Məhkəmə qərarları › İş №2(060)-5451/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5451/2020

23.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5451/2020 23.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1-də yerləşən 46 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 3-cü mkr, ev 6/8, mənzil 46 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdehlərdən Cavabdeh1 onun keçmiş əri, Cavabdeh2 isə oğludur. O, 1990-cı ildə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur və birgə nikahlarından Cavabdeh2 adlı övladı dünyaya gəlmişdir. 2008-ci ildə isə onların aramızda olan rəsmi nikah pozulmuşdur. Cavabdehlərin hər ikisi Ukrayna Respublikasının vətəndaşlarıdırlar. 2005-ci ildən cavabdehlər ona məxsus mənzildə yaşamırlar. Bu qonşuların iştirakı ilə tərtib olunmuş aktda da öz təsdiqini tapır. 2005-ci ildən cavabdehlər Ukrayna Respublikasında yaşayırlar. Onların daimi yaşayış yerləri Ukrayna Respublikasıdır. Hər iki cavabdeh Ukrayna Respublikasında yaşayır və orada qeydiyyatdadırlar. Cavabdehlərin daimi yaşayış yerləri var. Cavabdehlərin ona məxsus mənzilə qeydiyyatları formal xarakter daşıyır. Onların ona məxsus mənzildə qeydiyyatda qalmaları onun mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir. O, cavabdehlərin əvəzinə kommunal xidmət haqqı ödəyir. Bu isə onun üçün əlavə xərcdir. Buna maddi imkanım çatmır. Hesab edir ki, cavabdehlərin ona məxsus mənzilə istifadə hüquqları itirlmiş hesab edilməlidir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə bildirişi ünvanlansa da, cavabdhelər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən, yaşayış sahəsi 19,6 kv.m, köməkçi sahəsi 14,55 kv.m-dən ibarət olan 6/8 nömrəli evin 46 nömrəli mənzili şəxsi mülkiyyət hüququ əsasında xx.xx.2005-cı il tarixli bağışlama müqaviləsi əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli, ******* nömrəli arayışından görünür ki, Cavabdeh1 və Cangirov X3 şəhəri, 3-cü mikrorayon, ev 6/8, mənzil 46 ünvanında qeydiyyatdadırlar. İşdə olan xx.xx.2020-ci il tarixli akta əsasən, 18 nömrəli MKS-in nümayəndəsi və İddiaçı qonşuları X5, X1, X2 və X6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1, mənzil 46 ünvanında qeydiyyatda olmaqlarına baxmayaraq, 2005-ci ildən sözügedən ünvanda yaşamadıqlarını öz imzaları ilə təsdiqləmişlər. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikah pozulmuşdur. Nikah pozulduqdan sonra qadına Məmmədova soyadı verilmişdir. İşdə olan Cavabdeh1 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Cavabdeh1 ünvan 1, mənzil 46 ünvanından qeydiyyatdan çıxmağa razıdır. İş materiallarında olan Cavabdeh2 ərizəsindən surətindən görünür ki, Cavabdeh2 Ukrayna Respublikasında daimi yaşaması və həmin ölkənin vətəndaşı olması ilə əlaqədar ünvan 1, mənzil 46 ünvanından qeydiyyatdan çıxmağa razıdır. İşdə olan sənədlərin surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 Ukrayna Respublikasının vətəndaşlarıdır. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 46 saylı mənzili Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Qeydiyyat vəsiqəsi əsasında xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. İddiaçının keçmiş həyat yoldaşı Cavabdeh1 və oğlu Cavabdeh2 iddiaçıya məxsus mənzildə yaşamış, lakin 2005-ci ildə onlar özlərinə başqa yaşayış yeri seçməklə mənzili daimi olaraq tərk etmişlər. Cavabdehlər 15 ildən çoxdur ki, mübahisəli mənzildə yaşamırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasənqətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə mübahisəli hüquq münasibətləri xx xxxxxxx 2009-cu il tarixədək yarandığından hazırki mübahisə həmin tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları əsasında həll edilməlidir. xx xxxxxxx 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 6-cı hissəsinə görə şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ-ci hissəsini məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və onun ailə üzvlərinin müvəqqəti o, cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Mübahisənin həlli, yəni cavabdehin mübahisəli mənzildən olan istifadə hüququnun itirilib-itirilməməsinin müəyyən edilməsi üçün onun bu yaşayış sahəsini tərk etməsinin səbəbləri araşdırılmalı və bu tərk etmənin daimi və yaxud müvəqqəti əsaslarla olmasına qiymət verilməlidir. Belə ki, bu münasibətləri tənzimləyən yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri baxımından bu kateqoriya işlər üzrə əsas şərt icarəçi və ya qeydiyyatda olan şəxslərin mənzildə 6 ay və daha artıq müddətdə üzrsüz səbəbdən yaşamamasını və hüquqları mübahisələndirilən şəxslərin başqa yerdə daimi yaşayış yerlərinin olmasını sübut etməkdir. Bu baxımdan məhkəmə iş materiallarında olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, cavabdehlər mübahisəli mənzili məhz daimi əsaslarla tərk etmişdir. Belə ki, onların 2005-ci ildən sözügedən mənzildə yaşamaması ilk növbədə iş materiallarında olan mübahisəli binada yaşayan qonşular tərəfindən tərtib olunmuş aktla təsdiq olunur. Digər tərəfdən cavabdehlər mübahisəli mənzili məcburi olaraq deyil, könüllü olaraq tərk etmişdir. Belə ki, onlar 2005-ci ildən 15 ildən çox keçməsinə baxmayaraq mənzilə köçürülmə barədə iddia qaldırmamış və ya mənzildən istifadəyə maneə törədilməsi ilə bağlı hər hansı orqana şikayət etməmişdir. Bu isə, cavabdehlərin müvəqqəti deyil, məhz daimi əsaslarla mübahisəli mənzildən köçməsi faktını təsdiq edir. Məhkəmə onu da qeyd edir ki, iş materiallarında olan sənədlərdən görünür ki, cavabdehlər Ukrayna Respublikasının vətəndaşları olmaqla həmin ölkənin Xarkov şəhərində qeydiyyatdadırlar və orada yaşayırlar. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus Sumqayıt şəhəri, 3-cü mikrorayon, 6/8 saylı evin 46 saylı mənzilindən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus Sumqayıt şəhəri, 3-cü mikrorayon, 6/8 saylı evin 46 saylı mənzilindən istifadə hüququna xitam verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar