Məhkəmə qərarları › İş №2(060)-5533/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5533/2023

15.08.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5533/2023 15.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova İddiaçı cavabdeh TAC MMC və üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X1 Xidmətinə qarşı əmək müqaviləsinə xitam verilməsi səbəbinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsininin məhkəmə icraatına götürülməsi mümkünlüyünə baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh TAC MMC və üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X1 Xidmətinə qarşı əmək müqaviləsinə xitam verilməsi səbəbinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən, cavabdehin qanunsuz əməli nəticəsində portalda Əmək Məcəlləsinin 70C bəndinin Əmək Məcəlləsinin 68-ci maddəsi ilə əvəz olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olmadığı üçün icraata qəbul edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, İddiaçı tərəfindən verilmiş iddia ərizəsi onun tərəfindən imzalanmadan Sumqayıt Şəhər Məhkəməsinə təqdim olunmuş, iddia ərizəsinin forma və məzmun tələblərinə əməl edilmədən, başlıq hissəsində Bakı Şəhəri Sumqayıt Şəhər Məhkəməsi qeyd olunmuşdur. Qeyd olunanlar qanunverciliyin tələbinə uyğun olmamaqla işə baxılmasını mümkünsüz hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci və 149.2.3-cü maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) və iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinin tələbinə görə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələbinə görə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə geri qaytarır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan qanunverciliyin tələblərinə əməl etdikdən sonra İddiaçı ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 69, 151, 152, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı cavabdeh TAC MMC və üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X1 Xidmətinə qarşı əmək müqaviləsinə xitam verilməsi səbəbinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizənin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra İddiaçı ümumi qaydada məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar