki, tərəf “Azenerji”-nin rəsmi məktubuna əsasən iş yerlərinin ixtisarı ilə əlaqədar işindən kənarlaşdırılmışdır. Bununla bağlı işçiyə xəbərdarlıq olunmuş, həmkarlar ittifaqına müraciət edilmiş, həmçinin işçiyə yeni iş yeri də təklif olunmuşdur.
Tədqiq olunan sübutlar:
6. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2009-cu il tarixli, 63-KŞ saylı əmrindən görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixdən idarə heyətinin aparıcı hüquq məsləhətçisi vəzifəsinə təyin edilmişdir.
7. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Əmək müqaviləsinə xitam verilməsi və əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması barədə” xx.xx.2012-ci il tarixli, 86-KŞ saylı əmrdən görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdən 0,5 ştatla əvəzçilik qaydasında idarə heyətinin aparıcı hüquq məsləhətçisi vəzifəsinə təyin edilmişdir.
8. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2013-cü il tarixli, 58-KŞ saylı əmrindən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdən idarə heyətinin aparıcı hüquq məsləhətçisi vəzifəsinə tam ştata təyin edilmişdir.
9. "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 22 may 2024-cü il tarixli məktubun surətindən görünür ki, "xxxx" ASC-nin istehsalat sahələrində hüquqi sənədlər ilə bağlı iş həcmi az olduğundan bu fəaliyyətin mərkəzləşdirilmiş qaydada "xxxx" ASC-nin Hüquq şöbəsi tərəfindən aparıldığı bildirilmiş, baş mühəndisin müavini və aparıcı hüquqşünas ştat vahidlərinin ləğv edilməsi və əmək qanunvericiliyinə uyğun olaraq müvafiq məsələlərin həll edilməsi "xxxx" MMC-yə tapşırılmışdır.
10. "xxxx" ASC "xxxx" MMC-nin 28-KŞ saylı, 23 may 2024-cü il tarixli əmrindən görünür ki, cəmiyyətin təsdiq olunmuş ştat cədvəlində 26 iyul 2024-cü il tarixdən 1 (bir) ştat vahidi baş mühəndisin müavini vəzifəsi və 1(bir) ştat vahidi aparıcı hüquqşünas vəzifəsinin ləğv edilməsi, qanunvericiliklə müəyyən olunmuş qaydada ştatların ixtisar edilməsi barədə işçilərin məlumatlandırılması əmr edilmişdir.
11. "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri M.C.Teymurovaya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Cəmiyyətin xx.xx.2024-cü il tarixli, 28/KŞ saylı əmrinə əsasən baş mühəndisin müavini və aparıcı hüquqşünas vəziflərinin ixtisar olunması ilə əlaqədar X1 və İddiaçı adlı işçilərin və onlar ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə rəy bildirilməsi xahiş olunmuşdur.
12. "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri M.C.Teymurova tərəfindən "xxxx" MMC-nin direktoru Elşən Xudaverdiyevə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.2024-cü il tarixində keçirilmiş iclas Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-79-cu maddələrinə riayət edilməsi şərtilə edilmiş baş mühəndisin müavini X1 və aparıcı hüquqşünas İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir.
13. "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri M.C.Teymurova tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, 15 nömrəli “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80ci maddəsinin 1-ci bəndini əldə rəhbər tutaraq işəgötürən tərəfindən Əmək Məcəlləsinin 77-79-cu maddələrinə riayət edilməsi şərtilə baş mühəndisin müavini X1 və aparıcı hüquqşünas İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır.
14. "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin 85 saylı, 19 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin 25 may 2024-cü il tarixli 15 saylı protokolundan çıxarışda texniki səhv olaraq 28/KŞ saylı əmrin tarixi xx.xx.2024-cü il əvəzinə xx.xx.2024-cü il qeyd olunmuşdur.
15. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 106/01-01-6 saylı xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC-nin istehsalat sahələrində hüquqi sənədlərlə bağlı fəaliyyət mərkəzləşdirilmiş qaydada "xxxx" ASC-nin Hüquq Şöbəsi tərəfindən aparıldığı üçün "xxxx" MMC-də aparıcı hüquqşünas vəzifəsinin ləğv olunduğu, bununla əlaqədar xəbərdarlığı aldığı gündən 9 təqvim həftəsindən sonra onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir.
16. "xxxx" MMC-nin direktoru Elşən Xudaverdiyev tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli iş təklifindən görünür ki, İddiaçı digər ixtisasına uyğun olaraq kimya sahəsində laborant vəzifəsi təklif olunmuş, arzu etdiyi təqdirdə onunla əmək müqaviləsi bağlanacağı bildirilmişdir.
17. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 28 avqust 2024-cü il tarixli, 46-KŞ saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin surətindən görünür ki, stansiyanın təşkilatı strukturunda aparıcı hüquqşünas vəzifəsinin (ştatının) ləğv olunması ilə əlaqədar aparıcı hüquqşünas ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 28 avqust 2024-cü il tarixdən xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı İddiaçı qanunvericilikdə nəzərdə tutulan təminatların (işdən çıxarma müavinəti orta aylıq əmək haqqının 2 misli miqdarında) ödənilməsi qərara alınmışdır.
18. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi ilkin mediasiya sessiyasının tarixi, vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir.
19. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, "xxxx" MMC-nin ştat cədvəlində hüquqşünas vəzifəsinin ixtisarı ilə əlaqədar İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 28 avqust 2024-cü il tarixli 46-KŞ saylı əmr ilə xitam verilmiş, xitamla əlaqədar işçiyə son haqq hesab hesablanmış və ödənilmişdir.
Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə,əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatlarınixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisarolunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq – beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi əvvəl rəsmi xəbərdar edilməlidir. 77-ci maddəsinin 2-ci hissəsinə əsasən xəbərdarlıq müddəti ərzində hər işhəftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70cimaddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əmək haqqının azı iki misli miqdarında. 78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkənvə ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç)bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlarıaraşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işidüzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərinrəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir.88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tambaxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasındatədqiq olunmuş sübutlarla əsaslandırır.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
22. Məhkəmə iddiaçının, onun nümayəndəsinin və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır.
23. İş materialları ilə müəyyən olunur ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2009-cu il tarixli, 63-KŞ saylı əmri ilə xx.xx.2009-cu il tarixdən idarə heyətinin aparıcı hüquq məsləhətçisi vəzifəsinə təyin edilmişdir. "xxxx" ASC-nin "xxxx" MMC-yə ünvanladığı 22 may 2024-cü il tarixli məktubu ilə "xxxx" ASC-nin istehsalat sahələrində hüquqi sənədlər ilə bağlı iş həcmi az olduğundan bu fəaliyyətin mərkəzləşdirilmiş qaydada "xxxx" ASC-nin Hüquq şöbəsi tərəfindən aparıldığı bildirilmiş, baş mühəndisin müavini və aparıcı hüquqşünas ştat vahidlərinin ləğv edilməsi və əmək qanunvericiliyinə uyğun olaraq müvafiq məsələlərin həll edilməsi "xxxx" MMC-yə tapşırılmışdır. "xxxx" ASC "xxxx" MMC-nin 28-KŞ saylı, 23 may 2024-cü il tarixli əmri ilə cəmiyyətin təsdiq olunmuş ştat cədvəlində 26 iyul 2024-cü il tarixdən 1 (bir) ştat vahidi baş mühəndisin müavini vəzifəsi və 1(bir) ştat vahidi aparıcı hüquqşünas vəzifəsinin ləğv edilməsi, qanunvericiliklə müəyyən olunmuş qaydada ştatların ixtisar edilməsi barədə işçilərin məlumatlandırılması əmr edilmişdir. "xxxx" ASC-nin Sumqayıt İEM-1-2 MMC-nin nizamnaməsindən görünür ki, cəmiyyət, təsisçisi "xxxx" ASC-nin bilavasitə nəzarəti altındadır. ÖZünün fəaliyyətində cəmiyyət Azərbaycan Respublikasının qanunlarını, "xxxx" ASC-nin əmrlərini, təlimat və göstərişlərini və hazırki Nizamnaməsini rəhbər tutur. "xxxx" ASC tərəfindən müəyyən edilmiş müddət ərzində və Azərbaycan Respublikası Qanunlarına uyğun öz fəaliyyəti haqqında hesabat aparır və təqdim edir. "xxxx" ASC-nin AÜ/008 saylı 11 yanvar 2006-cı il tarixli əmri ilə 18 aprel 2002-ci il tarixli 0202-A1-62 saylı Şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış, "xxxx" MMC-nin nizamnaməsində "xxxx" MMC sözləri "xxxx" MMC sözləri ilə əvəz edilmişdir. Beləliklə stansiyanın təşkilatı strukturunda aparıcı hüquqşünas vəzifəsinin (ştatının) ləğv olunması səbəbindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 28 avqust 2024-cü il tarixli əmri ilə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir.
24. İddiaçı hazırda həmin əmrdən narazı olmaqla ləğv edilməsini məhkəmədən xahiş edir.
25. Məhkəmə qeyd edir ki, iddiaçının işə bərpa olunması ilə bağlı tələbi nəzərə alınaraq ilk növbədə onun işdən çıxarılması ilə bağlı əmrin qanuniliyinə qiymət verilməlidir.
26. İddiaçı iddia ərizəsində əmrin ləğv edilməli olmasının əsası kimi 1) onun işdən çıxarılmasının əsas səbəbinin şəkərli diabet və hipertoniya xəstəsi olmasını və 2) həmçinin işdən çıxarılarkən əmək qanunvericiliyi ilə müəyyən edilmiş prosedur qaydalara (ixtisara razılıq verilməsi ilə bağlı həmkarlar ittifaqının razılığının alınmaması) riayət edilməməsini göstərmişdir.
27. Məhkəmə ilk növbədə işçinin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin əmək qanunvericiliyində nəzərdə tutulmuş prosedur qaydalara riayət edilməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, iddiaçı cavabdeh tərəfindən ştatın ixtisarı səbəbi ilə əmək münasibətlərinə xitam veriləcəyi barədə əmək stajına uyğun şəkildə vaxtında (doqquz təqvim həftəsindən əvvəl) xəbərdar edilmiş, həftənin bir iş günü əmək funksiyasının icrasından azad edilməklə yeni iş yeri axtarmaq üçün ona şərait yaradılmış (iddiaçının özünün bildirməsinə görə), həmkarlar ittifaqı təşkilatına müraciət edilmiş və iddiaçının işdən azad edilməsinə qabaqcadan razılığı alınmışdır. Bundan başqa müəsissə tərəfindən 28 avqust 2024-cü il tarixli əmrin çıxarılması barədə iddiaçıya məlumat verilməklə onunla son haqq-hesab aparılmış, o cümlədən orta aylıq əmək haqqının azı 2 misli miqdarında işdənçıxarma müavinəti ödənilmiş, əmək kitabçasının təqdim edilməsi təmin edilmişdir.
28. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin ə) yarımbəndinə görə bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin hüququna aid edilmişdir. Başqa sözlə desək işçilərin sayının işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna mütənasib optimallaşdırılmasının təmin edilməsinə dair məsələnin həlli cavabdeh-hüquqi şəxsin diskresion səlahiyyətlərinə aiddir. Belə ki, müəssisə istehsalın və idarəçiliyinin təşkilini təkmilləşdirmək, təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq, artıq xərclərin qarşısını almaq məqsədilə öz strukturunu və ştat tərkibini müstəqil surətdə müəyyən etmək hüququna malikdir. Bununla yanaşı qeyd olunan hüquqlarını həyata keçirərkən əmək qanunvericiliyinin tələblərinə riayət etmək və ona qanunvericiliklə verilmiş diskresion səlahiyyətlərin çərçivəsində hərəkət etmək işəgötürənin vəzifəsidir.
29. Cavabdeh müəssisənin iş materiallarına əlavə edilmiş nizamnaməsindən görünür ki, "xxxx" MMC təsisçisi "xxxx" ASC-nin bilavasitə nəzarəti altındadır. Cəmiyyət özünün fəaliyyətində Azərbaycan Respublikasının qanunlarını, "xxxx" ASC-nin əmrlərini, təlimat və göstərişlərini və hazırki Nizamnaməsini rəhbər tutur. "xxxx" ASC tərəfindən müəyyən edilmiş müddət ərzində və Azərbaycan Respublikası Qanunlarına uyğun öz fəaliyyəti haqqında hesabat aparır və təqdim edir.
30. Hazırki halda cavabdeh müəssisə tərəfindən iddiaçının işlədiyi vəzifə məhz tabe olduğu qrumun, yəni "xxxx" ASC-nin 22 may 2024-cü il tarixli məktubu əsasında ixtisar olunmuşdur. Həmin məktubda "xxxx" ASC aparıcı hüquqşünas ştatının ləğv edilməli olmasının səbəbi kimi istehsalat sahələrində hüquqi sənədlər ilə bağlı iş həcmi az olduğundan bu fəaliyyətin mərkəzləşdirilmiş qaydada "xxxx" ASC-nin hüquq şöbəsi tərəfindən aprıldığı qeyd edilmişdir. Cavabdeh müəssisə tərəfindən məhz həmin tapşırığa uyğun olaraq 23 may 2025-ci il tarixdə aparıcı hüquqşünas ştatının ləğvi ilə bağlı əmr verilmişdir.
31. İşçinin Əmək Məcəlləsinin 78-ci maddəsində nəzərdə tutulmuş üstünlük hüququna gəldikdə isə məhkəmə qeyd edir ki, işçi özü də məhkəmə iclasında müəssisədə hüquqşünaslıq ixtisası üzrə bir ştat vahidinin olduğunu bildirmiş, qeyd olunan ştat ləğv edildiyi halda onun hüquqşünaslıq ixtisas üzrə başqa ştata keçirilməsi üçün alternativ seçim də mövcud olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən normanın mübahisə üzrə tətbiq edilməsi istisna olunur.
32. İddiaçının onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən şəkərli diabet xəstəsi olması səbəbinə görə işdən azad edilməsinin qadağan edilməsinə dair dəlili ilə bağı məhkəmə qeyd edr ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2024-cü il tarixli 2(102)- 929/2024 nömrəli qərarında göstərilmişdir ki, Əmək Məcəlləsinin 79-cu maddəsi həmin normada istinad olunan imtiyazlara malik olan şəxsləri qoruyur. Lakin bu zaman nəzərə alınmalı hal ondan ibarətdir ki, işəgötürənin müəyyən etdiyi pozuntu mütləq işçiyə imtiyaz verən hallarla və şəxslərlə bağlı olsun, yəni baş vermiş pozuntu həmin şəxsə münasibətdə öhdəliklərin və vəzifələrin icrası zamanı yaransın. Bu işçini imtiyazlı edən sağlamlıq imkanı məhdud olan anaya qulluq, onun sosial, tibbi və digər təminat altına alınan hüquqlarının təmin edilməsi ilə bağlı olmalıdır. İşçinin Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud formada pozulması halları ona imtiyaz verən hallarla bağlı olmadıqda və baş vermiş hadisə ilə səbəbli əlaqədə olmadığı halda həmin normanın genişləndirici formada təfsiri işçinin maraqları daxilində olsa da, işəgötürənin hüquqlarının əhəmiyyətli dərəcə pozulmasına və işçinin hüquqdan sui-istifadəsinə şərait yaratmış olur.
33. Hazırki halda isə iddiaçı işlədiyi ştatın ixtisar olunmasının onun şəkərli diabet xəstəliyi ilə əlaqədar olmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.Məhkəmə qeyd edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş süutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən süutların təqdim edilməsi tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
34. Məhkəmə iddiaçının ştatın ixtisarından sonra müəssisəyə 10-dan çox işçinin işə qəbul edilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən bu halı da təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Hətta belə olduğu halda belə məhkəmə hesab edir ki, hazırki halda ştatın ixtisarı “aparıcı hüquqşünas” ştatının ləğv edilməsi ilə bağlı olmuş, başqa vəzifələrə başqa işçilərin götürülməsi isə cavabdehin iddiaçıya qərəzli münasibəti kimi qiymətləndirilə bilməz.
35. Məhkəmə iddiaçının 28 avqust 2024-cü il tarixli əmrin mətnində qoşma olaraq həmkarlar komitəsinin razılıq məktubunun və ya protokoldan çıxarışın və xəbərdarlıq məktubunun göstərilməməsi, habelə həmkarlar komitəsi ittifaqının razılığının ştatın ixtisarından əvvəl alınmalı olması, onun komitənin yığıncağında şəxsən iştirakının təmin edilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, Əmək Məcəlləsinin əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin məzmununu müəyyən edən 84-cü maddəsində əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdə imperativ göstəriş kimi həmkarlar ittifaqı komitəsinin razılığının alınmasının göstərilməsi nəzərdə tutulmamış, habelə digər hallarda, yəni iddiaçının həmkarlar ittifaqı komitəsinin yığncağında iştirakı, həmkarlar ittifaqı komitəsinin ştatın ixtisarı ilə bağlı razılığının həmin ştatın ləğv ilə bağlı əmrdən azı 10 gün əvəldən verilməli olması əmək qanunvericiliyin imperativ tələblərində irəli gəlmir.
36. Bundan başqa məhkəmə iddiaçının 23 may 2024-cü il tarixdə işlədiyi ştatın ləğv edildiyi halda onun 28 avqust 2024-cü il tarixdə işdən çıxarılması ilə bağlı dəlilinə müasibətdə qeyd edir ki, əməık qanunvericiliyinin tələbinə görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müəyyən müddətdə rəsmi xəbərdar edilməlidir. İddiaçının işlədiyi ştatı təğv edildikdən sonra 28 avqust 2024-cü il tarixdən işdən çıxarılmasının səbəbi də işəgötürənin işçinin başqa işlə təmin edilməsinə şərait yaratmaq vəzifəsindən irəli gəlir. Bu hal, həmçinin dövlətin vətəndaşların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq sahəsində sosial siyasətinin əsas istiqamətlərindən irəli gəlir.
37. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının tərəf olduğu əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi, o cümlədən işəgötürənin iddiaçıya qarşı qərəzli münasibətdə olması halları aşkar edilməmişdir. İddiaçının cavabdeh tərəfindən işçilərin sayı azaldılmadığına, həmkarlar ittifaqı komitəsi tərəfindən onun işdən çıxarılmasına razılıq verilməsi ilə bağlı sənədin sonradan köhnə tarixə hazırlandığına, həmkarlar ittifaqı komitəsi tərəfindən tərtib edilmiş protokolun həmin ittifaqın üzvü olmaya şəxslər tərəfindən imzalandığına və s. dair irəli sürdüyü dəlilləri məhkəmə hər hansı bir sübut növü ilə təsdiq edilməməklə əsassız və mülahizə xarakterli sayır.
38. Qeyd olunan əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "xxxx" MMC-nin direktoru E.X.Xudaverdiyevin xx.xx.2024-cü il tarixli, 46-KŞ saylı əmrinin ləğv edilməsi, xx.xx.2024-cü il tarixindən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
Nəticə:
1. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "xxxx" MMC-nin direktoru E.X.Xudaverdiyevin xx.xx.2024-cü il tarixli, 46-KŞ saylı əmrinin ləğv edilməsi, xx.xx.2024-cü il tarixindən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva