Məhkəmə qərarları › İş №2(060)-551/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-551/2024

29.01.2024 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək mübahisələri - Mənəvi zərərin ödənilməsi - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-551/2024 29.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 nümayəndəsi və Sumqayıt şəhər 1 nömrəli X2 nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1nə və Sumqayıt şəhər 1 nömrəli X4 qarşı "əmrin ləğvi, işə bərpa, məcburi işburaxma dövrünə görə əmək haqqının və mənəvi ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh1nə qarşı "əmrin ləğvi, işə bərpa, məcburi işburaxma dövrünə görə əmək haqqının və mənəvi ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2019-cu ildən etibarən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Abşeron-Xızı Regional Təhsil İdarəsinin Sumqayıt şəhər 1 nömrəli X3 dərnək rəhbəri olaraq işləmişdir. Həmin işlə bağlı tərəflər arasında hər il əmək müqaviləsi bağlanılmışdır. Sonuncu dəfə iddiaçı ilə bağlanılmış 22 oktyabr 2022-ci il tarixli əmək müqaviləsinə cavabdeh hər hansı hüquqi əsaslar olmadan və iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqailəsinin müddətinin başa çatması əsası ilə) 01 iyul 2023-cü il tarixli, 90 saylı əmrlə xitam verilmişdir. Lakin cavabdeh tərəfindən mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində cavabdeh tərəfindən aşkar saxtakarlığa yol verilərək iddiaçı ilə bağlanmış əmək müqaviləsinə guya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü əsası ilə) xitam verildiyinə dair məlumat daxil edilmişdir. Halbuki, iddiaçı tərəfindən sözügedən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı cavabdehə hər hansı müraciət olunmamışdır. Cavabdeh tərəfindən də iddiaçı ilə bağlanmış əmək müaviləsinə xitam verilməsi ilə bağlı təşəbbüs barədə iddiaçıya hər hansı məlumat verilməmişdir. Eyni zamanda, cavabdeh tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə 90 saylı əmrin 01 iyul 2023-cü il tarixində verildiyi qeyd edilsə də, mərkəzləşdirilmiş elektron informasiya sisteminə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi yalnız 28 iyul 2023-cü il tarixdə daxil edilmişdir ki, bu da cavabdeh tərəfindən yol verilmiş əmək qanunvericiliyin növbəti kobud pozuntusudur. Cavabdehin mübahisələndirdiyi 01 iyul 2023-cü il tarixli, 90 saylı əmri barədə iddiaçıya qanunvericiliklə müəyyən edilmiş qaydada hər hansı məlumat verilməmişdir. İddiaçı bu əmrin mövcudluğundan yalnız sentyabr ayında ölkədə ümumi tədrisə başlama zamanı məlumatı olmuşdur. İddiaçı cavabdehə bununla bağlı müraciət etdikdə törədilmiş qanunsuzluğun səbəbi barədə məlumat verilməsə də, iddiaçı bu işin arxasında Abşeron-Xızı Regional Təhsil İdarəsinin bəzi əməkdaşlarının olduğunu anladı ki, bu yolla həmin şəxslər iddiaçı ilə şəxsi haqq-hesablarını çəkmək istəmişlər. Hətta iddiaçının müraciətinə baxmayaraq, mübahisələndirilən əmrin surəti uzun müddət iddiaçıya təqdim edilməmişdir. Hesab edir ki, adı çəkilən əmr tamamilə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Göründüyü kimi, cavabdeh tərəfindən özbaşına olaraq və vəzifə səlahiyyətlərini aşaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə birtərəfli qaydada və əmək müqaviləsinə xitam verilməsinin qanunvericiliklə müəyyən edilmiş şərtlərini və qaydalarını gözləmədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi qanunsuz olmaqla yanaşı, iddiaçının əmək hüquqlarını kobud şəkildə pozmuşdur. Bu azmış kimi cavabdeh tərəfindən aşkar saxtakarlığa yol verilərək mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində iddiaçı ilə bağlanmış əmək müqaviləsinə guya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü əsası ilə) xitam verildiyinə dair məlumat daxil edilmişdir. 2019-cu ildən Sumqayıt şəhər 1 nömrəli X3 dərnək rəhbəri olaraq qüsursuz işləmiş bir mütəxəssis olaraq iddiaçının qanunsuz olaraq bu şəkildə, özü də əmək müqaviləsi bildirişində iddiaçı ilə bağlanmış əmək müqaviləsinə guya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, yəni işəgötürənin təşəbbüsü ilə xitam verildiyinə dair məlumat daxil edilməklə işindən uzaqlaşdırılmağını iddiaçı şəxsiyyətinə və hüquqlarına birbaşa zərər vurmağa yönəlmiş bir addım kimi qiymətləndirir ki, buna görə də iddiaçı maddi ziyanla yanaşı, bu qanunsuz əməl nəticəsində iddiaçıya vurulmuş mənəvi ziyanın da cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb etməkdə qərarlıdır. Cavabdehlə mübahisənin mediasiya qaydasında nizama salınmasına dair etdiyi təklifə cavabdeh tərəfindən hər hansı reaksiya verilməmiş və cavabdeh nümayəndəsini göndərməməklə mediasiya sessiyasında iştirak etməkdən belə yayınmışdır. Bu səbəbdən iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pozulmuş hüququnun bərpa və müdafiə olunmasını xahiş etməyi zəruri sayır. Göstərilənlərə əsasən, Abşeron-Xızı Regional Təhsil İdarəsi Sumqayıt şəhər 1 nömrəliX2 direktorunun iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında 01 iyul 2023-cü il tarixli, 90 saylı əmrin ləğv olunması, iddiaçının öz əvvəlki işinə (vəzifəsinə) bərpa olunması, maddi ziyan məbləği olaraq 01 iyul 2023-cü il tarixdən etibarən işə bərpa olunan günədək məcburi işburaxma müddətində əmək haqqının və iddiaçıya vurulmuş mənəvi ziyan məbləği olaraq 5000 manat məbləğində pul vəsaitinin, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat məbləğində mediasiyaya dair xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Abşeron-Xızı Regional Təhsil İdarəsinin Sumqayıt şəhər 1 nömrəli X6 iş üzrə əlavə cavabdeh qismində cəlb edilməsi, Abşeron-Xızı Regional Təhsil İdarəsinin Sumqayıt şəhər 1 nömrəliX2 direktorunun onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında 01 iyul 2023-cü il tarixli, 90 saylı əmrinin ləğv olunması, onun öz əvvəlki işinə (vəzifəsinə) bərpa olunması, maddi ziyan məbləği olaraq 01 iyul 2023-cü il tarixdən etibarən işə bərpa olunan günədək məcburi işburaxma müddətində əmək haqqının, 2022-2023-cü tədris ilinin istifadə edilməmiş əmək məzuniyyəti pulunun və iddiaçıya vurulmuş mənəvi ziyan məbləği olaraq 5000 manat məbləğində pul vəsaitinin, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 50 manat məbləğində mediasiyaya dair xərcin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, bildirmişdir ki, Sumqayıt şəhər 1 nömrəli X3 2019-cu ildən fasiləsiz olaraq müəllim işləyirdi. İşdən çıxarılmağının xüsusi sifarişlə olduğunu düşünür. İdarə ilə arasında müddətsiz əmək müqaviləsi bağlanmışdır. İddiaçı müqavilənin müddətinin uzadılmasını zənn edirdi. Belə ki, müddət bitən zaman əmək müqaviləsinə xitam verilməli idi, lakin müqaviləyə xitam verilməsi 28 gün sonra sistemə yerləşdirilmişdir. İşdən çıxarılmağı ilə bağlı sentyabr ayında məlumatı olmuşdur. Həmin müddətdə əmək haqqı kartına 540 manat pul köçürülmüşdür. Lakin həmin pul əmək haqqının iki qatı məbləğində olmalı idi. Əmək müqaviləsinə xitam verilən müddətdə əmək məzuniyyətində olmamışdır. Sumqayıt şəhər 1 nömrəli X6 əlavə iş yeri olmuşdur. Əmək kitabçası əsas iş yerindədir və hazırda orada işləyir. Sumqayıt şəhər 1 nömrəli X6 tərəfindən əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndi ilə xitam verilsə də, sistemə 68-ci maddənin “a” bəndi ilə yerləşdirilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və Sumqayıt şəhər 1 nömrəli X2 nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixli, 04/01 nömrəli əmrə və həmin tarixli müddətli əmək müqaviləsinə əsasən Sumqayıt şəhər 1 nömrəli X4 Mərkəzin dərnək rəhbəri X1 analıq məzuniyyəti yerinə dərnək rəhbəri vəzifəsinə işə qəbul olunmuşdur. Müqavilənin müddəti xx.xx.2020-ci il tarixədək olmuşdur. Əmək müqaviləsi bildirişi də elektron informasiya sisteminə işlənilmişdir. İddiaçı hərbi xidmətə çağırıldığından onunla bağlanılmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli 86 nömrəli əmrlə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “a” bəndinə əsasən həmin tarixdən xitam verilmişdir. İddiaçı hərbi xidmətdən qayıtdıqdan sonra onunla yenidən müddətli əmək müqaviləsi bağlanılaraq, Mərkəzə dərnək vəzifəsinə işə qəbul edilmişdir. Həmin əmək müqaviləsinin müddəti xx.xx.2022xx.xx.2022-ci il tarixədək olmuşdur. Əmək müqaviləsi bildirişi də elektron informasiya sisteminə işlənilmişdir. Daha sonra iddiaçı ilə xx.xx.2022-ci il tarixdə yeni müddətli əmək müqaviləsi bağlanaraq, Mərkəzə dərnək rəhbəri vəzifəsinə qəbul edilmişdir. Həmin əmək müqaviləsinin müddəti xx.xx.2022-xx.xx.2023-cü il tarixədək olmuşdur. Həmin müqavilənin müddəti xx.xx.2023-cü il tarixdə bitdiyi üçün xx.xx.2023-cü il tarixli, 90 nömrəli əmrlə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Lakin elektron informasiya sisteminə texniki yanlışlıq olaraq 68-ci maddənin “a” bəndinə əsasən müqaviləyə xitam verilməsi yazılsa da, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə iki dəfə rəsmi məktubla müraciət olunaraq, həmin yanlışlığın aradan qaldırılmasına icazə vermələri xahiş olunmuşdur. Müvafiq imkan yaradılandan sonra elektron portala düzəliş ediləcəkdir. Bundan başqa, iddiaçı xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verildiyini bilmiş, son haqq-hesabını da xx.xx.2023-cü il tarixdə bank kartı vasitəsilə almışdır. İddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi üçün 1 ay ərzində məhkəməyə müraciət etməli idi. Göründüyü kimi iddiaçı işdən azad edilməsini xx.xx.2023cü il tarixdə bilsə də, hazırki iddia tələbi ilə noyabr ayında məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İşin materiallarında olan 1 nömrəli Uşaq - X15 ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1 nömrəli Uşaq - X10 «dərnək rəhbəri» vəzifəsinə təyin edilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən bu əmək müqaviləsi 15 sentyabr 2022-ci il tarixindən 01 iyul 2023-cü il tarixinədək bağlanmışdır.

8. İş materiallarında olan Sumqayıt şəhər 1 nömrəli Uşaq - X9 xx.xx.2023-cü il tarixli, 90 saylı “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrindən görünür ki, dərnək rəhbəri İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2b maddəsinə uyğun olaraq son əmək haqqı-ödənilməklə xx.xx.2023-cü il tarixdən xitam verilməsi əmr edilmişdir.

9. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, xx.xx.2023-cü il tarixli, 90 saylı əmrə əsasən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.a (tərəflərin birinin təşəbbüsü) maddəsinə uyğun olaraq, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi ilə bağladığı xx.xx.2022-ci il tarixli müqaviləyə xitam verilmişdir.

10. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi 1 nömrəli X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin rəisi X13 ünvanlanan xx.xx.2023-cü il tarixli, 730 nömrəli və xx.xx.2023-cü il tarixli 780 nömrəli müraciət məktublarından görünür ki, Sumqayıt şəhəri 1 nömrəli X2 işçisi İddiaçı Nad oğlu ilə əvəzçilik üzrə xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək müddətli əmək müqaviləsi bağlanaraq “Dərnək rəhbəri” vəzifəsində işə qəbul edilmişdir. Əlavə iş yeri kimi İddiaçı xx.xx.2023-cü il tarixli, 90 nömrəli əmrlə Əmək Məcəlləsinin 68.2b maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Lakin, İddiaçı Nad oğlunun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişi elektron informasiya sisteminə daxil edilərkən səhvən Əmək Məcəlləsinin 68.2b əvəzinə 68.2a bəndi daxil edilmişdir. Qeyd olunanları nəzərə alaraq İddiaçı əmək müqaviləsinə xitam verilmə ilə bağlı əmək müqaviləsi bildirişini etibarsız hesab edilərək, xx.xx.2023-cü il tarixli 68.2b maddəsi ilə əvəz olunmasına köməklik göstərilməsini xahiş etmişdir.

11. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Abşeron-Xızı regional şöbəsinin xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Sumqayıt şəhər 1 Nömrəli Uşaq X9 rəhbərliyinin xx.xx.2023-cü il tarixli 73 H/1 nömrəli məktubuna və təsdiqedici sənədlərə baxılarkən müəyyən olundu ki, İddiaçı Sumqayıt şəhər 1 Nömrəli Uşaq X10 xx.xx.2019-cu il tarixində müddətli əmək müqaviləsi bağlanılmaqla musiqili teatr müəllimi vəzifəsinə işə qəbul olunmuşdur. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 1 nömrəli Uşaq -X9 işəgötürəni (direktoru) tərəfindən xx.xx.2020-ci il tarixli 86 nömrəli nömrəli əmri ilə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “a” (İşçi hərbi və ya alternativ xidmətə çağırıldıqda) bəndinə uyğun olaraq xx.xx.2020-cü il tarixdə xitam verilmişdir. xx.xx.2022-ci il tarixində yenidən müddəti xx.xx.2022-ci il tarixinədək olmaqla müddətli əmək müqaviləsi bağlanılaraq Sumqayıt şəhər 1 nömrəli X3 dərnək rəhbəri vəzifəsinə işə qəbul olunmuş və həmin müddətli əmək müqaviləsi müddəti tərəflərin razılıqları ilə xx.xx.2023-cü il tarixinədək uzadılmışdır. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə Sumqayıt şəhər 1 nömrəli Uşaq - X9 direktoru tərəfindən xx.xx.2023-cü il tarixli 90 nömrəli əmrlə xx.xx.2023-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmiş və işəgötürən tərəfindən Əmək Məcəlləsinin 83.2 (Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir) və 172.4-cü ( İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) maddələrinin tələbləri pozularaq son haqq hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) işdən çıxdığı sonuncu iş günü deyil, gecikdirilərək xx.xx.2023-cü il tarixində 541 manat 58 qəpik məbləğində əmək haqqı kartına köçürülmüşdür. 1 nömrəli Uşaq -X9 rəhbərliyi tərəfindən təqdim olunan sənədlərə baxış keçirilən zaman müəyyən olundu ki, İddiaçı xx.xx.2019-xx.xx.2020-ci il tədris ili üçün 42 təqvim günü, xx.xx.2021-xx.xx.2022-ci tədis ili üçün 42 təqvim günü əmək məzuniyyətindən istifadə etmişdir. Sumqayıt şəhər 1 nömrəli Uşaq X9 direktorunun şöbəyə təqdim etdiyi məktubunda “Əmək və Məşğulluq” altsisteminə İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişini daxil edən zaman yol verdiyi texniki xətanın aradan qaldırılmasına köməklik göstərilməsi ilə əlaqədar X14 Xidmətinə müraciət etdiyini təsdiq edən sənədləri təqdim etmişdir. Aşkar olunmuş qanun pozuntusuna əsasən tərəflərindən Sumqayıt şəhər 1 nömrəli X2 direktoru Nümayəndə2 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) maddəsinə müvafiq olaraq xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir.

12. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023/02287 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı Abşeron-Xızı Regional Təhsil İdarəsini “əmrin ləğvi və işə bərpa” predmeti üzrə ilkin mediasiya sessiyasına dəvət etmiş, lakin Abşeron-Xızı Regional Təhsil İdarəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir.

13. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024-00098 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı Sumqayıt 1 saylı X5 “əmrin ləğvi və işə bərpa” predmeti üzrə ilkin mediasiya sessiyasına dəvət etmiş, lakin Sumqayıt 1 saylı X6 ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı xx.xx.2022-ci il tarixdən 1 nömrəli Uşaq - X10 «dərnək rəhbəri» vəzifəsində çalışmış və işəgötürənin xx.xx.2023-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «b» bəndi ilə işdən azad olunmuşdur. İddiaçı həmin əmri qanunsuz sayaraq onun ləğv olunması üçün müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

c)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri).

16. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır.

17. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23-cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur.

18. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir.

19. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.

20. Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir.

21. Həmin Məcəllənin 3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

22. Həmin Məcəllənin 42-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

23. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir.

24. Göstərilən Məcəllənin 47-ci maddəsinin “f” bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər.

25. Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

26. Eyni Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə görə əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.

27. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

28. Məhkəmə mübahisələndirilən əmrlə bağlı (xx.xx.2023-cü il tarixli, 90 saylı) belə qənaətə gəlir ki, tərəflər arasında əmək müqaviləsi bağlanarkən İddiaçı müqavilə şərtləri ilə tanış olaraq, müddətli əmək müqaviləsi bağlanmasına razı olmuşdur. Buna görə də işəgötürənin dərnək rəhbəri İddiaçı barəsində əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar işdən azad olunması haqqında xx.xx.2023-cü il tarixli, 90 saylı əmri əsaslıdır.

29. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı əmrlə tanış olduğu vaxtdan xeyli müddət keçməsinə baxmayaraq, o, hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür.

30. Belə ki, fərdi əmək mübahisələrinin həlli iddia müddətlərinə tabe tutulur. Çünki fərdi əmək mübahisələrinin həllində iddia müddətlərindən bəhs edən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

31. Bu normada bəhs olunan “hüququnun pozulmasının aşkar edildiyi gün” dedikdə - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün başa düşülür.

32. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixli əmrə əsasən (əmrin məzmunu ilə iddiaçının deməsinə görə sentyabr ayında tanış olmuş, lakin son haqq-hesab xx.xx.2023-cü il tarixdə hesabına köçürülmüşdür) işdən azad olunmuş, xx.xx.2023-cü il tarixdə hazırki tələblə məhkəməyə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür.

33. Məhkəmə onu da qeyd edir ki, hazırkı iddia tələbi üzrə iddia müddətinin axımı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək (mediasiya sessiyası ilə əlaqədar) dayandırılmış hesab edilməlidir.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

36. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

37. Həmin müddəaya əsaslanaraq, cavabdeh tərəf ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq olunmasını və buna görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

38. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır».

39. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 iyul 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyrimüəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsində əmək mübahisələrinin həm məhkəməyə qədər, həm də məhkəmə qaydasında həlli zamanı tətbiq olunan iddia müddətləri nəzərdə tutulmuşdur. Fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr mübahisələrin həllində Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq edərkən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar.

40. Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanunauyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir.

41. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

42. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

43. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları).

44. Məhkəmə iddianın digər tələb hissələri olan maddi və mənəvi ziyanla bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əmrin ləğv edilməsi və işə bərpa tələbi təmin olunmadığına görə, digər tələblərdə bundan asılı olduğundan prosessual qənaət prinsipi nəzərə alınmaqla əlavə araşdırılma aparılmadan bu hissədə də iddia təmin olunmamalıdır.

45. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1nə və Sumqayıt şəhər 1 nömrəliX4 qarşı "əmrin ləğvi, işə bərpa, məcburi işburaxma dövrünə görə əmək haqqının və mənəvi ziyanın ödənilməsi tələbi"nə dair iddiası qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş iddia müddəti keçdiyindən (buraxıldığından) iddia müddəti tətbiq olunmaqla təmin edilməməlidir.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

48. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

49. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

50. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

51. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1nə və Sumqayıt şəhər 1 nömrəli X4 qarşı "əmrin ləğvi, işə bərpa, məcburi işburaxma dövrünə görə əmək haqqının və mənəvi ziyanın ödənilməsi tələbi"nə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar