Məhkəmə qərarları › İş №2(060)-5442/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5442/2024

26.09.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5442/2024 26.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Abşeron-Xızı regional şöbəsi) əmək müqaviləsi bildirişinin qüvvədən salınması hüququnun X4 Xidmətinə həvalə edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsi ilə bağlı əmək müqaviləsi bildirişinin qüvvədən salınması hüququnu X4 Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı il tarixdə Cavabdehnə əmək müqaviləsi əsasında kredit mütəxəssisi vəzifəsinə işə düzəlmişdir. xx.xx.2018-ci il tarixdə əmək müqaviləsinə xitam verilərək işdən çıxmışdır. Lakin elektron informasiya sistemində iddiaçının şəxsi məlumatları bölməsində həmin əmək müqaviləsi hələ də qüvvədədir. Halbuki o, uzun illərdir ki, həmin MMC-də çalışmır, ora heç bir bağlılığı qalmamışdır. Həmin qüvvədə olan əmək müqaviləsi ilə iddiaçının hüquqları məhdudlaşdırılmışdır. Belə ki, bu məsələ ilə bağlı ilkin olaraq adiyyatı üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti X1 müraciət etmişdir. X8 3-17-5/2- Q-12782/2024 saylı xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəmə qaydasında əmək müqaviləsinin qüvvədə salınması iddia tələbi ilə müraciət etməyi tövsiyə olunmuşdur. Həmçinin iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdehnə xx.xx.2024-cü il tarixdə pretenziya qaydasında SX010494455AZ №-li göndəriş məktub ilə müraciət etmişdir. Həmin məktub xx.xx.2024-cü il tarixdə MMC tərəfındən qəbul edilmişdir. Lakin müraciəti cavabsız qalmışdır. Ona görə ümumi qaydada məhkəməyə müarciət etməyə məcbur olmuşdur. xx.xx.2019-cu il tarixli “Mediasiya haqqında” AR Qanununa əsasən, vətəndaşlar kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında məcburi şəkildə iştirak etməlidirlər. Həmin qanun tam olaraq xx.xx.2021 -ci il tarixdən qüvvəyə minmişdir. AR MPM-nin 149.2.4-1-ci maddəsinə əsasən, vətəndaş “Mediasiya haqqında” AR Qanununa uyğun olaraq, məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair sənədi iddia ərizəsinə əlavə etməlidir. Məhz bu mediasiya sessiyasında iştirak məcburi olduğundan ilkin olaraq iddiaçı Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X3 xx.xx.2024-cü il tarixdə təşkil etdiyi mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh təşkilat ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılmasına baxmayaraq mediasiya sesiyasında iştirak etməmişdir. Qanunda nəzərdə tutulmuş məcburi mediasiya üçün 50 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Bunun nəticəsi olaraq mediator tərəfindən MŞS/MT030/2024/01486 №-li, xx.xx.2024-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, xx.xx.2016-cı il tarixində Cavabdeh MMC-də kredit mütəxəssisi vəzifəsində çalışdığını, xx.xx.2018-ci ildə isə o, öz istəyi ilə işdən çıxdığını, əmək müqaviləsindən çıxarılması əmri verilməsinə baxmayaraq, sistemdə hələ də Cavabdeh MMC olaraq qeyd edildiyini bildirdi. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələriə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələriə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxsin nümayəndəsi Nümayəndə1 bildirdi ki, iddiaçı xx.xx.2024-cü ildə məktubla onlara müraciət etmişdir. Onlar tərəfindən müvafiq araşdırmalar aparılmış və həqiqətən də iddiaçı və Cavabdeh MMC arasında aktiv əmək müqaviləsi bildirişi mövcud olduğu aşkar olunmuşdur. Cavabdeh MMC-yə 3-17-5/2-8754/2024 saylı məktubla müraciət olunmuş və məktub “bu ünvanda yaşamır” qeydi ilə qaytarılmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2025-ci ilə qədər dayandırıldığından tərəfimizdən müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Bu səbəbdən iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - MŞS/MT030/2024/01486 saylı, xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat xərci ödəmişdir. - Əmək müqaviləsinin sürətindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixində Cavabdeh MMC-də kredit mütəxəssisi vəzifəsində kimi çalışmağa başlamış, xx.xx.2018-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən öz təşəbbüsü ilə işdən ayrılmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş reyestr çıxarışından görünür ki, Cavabdeh MMC ********** nömrəli VÖEN-ilə kommersiya qurumlarının dövlət reseytrində qeydiyyatdadır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Abşeron Xızı Regional Şöbəsi tərəfindən X2 ünvanlanmış xx.xx.2024-cü il tarixli 3- 17-5/2-Q-12782/2024 nömrəli məktubdan görünür ki, əmək müqavilələrinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir.bu səbəbdən işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət etməli olduğu izah edilmişdir. - xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi və bu barədə “X5”nda qeydlərin aparılması xahiş edilmiş əks təqdirdə bu barədə məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (bundan sonra - Əmək Məcəlləsi) əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz (42.1). Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir (42.2). Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır (45.1). Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir (45.2.). Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır (68.2 b). Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur (73.1). Əmək Məcəlləsində həmçinin göstərilmişdir ki, əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir (5-1.). Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır (7.2.). Əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir (12.1 h). İşdən göründüyü kimi tərəflər arasında bağlanmış əmək müqaviləsi barədə müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində bildiriş qeydə alınmışdır. Əmək müqaviləsinə faktiki olaraq xitam verilməsinə baxmayaraq cavabdeh elektron informasiya sistemində qeydə alınmış əmək müqaviləsinin bağlanması barədə bildirişi ləğv etməmişdir. Bu isə iddiaçının hüquqlarının məhdudlaşmasına səbəb olmuşdur. Bu səbəbdən iddia təmin edilməli, İddiaçı Cavabdeh MMC ilə olan əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar “Əmək və Məşğulluq” altsistemində bildirişin daxil edilməsi hüququ X4 Xidmətinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı Cavabdeh MMC ilə olan əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar “Əmək və Məşğulluq” altsisteminə bildirişin daxil edilməsi vəzifəsi X4 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar