Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5528/2021 18.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 31 saylı evin 13 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi dəqiqləşmə verərək, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh8 Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 31 saylı evin 13 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 31 saylı evin 13 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Sözügedən mənzili alqı-satqı müqaviləsi əsasında almışdır. Cavabdehlər həmin ünvanda yaşamırlar. Hal hazırda tam hüququ ilə mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdehlərin sözügedən mənzilə qeydiyyatda olmağı onun mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Belə ki, o, mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcbur olmuşdur. Ona görə də hesab edir ki, cavabdehlərin həmin evdən istifadə hüququ itirilmiş hesab edilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahat verərək bildirdi ki, iddia ərizəsində cavabdeh qismində göstərilmiş xx.xx.1960-cı il təvəllüdlü Cavabdeh1, xx.xx.1965-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh4 qeydiyyatda olduqları ünvan ünvan 1aqlı mənzilidir. İddiaçı xüsusi mülkiyyətində olan mənzil isə Sumqayıt şəhəri (köhnə) 9-cu mikrorayonda yerləşən 31 saylı 5 mərtəbəli evin 13 saylı 1 otaqlı mənzilidir və həmin mənzildə hazırki iş üzrə cavabdeh qismində göstərilmiş xx.xx.1961-ci il təvəllüdlü Cavabdeh5, xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh6, XX.XX.1926 -cı il təvəllüdlü Cavabdeh7 və xx.xx.1960-cı il təvəllüdlü Cavabdeh8 pasport qeydiyyatındadırlar. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - ******* saylı 12.05.2021-ci il tarixli mənzilin alqı-satqı müqaviləsindən görünür ki, Mehdiyev Afiq Mehdi oğlu Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 31 saylı evin 13 saylı mənzilini İddiaçı 41.000 manata satmışdır. Həmin müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməsi barədə üzərinə öhdəlik götürmüşdür. - “Elektron notariat” X1 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh8 Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 31 saylı evin 13 saylı mənzilində qeydiyyadadırlar. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 9 saylı Mənzil Kommunal Səhəsinin 42 nömrəli arayışından görünür ki, cavabdehlər Cavabdeh5 1961-ci ildən, Cavabdeh8 1960-cı ildən və Cavabdeh6 1986-cı ildən Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 31 saylı evin 13 saylı mənzilində pasport qeydiyyatındadır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin Xırdalan şəhər Vəkil Bürosunun vəkili cənab Vəkil ünvanlanmış 26.07.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 04.07.2003-ci il tarixdən, Cavabdeh2 04.07.2003-ci il il tarixdən, X2 19.07 2003-ci tarixdən , Cavabdeh4 30.06.2006-ci il tarixdən, Cavabdeh5 03.03.2003-cü il tarixdən, Cavabdeh6 14.04.2010-cü il tarixdən, Cavabdeh7 07.07.2005-ci il tarixdən, Cavabdeh8 29.10.2005-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadırlar. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Mehdiyev Afiq Mehdi oğlu Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 31 saylı evin 13 saylı mənzilini alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirərək İddiaçı mülkiyyətinə vermişdir. Keçmiş mülkiyyətçi və onun ailə üzvləri mübahisəli mənzildən köçsələr də, mənzildə pasport qeydiyyatında formal olaraq qalmışlar ki, bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur və artıq kommunal xərclərin meydana gəlməsi ilə nəticələnir. Cavabdehlər indiki mülkiyyətçinin ailə üzvləri deyil və müqavilə bağlananadək artıq qeydiyyatda olmuşlar. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, cavabdehlər mənzilin keçmiş mülkiyyətçinin ailə üzvləridir. Formal olaraq qeydiyyatda qalmışdırlar. Bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur və artıq kommunal xərclərin meydana gəlməsi ilə nəticələnir. Əvvəlki mülkiyyətçi Mehdiyev Afiq Mehdi oğlu iradəsini ifadə edib mənzil üzərində mülkiyyət hüququnu yeni mülkiyyətçiyə verərkən subyektiv hüquq kimi mülkiyyət hüququnun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində nəzərdə tutulan hər üç elementini – sahiblik, istifadə və sərəncam hüquqlarını yeni mülkiyyətçiyə ötürmüş və ailə üzvləri ilə birlikdə mənzili tərk etmişdir. Məhkəmə hesab edir ki, yeni mülkiyyətçiyə heç bir aidiyyəti olmayan şəxslərin fərdi yaşayış evində qeydiyyatda qalması ona öz mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onların mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, cavabdehlərin mənzildən istifadə hüququ itirilmiş hesab olunmalıdır. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlərin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Həmin qanunun 3-cü maddəsinə görə yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə- yalnız Azərbaycan Respublikasıvətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilə yaşayış sahəsinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234-234 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh5, Cavabdeh6 və Cavabdeh8 Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 31 saylı evin 13 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-5528/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5528/2021
18.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver