Məhkəmə qərarları › İş №2(060)-5488/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5488/2022

05.08.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5488/2022 05.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, İddiaçı Cavabdehnə qarşı əmlakın və qanunsuz olaraq satılmış mənzilin qaytarılması tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı əmlakın və qanunsuz olaraq satılmış mənzilin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin evin məsələsinin həllində onun döyüşlərdə iştirakını, yaralanmağını nəzərə alaraq bir müharibə veteranı olaraq ona köməklik göstərilməsini, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı İlham Əliyev cənablarının xx.xx.2014-cü ildə Ağdam rayonunda səfərdə olduğu zaman “Bütün qurumlarda dövlət və özəl qurumlarda müharibə veteranlarına çox böyük diqqət göstərilməlidir. Onları incitməməlidirlər, həm dövlət, həm də özəl qurumlara öz göstərişimi verirəm. Bu dövlət siyasətidir, mənim tələbimdir.” Çıxışındakı sözləri rəhbər tutaraq onun razılığı olmadan bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına və həmin evin ona qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Belə ki, MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərməlidir. İddiaçı iddia ərizəsində alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və evin ona qaytarılmasını xahiş etsə də, mübahisələndirdiyi müqavilənin tarixini, nömrəsini, həmçinin mübahisəli evə dair məlumatları (ünvanı) ərizəsində qeyd etməmişdir. Halbuki, iddia ərizəsində iddiaçının tələbi konkret olmalıdır. Lakin hazırki halda isə iddia tələbi konkret olmamaqla aydın deyildir. Eyni zamanda məhkəmə işlərə məhkəmədə baxılmasının tezliyinin təmin olunması, yəni iddiaçı mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun məhkəməyə müraciət edəcəyi təqdirdə digər əsaslara görə yenidən iddia ərizəsinin geri qaytarılmasının qarşısının alınması məqsədilə onu da qeyd edir ki, iddiaçı ərizəsinə mübahisələndirdiyi alqı-satqı müqaviləsini də əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinin tələblərinə görə isə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı əmlakın və qanunsuz olaraq satılmış mənzilin qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı əmlakın və qanunsuz olaraq satılmış mənzilin qaytarılması tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar