Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5485/2021 30.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Abbasov Mübariz Telman oğlunun katibliyi, İddiaçı qızının, Onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı qızının cavabdeh Sumqayıt Şəhər 11 X14 Məktəbinə qarşı “intizam tənbehinə dair əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı qızı cavabdeh Sumqayıt Şəhər 11 X14 Məktəbinə qarşı “inzibati tənbehə dair əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdeh Sumqayıt Şəhər 11 X14 Məktəbin direktoru İlahə Həsənli tərəfindən verilən 07.05.2021-ci il tarixli 60 (86) №-li və 21.05.2021-ci il tarixli 64 (63) №-li əmrlərin ləğv edilməsinə və 26.07.2017-ci il tarixli əmək müqaviləsinə əsasən təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməsinə və habelə işdən azad edildiyi gündən etibarən işə bərpa ediləcəyi günə qədər əmək haqqının hesablanıb birdəfəlik ödənilməsinə dair dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı qızı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, o, 27.07.2017-ci il tarixdən 21.05.2021-ci il tarixədək Sumqayıt Şəhər 11 saylı Tam Orta məktəbdə rus dili ixtisaslı təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmış, çalışdığı müddət ərzində də vicdanla, qanuni və əmək funksiyalarına tam əməl etməklə öz vəzifəsini icra etmiş və müəssisədaxili intizam qaydalarına riayət etmişdir. 31 mart 2021-ci il tarixində çalışdığı təhsil müəssisəsinin digər müəllim əməkdaşıyla aralarında mübahisə yaranmış və həmin mübahisənin təsiri ilə sağlamlıq vəziyyəti pisləşmiş, bu səbəblə də 01.04.2021-ci il tarixində sağlamlıq vəziyyətində yaranmış olan problemlə əlaqədar məzuniyyətə çıxmış və 07.05.2021-ci il tarixdə də məzuniyyətdən qayıtmışdır. Elə həmin gün çalışdığı məktəbin direktoru İlahə Həsənli tərəfindən onun haqqında 07 may 2021-ci il tarixli “şiddətli töhmət elan edilməsinə” dair qeyri-obyektiv, qərəzli şəkildə 86 №li əmr verilmişdir. 21 may 2021-ci il tarixində isə məktəbin Pedoqoji Şurasının 63 nömrəli qərarı ilə onun 27.07.2019-ci il tarixli vəzifəyə təyinatla bağlı əmək müqaviləsi birtərəfli olaraq məktəbin direktoru tərəfindən ləğv edilmiş, ona ixtisası üzrə rus-dili fənnindən 9 saat dərs aparılmasına icazə verilmişdir. Şiddətli töhmət əmri verilməzdən əvvəl bu məsələ ilə bağlı ondan hər hansı izahat alınmamış və heç bir məlumat təqdim edilməmişdir. Halbuki, Əmək Məcəlləsinin 187.1-ci maddəsinin tələbinə görə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Növbəti məqam isə onun haqqında tərtib edilmiş “vəzifəyə təyinatla bağlı əmək müqaviləsinin ləğv edilməsi barədə” 63 №li Əmrin tamamilə qanuna zidd bir şəkildə qəbul edilməsidir. Belə ki, 26.07.2017-ci il tarixli əmək müqaviləsinə əsasən onun vəzifəsi təlim-tərbiyə işləri üzrə direktor müavini olaraq qeyd edilmiş və artıq 4 ildir ki, həmin vəzifədə çalışmış, lakin 21.05.2021-ci il tarixli yuxarıda da adıçəkilən əmrə əsasən ona bu haqda heç bir məlumat verilmədən əmək müqaviləsi ləğv edilmiş və vəzifəsi aşağı salınaraq rus-dili fənnindən 9 saat dərs aparılmasına icazə verilmişdir. Əgər sözügedən təhsil müəssisəsinin direktoru tərəfindən əmək müqaviləsində vəzifəyə dəyişiklik edilmişsə, bu hal da sübut edir ki, onun məlumatı və razılığı olmadan edilən dəyişikliklər qanunsuzdur. Bu qanunsuz addımlar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 46.6-cı maddəsinin ilk cümləsinə-“Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir ” normasının tələblərinə kobud şəkildə ziddir və həmin Məcəllənin 43.4-cü maddəsinin tələbinə görə “Əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz”. Həmçinin, həmin Məcəllənin 68-ci maddəsinin 1 və 2ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilinmədiyi təqdirdə onun 27.07.2019-ci il tarixli vəzifəyə təyinatla bağlı əmək müqaviləsinə sadalanan hallardan hər hansı biri olmadan ləğv edilmişdir. Bundan başqa onun 27.07.2019-ci il tarixli vəzifəyə təyinatla bağlı əmək müqaviləsi ləğv edilərkən həmkarlar ittifaqının rəyi olmamış, məktəb direktoru tərəfindən həmkarlar ittifaqına əsaslandırılmış yazılı təqdimat belə təqdim edilməmişdir. Məktəbin direktoru tərəfindən “şiddətli töhmətin verilməsi” barədə 86 saylı Əmr, həm də “vəzifəyə təyinatla bağlı əmək müqaviləsinin ləğv edilməsi” barədə 63 saylı Əmr məzmun və sənədləşdirmə qaydası, eləcə də qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması, əsaslandığı hallar, qanunla qorunan hüquqlarının müdafiəsi üçün müvafiq şəraitin yaradılmaması və nəticə etibarilə də qanunla ona verilmiş hüquq və mənafelərinin əsassız olaraq məhdudlaşdırılması baxımından qanunsuz və əsassızdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddiaçının tələbini müdafiə edərək əlavə olaraq göstərdi ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 noyabr 2010-cu il tarixli, 1486 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında” Əsasnamənin 4.1.3-cü bəndində müəssisə daxili intizam qaydalarına və əmək funksiyalarına əməl etməyən işçilər barəsində mövcud qanunvericiliyə uyğun tədbirlər görmək nəzərdə tutulmuşdur. Həmin bənddə qeyd edilən işçilər dedikdə müəllimlər nəzərdə tutulmur. Belə ki, “Təhsil haqqında ” Azərbaycan Respublikasının Qanununun 30.02-ci bəndinə görə müəllimlər - təhsilverənlər (pedaqoji işçilər) adlandırılmışdır. Direktor müavini isə ümumiyyətlə işçi deyil, rəhbər şəxs olaraq adlandırılmışdir. Həmçinin qanunverciliyə uyğun tədbirlər görmək deyildikdə intizam məsuliyyətinə cəlb etmə nəzərdə tutulur, işdən azad etmə isə məktəb direktorunun müstəsna səlahiyyətidir. Göründüyü kimi pedaqoji şuranın direktor müavini ilə olan əmək müqaviləsinə xitam verilməsi yönündə qərar qəbul etmək səlahiyyəti yoxdur və pedaqoji şura öz səlahiyyətini aşmışdır. Buna görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi vəkil X7 məhkəmə iclasında iddianı qəbul etməyərək göstərdi ki, 14 sentyabr 2017-ci il tarixində Sumqayıt Şəhər 11 X14 Məktəbinin direktoru X5 ilə İddiaçı arasında Sumqayıt Şəhər Təhsil Şöbəsinin razılığı ilə yeni əmək müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı əmək müqaviləsi üzrə “Rus dili müəllimi”, məşğulluq təsnifatı üzrə "Direktor müavini“ vəzifəsinə təyin olunmuşdur. Bir müddət normal iş şəraitində çalışdıqdan sonra İddiaçı öz işinə məsuliyyətsiz yanaşma, vəzifəsini yerinə yetirməmə və iş yoldaşları ilə münasibətlərinin pozulması, onları təhqir etməsi və s. bu kimi hallar müşahidə edilməyə başlanmış, bildirilən iradlara əhəmiyyət vermədən öz hərəkətlərinə müxtəlif bəhanələrlə haqq qazandırmağa çalışmış, məktəbin kollektivinə və rəhbərliyinə saymazyana və laqeyd münasibət göstərməyə davam etmişdir. Belə ki, öz işinə səhlənkar yanaşması nəticəsində İddiaçı təlim-tərbiyə üzrə direktor müavini kimi birbaşa məsuliyyət daşıdığı və cavabdeh olduğu sinif jurnallarının yazılmasında və dərs cədvəllərinin hazırlanmasında ciddi nöqsanlar aşkar edilmişdir. Bu məsələ məktəbin pedaqoji şurasında bir neçə dəfə müzakirə olunmuş, İddiaçı və sinif rəhbərlərinin izahatları alınmışdır. Lakin İddiaçı işinə laqeyd yanaşması davam etmiş, qeyd olunan nöqsanlar aradan qaldırılmamışdır. İşində yol verdiyi nöqsanlarla yanaşı intizam qaydalarını, etik davranış qaydalarını, pedaqoji etika və əxlaq normalarını pozaraq iş yoldaşlarına qarşı qanunsuz hərəkətlərə yol vermişdir. Belə ki, İddiaçı qızı 31 mart 2021-ci il tarixində Sumqayıt Şəhər 11 X14 Məktəbinin müəllimlər otağında həmin məktəbin direktor müavini Xanım Zeynalova ilə aralarında baş vermiş mübahisə zamanı onu nalayiq ifadələrlə təhqir etmiş, onun vəfat etmiş valideynlərinin ünvanına söyüşlər söymüş, bununla kifayətlənməyərək əlində olan mobil telefon aparatını Xanım Zeynalovaya tərəf atmışdır. İddiaçı bu zaman müəllimlər otağına jurnal götürmək üçün gələn məktəbin musiqi müəlliməsi Afaq Rəhimovanın üzərinə hücum çəkərək onu da təhqir etmiş və qolundan tutaraq onu zorla kobud şəkildə otaqdan çıxartmışdır. Həyat yoldaşı Qarabağ müharibəsində şəhid olmuş və həssas xarakterə malik olan Afaq Rəhimova bu hadisədən sonra özünü pis hiss etmiş və ona ilkin tibbi yardım göstərilmişdir. Müəllimlər otağında baş vermiş bu hadisə ilə əlaqədar hadisə zamanı orada olan məktəbin əməkdaşları tərəfindən akt tərtib olunmuşdur. Xanım Zeynalova və Afaq Rəhimova məktəbin direktor müavini İddiaçınm onlara qarşı qeyri-etik hərəkətlərindən Sumqayıt şəhər Təhsil şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişlər. 02 aprel 2021-ci il tarixində məktəbin direktoru İlahə Həsənli mobil telefonu ilə məktəbin bir neçə işçisinin yanında İddiaçı mobil telefonuna zəng vurmuş, ondan harada olduğunu və niyə işə gəlmədiyini soruşmuşdur. İddiaçı direktora kobud və saymazyana şəkildə “harada olmalıyam? evdə” cavabını vermiş, direktorun 31 mart 2021-ci il tarixində müəllimlər otağında baş vermiş hadisə ilə əlaqədar məktəbə gələrək izahat verməsi tələbinə isə “mən xəstəlik vərəqindəyəm" deyərək izahat verməkdən imtina etmiş və telefonunu söndürmüşdür. Bu hadisə də orada olan şəxslərin imzası ilə aktlaşdırılmışdır. Göründüyü kimi İddiaçı iş yoldaşlarına qarşı təhsil müəssisəsində yol verdiyi qeyri-etik hərəkətlərindən peşman olmamış, həmin şəxslərlə barışmağa cəhd etməmiş, işə gəlməməsi və səbəbləri barədə məktəbin direktoruna məlumat verməməklə yuxarıda qeyd olunan hadisənin araşdırılması məqsədilə məktəbin direktorunun çağırışına kobud şəkildə cavab verərək gəlməkdən imtina etmişdir. Bu da öz növbəsində İddiaçı işlədiyi təhsil müəssisəsinə, onun əməkdaşlarına və məktəbin rəhbərliyinə qarşı hansı münasibətdə olmasını bir daha təsdiq edir. Baş vermiş hadisə məktəbin pedaqoji şurasının 03 aprel 2021-ci il və 26 aprel 2021-ci il tarixlərində keçirilmiş iclaslarında müzakirəyə çıxarılmış və şuranın qərarı ilə İddiaçı həmkarlarına qarşı etdiyi təhqiramiz hərəkətlər etik davranış normalarına zidd hesab edilmiş və məzuniyyətdən qayıtdıqdan sonra İddiaçı barəsində intizam tənbehi elan edilməsi qərara alınmışdır. Sumqayıt Şəhər 11 X14 Məktəbinin direktorunun 07 may 2021-ci il tarixli, 60 nömrəli əmri ilə Sumqayıt Şəhər Təhsil Şöbəsinin 13 aprel 2021-ci il tarixli, 33(01)-01-161/13 nömrəli məktubu, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1\2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”, 31 mart 2021-ci il tarixli akt və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsi əsas tutularaq məktəbin təlimtərbiyə işləri üzrə direktor müavini İddiaçı qızına Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi intizam tənbehi verilmişdir. Bundan başqa Sumqayıt Şəhər 11 X14 Məktəbinin direktorunun 21 may 2021-ci il tarixli, 64 nömrəli əmri ilə məktəbin pedaqoji şurasının 16 may 2021-ci il tarixli, 7 nömrəli qərarı əsas tutularaq İddiaçı qızının 14 sentyabr 2017-ci il tarixdə rus dili ixtisaslı təlim-tərbiyə işləri üzrə direktor vəzifəsinə təyin edilməsi barədə bağlanılmış əmək müqaviləsinə xitam verilmiş və ona ixtisası üzrə rus dili fənnindən 9 saat dərs aparılmasına icazə verilmişdir. Bu barədə bildiriş 31 may 2021-ci il tarixində elektron informasiya sisteminə daxil edilmişdir. Göründüyü kimi direktorun 21 may 2021-ci il tarixli, 64 nömrəli əmri işdən çıxarılmaqla bağlı əmək müqaviləsinə xitam verilməsi barədə deyil, vəzifəyə təyinatla bağlı əmək müqaviləsinin ləğv edilməsi barədədir. İddiaçı qızının ona intizam tənbehinin verilməsinə və vəzifədən azad olunmasına dair əmrlərin qanunsuz və əsassız olmasına dair göstərdikləri əsassızdır və mötəbər sübutlarla təkzib olunur. İddiaçı barəsində kollektivlə münasibətlərdə etik davranış qaydalarını pozduğuna və vəzifəsinə səhlənkar yanaşdığına görə haqlı olaraq müvafiq intizam tədbirləri görülmüşdür. Odur ki, iddianı əsassız hesab edir və rədd edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 göstərdi ki, onun İddiaçı ilə əvvəllər heç bir mübahisəsi olmamışdır. Lakin 31.03.2021-ci il tarixdə, sahər saatlarında müəllimlər otağına gedərkən pilləkəndə İddiaçı qışqırıq səslərini eşitmiş, otağa daxil olarkən iddiaçı onun üzərinə hücum çəkib onu vurmaq istəmiş və təhqir etmişdir. Bu hadisə ona pis təsir etdiyi üçün tibbi yardım almışdır. Həmçinin, həmin hadisəni özündə əks etdirən video görüntü də var. Bu hadisə ilə bağlı rəhbərliyə şikayətini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 göstərdi ki, o, 15 ildir kimya müəlliməsi işləyir və bir o qədər müddətdir ki, İddiaçı tanıyır. 31.03.2021-ci il tarixdə, səhər saatlarında İddiaçı səbəbsiz yerə onunla mübahisə yaratmış, onu nalayiq ifadələrlə təhqir edərək üzərinə əlindəki mobil telefonu atmış, lakin özünü qoruduğu üçün telefon ona dəyməmişdir. Bu barədə rəhbərliyə şikayətini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 göstərdi ki, onun X4 ilə normal münasibətləri var, ona qarşı məktəbin rəhbərliyi tərəfindən qərəzli hərəkətlərə yol verilmiş, onun işdən çıxarılması qanunsuz olmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsi üzrə işin faktiki hallarını araşdıraraq toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Sumqayıt şəhər 11 saylı Tam Orta Məktəb tərəfindən verilmiş 07 may 2021-ci il tarixli, 60 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı qızına Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməklə intizam tənbehi verilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər 11 saylı Tam Orta Məktəb tərəfindən verilmiş “Pedaqoji Şuranın” 16.05.2021-ci il tarixli, 07 nömrəli qərarına əsaslanmış “vəzifəyə təyinatla bağlı əmək müqaviləsinin ləğv edilməsi barədə” 21 may 2021-ci il tarixli, 64 (63) saylı əmrdən çıxarışdan görünür ki, işə götürən tərəfindən İddiaçı qızı ilə 14.09.2017-ci il tarixdə rus dili ixtisaslı təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilməsi barədə bağlanılmış əmək müqaviləsinə 21.05.2021-ci il tarixdən xitam verilmiş və ona ixtisası üzrə rus dili fənnindən 9 saat dərs aparılmasına icazə verilmişdir. İş materiallarına əlavə edilmiş 02.04.2021-ci il tarixli aktdan görünür ki, 31.03.2021-ci ll tarixdə baş vermiş hadisə ilə bağlı 02.04.2021-ci il tarixdə İddiaçı qızından məktəbə gələrək izahat verilməsi tələb olunsa da, o, xəstə olduğu üçün gəlməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işə götürən, digəri isə işçidir. 44-cü maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddənin 2-ci hissəsinin (a) bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən müəssisə ləğv edildikdə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda ləğv edilə bilər. 83-cü maddəsinin birinci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 84-cü maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Bu maddənin ikinci hissəsinə əsasən birinci hissədə nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 187-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir, işçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir, intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İş üzrə toplanmış və tədqiq edilmiş sübutlara hüquq normalarına əsasən hüquqi qiymət verərək məhkəmə hesab edir ki, işəgötürən tərəfindən iddiaçının mübahisələndirdiyi əmrlər verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, İddiaçı qızından 02.04.2021-ci il tarixdə izahat verilməsi tələb olunmuş, lakin iddiaçı xəstəliyi ilə əlaqədar olaraq işdə olmadığına görə ondan izahat alınması mümkün olmamış və bu barədə 02.04.2021-ci il tarixdə akt tərtib edilmişdir. İddiaçı 06.05.2021-ci il tarixdə işə çıxmasına baxmayaraq, işəgötürən tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinin tələbləri pozularaq, bir gün sonra iddiaçının izahatı alınmadan barəsində intizam tənbehi haqqında əmr verilmişdir. Həmçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə verilərkən, Məcəllənin 84-cü maddəsinin tələbləri pozularaq həmin əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməmişdir. İşəgötürənin əsaslandığı Pedaqoji Şuranın 16.05.2021-ci il tarixli, 7 nömrəli qərarı ümumiyyətlə əmək müqaviləsinin ləğvi barədə əmrin əsası ola bilməz. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 noyabr 2010-cu il tarixli, 1486 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında” Əsasnamənin 4.1.3-cü bəndində göstərilmişdir ki, Pedaqoji Şura müəssisədaxili intizam qaydalarına və əmək funksiyalarına əməl etməyən işçilər barəsində mövcud qanunvericiliyə uyğun tədbirlər görmək hüququna malikdir. Lakin yuxarıda qeyd edildiyi kimi mübahisələndirilən əmrlər verilərkən mövcud qanunvericiliyin tələbləri işəgötürən tərəfindən pozulmuşdur. Hətta işəgötürən tərəfindən əmrlərin tərtibatında da səhvə yol verilmiş, əmrlərdə müxtəlif nömrələr qeyd edilmiş və iddiaçı ilə bağlanmış əmək müqaviləsinin tarixi fərqli göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Sumqayıt Şəhər 11 X14 Məktəbin direktoru İlahə Həsənli tərəfindən verilən 07.05.2021-ci il tarixli, 60 (86) №-li və 21.05.2021-ci il tarixli, 64 (63) №-li əmrlər ləğv edilsin. İddiaçı qızı təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilsin və işdən azad edildiyi gündən etibarən işə bərpa ediləcəyi günə qədər əmək haqqı hesablanaraq İddiaçı qızına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-5485/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5485/2021
30.08.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver