Məhkəmə qərarları › İş №2(060)-5448/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5448/2021

29.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5448/2021 29.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 azyaşlı övladı 03.01.2008-ci il təvəllüdlü X2 ilə birlikdə və azyaşlı uşaqlar olan X6 və 12.03.2012-ci il təvəllüdlü Zahirov Zahid Bəhruz oğlunun ona məxsus Sumqayıt şəhəri, 11-ci mkr, 3 saylı evin 26 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi və pasport qeydiyyatından çıxmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 oğlu məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 azyaşlı övladı 03.01.2008-ci il təvəlüdlü X2 ilə birlikdə və azyaşlı uşaqlar olan X6 və 12.03.2012-ci il təvəlüdlü Zahirov Zahid Bəhruz oğlunun ona məxsus Sumqayıt şəhəri, 11-ci mkr, 3 saylı evin 26 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 11-ci mkr, 3 saylı evin 26 saylı mənzili onun mülkiyyətindədir. Həmin evi Cavabdeh1 65.000 (altmış beş min) manat ödəməklə, AN- İ ******* № li 05.03.2021 -ci il tarixli alqı-satqı müqaviləsi bağlayaraq almışdır. Həmin alqı-satqı müqaviləsi əsasında AR ƏMDK yanında DƏDRX-nin 20.03.2021ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı ilə mənzil onun mülkiyyətinə verilmişdir. Cavabdehlər köhnə ev sahibi və onun ailə üzvləridir. Həmçinin qeydiyyatda olan azyaşlı uşaqlar olan 02.06.2010-cu il təvəllüdlü X6 və 12.03.2012-ci il təvəllüdlü Zahirov Zahid Bəhruz oğlunun valideynləri qeydiyyatda olmasalar da uşaqları onun mənzilində qeydiyyatdadırlar. Qanunvericilikdə də qeyd olunmuşdur ki, yetkinlik yaşına çatmayan uşaqlar himayəçisinin qeydiyyatda olduğu evə qeydiyyata düşməlidir. Ev satıldığı gündən nə cavabdehlər, nə də azyaşlı uşaqlar mübahisəli mənzildə yaşamırlar. Hal-hazırda cavabdehlərin onun mənzili ilə heç bir əlaqəsi yoxdur, onlara aid heç bir əşya da yoxdur. Həmin alqı-satqı müqaviləsinin 13-cü bəndində cavabdeh qeydiyyatdan çıxmağı üzərinə öhdəlik kimi götürmüşdür. O, qeydiyyatdan çıxsa da, lakin ailə üzvləri qeydiyyatdan çıxmamışdır. AR ASAN Sumqayıt mərkəzinin 07.06.2021-ci il tarixli, ******* № li arayışından da görünür ki, onlar və azyaşlı uşaqlar hələ də qeydiyyatdadır. Onların qeydiyyatda qalması onun mənzil hüquqlarının pozulması deməkdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bunları nəzərə alaraq, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 oğlu iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini, cavabdehlərin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 məlum olan axırıncı yaşayış yeri üzrə ünvanına məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilsə də, bildirişin üzərinə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 17 saylı Mənzil Kommunal Sahəsi tərəfindən onların həmin ünvanda yaşamamaları barədə qeyd yazılaraq, bildirişlər məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 11-ci mkr, ev 3, mənzil 26 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** saylı qeydiyyat nömrəsi ilə 29.03.2021-ci il tarixdə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş 05 mart 2021-ci il tarixli AN-İ seriyalı ******* saylı alqısatqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, 11-ci mkr, ev 3, 26 saylı mənzilini 65.000 manata Cavabdeh1 almışdır. Həmin müqavilənin 13-cü bəndinə görə satıcı üç ay müddətinə satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 07.06.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və azyaşlı uşaqlar 03.01.2008-ci il təvəlüdlü X2, 02.06.2010-cu il təvəllüdlü X6 və 12.03.2012-ci il təvəlüdlü Zahirov Zahid Bəhruz oğlu Sumqayıt şəhəri, 11-ci mkr, ev 3, mənzil 26 ünvanında qeydiyyatdadır. Göründüyü kimi, İddiaçı adına Sumqayıt şəhəri, 11-ci mkr, ev 3, 26 saylı mənzilinə dair hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilməklə, o, həmin evə mülkiyyət hüququ əldə etmişdir. Mənzilin əvvəlki ev sahibi və ailə üzvləri evi boşaldaraq mənzili İddiaçı təhvil vermiş, özlərinə isə başqa bir yaşayış yeri seçmişlər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququnun qalması İddiaçı göstərilən mənzillə bağlı mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaradır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqlamüəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Belə məlumat olmadıqda isə, yaşayış yerini dəyişmiş şəxs məhkəmə qətnaməsi ilə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və azyaşlı uşaqlar X1, X3 və Zahirov Zahid Bəhruz oğlunun Sumqayıt şəhəri, 11-ci mkr, ev 3, mənzil 26 ünvanına istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır (217.4). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və azyaşlı uşaqlar 03.01.2008-ci il təvəlüdlü X1, 02.06.2010-cu il təvəllüdlü X3 və 12.03.2012-ci il təvəlüdlü Zahirov Zahid Bəhruz oğlunun Sumqayıt şəhəri, 11-ci mikrorayon, 3 saylı evin 26 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar