Məhkəmə qərarları › İş №2(060)-5533/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5533/2025

04.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5533/2025 04.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3000 manat məbləğində pulun alınıb ona qaytarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı, xx.xx.1979-cu ildə Sumqayıt şəhərində anadan olmuşdur. Tanışı Cəbrayıl rayonu, Yarəhmədli kənd sakini, Cavabdeh1, ondan 3000 manat məbləğində borc istədi. O da həmin pulu ona vermək üçün "xxxx" ASC-nin Sumqayıt filialından xx.xx.2024-cü il tarixdə illik faiz dərəcəsi 23% olmaqla, 12 ay müddətinə 3000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh2 onunla tanış etmiş və bankdan götürdüyü pul üçün zaminlik müqaviləsinə imza atmışdır. xx.xx.2024-cü il tarixdən hər ay 282,23 manat olmaqla ödəniş etmişdir. Sonradan nə qədər təkid etsə də, Cavabdeh1 ona verdiyi 3000 manatı qaytarmaqdan imtina etmişdir. Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən “F.Studio” gözəllik salonunda işləyən Salahova Hicran Təvəkkül qızı, həmçinin X3, həmçinin X5 da Cavabdeh1 pul verməyi söhbətində iştirak ediblər. Bu barədə “vatsap” sosial şəbəkəsində səs yazıları da var. Azərbaycan Respublikası DİN Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə Cavabdeh1 dələduzluq əməli ilə bağlı yazılı ərizə ilə müraciət etdim. xx.xx.2024-cü il tarixli, 58-3/2-M-16175 saylı cavab məktubu ilə ona bildirdilər ki, müraciətində qeyd etdiyi xüsusatların həlli məhkəmələrin səlahiyyətində olduğundan Azərbaycan Respublikası MM-nin müvafiq və Azərbaycan Respublikası MPM-nin 149,150-ci maddələri ilə müəyyən edilmiş qaydada iddia ərizəsi ilə məhkəmə orqanına müraciət etməyi tövsiyyə olunur.

Etiraz ərizəsinin əsaslandırıldığı hallar:

3. Cavabdeh2 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddianı əsassız sayıb bu barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, kredit müqaviləsində yalnız zaminlik durmuşdur. Kredit alan şəxs kredti verə bilməyəndə yalnız bank tərəfindən məhkəməyə verilə bilər. İddia ərizəsində göstərilir ki, guya İddiaçı İmmamverdiya Gülşənlə tanış etmişdir. Halbuki o, Sədaqəti kredit alandan 6 ay sonra gormüş və ona deyib ki, pulu Gülşənə vermişdir. Bir neçə ay ödəyib indi ödəmir. Pulu bankda alanda belə Sədaqəti tanımamışdır. 6 aydan sonra tanımışdır. Ona zəng elədi dedi ki, krediti vere bilmirəm sənsən zamin ödə. Bildirdi ki, zamin o halda ödəyir ki, kredit alan şəxs ödəyə bilməyəndə yalnız bank tərəfindən ödəmək öhdəliyi ona verilə bilər.

Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Cavabdeh1 ona yalvararaq borc verməyini istəmiş, özünün pis vəziyyətdə olduğunu bildirmişdir. Başqa şəxslərə də borcu olmuşdur. Ona yazığı gəldiyi üçün bankdan kredit götürmüşdür. Cavabdehin borcu götürməsi ilə bağlı səs yazısı vardır. Cavabdeh2 tanımır. Digər cavabdehin qohumudur. Zaminlik müqaviləsinə imza atmış, bir neçə ay banka ödənşləri o etmişdir. Bankdan 3000 manat məbləğində pul vəsaiti götürmüşdür. Qeyd olunan məbləğ faiz borcu ilə birlikdə 3000 manat təşkil edir. Banka olan borcdan iki ay ödənişi Cavabdeh1, 1 ay isə digər cavabdeh tərəfindən ödənilmişdir. Ümumilikdə 900 manat məbləğində ödəniş etmişdirlər. Banka olan borcu ödəmişdir.

5. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, iddiaçı Cavabdeh1 3000 manat məbləğində pul vermişdir. Onlar eyni salonda işləmişdirlər. Zamin durarkən Gülşən iddiaçıya zamin olmağını, iddiaçının salon üçün avadanlıq alacağını bildirmişdir. Bankdan götürülmüş pulu Gülşənə verərəkən orada olmamışdır. Salona yaxınlaşır, pulu götürür və ödənişləri həyata keçirirdi. Gülşən onun tanışdır, qohumluq əlaqəsi yoxdur. Yeddinci ayda ona pul göndərilmiş, ödənişi həyata keçirmişdir. Bu barədə telefonunda qəbz vardır. Dekabr ayında ödənişləri iddiaçı etmişdir. İddiaçı onun zamin olduğu üçün ödənişləri onun həyata keçirəcəyini bildirmişdir.

6. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, iddiaçı ilə salonun bağlanmasından sonra bir çox avadanlıqların ona verilməsi ilə borc əvəzləşdirilmişdir. Hazırda əşyaları oradadır. İddiaçıdan 3000 manat məbləğində pul vəsaiti almışdır. Həmin borcdan 1800 manat ödənilmişdir. 1200 manat borcu qalmışdır. Digər cavabdehə pul vəsaiti verilməmişdir.

Tədqiq olunan sübutlar:

7. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, "xxxx" ASC tərəfindən X1 12 ay müddətinə illik 23 faiz ödəmək şərtilə 3000 manat məbləğində kredit verilmişdir.

8. Ödəniş qrafikindən görünür ki, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə ödənişlərin icra edilməsi müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək müəyyən edilmişdir.

Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

11. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

12. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı 31 may 2024-cü il tarixdə "xxxx" ASC-dən 3000 manat məbləğində kredit götürərək hazırki iş üzrə Cavabdeh1 vermişdir. Məhkəmə iclası zamanı Cavabdeh1 3000 manat məbləğində kredit borcundan 1800 manat ödədiyini, 1200 manat məbləğində borcunun qaldığını bildirmişdir. Eyni zamanda Cavabdeh1 məhkəmə iclasında iddiaçı tərəfindən bankdan götürülərək ona verilən pul vəsaitinin müəyyən hissəsinin onun özü tərəfindən banka ödənildiyi bildirmişdir. Bu halı digər cavabdeh də təsdiq etmişdir

13. Göründüyü kimi, İddiaçı ilə cavabdeh arasında borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddiaçı aralarındakı şifahi razılaşmaya uyğun olaraq pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh müqavilədən irəli gələn kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.

14. İddiaçı qeyd olunan vəsaiti cavabdehə verməsi, habelə həmin pul vəsaitinin ödənilməsi qaydası ("xxxx" ASC-yə olan borcun ödənilməsi) ilə bağlı tərəflər arasında razılaşmanın olması cavabdehin məhkəmə iclasında verdiyi izahatı ilə öz təsdiqini tapır.

15. Həmin pulun geri qaytarılmasına gəldikdə isə iş üzrə iddiaçı cavabdeh tərəfindən 900 manat məbləğində ödəniş edildiyini bildirmişdir. Həmin hal cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlər əsasında da öz təsdiqini tapır. Cavabdeh1 məhkəmə iclasında 3000 manat məbləğində kredit borcundan 1800 manat ödədiyini, 1200 manat məbləğində borcunun qaldığını bildirsə də, ödənilən məbləğin qeyd edilən miqdarda olması iş materialları ilə sübut olunmur.

16. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia 2100 manat məbləğində pul vəsaitinin iddiaçıya qaytarılması hissəsində əsaslıdır.

17. Məhkəmə yuxarıda qeyd edilən borc müqaviləsi ilə bağlı münasibətlərin İddiaçı ilə Cavabdeh1 arasında yarandığını nəzərə alaraq hesab edir ki, Cavabdeh2 həmin münasibətlərin tərəfi olmadığından hazırki iddia üzrə cavabdeh deyildir.

18. Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilənəvəz edə bilər; 54.2-ci maddəsinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

19. İstinad olunan prosessual normaların tələblərindən göründüyü kimi, iş üzrə tərəflər yalnız iddiaçı və cavabdehdir. Tələb etmək hüququ olan şəxs iddiaçı, iddiaya cavab vermək vəzifəsi olan şəxs isə cavabdehdir.

20. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib etməməsi məsələləri araşdırılmalıdır.

21. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən pul vəsaiti Cavabdeh2 deyil, digər cavabdehə borc verildiyindən, o hazırki iddiaya cavab verməli olan şəxs deyildir. Onun sözügedən kredit müqaviləsi üzrə zamin olması ödənilmiş vəsaitin ondan tutulması üçün əsas deyil. Belə ki, zamin əsas borclunun borcunu ödəmədiyi halda öhdəliyi icra etməyi öz üzərinə götürməklə bank qarşısında müqavilənin şərtlərinə uyğun olaraq subsidiar və ya birgə məsuliyyət daşıyan şəxsdir. Hazırki halda bank qarşısında əsas borclunun hazırki iş üzrə İddiaçı olması nəzərə alındıqda, kredit müqaviləsi üzrə ödənilmiş borcun zamindən ödənilməsinin tələb edilməsinin hər hansı bir hüquqi əsası mövcud deyildir. Buna görə də məhkəmə hesab edir ki, iddia Cavabdeh2 aid hissədə təmin edilməməlidir.

22. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 2100 (iki min yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 41 (qırx bir) manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.

Nəticə:

23. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 2100 (iki min yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 41 (qırx bir) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar