Məhkəmə qərarları › İş №2(060)-5434/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5434/2023

10.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5434/2023 10.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsini nəzərdən keçirib, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci ildə andan olmuş qızı Cabbarova Tuncarəyə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsinin Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə tapşırılması (həvalə edilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, daxil olmuş işin materiallarını araşdıraraq hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 1.1-ci bəndinə əsasən “Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi (bundan sonra Komitə) qəbul edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ bölməsinin 25-ci bəndinə əsasən, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi inzibati orqan hesab edilir. Məhkəmə hesab edir ki, ərizəçi məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə müraciət etməli, inzibati orqan onun xahişini təmin etmədikdə onun imtinasını inzibati icraat qaydasında iddia qaldırmaqla inzibati məhkəmədə mübahisələndirməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizənin qəbul olunmasından imtina olunmalı və məhkəməyə təqdim olunmuş bütün sənədlər rəsmi qaydada ərizəçiyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir Qeyd olunmalıdır ki, iş məhkəmədə baxılmalı olmadıqda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, məhkəmədə baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 149, 150, 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsinə baxılmasından imtina edilsin və ərizəyə əlavə olunmuş bütün sənədlər rəsmi qaydada ərizəçiyə təqdim olunsun . Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətinə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıvediyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar